04 Temmuz 2024

Bazar günü söhbəti

Ramazan ayındayıq, fərqli bir hava, fərqli ruh, işimizi, günlük yaşamımızı ramazana görə müəyyən edirik.Sosial şəbəkələri ramazanla, orucla bağlı müdrik paylaşımlar bəzəyir. Bir qisim insan özünü ramazana həsr edib, bir qisim ramazanın, sadəcə, orucuna valeh olub.Bir qisim də sağlamlıq və arıqlamaq məqsədi ilə oruc tutur.

Orucu savab üçün tutanlar da var, Allahın əmridir, fərzdir deyə tutanlar da. Adət düşüb deyə, özünü müsəlman göstərmək fikriylə oruc tutanlar var. Oruc vərdişi olanlar da eləcə vərdişlə davam edirlər.İslamın beş prinsipindən birini bilməyən adamlar Allah buyruğudur deyib oruc tutur.Allah qəbul eləsin, nə deyək, niyyətlər fərqli olsa da əməllər eynidir. Hə, bir də oruclu ikən dualar qəbul olurmuş deyərək oruc tutanlar var.

Ramazanı bərli-bəzəkli sözlərlə qarşıladıq, ay boyu da eyni təmtəraqı saxlayırıq.Hər iftar süfrəsi bir bayram süfrəsi kimi olur. Aclıq nə yamandır ki, yeməyin vaxtını həsrətlə gözləyib yeməyi bayram edirik.

Oruc gözəl işdir, kim nə niyyətə tutursa tutsun, axır tutur ki, hacca gedən qarışqa kimi mənzilə varmasa da yolunda can qoyur.

 Yaxşı, bəs tək bir orucla Allah rızası qazanılırmı? Bilmirəm, ancaq heç olmasa bu böyük yolun ilk pilləsinə ayaq basılır. Allaha gedən yola düşürük. Yol uzun, mənzil uzaq.Eyni anda da mənzil çox yaxındır.Allah bizə şah damarımızdan yaxındırsa, demək varmaq istədiyimiz mənzil də mənə məndən daha yaxındır, hətta mənim içimdədir.Bu, Yunus Əmrənin getdiyi həmin o uzun incə yoldur ki, ulu ruhlular gedib, biz də getməyə can atırıq.

Həmişə mənə sual verirlər, bu dəfə də mən sizə sual verirəm: niyə Allahın digər əmrlərini, buyruqlarını adlayıb, oruc əmrinə belə kütləvi cavab veririk, hamı oruc tutmağa cəhd edir.Əlbəttə, tutun, sadəcə, məsələn, namazdan, zəkatdan, digər əmrlərindən orucu fərqləndirən nədir?

  Savabı-günahı Allahla sizin aranızda, biz Rəbbimizlə bəndəsinin arasına girmirik.Əgər böyük Kitab Allahın sözlərini sadələşdirə-sadələşdirə insanlara deyir, çatdırır, insanlar öz növbələrində “eşitdik və itaət etdik” deyir, ancaq yenə də öz bildiklərini edirlərsə, mənim sözüm hara qədər gedib çatacaq, ya da heç getməyib eləcə düşüb yerdə qalacaq.

Ramazan ayı boyunca hamı  bir-birindən “oruclusan?” deyə soruşur, sanki hamı bir-birinə nəzarət edir.Yox, oruclu deyiləm cavabını eşidəndə oruclunun içində xoş bir məmnunluq yaranır, qürrələnərək mən orucluyam deyir və arxayın şəkildə özünü qarşısındakından bir anlıq da olsa üstün görür, oruc tutdum, Allah məni səndən çox sevəcək, mən Allaha səndən daha yaxın oldum fikirləri ani də olsa beynindən keçir. Aman, bu qəflətə düşməyin, bu ani hiss bu uzun günün oruc savabını yerlə bir edər, aclığınızın quru əzabı qalar sizə. Kibir evləri yıxır.

Dilində orucam deyib qəlbində kin varsa, dilindən xoş olmayan söz çıxarsa, nəfsini oxşayan hər hansı hissi bəslərsənsə, orucun savabı gedər, zəhməti qalar. Hələ əməlləri demirəm.Orucla təkcə haramlardan qaçmaq deyil, ən xırda belə olsa xoş olmayan əməldən, hərəkətdən uzaq durulmalıdır. Xırda və görünməyən əməllərə çox vaxt fikir vermirik, amma ən xırda, önəmsiz saydığımız bir iş, hərəkət, davranış insanı cənnətin qapısından alıb cəhənnəmin ortasına ata bilər. Çünki, “Hesab, mükafat və cəza mütləq gerçəkləşəcəkdir” (Zariyət, 6). “Sən yenə də öyüd ver. Çünki öyüd möminlərə fayda verir (Zariyət, 55).

Bir sözlə, zəhmət çəkib oruc tuturuqsa, orucu dilimiz, beynimiz və qəlbimizlə, ruhumuz və bütün bədənimizlə tutaq ki, tam olsun.Yarımçıq oruc tutmayaq, tək qanadlı quş uçmaz axı. Ac qaldıqca bədənimizdən toksinlər çıxdğı kimi oruclu olduğumuz müddətdə qəlbimizi də yıxayaq, ordakı pasları arındıraq, dilimzi də qısaladaq ki, mənəvi toksinlərimiz də çıxsın. Allaha təvəkkül.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir