Gördüyümüz, eşitdiyimiz hər şeyi beynimizin süzgəcində ələyib saf-çürük edirik. Kənardan gələn düşüncələrlə yanaşı öz beynimizin içindəki suallar da ara vermədən didir beynimizi. Gündəlik həyatımız, yaşayışımız, məişətimiz dərd olur bizə, gələcəyimiz necə olacaq, sabah necə yaşayacağıq, başımıza nə gələcək deyə düşünür, səbrimzin sərhədlərini sarsıdırıq. Ya həyatımızın gedişatı bizi qane etmir, ya da daha yaxşı yaşamaq, daha yüksək həyat düşüncələri beynimizi tərk etmir və həyatımızın normal axışına mənfi təsir edir. Bu düşüncələr bizim həyat haqqında narahatlığımızı göstərirsə də, əslində, təvəkkül və səbrimizin imtahanı olaraq şübhə və inamsızlığa səbəb olur.
Biz “tədbirimizi alıb qalanını Allaha arxayın oluruqsa”, o zaman sabahımız və yaşayışımız üçün bu şübhə və qorxu nə üçündür? İnanmırıqmı sabahın gözəl olacağına? İnanırıq, amma bir tərəfdən də şübhə içimizi gəmirir ki, “bəlkə yarın sənə yar olmadı”.
Əlimiz işdən soyuyur, sabahı düşünməklə, bu günümüzü sabahkı günlərin qayğısı ilə başa vuraraq nə bu gündən dad alırıq, nə də sabahımız xəyalımızı məmnun edir. İki zaman – dünənlə sabah arasında var-gəl edərək, düşüncələrin həzin ləngərində sabit rəqqas kimi ömrümüzü yeyirik. ”Boş əldən böyük düşmən yoxdur”, amma bəzən dərin düşüncələr boşluq kimi görünsə də, ən ağır işdən daha çətin olur. Dərin düşüncələrə dalıb özümüzü və ətrafdakıları-başqalarını düşünürük, hərdən bu iki düşüncə arasında dərin bir uçurum yaranır. O uçurumun kənarında kimi seçirik, məni (özümüzü), yoxsa qarşı cəbhəni-başqasını?Başqasını seçmək o qədər çətindir ki, “mən” haqlı da olsa, haqsız da olsa, hiyləgər nəfsimiz elə bəzəkli və haqlı don geydirir ki, ona sözsüz-söhbətsiz təslim oluruq. Çünki “mən” hər zaman özündən razıdır. Amma “Təkcə ondan razıyam ki, özümdən narazıyam” (B.V.) müdrikliyinə çatmaq üçün insan dişiylə- dırnağıyla nəfsin qəddar caynağından çıxara gərək saxta qürurunu. Bizi məhv edən, sabahımızı əlimizdən alan saxta qürur ”Qırx il ayaq altındakı xalça kimi torpağa üz qoymasam çata bilməzdim bu mərtəbəyə” deyən övliyanın da başının üstündə hökm etmək istəmiş, amma bacarmamışdır. O, saxta qürurunu öz ayaqları altına alaraq başa çıxmışdır.
Həyatdakı yerimiz bizi qane etmədikcə, “xüşk olan odundur layiqi nar” olunca içimizdə, beynimizdə “niyələr” üsyanı qalxır, qarşımızdakıları əfi ilan şəklində görür, hər an bizi sanca bilər qorxusuyla yanaşırıq, müdafiə vəziyyətində olur, hər an bir zərbə alacaqmış hissi yaşadır və özümüzü bədbəxt hiss etməyimizə səbəb olur.Təkcə özümüzlə dost olmaq kibiri ətrafla, başqası dediyimiz cəbhəylə dost olmağa qoymadıqca həyatdakı tarazlıq təmin edilmi.
A. Eynşteyndən, ”Həyatda ən önəmli sual nədir?”deyə soruşduqlarında o “Kainat dostumdurmu? deyə özündən soruş” demişdir. Bəli, kainatı özümə dost bilirəmsə, özüm də özümün dostum oluram. İçimdə bir əmin-arxayınlıq, rahatlıq yaranır, hər an tikan üstə olmaqdan qurtular insan. Həyatı, düşüncələrinin ardınca nizama düşər, çünki hiss etməsək də bizim taleyimizi, qədərimizi öz şüuraltı hislərimizə, ən ötəri də olsa ən dərin hissimizə görə təyin edir uca Yaradan.
Düşüncələri nizamsız olan insanın həyatı heç cür nizama düşmür, çalxantılı bir həyat yaşayır, beyni çarpaz suallardan arınmır və “istiqamət üzrə düpbədüz ol”mur. Dağınıq axan çayın suları kimi səpələnir, gücü paylanıb azalır, mənsəbə varana qədər bir ovuc suyu qalır, qurumuş çay olur. Bir də bütün qollarıyla bir məcrada axan bol sulu çayı düşünək, nə qədər ahəngdar və güclü axışı var, mənsəbində nə böyük bir su hövzəsi yaradır. Eləcə, beynimizi didən, üzümüzü hər gün bir yana döndərən, ilğımları işıq kimi göstərən yanılmış gözlər beynimizin əlində əsarətə düşür. Əsarət təslimçilik deyil, əsarət beynimizi gəmirən xərçəngin caynağından qurtula bilməməkdir, təslim olmaq isə beynimizi sualların çarpaz oxlarından xilas edib ilahi nizama tabe etdirərək, ilahi nurdan pay alaraq rahatlıq tapmaqdır. Qəlb ilahi nurdan pay alınca yumşalır, mərhəmətli olur. Qəlbin mərhəməti beyinin buzunu əridir, “Qəlblər qablara bənzər. Bir qab vardır ki, hər şeydən arınmışdır və içində bir qəndil parlar, bax, bu, mömin qəlbidir”(hədis), hər şeydən, həm də araqarışdıran suallardan arınmış.
Bəzən “təqlid müsəlmanısanmı” ki, kor-koranə təslim olub inanırsan,deyirlər, təbii ki, beynin suallar dəyirmanı olmalıdır ki, “dəlil sahibi” olasan.”Nə təqlid, nə dəlil sahibiyəm, eşq müsəlmanıyam”(İbn Ərəbi) olmaq var bir də, ən gözəli budur, eşq müsəlmanı olmaq.