21 Kasım 2024

(Araşdırma )

-Ey, Şuşaya məktub var.

-Kimdən?

-Müqəddəs ulu könüllərdən.

-Bəs məktub hanı?

-Budur, məktub bu xalçadır.

***

-Baba, bizim qədim kitabımız nədir.

-Bizim ən qədim kitabımız xalçadır, gözümün nuru.

-Bəs biz xalçanı niyə oxumuruq?

– Hərflərini unutduq, quzum, adına naxış dediyimiz hərflərini. İndi oxuya bilməsək də, xalça bir zaman oxunan kitab, məktub idi. İnci suyun dayazınında olmaz, incini tapmaq üçün suyun dibinə dalmalısan.

****

Adına qala deyilən Şuşa. Qorunan Qalam, gözəlliyi, əvəzsizliyi, doğmalığı ilə qorunmağa layiq olan Qala Şəhər.Şuşanın adına köhnə şuşalılar Şüşə deyirdilər.Şüşə kimi kövrək, şüşə kimi parlaq, təmiz, aydınlıq şəhər.Adında günəş olan şəhər.Necə, günəş? Şuşanı adında günəşmi var? Hərf olaraq yoxdur, təbii ki, amma Şuşa deyincə qəlbimi bürüyən istilik onu mənə günəş kimi təqdim edir, günəş Şuşa.Adına təriflər desəm yeridir, adına heç bir bənzətmə deməsəm, səni  bir qız kimi vəsf etməsəm də sənin dəyərin azalmaz, əziz Şuşa.Sən bu adı ali məqamlının dilindən qazandın: əziz Şuşa.

İndi fikrə gedib özümə sual verirəm ki, mən Şuşanı niyə sevim?İlk ağlıma gələn fikir bu olur ki, Şuşa dağ başında yerləşir, ucalıqdadır, Allah ona məkanca ucalıq veribsə, elə məqamca da ucalıq verib.Ucaldıb, hər kəsin qəlbinə bir sevda toxumu əkib. Ən yüksək zirvəsi Böyük Kirs dağı olan Şuşanın səthi dağlıqdır.Havası da özü kimi nazlıdır, yayı mülayim isti quraqlıq, qışı da soyuq quraqlıq keçər.Qonur qəhvəyi dağlı meşəli  torpağında Qarqarçay qıvrılıb axır.Hər yeri çəmənlikdir, meşələrində, dağlarında ayısı, canavarı, tülküsü, dovşanı, cüyürü, kəkliyi, göyərçini əksik olmaz.Mineral sulu Turşsu,  İsa bulağı, Zarıslı, Xəlfəli çayları təbiətinə can verir. Meşələrində şərq fıstığı , ibcriya palıdı və qafqaz vələsi, Çirişli dağındakı  şabalıd ağacları, fındıq , murdarça , alça , göyəm , gərməşov, yemişan , əzgil , itburnusuyla yanaşı vələs, ağcaqayın, gilas, göyrüş və müxtəlif palıd növlərini də bitirir bu torpaq.  Şahnəzər mağarası qədimliyini, Şuşa şəhəri yaxınlığındakı Daşaltı kanyonu təbiətin bilmədiyimiz tarixini yaşadır.

Tarix isə başlanğıcını haradan alır, bilmirik.Mənası da elə mağara demək olan Gar-dan tarixin o üzünə boylanaraq qədimliyimizin, ilkinliyimizin ifadələrini görə bilirik. XVIII əsrin 20-ci illərinə aid mənbələrdə Şuşanın Daşaltı mağarasının «Gar» adlanması qeyd edilmişdir. Keçən əsrin 70-ci illərindən Şuşa şəhəri ərazisində arxeoloji tədqiqatlar aparılarkən burada daş (paleolit, mezolit), tunc, dəmir dövrlərinə aid nümunələr tapılmış, Şuşanın qədim yaşayış məskəni olduğu bir daha  isbatlanmışdır (  A.Q.Cəfərovun  və A.A.Həsənovun  əsərlərində). Uzunluğu 125 m, eni 20 m, hündürlüyü 10m. olan Şuşa Şahnəzər mağarasında da Paleolitə aid iki kobud daş çapacaq, Mezolitə aid mikrolit bıçaqlar, m.ə. V — IV minilliyə aid Eneolit gil qablar, Tunc, Dəmir Dövrləri və orta əsrlərə aid saxsı məmulat qalıqları, türk qəbri tapılması Şuşanın, əslində daha qədim tarixə malik olduğunu göstərir. A.Bakıxanovun «Gülüstani-İrəm»inə, ingilis səyyahı Ceyms Moryemin «Səyahətnamə»sinə, ingilis Robert Burterin, Robert Ker Porterin, Fransa arxeoloqu Jak de Morqanın yazılarına əsaslanaraq deyə bilərik ki, Şuşa Azərbaycanın çox qədim şəhəridir, ancaq Pənahəli xana isə onu yenidən bərpa etmək qismət olmuşdur.

Şuşa şəhərinin salınmasından bəhs edən əsərlərdən biri də Həsənəli xan Xanqardağskiyə (1847-1929) məxsus olan «Qarabağ Vilayətinin qədim və cədid kefıyyət və ovzaları, Pənahəli xan və Mehdiqulu xan əyyam i-hökumətlərinin əksəri vəqayi və hekayələri» adlı əsərdir ki, burada da şəhərin quruluş tarixi işıqlandırılmışdır. Tarixçi və sair M.M.Nəvvab «1905-1906-cı illərdə erməni müsəlman davası» (Bakı, 1993) adlı əsərində, doğulduğu Şuşa şəhərinin əsasının Pənahəli xan tərəfindən 1756-cı ildə qoyulması və şəhərdə qala-hasarların tikilməsi, içməli su quyularının qazılması haqda ətraflı məlumat verilsə də (səh. 6-7), ingilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın hələ eradan əvvəl insan məskəni olduğunu yazırlar. R.Burter yazır: “Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır”. Beləcə, bir çox tarixi xarici mənbə Şuşanın hələ XIII əsrdə Azərbaycanın məşhur şəhərlərindən biri olması faktını deyir.

Hazırda Şuşanın yaranma tarixini yanlış olaraq Qarabağ xanı Pənahəli xan Cavanşirlə bağlasalar da, əslində son tədqiqatlar Şuşanın lap qədimlərdən mövcud olduğunu göstərir. Buna xüsusi diqqət edilməlidir ki, Pənahəli xan kənardan gəlib Şuşanı şəhərini yoxdan salmayıb, o, öz hakimiyyəti dövründə (1748-1763) artıq var olan öz yaşadığı şəhəri yenidən abadlaşdırıb, yəni Şuşanın ətrafına müdafiə-qala divarları çəkdirərək şəhəri yeniləmiş və  abadlaşdırmışdır. Elə ona görə də Qarabağ xanlığının mərkəzi olan Şuşa şəhəri bir müddət Pənahəli xanın adı ilə Pənahabad adlandırılmışdır.Bu cüzi tələffüz yanlışı ilə düşmənlərimizin xeyrinə Şuşanın tarixini daha gəncləşdirməklə Şuşaya haqsızlıq etmiş oluruq. Yəni, Şuşa yenidən bərpa olunandan çox daha qədim tarixə malikdir.Elə Şuşanın adları da bunu göstərir. Aparılan tədqiqatlardan əldə olunan bilgilərə görə Şuşanın əvvəllər fərqli adları da olub, onu «Şuşakənd», «Qala», «Şəhri şişə» adlandırıblar. Şuşanın adı da özü kimi ucalığını mənalandırır. Şəmsəddin Bidlisinin «Şərəfnamə» əsərində, görkəmli rus alimləri E.İ.Vasiliyev və İrina Rakşa öz tədqiqatları ilə belə nəticəyə gəlmişlər: «Orta əsrlərdə Şərq müsəlman ölkələrində qüdrətli və alınmaz qalalara «Şuşa» qalaları deyilirdi». Qədim dövrlərdə  qalaları çox vaxt şiş qayalar üzərində tikirdilər və «Şuşa» sözünün də «Şiş» sözündən götürüldüyü güman edilir. «Şiş» sözü dildə dəyişilərək zamanla «Şuş» kimi formalaşmışdır.

Şuşanın keçmiş toponimləri də buranın qədim türk yurdu olduğunu sübut edir.Məsələn, Alban, Aran, Tərtər, Qarqar, Ərsağ və s. Buradakı qədim yaşayış binaları, məscidlər, mədrəsələr, karvansaralar, qəsrlər, türbələr, bulaqlar, qalabürcləri, daş küçələr, qala divarları, memarlıq və incəsənət abidələri Şuşanın qədim, eləcə də zəngin tarixindən xəbər verir. Alban tarixçisi Musa Kalankatlı yazırdı ki, bu ərazidə çox gözəl xalçalar toxunur. Ərəb tarixçiləri X-XI əsrlərdə Azərbaycanın müxtəlif ərazilərində xalçaçılığın inkişafından, zənginliyindən danışıraq bu faktı təsdiqləyirlər. Yazılı mənbələrdə Qarabağ xalçaları haqqında hələ VII əsrdən etibarən məlumatlar verilirdi.

1992-ci il mayın 8-dən sonra uzun illər idi ki, basılmazlıq, əyilməzlik rəmzi, igidlər oylağı Cıdır düzü, gözəlliyi göz doyuran Topxana meşəsi, səsi ilə duaya duran Daşaltı çayı, suyu məlhəm  İsa bulağı, cənnət yaylaqlarımız, təbiət möcüzəsi Xarı bülbül, qədim doğma Qala Şuşamız yad əllərdə idi.  Otuz ildən sonra dövlətimizin səyi, igidlərimizin qanı bahasına əziz Şuşamız millətin ürəyinin başındakı əzəli yerinə qayıtdı.Şuşa döyülmüş uşaq kimi  küskün, qəlbi sınıq, üstü başı nimdaş qayıtdı. Dövlətimiz bu şəhərə yeni həyat verdi.Daşaltı kəndindəki müdafiə qalası, İbrahimxəlil xanın tikdirdiyi sığınacaq evi (XVIII əsr), tövlə, hamam qalıqları, Şuşada Gövhər-ağa məscidi (1884), Aşağı Gövhər-ağa məscidi (1875), Natavanın, Bülbülün heykəlləri və daha bir çox tarixi abidələrimiz də 30 ilin küskünlüyündən çıxdı, yeniləndi.

Şuşanın bəxti onda gətirib ki, Allah ona bir sıra üstünlüklər bəxş etmiş, Şuşanın iqlimi, təbiəti, yeraltı və yerüstü sərvətləri onun iqtisadi, siyasi və mədəni cəhətdən daha da inkişafına təkan vermişdir. Şuşada sənətkarlığın bir çox sahələri, dəmirçilik, boyaqçılıq, misgərlik, dərzilik, papaqçılıq, başmaqçılıq, şərbaflıq, kürkçülük, dabbaqlıq, sərraclıq, zərgərlik və s.  inkişaf etmişdir. Bu sənətkarlar şəhərin müəyyən bir hissəsində toplaşırdı və ona görə də həmin yer onların adı ilə, məsələn, papaqçılar məhəlləsi, dəmirçi, boyaqçı, başmaqçılar məhəlləsi adlandırılırdı. Burada bütün sahələrdən ən irəlidə gedəni xalçaçılıq idi. Şuşa hələ XIX əsrdə Qarabağ xalçalarının istehsal və satış mərkəzi olmuşdur. Daxili və xarici ticarətin inkişaf etdiyi Şuşanın Təbriz, Tehran, İstanbul, İsfahan, Moskva və bir çox başqa şəhərlərlə ticarət əlaqələri var idi. Dünya şöhrəti qazanmış  “Malıbəyli”, “Ləmpə”, “Bağçada güllər”, “Bulud”, “Saxsıda güllər”, “Nəlbəkigül”, “Güllü yaylıq”, “Muncuq”, “Zəriməxmər” və sair xalça növləri burada toxunmuş və zövqləri oxşadığı üçün dünyanın çox yerinə aparılmışdır.Yazılı mənbələrdə ərəb tarixçiləri Əl-Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi Şuşanın adı çəkilir. Qarabağın Dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri ilə yanaşı Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Malıbəyli, Çanaxça, Tuğ, Tuğlar, Hadrut, digər kəndlər də əsas rol oynayırdılar.

  Öz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxil edilirdi. “Aran”, “Bağçadagüllər”, “Balıq”, “Buynuz”, “Bərdə”, “Bəhmənli”, “Qarabağ”, “Qoca”, “Qasımuşağı”, “Ləmbərani”, “Muğan”, “Talış”, “Ləmpə”, “Malıbəyli”, “Xanqərvənd”, “Xanlıq”, “Xantirmə”, “Çələbi”, “Şabalıdbuta”, və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğun olaraq 5 xalçadan ibarət dəst xalı — gəbələr də geniş yayılmışdır.

Bəzi tədqiqatçılar isə yazırlar ki, Qarabağda xalçaçılıq tarixi Azərbaycanda xalçaçılığın yaranma tarixi ilə eyni dövrdən, yəni e.ə. II minillikdən-Tunc dövründən başlayır ki, bu da o ərazidə, xüsusilə qoyunçuluğun inkişafına səbəb olmuşdur. Bu da xalqın həyat tərzi ilə bağlı idi, xalça insanların həyatının, məişətinin ayrılmaz bir parçası idi, xalq arasında «Xalçam harda, yurdum orda» deyimi də yaranmışdı, çünki xalçanın daha bəsit və fərqli bir növü olan su keçirməz keçələrdən dəyə, alaçıq qururdular, evi xalça və xalça məmulatları ilə bəzəyirdilər. Xalçadan fərməş (bəzi yerlərdə məfrəş deyilir), xurcun, heybə və s. məişət əşyaları da hazırlayırdılar.Azərbaycan türk xalqının məişətini xalçasız təsəvvür etmək mümkün deyil. Hər doğulan körpənin ayağı xalça üstə açılır, hər ölən son mənzilə xalçaya bükülüb aparılır.Xalça doğumumuzdan ölümümüzə qədər həyatımızın hər anında özünəməxsus yer tutur.Hətta, el adətincə toy məclislərin baş tərəfi-bəy oturan divara “toyunuz mübarək” yazılı xalça asarlardı, eyni ilə ad günü və s.xoş yığıncaqlarda da xalça divarları bəzəyərədi.Sovet dövründə, hətta kolxoz iclaslarında, “yüksək” qonaqlar gələndə onların şərəfinə, evlərdə qonaq otaqlarında divara xalça asırdılar.Xalça, sadəcə, soyuqdan qorunmaq üçün istifadə olunan məişət vasitəsi deyildi, xalqımızın təfəkküründə həm də bir mənəvi dəyəri olan vasitə idi.Belə ki, evlənirkən hər qızın cehizində mütləq xalça, hətta xalçalar olmalıydı.Xalça əhalinin bəzi kasıb təbəqəsində əlçatmaz ola bilərdi, qoyunçuluğun az inkişaf etdiyi bəzi yerlərdə xovlu xalça əvəzinə kilim toxunurdu.Kilimlərin də xalça kimi cecim, dermə cecim, sadə kilim və s növləri vardı. İlməsiz, sadəcə əriş arxacla toxunan kilimlər çeşni baxımından xalçaya bənzəsə də, ona bir sıra fərqli naxışlar vurulurdu.

Xalça çeşnilərinin yaranma tarixi xalqın yaşantısı, təfəkkürü, nağılları, mifləri ilə əlaqəldirilsə də, bir çox motiv təbiətdən götürülmüşdür.Xalçada hər naxışın, hər cizginin, hər elementin  öz adı və uyum forması var.Xalça çeşnislərində yerli naxışlarla bərabər gəlmə motivlər də istifadə olunub. Hələ XVIII əsrdə uzun illər Qarabağ xanlığının paytaxtı olan Şuşada mərkəzləşən Qarabağ xalçaçılığında ticarət genişləndikcə Rusiyadan və Avropadan gətirilən məcməyi, ətirli sabun, çit və digər məişət əşyalarının üzərindən götürülən naxışlar “Bağçadagüllər”, “Saxsıdagüllər”, “Bulud” və s. adlı xalçalarda işlənərək yeni çeşni olaraq toxunurdu. Bu xalçalar ən zərif çalarları ilə zəngin Qarabağ təbiətinin bütün rənglərini özündə əks etdirirdi.

Qədim dövrlərdən ənənəvi olaraq Azərbaycan xalçalarının yerlik adlanan əsas ara sahəsi tox, yəni tünd qırmızı rəngdə işlənirdir. Toxucular bu rəngləri təbiətdən alırdılar. Orta əsrlərdən bəri onlar boyama üçün 1500-ə yaxın bitkidən istifadə edir, bununla  yanaşı cürbəcür həşaratlardan da rənglər alırdılar. Məsələn, qırmızı rəngi almaq üçün ən çox koşenildən istifadə edilirdi. Xalq arasında ona “qırmızı böcəyi”, “qurd qırmızı”, “palıd cücüsü” də deyilirdi.

Xalçaların müxtəlifliyi ilk olaraq yundan qaynaqlanırdı, yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə Qarabağ xalçaları sıx hündür və yumşaq xova malik olan 33 kompozisiyadan ibarət idi.  Qarabağ xalçalarını digərlərindən fərqləndirən onların daha parlaq koloritli olmasıdır ki, bu da oradakı qaynar həyatı, eşqi, canlılığı ifadə edirdi.Bu xalçalar fərqliliyinə görə dörd qrupa bölünür: el arasında göl deyə bilinən medalyonlu, medalyonsuz,  səccadə-namazlıqlar  və süjetli xalçalar.

 Vidadi Muradovun yazdığına görə, Qarbağda, eləcə də Şuşada toxunan xalçalarda 35-dən artıq orijinal xalça çeşnilərindən istifadə olunmuşdur.Çeşninin müxtəlifliyi və seçimi xalçanın istifadə olunacağı yerə görə seçilirdi. Xanlar -bəylər üçün, sarayların və malikanələrin bəzədilməsi üçün toxunan xalılar daha böyük ölçülü olurdu.Bunlar adətən, eni 2 , uzunu 5–7 xan arşını (xan arşını 1,5 adi arşına bərabərdir) olan xalılardır, bir də xalı-gəbə dəstləri olurdu ki, onların da eni 1, uzunu 5–7 xan arşını olurdu, bu xalı-gəbə dəstləri cüt “kənarə”, “başlıq”, “ayaqlıq” kimi beş hissədən ibarət idi. Bu dəstlərin toxunmasında, əsasən, “Ləmpə”, “Qoca”, “Balıq”, “Buynuz”, “Açma-yumma”, “Bulud” adlı çeşnilərdən istifadə edilirdi ki, bunlar da ən çox yayılanlar idi.Onu da deyim ki, Qarabağ xalçalarının adları  həm də  onların ölçülərini müəyyən edirdi. Belə ki, “gəbə” – xalı ilə kənarə arası ölçüdə bir xalça, taxtüstü – 3×1 xan arşını ölçülü divar və ya taxt üçün nəzərdə tutulan xalça, “xalı balası” – 4×1 xan arşını ölçüsündə xalı və s. olurdu. Ölçüsü ən böyük olan xalçaya zili deyirdilər.Bundan başqa Şuşanın, əsasən, mötəbər şəxslər, zadəganlar üçün sifarişlə və ya satmaq  məqsədilə toxunan ipək xalçaları da dillərə dastan olmuşdur.  

 Araşdırıcıların sözlərinə  görə, XVIII əsrin II yarısından başlayaraq Şuşada mərkəzləşən xalçaçılıqda toxunan xalçaların ən az 35 faizi “Balıq” kompozisiyalı xalçalar idi. “Əfşan” kompozisiyası əsasında qurulan bu xalçalar Güney Azərbaycanda “Mahi” adı ilə bilinirdi. XIX əsrdə toxunan xalça və palazların sayına və keyfiyyətinə görə Şuşa Qarabağda birinci yeri tuturdu. Burada həm də zərifliyi və rəng koloriti ilə seçilən “Ləmpə”, “Qoca”, “Bulud” və s. xalçaları, “Dəst xalı-gəbə” xalça dəstləri toxunurdu. Şuşa şəhərində toxunan xalçalar bütöv Qarabağda olduğu kimi satış məqsədli olub Rusiya, Avropa, Asiya ölkələrinə satılırdı. Statistikaya görə, Şuşanın xalça istehsalından gəliri təkcə 1885–1887-ci illərdə 30 min rubl, 1890-cı illərdə isə 200 min rubla olmuşdur, bu da yerli əhalinin xalçaçılığa nə qədər önəm verdiyini göstərir.

 Şuşanın özündə və ətraf kəndlərdə toxunan “Əjdahalı”, “Açma-yumma”, “Bağçada güllər”, “Nəlbəki gül”, “Saxsıda güllər”, “Qoca”, “Balıq”, “Butalı”, “Ləmpə”, “Dəryanur”, “Bulud” və s. xalça çeşniləri  xalçaçılığın tarixi köklərinin birbaşa milliliklə, türkçülüklə bağlı olduğuna açıq-aydın bir dəlildir. Toxunan bütün xalça, gəbə, xalı və kilimlərin üzərində türk tayfaları olan Bayat, Kəngərli, Kolanı, Bəydili, Dəmirçi, Qazançı, Yaycı, Muğanlı, Əfşar, Quşçu, Otuzikilər, İyirmidördlər, Qaraqoyunluları ifadə edən elementlərə, damğalara, rəmzlərə, işarələrə rast gəlinir. Xalça bir türk üçün bir məişət əşyasından daha uca bir anlam daşıyır.Xalça unudulan tariximizi özündə yaşadan, daşıyan, nəsillərin yaşantılarını naxışları ilə gələcəyə ötürən bir kitabədir.Hər çeşni özlüyündə bir kompozisiya olaraq bir kitabı xatırladır, bəzən bir xalça bir məktub rolunu oynamışdır.İndi bizim adi naxış dediymiz nəbati, həndəsi fiqurlar, adi qıvrımlar,butalar, gül butalar, qarma-qarışıq sanıb anlamadığımız xətlər bir zamanların söz və yazı əvəzi işlənmiş işarələridir, hər birinin gizli semantik bir mənası var və sözə çevirə bilmədikləri mənanı, deyə bilmədikləri sözləri, fikirləri xalçaya həkk edir və ünvanına çatıdırırdılar.

Bəzən soruşurlar ki, türkün niyə yazı yaddaşı yoxdur, tarixi yazmayıblar itib gedib.Yanılırsınız, türkün çox möhtəşəm yazısı olub, yaddaşı gələcəyə, nəsillərə sadəcə, sözlə ötürülmür, türk öz tarixini daş kitabələrlə yanaşı beləcə xalı-xalçalarda,gəbə-kilimlərdə, zililərdə ifadə edib.Yaşantısını işarələrlə köçürüb, rənglərlə, iplərlə yazıb.

 Mən xalçaya ilk ilmə çalanda 5 yaşım vardı.Nənəm, anam və mən, üçümüz toxuyurduq.Bu həm də mənim xalçam olacaqdı.Çünki hər türk ailəsində uşaqların adına xalça toxunardı, sonra böyüyüb uşağın öz evi olanda xalçanı ona cehiz verərdilər.Anam uşaqların sayına 7 xalça toxumuşdu, hər xalçada təkcə anamın oxya bildiyi, adlarımzı ifadə edən işarələr vardı.Bu misalla xalçanın, əslində, həm də oxuna bilən olduğunu göstərmək istədim, naxışın dilini bilən onu oxuyur. 

Bəzi tədqiqatçılara görə ümumi Azərbaycan xalçasının 28 kompozisiyası var.28 rəqəmi hava-su-od-torpaq olmaqla 4 ünsürü simvollaşdırmaqla yanaşı sufilikdə də rəmzi məna daşıyır. Hürufilikdəki 28 hərf insan üzünün ifadəsidir, fikrini də xatırlatmaq istərəm.İnsan üzü xalça kimi 28 hərflə oxunur və Allahı ifadə edir.Xalçalarda təsvir edilən karvanlar, qatarlı quşlar, maral sürüləri, qıvrımlar, buynuz şəkilli simvollar, çiçəklər, butalar, qönçələr ardıcıl və ya üzbəüz düzülməklə bəlli saylara tabedir.Bu saylar yerin nizamı, ay, il, günlərlə də bağlı olur. Xalça həm kainatın, həm də insanın sirlərini daşıyır. Xalça ruhaniliyimizlə bağlıdır və biz indi insanın üzünə baxaraq orada Allahın ayələrini oxuya bilmədiyimiz kimi xalça çeşnilərinə baxaraq da xalçanı  oxuya bilmirik.Halbuki xalçalar lal deyil, xalçanın öz dili var. Hətta  Qurani-Kərim də:Onlar (möminlər) yaşıl balışlara və gözəl naxışlı (incə ilməli, xovlu) xalılara (yaxud yumşaq qalın döşəklərə) söykənmiş olacaqlar (Ər-Rəhman” surəsi,76), ayəsində dediyi kimi xalça həm də bir cənnət əşyasıdır.

  Təbiətin öz dili olduğu kimi, hər canlının, heyvanın, quşun, otun-çiçəyin öz dili olduğu kimi bu dili bilənlər də vardı, Süleyman peyğəmbər quşların, Loğman p. otun-çiçəyin dilin bilirdi.İbn Sina “Əş-Şifa” əsərində otların müalicə özəlliklərindən yazırdı, amma indi o kitabda yazılanları başa düşmürük, çünki zaman keçdikcə təbiət dəyişir, ya həmin bitkilər yox olur, ya da müxtəlif səbəblərdən biz anlamırıq.Klassik ədəbiyyatımıza  baxsaq keçmişdə yazılan əsərləri, şeirləri indi bu gün lüğətsiz başa düşmürük, çünki zamanla hərflər kimi sözlər də, fikirlər də dəyişib. Elə el məsəlində “Xalını xovuna sığallarlar” deyildiyi kimi həyat da axışıyla gedir.

Xalçanın hər naxışı, rəngi, işarəsi özündə genetik kodumuzu daşıyan rəmzləri ifadə edir.Keçmişin uçan xalçaları bu günümüzə hansı mənaları uçurub gətiriblər bunu bu gün mürəxəssizlər daş kitabələri oxuduqları kimi araşdırıb tapa bilərlər. Xalılarda, kilimlərdə qara rəng kədər, yaşıl murad, ağ sevinc, qırmızı xoşbəxtlik, sarı nisgili simvollaşdırır. Bir bayatıdakı xalçaya açar olan sözlər kimi:

Xalçam eni beş qarış,

Gülü butalı naxış.

Sarısını çox görsən,

Həsrətdəndir, gəl, barış.

Xalçaların bir kitab, bir məktub olduğu və rəmzlərinin sözə necə çevrildiyi məqamlara nağıllarda, şifahi və yazılı xalq ədəbiyyatında çox rast gəlirik. Məsələn, nağılda dara düşən baftaçı şah Abbas baftaya darlıq naxışı vurur saraya göndərir, orada xalçanı oxuyub şahın darda olduğunu anlayır və gedib onu  xilas edirlər.Başqa bir nağılda sevgilisindən ayrı düşən qız xalça toxuyub  uzaq ellərdə əsarətdə olduğunu bildirir, könlünü aça bilməyən oğlan xalçaya məhəbbət naxışı toxudub qıza göndərir. Qədim zamanlarda hətta xanlıqlar, tayfalar bir-birlərinə sülh və ya savaş istəklərini rəmzi olaraq xalçalar göndərib ifadə edirdilər. Bundan başqa tayfalar öz nəsillərinin soy ağacını xalça üzərində işləyib gələcək nəsillərə yadigar qoyurdular.Xalçalar bir də elm aləminin sirlərini təsvir edirdi, çeşniləri kainatı, kainatın kiçik modeli olan insanı və onun ruhaniyyatını simvollaşdırırdı.Bu simvolları bu gün müxtəlif üsullarla oxuyurlar.

Hazırda oxuya bilmək üçün ornamental xalçaçılıq elementleri 7 sistem üzrə araşdırılır ki, bu sistemlərlə xalçada nə deyildiyini anlamaq mümkün olur. Birinci şərt oxşarlıq, ikinci şərt uyğunlaşma, üçüncü şərt interval üzrə, dördüncü şərt riyazi şərtdir, beşinci semantik, altıncı ağacşəkilli axtarış olan estetik şərtdir. Bu şərtlərlə oxuduqda xalçanın toxunma məqsədi, təyinatı və digər detallarını anlamaq olur.

Bu gün müasir xalçaçılığın sirlərini araşdıran görkəmli xalçaçı rəssam Məmmədhüseyn Hüseynov XX əsrin ortalarında Altayda Pazırıq kurqanından tapılan, yaşının 2500 il olduğu müəyyən edilən Pazırıq xalçasını bu şərtlər üzrə araşdırmış və həmin Pazırıq xalçasının Azərbaycana aid türk xalçası olduğunu əsaslı şəkildə müəyyən etmişdir.

  Tədqiqatçılar, hətta daş kitabələrin üstündə qədim xalça rəsmi də taparaq xalçanın qədimmliyini bir daha sübut ediblər.Bunlardan biri Orxon-Yenisey daş kitabələrində tapılan xalı təsviridir, o zamanlar xalçaya “əgribət”  deyirmişlər.Xalçalarda təkcə təbiət təsvirli naxışlar deyil, həm də  insan, heyvan simvolları, eləcə də karvan, atlılar, döyüş motivləri də təsvir olunurdu.Xalçalarda ən çox rast gəlinən xaç şəkilli, bəzən də faşist simvolikası kimi tanıdığımız xaç təsvirlərinə çox rast gəlinir ki, bu əslində xristianlıq və faşizmələ heç bir əlaqəsi yoxdur.Bu xaç simvolikası qədim türk damğasıdır ki, kainatın rəmzidir.BU rəmz bir çox türk boylarının damğa və tuğlarında işlənmiş və kainatı, kainatın yaradılışının təməli olan od-su-torpaq-hava dördlüyünün birləşməsindən ortaya çıxan xaç şəkilli işarədir, tarixi isə dinlərdən daha əvvələ gedir.

Xalça naxışlarında hər elementin öz rəngi və mənası olmaqla onların qoyulduğu yer də önəmlidir və deyildiyi kimi rastgələ seçilmir.Məsələn, Balıq xalçasına baxsaq bu xalça o qədər mürəkkəb naxış sisteminə malikdir ki, onun izahı bir kitab cildinə ancaq sığar.Balıq xalçasında əslində balıq görmürəm mən, balıq adlanan təsvir bir ana bətnini, kainatın nüvəsini xatırladır.  Qurani Kərimin dediyinə, tibbin isə hələ keçən əsrdə kəşf etdiyi uşağın ana bətnində üç qat zirehlə qorunduğu təsviri görünür.Kainatın mərtəbələri və ya insan ömrünün mərhələləri haşiyələr sayında, haşiyələr arasındakı ornamentlərdə isə dünya halları fərqli naxışlarla ifadə olunur.Türk tarixində ayla günəşin özəl yer tutduğu kimi xalçalarda da bu simvollar çox işlənib və Ayla Günəşin növbəli hərəkəti -gecə gündüz simvolu xalçalarda görünür.Gül-çiçək, quş, baxça motivləri, sevgi rəmzləri xalçaların sevinci ifadə edən bəzəyidir. Xalçalarda yer, göy və ikisi arasında olanlar uyğun rənglərlə verilir ki, burada da maddi və ruhani məzmun rənglərdə öz ifadəsini tapır.

Tarixin məhz hansı günündə, ayında başladığını bilməsək də xalça, kilim və digər toxuma məhsulları insanın dillə deyə bilmədiyi daxili aləminin  sevgi, həyəcan və həyat təlatümlərini xalça üzərində rənglər və iplərlə ifadə edərək əslində tarix yazıblar.Yetər ki, biz bu gün bu yazını oxuya bilək.Belə sirli sehirli kitabların “yazıldığı” ən uca, ən gözəl məkanlardan biri əziz Şuşa olub. Təbrizin gözəl bacısı Şuşa elə Təbriz kimi süjetli xalçalar da toxuyaraq  öz şəhər mədəniyyətini, burada mədəniyyətin, ədəbiyyatın, musiqinin nə qədər inkişaf etdiyini büruzə verir.Elə ona görə də bu xalçalara gözü düşən, göz qoyan, sahib çıxmağa çalışan digər millətlərin həris nümayəndələri fürsət düşdükcə daima bu xalçaları ölkəmizdən apararaq öz muzeylərində başqa- başqa adlarla nümayiş etdiriblər.Hətta qədim Pazırıq xalçasına sahib çıxmaq istəyənlər çox idi, çünki bu xalçada sirli bir tarix gizlidir. Avropalılar, amerikalılar böyük həvəslə Şuşa xalçasını almağa çalışırlar. Dünyanın məşhur “Viktoriya” və “Albert”, “Metropoliten” muzeylərində, Kanada Tekstil muzeyində, “Ermitajda”, Rusiya Etnoqrafik Muzeyində və bir çox şəxsi kolleksiyalarda Şuşada azərbaycanlıların toxuduqları müxtəlif xalçalar və digər xalça məmulatları var.Əcnəbilər Şuşa, Qarabağ  xalçalarını orijinal sənət əsəri olaraq, keçmişdən bu günə kimi dəbdən düşməyən bir məhsul olduğunu tanıyır və dəyər verirlər. Bu mənada Şuşa yalnız Azərbaycan üçün deyil, həm də  Qafqaz üçün böyük önəm daşıyır.

1992-ci ilin mayında Şuşa şəhəri erməni işğalçıları tərəfindən qəsb olunanda Şuşanın tarix-diyarşünaslıq muzeyində saxlanılan xalqımızın maddi-mədəniyyət nümunələri, xalçalarımız məkrli Ermənistana daşınaraq, oradan da xarici ölkələrə, müxtəlif hərraclara aparıldı. İşğal zamanı Şuşa əhalisi evlərindən götürə bilmədikləri çoxlu sayda xalça, kilim, xalı, gəbə və s. xalça məmulatlara sahib  çıxan erməni  həmin əşyaları baha qiymətə öz malı kimi satdı. Şuşa şəhərinin işağalı zamanı xalçaçılıq təbii şəkildə  böyük ziyan görsə də, muzey əməkdaşlarının fədakarlığı sayəsində   XIX-XX əsrlərə aid olan 80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatı, 29 ədəd bədii tikmə və geyim, 39 ədəd zərgərlik məmulatı xilas edildi. Həmin eksponatlarla Şuşa muzeyi öz fəaliyyətini Azərbaycan Xalça və Xalq Tətbiqi Sənət Muzeyində davam etdirərək Qarabağın toxuculuq texnologiyalarının unudulmasına yol vermədi və bu texnologiyanın bərpası və inkişafı ilə bağlı bir sıra işlərə imza atdı.

Ermənilər daha da irəli gedərək 2021-ci il fevralın 15-də İrəvandakı Aleksandr Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda Şuşa Xalça Muzeyindən qanunsuz olaraq çıxarılmış xalçalardan ibarət sərgi açıb. Bu barədə məlumat, “Ermənistanın azərbaycanlılara məxsus mədəni və tarixi irsi mənimsəməsi ilə bağlı hesabat”ında yer alıb və bildirilib ki, ümumilikdə, muzeydən 160 xalça oğurlanıb, lakin onlardan 71-i sərgidə nümayiş olunub. Oğurlanmış ən qədim xalçanın isə 350 yaşı var.

Qarabağ, Şuşa əhalisi kimi Şuşa xalçaları da qaçqın, sürgün taleyi yaşadı.Bu gün hələ də bəzi xalçalarımızı erməni əlində əsirdir. Məsələn, XVIII əsrə aid  “Xətai” adlı Qarabağ xalçası beş il əvvəl Aram Cereyan adlı  erməni kolleksiyaçısının kolleksiyasında qalıb.Lakin həris erməni keçən əsrin 90-cı illərinidə   həmin xalçanı xarici hərracların birində satışa çıxarıb və bir italiyalı  onu baha qiymətə alıb. Hazırda muzeydə sərgilənən“Xətai”  xalçasını  Azərbaycan Xalça Muzeyi İtaliya vətəndaşından geri aldı. Yenə XIX əsrin əvvəllərinə aid bir Qarabağ xalçası ötən il iyun ayının 12-də Avstriyanın hərrac evlərinin birində erməni tərəfindən baha qiymətə satılmışdır. Göründüyü kimi, Qarabağ xalçaları bu gün də böyük muzeylərin kolleksiyalarında nümayiş etdirilir və bu xalçaları ermənilər dədə malı kimi satıb sərvət qazanırlar.   Qarabağ xalçalarını məşhur müzeylərə təklif etməyə davam edən bu məkrli millətin mədəniyyət naziri xalça məsələsinin hələ gündəmdə olduğunu rəsmi olaraq dilə gətirir.

Bu gün Vətən müharibəsi başa çatsa da milli mədəniyyət savaşımız, öz dəyərlərimizə sahib çıxma savaşımız hələ davam edir.Çünki xalçalarımız erməni xalçası adı ilə dünyaya tanıdılır və bununla da köksüz erməni özünün qədim tarixə malik olduğunu, qədim millət olduğunu sübut etməyə çalışır.Lakin əsir olsa da əyilməyən igidlərimiz kimi əsir xalçalarımız da dünyaya özlərinin türk xalçaları olduqlarını hər rəngi, naxışı, çeşnisi, motivi, hər ilməsi ilə hayqıracaq və gec-tez öz doğma yurdlarına qaytarılacaqlar.Çünki o xalçaların hər ilməsində bizim yenilməz ruhumuz var, şəhidlərimizin ölməz ruhları var.

 Bu gün Qarabağ xalçalarının geri qayıtmağa doğma yurdu var, onların yolunu gözləyən əziz Şuşası var.Çünki Şuşa 30 ildir öz isti yumşaq xalı-xalçalarına həsrət qalıb, iki sevdalı kimi xalçayla Şuşa ayrılığı yaşandı və bu həsərətə 8 noyabr qələbəsi ilə son qoyuldu.

Artıq biz qayıtdıq, əziz Şuşa, deyən o möhtəşəm səs qulaqlarımızda xoşbəxtlik nidası kimi səsləndi və biz ali baş komandan İlham Əliyevin bu şad qələbə xəbəri ilə xoşbəxtlikdə necə qanadlandığımızı yaxşı xatırlayıram.

1858 – 1859-cu illərdə Rusiya və Qafqaza səfər edən məşhur yazıçı Aleksandr Düma Azərbaycana da gəlmiş 56 yaşlı A.Dümanı 26 yaşında şahmatda mat edən şairə Natavanın qalib Şuşası artıq əsir xalçaların və bütün mədəni irsin doğma yurda qayıtmasını gözləyir və bu yöndə işlər aparılır.

Artıq ilk zəfər xalçası toxundu. “Qarabağ İlmələrdə” layihəsi çərçivəsində toxunan 44 günlük Vətən müharibəsindəki zəfərimizin rəmzi olan Qarabağ “Çələbi” xalçası toxunan ilk zəfər xalçası oldu.Bu xalçaya simvolik olaraq şuşalılar, Şuşada xidmət edənlər, Şuşanı bərpa edənlər, qazilər də ilmə çaldılar və xalçanın qədim ənənələrə uyğun olaraq təntənəli şəkildə dəzgahdan kəsimi mərasimi oldu.  Bu, Şuşanın xüsusi xalçayla tarixi qovuşma sevinci idi.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərindən mədəni irs nümunələrimizin Ermənistan tərəfindən qanunsuz çıxarılması, daşınması, digər ölkə ərazisinə gətirilməsi   UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” 1954-cü il Haaqa Konvensiyası və onun İkinci protokolunun 19-cu maddəsinə və “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasının 11-ci Maddəsinə əsasən beynəlxalq hüququn pozulmasıdır və bunda Ermənistan hökuməti məsuliyyəti daşıyır”.

Xalçaçılıq Azərbaycan xalqının ən qədim sənəti və bəşəriyyətə bəxş etdiyi nadir irsi nümunələrdəndir. Belə ki, 2010-cı ildə Azərbaycan ənənəvi xalça toxuma sənəti UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs kimi tanınmışdır. Çünki bu sənət ənənəsi Azərbaycanın hər bir bölgəsində yayılaraq elə geniş inkişaf etdirilmişdir ki, xalqımızın ruhu ilə ahəngdar olan milli dəyərimiz olmuşdur. Azərbaycanda fəaliyyət göstərən 8 əsas xalçaçılıq məktəbinin hər birinin özünə məxsus naxış, çeşni,motiv və boyaları vardır və aid olduğu yerin özəlliklərini, tarixini özündə ifadə edir. Belə ki, XIX əsrdə Qarabağda tədqiqatlar aparmış Y.Zedgenidze bütün müsəlman (türk) əhalinin xalçaçılıqla məşğul olduğunu, Qarabağda toxunan xalçaların Qafqazda birinci yer tutduğunu, ermənilərin isə bu sənətlə məşğul olmadığını, əksinə, xalçaçılıq sənətinə “sevilməyən iş” kimi baxdıqlarını yazır.

Bütün olanlara baxmayaraq, əziz Şuşa yenə də öz məcrasına qayıtdı və bu şəhər yenidən qurularaq Xarı bülbüllü, Natavanlı, Üzeyirli, Xanlı, muğamlı, qaynar xoşbəxt həyatına başlamışdır. Bununla da acı bir həsrətə son qoyaraq Şuşa xalçaları da yeni bir həyat qazanıb keçmişdən bu günə daşıdıqları genetik kodlu sirli-sehirli, nazlı- qəmzəli, al-əlvan naxış dili ilə bizə söylədiklərini bizdən sonrakı nəsillərə də çatdıracaq. Hər zəfərdən sonra Oğuz eli yığnağında olduğu kimi Dədəm Qorqud qopuz qollayıb soy soylayıb boy boylayaraq yüyrək dili ilə qayım qədim türk elini şirin bəzəmələri ilə ucaldaraq tarixin axışında uğurlar dilədi. Bu anda qulaqlarıma ümummilli lider Heydər Əliyevin səsi gəlir: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz   bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir