02 Temmuz 2024

BAZAR GÜNÜ SÖHBƏTİ

Özündən qabaq novruzun həyəcanı başlardı. Hələ qışın oğlan çağında, çillədə xanadakı gəbəni novruza qurtarmalıyıq söhbəti gedərdi.Elə ki, içəri yığan böyük çillə çıxdı, bir az arxayınlıq yaranardı, bir yandan da deyərdilər ki, hələ ocağa təpən kiçik çillə var.Kiçik çillə çıxanda boz ay girər, boz ay da bozaranda qışdı, qızaranda yazdı deyərdilər.Kəndlərdə yaydan tutulan tədarüklər arxayınlıq yaratsa da, hələ apreldə qarının borcu durur, sonra da “martda mərək, apreldə xərək, mayda bir xorum otun gərək” deyimi ilə ehtiyatlarını tutardılıar.Çünki hərdən mayda dağlara qar yağardı, tozanaq da olsa soyuq olardı. Boz ayda gün çırtlayanda insanlar qapı-bacaya çıxar, nələrsə edərdilər.

Həsrətlə Novruzu gözləyərdik.Novruz ərəfəsində hava çox soyuq, çox vaxt da yerdə qar olardı.Qar aralanan kimi döşlərdə, güneylərdə yaşıllıq görünərdi.İlk mollabaşı çıxardı qar altından, novruzgülü yəni.Yamaclarda qarın ağlığıyla yaşıllıq yan-yana insanda həyata sevgi oyadırdı.

Biz ilk üç çərşənbəni bayaram etmirdik, bizimki axır çərşənbə idi, ən gözəl keçirdiyimiz bayramdı.Dilək dilənir, il axır çərşənbə gecəsi qapı pusulur, baca-baca gəzilir, pay alınıb verilir, tonqal qalanırdı.Evlərdən gələn dadlı yemək qoxuları məhlələrə yayılırdı.Bir-iki gün qabaqdan qatlama bişirilirdi.Anam hər il bir-birindən dadlı, ləzzətli qatlama, fəsəli, İrəvan (şirin) kətə, biskvit  bişirirdi. Ağ-appaq təpə kimi plov elə görkəmi ilə adamı doydururdu.Plovun altındakı qazmaq.O qazmağın ləzzətini hələ də heç bir qazmaqdan ala bilmirəm. Anamın əlinin ləzzətiydi.Uşaq vaxtı hər şey daha ləzzətli idi.Tonqallar da gur yanırdı.Gündüzdən lopa düzəldirdik. Uzun bir ağacın ucuna üstə-üstə parça dolayıb onu iplə möhkəm sıxır, bir neçə qat eləyirlər. Sonra lopanı neft vedrəsinə qoyurlar, günortadan hava qaralana qədər lopa nefti canına çəkir, ona görə də uzun müddət yanırdı. Elə ki, hava qaraldı, bayram aşımızı yeyib çıxırdıq eşiyə, hərə öz qapısında tonqalını qalayır, lopasını yandırırdı.Uşaqlar lopalarını əllərinə alıb “urra novruz bayramı” (sovet uşaqları) qışqıraraq şənlik edir, məhlə uşaqları bir yerə toplaşıb deyir gülür, qapı pusur, baca baca gəzirdilər.

Son dövrlərdə artıq odun qalanmırdı, hərə əvvəlcədən bir təkər tapır bayram axşamı onu yandırırdı.Təkər gec sönürdü, gecənin yarısına qədər yanır, kəndin səmasını qara tüstü bürüyürdü.Biz hərdən Fətalı təpəsində tonqal qalayardıq.Fətalı təpəsi bizim məhəllənin təpəsiydi (adı da ulu babam Fətalının adından götürülüb), ordan üzü yuxarı baxanda kənd görünürdü.Bizim evlə üzbəüzdə kəndin böyrüncə uzanan İvana dağında da tonqal qalayardılar.Aralıq uşaqları, ya da Tatarlı, Söyünnü məhləsinin uşaqları İvanaya yaxın idilər, onlar təkəri qaldırır İvanada yandırırdılar.Bir dəfə də gecənin yarısı gördük İvanaya elə bil ulduz səpələnib, yanan təkəri dağ yamacına səpiblər, nə gözəl mənzərə alınmışdı.Ulduzlu göy yerə enmiş kimi. Rezin yanığının qoxusu gecə boyu çəkilmirdi.Böyüklər təbii ki, söylənir, təkər tüstüsü havanı korlayır desələr də uşaqlar yenə də hər il belə gur tonqal yandırmağa davam edirdilər.

Bunları danışmaq bəlkə indiki uşaqlara maraqsızdır, çünki onlar sanal aləmdəki əyləncələrə daha çox meyl edirlər. Bizim uşaqlığımızda da hansısa oyunlar vardı, amma novruzun əyləncəsi bir başqa maraqlıydı, o zaman biz də keçmişdə olan bayram adətlərini indi də yaşadaq deyirdik. Novruzda bir doğmalıq var, sanki il boyu əcnəbi ölkələrdə gəzəndən sonra öz evinə qayıdır, doğmalarınla görüşüb xoşbəxt olursan.Novruzda da elə bir ab-hava var, həsrət çəkdiyimiz hansısa qədim bir doğmalığı yaşayırıq.Xoşbəxtlik hissi yaranır.Heç bir bayramda novruzdakı qədər xoşbəxt hiss etmirik özümüzü.Hətta anam deyərdi, yumurtanı mağaza rəngi ilə boyamayaq, keçmişdəki kimi olsun, soğan qabığı ilə qırmızı, indi yadımdan çıxan nələrləsə müxtəlif rənglərə boyayardıq.Keçəlli, kosalı səhnəciklərimiz olmazdı.Anam öz uşaqlığından danışardı, qodu-qodu bəzəyib gəzdirərdik deyirdi.O da əvəllər bayram daha maraqlı keçirdi, deyərdi.Hər il daha bir az müasirləşirik.Buna baxmayaraq, yaxşı ki, kökümüzü, milliliyimizi unutmuruq.

Baca-baca gəzənlər oxuyardı: Ev yiyəsi evdədimi

Gümüş kəmər beldədimi,

Pay verənin oğlu olsun,

Veməyənin qızı olsun,

Bir gözü də kor olsun.

Bundan belə heç kim incimirdi,çünki baca-baca gəzmək kiminsə ac olması demək deyildi, paylaşmaq, bayramlaşmaq, döyülməyən qapıların döyülməsi, hamının oyaq olması demək idi. İstərəm ki, bu adət davam etsin.

İndi bəzi dindarlar guya novruzu keçirməyək deyir.Niyə? Bu bayramın dinə bir zərəri yoxdur.Bu bayramın atəşpərəstlik də əlaqəsi yoxdur.Bu bir təbiət hadisəsinin, yeni ilin, yazın gəlişinin, təbiətin oyanışının, yaz bərabərliynin sevincini yaşamaqdı.Bütün dinlərdən əvvəldi.

Novruz milli bayram olmaqla yanaşı hər dövrün, hər nəslin bayramıdır.Xeyirlər gətirsin.

Ayişə Nəbi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir