04 Temmuz 2024

Allahın salamı və rəhmi olsun sənə

Bu günləri bizə nəsib edən uca Allahıma sonsuz həmd və sənalar olsun.Amin.

Əziz balam, maşallah, sən artıq bir ailə başçısısan, gözəl ailən, qadının, övladların var. Allah rızası üçün səninlə xanımın arasındakı münasibət haqqında söhbət etmək İstəyirəm. Allahın izni ilə sənin mömin xanımın var.

Evlənənə qədər siz xanımla görüşüb özünüz haqqında, dünyagörüşünüz, eləcə də öz həyat yoldaşınızda görmək istədiyiniz xüsusiyyətlər barədə söhbətlər etmisiniz.Bu dövr romantika və fantaziyalarla dolu bir dövrdür. Evləndikdən sonra bu xəyalların bir çoxunu həyata keçirmək çətin olur. Problemlər də burdan başlayır. Onda başa düşürsən ki, toya qədər olan söhbət və planlar bir başqa, toydan  sonrakı həyat və söhbətlər isə tamam başqa  olur.  

Qadın kişidən fərqli olaraq daha romantik və daha kövrəkdir. O, hər şeyi çəhrayi rəngdə görür.Toya qədərki  vaxt romantik dövr adlanır.Gələcək həyat yoldaşları hər biri görüşlərə xüsusi hazırlaşaraq gedirlər.O zaman tərəflərin hər biri özünün ən yaxşı cəhətlərini göstərir. Paltar olsun, danışı olsun, xarici görkəm olsun və s. Görüşqabağı fikrini toplayır, söhbət etmək üçün uyğun ən yaxşı sözləri tapıb seçir, bir-birilərinə hədiyyələr alırlar.Bir-birilərinin istəklərini böyük sevinclə həyata keçirirlər.Lakin birgə yaşayışda hər şey dəyişir.Siz artıq bir yerdə çox olursunz.İndi artıq görüşə hazırlıq yoxdur.Hər şey bir vərdişə çevrilir.Tədricən bir-birinizdə əvvəllər görmədiyiniz nöqsanları görməyə başlayırsınız.Bütün bunlar təbiidir.

Ailədə uşağın dünyaya gəlməsi ilə qadının öhdəlikləri artır.Sənə elə gəlir ki, xanımın dəyişilib. Elə bilirsən ki, sənə açılan sevgi gülü solmağa başlayır. Ancaq bu elə deyil.Bütün bunlar sənin şübhələrindir.Əksinə, onun sevgisi daha da artır, sadəcə o bunu daha az hiss etdirir. Allah anaların qəlbinə  və onun fitrətinə övladlarına sevgi qoymuşdur.Ana sevgisi Allahın bir nemətidir.Ona səbr və dözüm göstər.Çalış ev işlərində ona kömək edəsən.Həyat yoldaşına sənə nisbətən daha çətindir. Onun nöqsanlarına göz yum.

Dünyada kamil xüsusisyyətlərə tam sahib olan insan yoxdur.  Hansısa nöqsanına görə onun sənə yaraşmadığını düşünməyə tələsmə.Özünə belə bir sual ver: bəs mən bütün nöqsanlardan uzağammı? Mən özüm, xanımımdan ideallıq tələb edəcək qədər ideal adamam?Əgər mən nöqsansız adam axtarmağa başlasam, belə bir adam tapa bilərəmmi? Peyğəmbərlərdən başqa nöqsanlardan xali olan insan varmı? Səni xanımına qarşı qızışdıran adamları heç vaxt dinləmə.Hətta, bu sənin anan və ya atan olsa belə.

Əgər sənin atan sənin anana qarşı pis münasibət bəsləyibsə, sən onun səhvlərini təkrar etmə. Axı, uşaqlıqda bu, sənin xoşuna gəlmazdi. Qadın da, kişi də ən başından bəri öz xarakterinə uyğun rəftar etməlidir. Qarşılıqlı anlayış göstərməli və bir-birinizi razı və xoşbəxt etməyə çalışmalısınız.

Xanımını, sadəcə, sevmək yetməz, bunu dilə gətirməyin də gərəkdir. Bütün məişət yükü qadının çiyninə yüklənib.O, evdə səliqə-sahman yaratmağa, yemək hazırlamağa, uşaqların və sənin qayğını çəkməyə böyük güc sərf edir.Əgər o  bu, əməyinin dəyərləndirilmədiyini görərsə, o zaman yorular. Onun qətiyyətliliyi zəifləyər, fəallığı azalar, qəlb hüzuru pozular.Ona görə də, etdikləri üçün sən ona təşəkkür etməlisən və onu tərifləməlisən.Hədisdə deyilir: ”Sizin ən xeyirliniz ailəsinə qarşı ən yaxşı rəftar edəndir”.

Bağışlamağı bacar və onun nöqsanlarını görməməyə çalış.Ona çoxlu dua et.Sən özün də evdə səliqə və təmizliyə əməl etməlisən.Öz geyimlərini evin hər tərəfinə  atma.Yeməyini səliqəli ye. Xanımın çalışıb hər şeyi səliqəyə salıb, yemək bişirib. Sən də səliqəli ol.

Ona irad tutma, bəzi səhvlərini və hərdən unutduqlarının üstündən keç. Ondan razı ol.Bir hədisdə Peyğəmbər (SAV) demişdir: Kim sizə yaxşı bir şey etsə, ona təşəkkür edin.Əgər ona minnətdarlıq etmək üçün nəsə tapmırsınızsa, o zaman da onun üçün dua edin.Xanımın öz işlərinə görə təşəkkür almırsa, onda o, öz ərinə xidmət etməyə həvəssiz yanaşacaq.Artıq buna can atmayacaq  və bunun üçün həyəcan keçirməyəcək.Ona qarşı ədalətli ol. “Şübhəsiz ki, Allah ədalətli davranmağı, yaxşılıq etməyi və yaxınlarını qorumağı əmr edir”(Nəhl, 90-cı ayə).

Sənin onunla xoşbəxt olduğunu və qəlbinə ən yaxın adamın o olduğunu hiss eləməsinə imkan ver.Evlənməklə onun həyatı kökündən dəyişmişdir.O artıq ata- anasının himayəsində olan dünənki qayğısız qız deyil. Ev yığışdırıb, yemək bişirib, uşağı yedirdib oturub sənin işdən gəlməyini gözləyən bir qadındır. Sən də bu gəlişi onun üçün bayrama çevir.Evə girərkən gülümsə. Çünki hədisdə də:Təbəssüm sədəqədir,- deyilir.

Onu axşamlar evdə tək qoyma. Bir çox gənc xanımları ilə deyil, axşamları dostları ilə keçirməyə üstünlük verir.Uşağı yatırdandan sonra bütün günü yorulan xanımın vaxtını məmnunluqla və xoş keçirmək istəyir.Onun yanında ol. Onunla söhbət elə. Qadınlar söhbət etməyi sevirlər.Onunla mənəvi mövzuda söhbət elə.Öz planların haqqında onunla danış.Onun fikrini dinlə.O, özünü aktual və önəmli hiss etməlidir.Onun fikrinə hörmət elə və onunla hesablaş.Həyatını örnək aldığımız hz.Peyğəmbər SAV xanımı hz.Xədicə ilə həmişə məsləhətləşərdi.

Çalış namazı onunla bir yerdə qıl. Qoy, o həmişə səninlə birlikdə olsun.Onu sabah namazına qaldır.İbadətdə ona nümunə ol.Onunla islami bilgiləri paylaş.Onun bilik qazanmasına kömək et, islami dərslərdə iştirak etməsi üçün şərait yarat.Buna görə xanımın səni  daha çox sevəcək və  sənə daha çox qulaq asacaq.Allahdan qorxaraq ərinin sözündən çıxmayacaq. Əlbəttə ki, bu, başqaları ilə mənasız söhbətlər etməkdən daha yaxşıdır.

Müdrik kişi xanımını öyrədərkən səbrli olan kişidir. Hədisdə buyurulur: “Qadınlara ancaq əsalət və şərəf sahibi insan dəyər verər”. Ona, bütün bunları özü çoxdan bilməli imiş kimi yanaşma. Kişi qadının danışma həvəsini səbrlə təmin edərsə, qadın heç vaxt başqası ilə söhbət etmək istəməz.Bu zaman həm də qadını daha yaxşı tanıyacaq və onun fikirlərini öyrənəcəksən.

Evlilik çox böyük bir məsuliyyətdir.Əvvəllər sən, sadəcə, özündən məsul idin, indi isə həm xanımın, həm uşaqların, həm də evinə cavabdehsən. Sənin indi əməl etməli olduğun və unutmayacağın yeni öhdəliklərin meydana çıxmışdır.Xanımın ibadətli olduğu üçün digər nöqsanlarına göz yum, nöqsansız, sadəcə Allahdır. Xanımının qəlb hüzurunu təmin etməyə çalış.Onu sancma, ona qışqırma, təhqir etmə, ayrılmaqla və ikinci evliliklə hədələmə.Həyatınzın məqsədini birlikdə müəyyən edin və o məqsədə doğru birlikdə gedin.

Allahdan qorx və öz sevimli xanımının haqqını qoru.Qoy, sənin evində xoşbəxtlik və hüzur hökm sürsün.Qoy, sənin uşaqların xoşbəxt və imanlı böyüsün.Unutma, uşaqlar valideynin güzgüsüdür.Onlar bir çox cəhətdən böyükləri yamsılayırlar. Onların islami tərbiyəsi üçün çox səy göstər.

Allah səndən xanımının və uşaqlarının imanını soruşacaq.Namaza sevgi yarat.   Bəqərə surəsi 187-ci ayədə deyiləni daim xatırla: “Qadın kişi üçün bir örtü (geyim), kişi də qadın üçün bir örtü (paltar) olaraq yaradıldı.”

Bil! İbadəti və imanı olmayan xanımın faydası və xeyri olmaz.Əgər ananın imanı zəif olarsa,  o sənin övladlarını necə tərbiyə edə bilər? Öz ailəni qoru və onun üçün uca Yaradana dua et.

Qoy, Allah bizim bütün dualarımızı qəbul etsin.Unutma, ibadətli qadın Allahın bir nemətidir.Mən səni Allah rızası üçün çox sevirəm. Bilirəm ki, Allahın köməyi ilə sənin həyatın gözəl olacaq. Allaha əmanət ol.

Anan Həsənli

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir