04 Temmuz 2024

20 May tarixində “Aydınlığa doğru”  Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyində ll Qarabağ müharibəsinin şəhidi Baş Çavuş Məmmədov Sahib Yaşar oğluna həsr olunan  “Vətən Sahibi” kitabının təqdimat mərasimi keçirilib. Gənc vətənpərvər Nuray Rəşidlinin qələminin məhsulu olan şəhidin həyat və döyüş yoluna işıq tutan bu kitabda şəhidin ailəsinin, iş yoldaşlarının, dostlarının xatirələri, foto şəkilləri, səs yazıları yer almışdır.

Mərasim, “Aydınlığa doğru”  İctimai Birliyinin sədri Solmaz xanım Əmirlinin tədbir iştirakçılarını salamlaması ilə başladı və “Aydınlığa doğru” İB-nin tanıtım videosu nümayiş etdirildi.

Tədbirin aparıcısı yazar Ayişə Nəbi şəhidlik, Vətən və kitab haqqında fikirlərini söylədi və tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidin ailəsi, övladları, yaxınları, dostları, Vətəni və səhidi sevən, ürəyi sözlə dolu olan vətənpərvərlərin iştirak etdikləri tədbirdə ilk söz müəllifin atasına verildi. Əbülfəz Rəşidov şəhidlərin bizim qürur yerimiz olduğunu vurğulayaraq kitab haqda fikirlərini söylədikdən sonra şəhidlərə həsr etdiyi şeirini səsləndirdi.

l Qarabağ müharibəsi qazisi Əbdül Məmmədovun oğlu və Aprel döyüşü şəhidi Rasim Məmmədovun qardaşı Şahin Məmmədov tədbir iştirakçılarını salamlayıb kitabın gələcək üçün önəmini vurğulayaraq, vaxt gələr şəhid adına verilən küçə dəyişər, adına tikilən bulaq söküləcək, kitab isə  həmişə öz dəyərini qoruyub saxlayacaq, deyə qeyd etdi.

Şəhid Sahib Məmmədovun döyüşə gedərkən ailəsini əmanət etdiyi bacanağı Qulam Əliyev,  Sahib Məmmədovu qardaşı, oğlu kimi görərək onun haqqında xatirələrini göz yaşları ilə dilə gətirdi və  onun 3 körpəsini tək qoymayacağını, onlara arxa olacağını söylədi.  

Şəhid Sahib Məmmədovun həyat yoldaşı Gülnar Məmmədova kitabın onun üçün çox dəyərli olduğunu, kitab ərsəyə gələnə qədər keçirdiyi hisləri dilə gətirərək,- Mən istəyirəm Sahib başda olmaqla bütün şəhidlərimizi hamı tanısın. Bizi bu önəmli günümüzdə tək qoymadığınız üçün çox sağ olun, dedi.

 Sonra isə Sahibin qısa, ancaq mənalı həyatından önəmli məqamlara həsr olunan video- çarx nümayiş etdirildi.

Şəhidin qızları Ayla və Məryəm bu özəl gündə onları tək qoymayan tədbir iştirakçılarına təşəkkür edib “Bu kitab sayəsində atamızın təkcə bizim üçün yox, hamı üçün dəyərli olduğunu gördük. Biz atamızla fəxr edirik, inanırıq ki, oxuyandan sonra siz də atamızla fəxr edəcəksiniz”, dedilər.

 Sonra tədbirin qonaqları şairə, yazıçı Manya Səxavət qızı, II Qarabağ müharibəsi şəhidi Şahmar Quliyevin həyat yoldaşı Gülnarə Məmmədova, II Qarabağ müharibəsi şəhidi Daşqın Rzalının həyat yoldaşı Fatimə Rzalı öz ürək sözlərini dilə gətirərək belə bir tədbirdə iştirak etdikləri üçün qürurlandıqlarını qeyd etdilər.  

Vətənpərvər Əli və Zəhranın səsləndirdikləri vətənpərvər ruhlu şeirləri tədbirə xüsusi bir rəng qatdı.  Sahib Məmmədovun yaxın dostu Natiq Heydərov, Sahib mənim üçün özəl bir dost idi deyərək, onunla bağlı xoş xatirələrini danışdı.  

Sonra müəllif Nuray Rəşidli kitabın yazılma səbəbindən, kitab ərsəyə gələrkən yaşadığı hiss və həyəcanlardan danışaraq,” Sahib Məmmədov başda olmaqla bütün şəhidlərimiz bizi tanımadan bizim üçün öz canlarından keçiblər. Onları tanıdıb yaşatmaq da bizim ən böyük borcumuzdur,” dedi.

Tədbirin yekununda müəllif kitabları imzaladı və qonaqlarla birlikdə xatirə şəklləri çəkildi.

İklim.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir