“Bir kərə yüksələn bayraq bir daha enməz” , “Şəhidlər ölməz, vətən bölünməz”….dilimizdə bu şüarlar, qəlbimizdə coşqunluq. Dünya baxmaz bizim vətən millət sevgimizə, xor görüb terror edər. Son günlərdə beş şəhidimiz oldu. Canımız yandı.Vətən sağ olsun.
Zəfər savaşımız zamanı türk generalının bir çıxışında dediyi sözləri xatırlayıram. Deyir: bir xarici jurnalist əsgərləri danışdırır, ermənidən soruşur, erməni neçə ölüləri olduğunu deyir, bizim əsgərdən soruşanda o, bizim heç ölümüz yoxdur deyir. Jurnalist təəccüblənir ki, belə dəhşətli savaş oldu, çətin döyüşlər baş verdi, necə heç ölünüz olmaya bilər? Əsgər qürurla, ölümüz yoxdur, şəhidimiz var, demiş .
Biz şəhidimizə diri statusu vermişik. Görürsünüz, şəhid ata-anaları şəhidimlə fəxr edirəm deyir. Bütün ağrı acısını içinə gömür və Allah şəhidə uca məqam, mərtəbə verib deyərək təsəlli tapır. Bu uca türk ruhunun təcəllisidir.Əsrlərdən bərkiyə-bərkiyə gələn iradəmizin göstəricisidir.
“Qisas” əməliyyatı uğurlu keçdi. Buzdax və ətraf əraziləri aldıq. Ermənilərin canına yenə də qorxu düşdü.
Digər yandan İngiltərədəki səfirliyimizə hücum etdilər, bayrağımız təcavüzə məruz qaldı. Çirkli əl toxundu müqəddəsliyinə. Səfirimiz və səfirlik işçiləri div yuxusundaydılar, kimsə tükünü tərpətmədi, niyəsə həmin anda hamısı yox oldu. Bayraq bir tək, “ana, bayrağımı yerlər öpməsin” deyib şəhid olan, can verən oğullarımzın ruhuna sayğıyla əyilməliykən, beyni çürük və üfunətli məxluqlar onu əyməyə çalışdılar. Guya nail oldular, amma bilmədilər ki, qəlbimizdə bayraq sevgisini bir daha alovlandırdılar.
Yeni zəfərlər bizi gözləyir.
Mahmud Mövlud oğlu