21 Kasım 2024

Biləndərlər deyirlər:

1.İşlətmədiyin bütün əşyalarını, paltarlarını, kitablarını yığıb saxlama, evdən çıxar. Bizsə deyirik: saxla samanı gələr zamanı.Hər əşyanın bir xatirəsi var, əşyalar özündə tarixi yaşadır.

2.Bağışla, ürəyindən yükü at, yüngülləş. Çünki sən bağışlamadıqca o fikir bütün ağırlığıyla sənlə gedir və sənə pislik edən yenə pisliyinə davam edir.Bizsə deyirik, get ver cavabını, al qisasını.O kimdir ki, sənə söz deyə, nəsə eləyə.

3.Özünü yorub çox düşünmə, ağlına gəldisə qərar ver və əməl et.Biz deyirik: yüz ölç, bir biç, genəşikli don gen olar.Otur əməlli başlı bir də düşün, soraqlaş, öyrən, tələsən təndirə düşər.

4. Əlaqələrini kəs, özünə azadlıq ver. Səni incidən, narahat edən hər şeydən uzaqlaş, başqalarının fikrinə görə yaşama, başqalarının dərdini özünə yükləmə.Biz deyirik: fədakar ol, eqoist olma, sən toplumda tək deyilsən, toplumun fikrini öyrən, qınanacağın işi görmə, “qonşusu ackən tox yatan bizdən deyil”, dostuna, qohumuna-qonşuna, yoldaşlarına asi olma, hörmətini saxla, yeri gəlsə özünü deyil onları düşün, el-oba nə deyər.

5. Səxavətli ol, əlini, qəlbini, qapını aç.Əli açıq ol ki, sənə də əli açıq olsunlar, qəlbini aç- sən sev ki, səni də sevsinlər, qapını aç- gələni qarşıla, gedəni yola sal.Səndə olan sənə aiddir, qorxma.Biz deyirik: Sənə verməsələr də sən ver, sənin qapına gəlməsələr də sən get, səni sevməsələr də sən sev.Yaradılanı sev Yaradan üçün.Qarşılıqsız, təmənnasız sev.

6.Dilin lal, qulağın kar, gözün kor olsun.Lal ol, yalan, dedi-qodu danışma, kar ol-sənə dəxli olmayanları eşitmə, kor ol-görüb də qısqanclıq, həsəd çəkmə.Biz də deyirik bunları və davamında da əlavə edirik: Ən birinci nəfsini öldür, o zaman kar, kor, lal olmağa özəl bir güc sərf etməyəcəksən, nəfsin tox olacaq, səndən gözəl, üstün görəndə həsəd, qısqanclıq çəkməyəcəksən, dəxli olmayan sözləri eşitməyəcəksən, yalan, iftira danışmayacaqsan, deyəcəksən, hər kəs payına düşəni alır.

Qismət.

Günəş işığını bərabər paylayır, kim nə qədər bacarırsa o qədər işıq alır.

İKLİM.AZ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir