04 Temmuz 2024

1 Ramazan. İlahi duyumlardan

Günəş isitisini, işığını eyni yayır, hərə öz ehtiyacı qədər alır.Çox deyilib bu söz, bir də mən deyim.

Gənc sual verir, necə olur ki, eyni kitabı oxuyuruq, eyni şeyə, eyni hadisəyə, ayəyə sən inanırsan, mən inanmıram. Mən də inanmaq istəyirəm, ancaq şübhəli qalıram, ağlıma elə şeylər gəlir ki, tam inana bilmirəm.Bəzən də elə bil, inanmaqla inanmamaq arasında qalıram.

 Çox sadə bir cavab verərək ona deyirəm:  Mən sevərək inanıram, sevdiyim üçün inanc özü yaranır, oxuduqlarıma sevgiylə yanaşıram.Sənsə şübhəylə yanaşırsan.Oxuyarkən, görəsən burda hansı iradı tuta bilərəm, nəyə etiraz edə bilərəm fikri ilə oxuyursan, ona görə də ilahi qapı sənə açılmır.Çünki ilahi qapı sevgiylə açılır.

Necə sevim, bilmədiyim, görmədiyim bir varlığı, bir şeyi necə sevim, ilahi olan mənim üçün bir sirdir, gizlidir, sirri, görünməyəni, bilinməyəni necə sevirsən, öyrət mən də sevim.

Öyrədimmi? Məgər sevgi öyrətməklə olur? Bəli, bəlkə elə sevməyi də öyrənmək gərəkdir.Necə?

Öncə qəlbindən bütün hisləri boşalt. Arındır qəlbini. Ən çox düşündüyün, ürəyinə oturan yaxşı yaşamaq dərdi düşüncəsini sil, ürəyini ağrıdan daha bir çox hissi, düşüncələri bir kənara qoy və qəlbinin qapısını aç.Heç nə düşünmə, ağlına gələn ilk düşüncəni də qov, bir an səsszicə öz içinə dal, öz qəlbinin dərinliyində nələr var, bir ona bax. Görəcəksən ki, ən dərində, üstünü kül örtmüş bir əlçim gözəl bir hiss var, o səni gözəlliyə, xeyirə, üstünlüyə, sevgiyə, yüngüllüyə səsləyir.Get o səsin ardınca.Qorxmadan get.O səni, ayaqlarını qanadan bir tikanlıqdan keçirib güllüyə aparacaq. İçindəki bütün ağırlıqlardan sıyrılıb rahatlığa qovuşacaqsan. İçində ətcəbala quş balası kimi çarəsiz bir sevginin oyanmaq istədiyini, cana gəldiyini, ürkəkcə tərpəndiyini hiss edəcəksən.İmkan ver o sevginin ətcəbalası oyansın, böyüsün, qəlbin boyda olsun, qəlbindən vücuduna yayılsın, səndən ətrafa dağılsın, sən başdan ayağa sevgi olasan, ətrafına nur kimi sevgi saçasan.Bir bilsən, o zaman necə xoşbəxt olacaqsan.

İçindəki sevgi qəlbini doldurunca sən də inanacaqsan, o zaman ilahi qapı açılacaq və sən görmədim dediyini görəcəksən, bilmədiyini biləcəksən, sevmədiyini sevəcəksən.Onda suallarına məndən cavab istəməyəcəksən, özün ilahi qapıdan bütün suallarına cavab alacaqsan.

Amma Sevənin sualı olmur.Sevən səbəbsiz, şübhəsiz, şərtsiz, bəhanəsiz sevir.Sevdiyi də o zaman ona cavab verir.

İndi bildinmi, mən niyə oxuduğuma inanıram, məni içimdəki sevgi inandırır.Sən də sevigiylə dolanda sual verməyəcəksən, sənə bilgi özü dolacaq.Ətrafda “hər şey Allahın bir dəlilidir” ifadəsini özün təsdiqləyəcəksən.Buna inanacaqsan.

Bu qədər bəsitmi,- növbəti sual gəlir.

Sən öncə sevməyi öyrən, qəlbindəki qaramat silinsin, ruhundakı düyün açılsın.Sonra bunun bəsitmi, mürəkkəbmi olduğunu anlayacaqsan.

Şərtsiz, səbəbsiz sevgi diləyirəm.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir