21 Kasım 2024

Ramazanın bu xoş auralı günündə ölüm və ölü haqqında danışmaq istəməzdim, ancaq yanlış bir düşüncəni düzəltmək üçün bu mövzuda yazmaq qərarına gəldim.”Evdə ölü şəkli saxlamazlar, ölülər şəkildən bizə baxır, şəkildə ölünün ruhu olur, ruh şəkildən çıxıb evdə gəzir,” fikirlərini eşidincə, buna münasibət bildirmək istədim.

Hər şeydən əvvəl onu deyim ki, Qurani Kərimdə “İnsan zəif yaradılıb” deyilirsə, bu o demək deyil ki, insan heç nəyə qadir deyil. Bu ayə nisbidir, insan nəyə görəsə zəifdir, nəyə görəsə çox güclüdür.İnsanı mələklərdən üstün yaratdım deyən uca Yaradan ona üstün güc verib, ancaq insan yanlış inanclarla öz gücünü yox sayıb, özündən daha gücsüz varlıqlardan qorxur, yaxud kor-koranə onlardan imdad diləyir.

Bir şəkil bir insandan nə qədər güclü ola bilər ki, ona təsir etsin.Bəs ölü  bir insan diri insandan daha güclü ola bilərmi.Mənim qəti firkrimdir, xeyr, ölü diridən güclü ola bilməz.Ölünü diridən güclü qılan dirinin qorxaqlığıdır.Öz iradəsindən xəbərsiz olmasıdır.Yaradan sənə iradə verdi və düşün dedi, düşün ki, divardan asdığım şəkildən ruh çıxıb məni boğa bilər sözü nə qədər realdır.İndiyə qədər belə hadisə olubmu.Mən xatırlamıram.

Şəklin enerji daşıyıcılığı doğrudur.Kainatda, təbiətdə var olan hər şey az, ya çox enerji daşıyır. Daşın da öz enerjisi, yaddaşı var, otun, ağacın, dağın, qayanın da enerjisi və yaddaşı var. Paltarın da enerji daşıdığını inkar etmirəm. Əmin olmaq üçün bunların elmi sübutlarını özünüz araşdırıb oxuyun.  

İndiki söhbətimiz şəkil haqqındadır. Şəkil insanın şəkli çəkdirdiyi andakı enerjisinin donmuş halıdır.Bu enerji kim tərəfindənsə oyadılmadıqca elə donmuş halda da qalacaq.Heç kimə heç bir zərər vurmadan zamanla saralıb solacaq, itəcək. Şəkildəki enerjinin oyadılması o şəklə baxaraq, şəkillə danışaraq, ya onu tərpədərək mümkündür.Tərpətmək dedimsə, şəkli götürüb bir yerdən başqa yerə qoymaq nəzərdə tutmuram.

Bir sözlə şəkildən qorxmaq gərək deyil, ölünün ruhu şəkildən bizə boylanır, şəkildən çıxıb evdə dolaşır kimi sözlər cəfəngdir.Şəkildəki enerjini hiss etmək parapsixoloji bir durumdur.Bizim üçün bunun heç bir qorxusu yoxdur, biz bunu hiss belə etmirik, buna ehtiyac da yoxdur.

Bilirsiniz ki, bəzi insanlar şəkli oxuyurlar, şəklə baxıb şəkildəki insanın həyatını, yaşadıqlarını, ölümü-dirimi olduğunu deyirlər, bəziləri şəklin üstə hansısa əməliyyatlar edirlər.Şəklə enerji göndərib şəkildəki adamın müəyyən bir hal keçirməsinə nail olurlar.Görürsünüz, əgər insan şəklin üstündə əməliyyat edə bilir, şəklə təsir edirsə, demək insan şəkildən güclüdür, ölüdən də güclüdür, qorxmağa dəymir.Çünki bizim iradəmiz var, bizə bəlli yol qoyub müəyyən qaydalarla yaşayın deyir. Uca Allah hər kəliməsində insanı ucaldır, cinlərdən və mələklərdən üstün yaratdığını deyir, ey insan, sən nəfsinə qalib gələcək gücdəsən, deyir. Nəfsinə qalib gələn iradə hansısa əşyadan, əşyaya hopduğunu zənn etdiyi mənfi enerjidən, o enerjinin ona zərər verəcəyindən qorxmaz.Əgər qorxu hiss etdisə Allaha təvəkkül edəcək.Bax, o zaman qorxu imanın işığında çəkilib öz dərin yoxluğuna qovuşacaq.

İndi gələk əsas suala, evdə ölü şəkli saxlamaq düzgündürmü, ölülər şəkildən bizə baxırlarmı, ölülərin şəkil vasitəsi ilə bizim həyatımza təsiri varmı? Ölünün əşyalarını və şəkillərini dirilərinki ilə bir yerə qoymaq olarmı? Əslində, bu suallara yuxarıda ümumi cavab verdim, bir də deyim, ölülər qəbrlərindən qalxıb bizə heç nə etməyəcəklər.Ölünün gücü olsaydı, özünü dirildərdi.Ölünün ruhu təsir edər deyir, qorxursunuzsa, ölülərinizi sevin, onlara dua edərək razı salın, zaman-zaman ölülər də dirilər kimi xatırlanmaq istər, onları gözəl xatırlayın.Çünki bizim içimizdən keçirdiyimiz ani hislər belə onlara çatır, bəzən onları narahat edir.Odur ki, ölülərin arxasınca gözəl şeylər danışın, gözəl duyğular bəsləyin, bu onları doyurur və bu dünyadan (sizdən) rahatca uzaqlaşdırır. Nəhayət, şəkil bir kağızdır və biz düzəldirik, istəsək bir anda cırıb yox edə bilirik.Öz əlimizdən asılı olan bir şeydən qorxmaq, bu qorxuyla şəkilləri evdən yığışdırmaq mövhumatçılıqdır.

AYİŞƏ NƏBİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir