Hər Allahı çağıranda, dilək diləyəndə, qorxanda, sevinəndə göyə baxırıq, ümidimizi, nicatımızı göydə axtarırıq.Bəlkə göydən gəlmişik, niyə fikir-xəyalımız daim göydədir? Getmək istədiyimiz yer göydür, cənnət göydədir, Allah göydədir, ruhumuz göyə uçur-bunlar hamımızın dediyi və eşitdiyi sözlərdir.Görəsən, insanı göyə cəlb edən nədir? Gözəllikmi? Üstünlükmü? Cənnətmi? Qanadlanıb uçmaq ehtirasımı? Bu suala hərənin bir cavabı var.
Tarix bu sualların cavabını çox axtarıb, insan hər an, hətta işığı kəşf edərkən də göyün, günəşin, genişliyin, xoşbəxtliyin xəyalını qurub.
Bu kosmos əsrində, insanın kosmosu görüb gəldiyi bir zamanda artıq göy haqqında fikirlər dəyişdi, göyün əslində yuxarıda olmadığını, göyün nisbi olduğunu, yerin yuvarlaq olub bizim, əslində yerdə başı üstə durduğumuzu-yəni ayağımızdan asılı vəziyyətdə olduğumuzu hər kəs bilir. Amma yenə də xəyal qurmağa davam edirik.
Başqa bir xəyal da var, bu Asqardiya ölkəsidir. Asqardiya kosmosda qurulan ilk ölkədir. Onu da bir türk fikirləşib, dünyanı fəth edib dadını görəndən sonra indi də kosmosu fəth etmək istəyib.Ey gidi çılğın türk ruhu, sənə fəthlər yaraşır.
Kosmosda yaradılan ilk dövlət Asqardiya 2016-cı ildə Azərbaycan türkü İqor Rauf oğlu Aşurbəyli tərəfindən qurulmuş, 2017-ci ildə o, bunu Vyanada rəsmi açıqlamışdır. Kosmosda dövlət qurma fikri, özünün xalqa müraciətində dediyi kimi, Aşurbəylinin iş otağında ağlına gəlib. Ölkənin adı Skandinaviya mifologiyasında tanrı Odinin idarə etdiyi yurd olan Asqarddan götürülərək Asqardiya adlandırılmışdır.İnsanın göyə ucalmaq, üstün olmaq xəyalının gerçəkləşməsi ideyası kimi bu ad tanrıların yaşadığı yer mənasındadır.
Bəllidir ki, bir ölkənin varlığı üçün öncə onun yer üzündə torpağı olmalıdır. Kosmosda da olsa ölkə bir yerə sahib olmalı. Asqardiyanın da ərazisi Yer kürəsinin xəritəsində işarələnən çox kiçik bir yerdir ki, bu Asqardiyanı göstərir və əslində isə bu, yerin orbitində hərəkət edən bir peykdir. Bu yer, 10x10x20 sm. və 2.8 kiloqram ağırlığında təxmini bir ayaqqabı qutusu boyda olub simvolik olaraq ölkənin ərazisini ifadə edir. Asqardiya torpaqlarında, daha dəqiq desək bu qutunun-peykin içində 512 GB həcmində bir hard disk, o hard diksin içində də Asqardiya ölkə vətəndaşlarının foto şəkilləri var. Bu ölkə insanlara yer üzündəki digər ölkələrdən azad, müstəqil yaşama şəraiti təklif edir.
Bu kosmos ölkəsinin vətəndaşı olmaq üçün hər kəs müraciət edə bilər.Asqardiya saytında hesab açır, bu ölkənin konstitusiyasını oxuyub qəbul edir və üzv olursunuz. Deyilənə görə, bundan sonra Asqardiya vətəndaşı olmaq üçün müraciət edənləri, İQ səviyyəsini ölçmək üçün sorğu- sual edəcəklər.
Kosmos ölkəsi Asqardiya vətəndaşları dünyada yaşasalar da özlərini fərqli bir ölkədə yaşayırmış kimi hiss edəcəklər və öz ölkələrinin vətəndaşlığından çıxmağa ehtiyacları yoxdur,- bunu Asqardiyanın qurucusu və Asqardiya dövlətinin rəhbəri Aşurbəyli deyir. Bu dövlət, əgər əhalisinin sayı 100 mini keçərsə, BMT-yə üzvlük müraciəti edəcək.
BMT-yə üzv olmaq üçün gərəkli dörd şərtdən üçünə nail olmuş bu ölkə artıq, torpağa, xalqa və parlamentə, yəni hökümətə sahibdir, təkcə digər üzv ölkələr tərəfindən tanınmağı qalır. Gələcəkdə bu ölkədə yaşayanların bir millət olacaqlarını iddia edirlər. Ölkə vətəndaşlığına edənlən müraciətlərin sayı çoxaldığı üçün artıq Asqardiya parlamentinin qərarı ilə bu kosmos ölkəsinə üzvülük ödənişlidir, dəyəri isə 100 avrodur.Ən çox Asqardiya üzvü İstanbulda yaşayır. Statistikaya görə Asqardiya vətəndaşlarının əksəriyyəti türklərdir.
Asqardiya, əhalisinə görə dünyanın 171-ci ölkəsidir.
Asqardiyanın əsas 3 məqsədi var: barış, əlçatma və qoruma, yəni,
1. Kosmosda sülh yaratmaq,
2. Kosmos qanunlarının meşə qanunlarına çevrilməsini əngəlləmək, kosmosda qeyri-hərbi və hamıya açıq bilgi mənbəyinin yaradılması.
3.Dünyanı kosmosdan gələn təhlükələrə qarşı qorumaq.
Kosmosdan gələn təhlükələr yeddi cürdür:
1.günəş partlamaları,
2.maqnitosfer dəyişiklikləri,
3.asteroidlər
4.insanların qurduqları orbit kirliliyi,
5. iqlim dəyişikliyi,
6.kosmik radiasiyalar
7. meteoridlərlə gələn mikroorqanizmlər.
Asqardiyanın məqsədi xoşməramdır. Əsla insanları aparıb kosmosda yerləşdirməyi planlamır. İndiyə qədər Asqardiya Kosmosa, sadəcə bir kiçik peyk göndərib, o da haqqında danışdığımız ayaqqabı qutusu boyda olan peykdir, bunun maliyyəsini iş adamı İqor Aşurbəyli öz hesabı ilə ödəyib.
Asqardiyaya ilk kosmos ölkəsi deyildiyinə baxmayın, bundan öncə də Selestiya vardı. Onu amerikalı Ceyms Tomas Menqen 1949-cu ildə “Kosmos dünya ölkələrinin siyasi hegemonluğundan qurtulmalıdır” məqsədi ilə qurdu.Selestiyanın 19 min vətəndaşı, bayrağı, hətta pulu vardı.1 seleston 2.2 q. qızıla bərabər idi və hətta 1958-ci ildə BMT-yə üzv olmuşdu.
A.Nəbi