02 Temmuz 2024

Qarabağ alınandan qaçqınlar nə vaxt qayıdacaqlar deyə hamı bir-birindən soruşurdu. Hamımız narahat idik, torpaq minalanıb, oraya getmək nə vaxt mümkün olacaq, deyirdik. Oldu artıq.

Qədim yurdumuza Böyük Qayıdışın ilk addımı artıq atıldı. İyun ayının 19-da işğaldan azad olunmuş torpağımıza ilk qayıdış həyata keçirildi. Zəngilan rayonunun Ağalı kəndinə bu yurdun öz  qədim-qayım sahibləri köçdülər. 30 il əvvəl uşaq ikən buradan çıxanlar indi bu yurda öz nəvələri ilə qayıdırlar.

İşğala qədər bu inzibati ərazidə 3 kənd  yerləşmişdi. Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayırdı. Hazırda bu kəndlərdə ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Böyük Köçün birinci mərhələsində Ağalı kəndinə 41 ailə, yəni 201 nəfər köçüb.Bu ağıllı Ağalı kəndində “Ağıllı kənd” konsepsiyasının üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb. Yəni, ağıllı kənd layihəsi əsasında salınan bu kənddə plana görə şəhər həyatına uyğun  yaşayış təmin ediləcək.

Bu köçün ardınca növbəti köçlər də gerçəkləşsin.Şuşa başda olmaqla azad olunan digər rayonlar, şəhərlər və kəndlərimiz də öz sakinlərini gözləyirlər.Ağıllı kənd salmaq ağıllı işdir əlbəttə, bəs bu ağıl nə qədər davam edəcək, bu kənd öz dədə-baba kənd halına düşəcəkmi, yoxsa ağıllı olmağa davam edəcəkmi, bilmirəm.

Başqa bir məsələ, 30 ildir  şəhər həyatına uyğunlaşan qaçqınlar indi də yenidən kənd həyatına qayıtmalıdır.Bilirsiniz, bu heç də asan deyil, aradan 30 il keçib, ordan gələnlərin böyük əksəriyyəti artıq həyatda yoxdur, burda doğulub böyüyənlərin artıq 30 yaşı var və onlar kənd nədir bilmirlər.Qaçqınlar niyə qayıtmır deyə qınamaq asandır, 30 ildə  fərqli yerdə yurd salıb yenidən bu yurddan uzaqlaşmaq, yenidən yeni bir həyata uyğunlaşmaq yenə də çətinlik yaradacaq. Özünüzü onların yerinə qoyun, yurd qurmaq çox çətindir, bu insanlar isə bir ömürdə neçə yurd dəyişirlər.

Ancaq bütün çətinliklərə baxmayaraq torpaq və yurd sevgisi bu çətinliyi yenməyə insanımıza kömək edir və mərd türk övladları Azərbaycanın torpaqlarını boş qalmağa qoymur və kəndə qayıdır. Böyük köçlər yaşayan Türkün tarixi təkrarlanır.Qayıdışımız qutlu olsun, yurdumuza yad ayaq dəyməsin bir daha.

Köç atlandı, uğur ola.  

Mahmud Mövlud oğlu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir