04 Temmuz 2024

Rus yazıçısı Tolstoy ölümündən bir ay əvvəl Britaniya müstəmləkəsi olan Hindistan və Cənubi Afrika xalqlarına passiv müqavimət üsulu ilə rəhbərlik edən Mahatma Qandiyə uzun bir məktub yazdı… 1910-cu ildə yazılan bu məktub tezliklə passiv müqavimətçilərin qələbəsi üçün müqəddəs sənədə və Tolstoyun bütün bəşəriyyətə qoyub getdiyi ölməz vəsiyyətə çevrildi. Çünki bu məktubda müqavimət metodunda gücdən və ya güc tətbiq etməkdən, silahlardan söhbət getmirdi. Həmin məktubu hissə-hissə sizə təqdim edirik:
“Qəzetdəki məqaləniz məndə, həyatımın ən vacib prinsipini sizin vasitənizlə izah etmək istəyi oyandırdı. Xüsusilə də, ölümün mənə çox yaxınlaşdığını hiss etdiyim bu günlərdə.
Bəli, həyatınızı həsr etdiyiniz Passiv Müqavimət prinsipi, əslində uydurma yozumlarla pozulmamış Sevgi Prinsipindən başqa bir şey deyil. Budur sevgi prinsipi; bu, insanların bir yerdə yaşamaq və bir-biri ilə daim həmrəy olmaq istəklərini ifadə edən bir anlayışdır. Ona görə də həm insan həyatının, həm də ictimai həyatın əsas mənbəyi bu qanunla bərqərar olmalıdır…

Əslində, hər bir insan bu ali qanunu zaman-zaman ürəyinin dərinliklərində titrəyərək hiss edir. Amma bu hissi həmişə uşaqlarda daha aydın görmək olar…
Üstəlik, bu sevgi prinsipi Hindistan, Çin, yəhudi, yunan və rumın müdrikləri bəşəriyyətin tabe olmalı olduğu ən mühüm qanun kimi qəbul etmişlər. Səhv etmirəmsə, İsa bunu ən açıq şəkildə ifadə edənlərdən biridir. Lakin onun ciddi şəkildə əməl olunmasını istədiyi bu qanun, həyatını yalnız maddi maraqlarla məhdudlaşdıran hakim insanlar tərəfindən təhrif edilmiş və pozulmuşdur…
Ancaq insan həyatının ən mühüm qanunu olan bu Sevgi qanunu zorakılıqla uzlaşmır. Zorakılığa bircə dəfə belə əl atsa, onda bu qanun artıq keçərililiyini itirər. Ancaq xristian dünyası bir ziddiyyət olaraq, kənardan çox mədəni görünsə də, bu prinsipi dəfələrlə barbar və amansız şəkildə pozub. Bunu bəzən istəyərək, bəzən də fərqində olmadan edib… Zorakılığa qarşı zorakılıqdan istifadə etmə yolu bircə dəfə açıldısa, ondan sonra Sevgi qanunu aradan qalxır və ən güclünün haqlı olduğu bir mühit yaranır. Təəssüf ki, Xristian iki min ildir ki, öz hökmranlığını belə bir ziddiyyət üzərində qoruyub saxlayır…
Keçən il Moskvada qızların dini məktəbində ənənəvi il sonu imtahanları keçirildi. İmtahan komissiyasındakı müfəttiş keşiş və mühazirəçi müəllim yeniyetmə tələbə qızlara İsanın “On Əmri” haqqında suallar verdilər. Lakin onlar suallarını xüsusilə 5-ci Əmrə yönəltdilər. Müəllimin göstərişi ilə “5-ci Əmr nədir?” sualına,- Heç kəsi öldürmə,- deyə cavab verən tələbəyə keşiş dərhal bu sualı verdi, -Yaxşı, bəs bir insanı öldürmək Allah tərəfindən hər zamanmı haram qılınmışdır?

Müəllimlərinin təzyiqindən çəkinən yazıq uşaq, yenə də zorla da olsa belə cavab verirdi,- Xeyr, insan öldürmək bütün hallarda qadağan deyildir. Çünki müharibə zamanı və məhkəmə qərarı ilə insanların öldürülməsi qadağan edilməmişdir.

Belə bir cavab almaqdan məmnun olan müəllimlər dəhşətə qapılmış kimi duran bu qıza bu sualı verdilər,- Kimisə öldürmək həmişə cinayətdirmi?- Uşaq əvvəlcə qızardı, sonra,- Bəli, adam öldürmək həmişə cinayətdir!- dedi.

Hamı, sadəcə, donub qaldı. Amma keşiş tələbənin başqa cür cavab verməsi üçün narahat olub boylandı. Lakin tələbə cavabını dəyişməyib,- Bütün hallarda adam öldürmək cinayətdir,- dedi.

Tövrat, bir insanın başqa bir insanı öldürməsini qadağan etdi. Amma İsa həm insanın insanı öldürməyini qadağan etdi, həm də insana başqa bir insan qardaşına pislik etməyi qəti şəkildə qadağan etdi!

Bunu eşiudən müəllimlər və keşiş rəngdən rəngə düşdü və sakitcə sinifdən çıxdılar…

(Tolstoyun məktubunun davamı olacaq)

İklim.az


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir