02 Temmuz 2024

8 Noyabr –  Şanlı Zəfərə aparan  yol, yaxud

4 dən törəyən 44.

Dörd… Dünyanın yaradılışının 4 ünsürü var, deyirlər. Novruzun gəlişi 4 çərşənbədən sonra olur. 4 cəhət var, 4 fəsil, 4 okean. İki 4-ün birliyindən bir 4 il əvvəl 44 günlük döyüşün gətirdiyi böyük Zəfərin başlanğıcı da məhz Aprel döyüşləri oldu. Şanlı hərbi qələbəmizin, böyük Zəfərin,  Azərbaycan xalqının birliyinin əsası məhz 2016-cı ilin aprelində qoyuldu. Sonralar 44 günlük müharibədə əldə olunacaq zəfərin anası 4 günlük döyüş oldu. Cəmi  4 gün müddətində  baş verən bu döyüşdən 4 il sonra 44 günlük bir döyüş baş tutacaqdı…Bu hələ 4 il sonra olacaqdı… 

Aprel döyüşləri Azərbaycan xalqını silkələyib özünə qaytaran, onun içində közərən qələbə inamını alovlandıran, sonrakı 44 günlük müharibədə xalqın yekdil birliyinin təməlini qoydu. Bəlkə də, buradakı 4 rəqəmlərinin harmoniyası təsadüfi deyildi. 4 günlük döyüşdən sonra əldə etdiyimiz kiçik qələbə  4 il sonra 44 günlük döyüş nəticəsində  böyük Zəfərə çevriləcəkdi. Lələ Təpədə əldə etdiyimiz qələbə 4 il sonra 44-ə çevriləcək, sonra Laçın, Kəlbəcər, Şuşa dağları boyda möhtəşəm dağ olacaqdı. Cocuq Mərcanlıda bir ķəndin azadlığı nəticəsində əldə etdiyimiz qələbə sevinci böyüyüb azad Qarabağ boyda Zəfər sevincinə çevriləcəkdi 4 il sonra. Daha sonra böyüyəcək Goranboy rayonunun Gülüstan kəndi istiqamətində azad olunan yollar sonralar – 4 ildən sonra 44 günə bir güllə açan sevincimizi Şuşanın azadlığından doğan xarıbülbül gülüstanı boyda sevincə qədər aparacaqdı. Bunlar hələ 4 il sonra olacaqdı. Amma bütün bunların əsası məhz 2016-cı ilin aprelində qoyulacaqdı. Aprel döyüşləri, xalqın qırılan inamını dirçəltdi apreldə yağan yaz yağışları kimi. Xalqın birliyi bundan sonra çiçək açdı, apreldə açılan yaz çiçəkləri kimi. Lələ Təpənin adındakı “Lələ” böyüklüyü, Çocuq Mərcanlıda yenicə doğulmuş qələbə çocuğu 4 il sonra böyüyüb Zəfər olacaqdı. Böyüyüb Lələ olmuş Zəfər. 

Bütün bunlar Ali Baş Komandanın rəhbərliyi sayəsində Azərbaycan Ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən dörd il sonra olacaqdı hələ. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək təkcə 2 min hektardan artıq ərazini deyil, sındırılmış qürurumuzu, ölməkdə olan inamımızı, dağılmaqda olan birliyimizi də işğaldan azad etdi. 

Can qurban etmənin vaxtı catıbsa, 

Səndən hansı oğlun əsirgəyər can? –  deyən oğullar 2016-cı ilin aprelində döyüşə atıldı, şəhid oldu, torpağa qarışdı, torpağı müqəddəs Vətən elədi, and yerinə çevirdi. 

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli  Lələ təpə yüksəkliyinə sancılan üçrəngli bayrağımız 4 il sonra Ağdərədə, Ağdamda, Laçında, Kəlbəcərdə, Şuşada dalğalanacaqdı… Bu döyüşlər nəticəsində ermənilərin gözü qırılacaq, Azərbaycan əsgərindən illər sonra yenə layiqli şillə yeyəcək, “məğlubedilməz Ermənistan Ordusu” haqda yaradılan mifin puç olmasının əsası qoyulacaqdı.

Ali Baş Komandan bunu hələ 4 il sonra edəcəkdi. Hələliksə bunlarla kifayətlənəcəkdi.  Çünki o nəyi nə vaxt etməyi çox gözəl bilirdi. Hələlik isə işğaldan azad olunan ərazilərdə, o cümlədən, Aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmir-bərpa işləri xalqın Orduya, Qələbəyə inamının da təmiri olacaqdı, orada salınan yeni qəsəbəyə, ata-baba yurdlarından didərgin salınan insanların geri dönüşü xalqın həyatında da yeni dönüşün başlanğıcı olacaqdı.

Bu  dönüşlər, sonrakı uğurlu  döyüşlər üçün zəmin oldu, Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirdi. 

Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinin mümkünlüyünə inamını möhkəmləndirdi. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizin anası idi, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən  böyük Zəfər 2020 -ci ilin 8 Noyabrında ondan doğacaqdı. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində dalğalanan Azərbaycan bayrağı bu bayrağın tezliklə Şuşada, Ağdamda, Laçında, Kəlbəcərdə dalğalanacağına inamın çüçərtisi oldu. Bu döyüşlər onu göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcək. 

Beləliklə, 44 günlük döyüş nəticəsində əldə etdiyimiz zəfər 4 günlük Aprel döyüşləri zamanında doğuldu. Bu Zəfərə gedən yolda minlərlə can qurban oldu, minlərlə oğul şəhidə çevrildi, amma torpağı əsarətdən qurtardı. 

Basdığın yerləri “torpaq” deyərək keçmə, tanı!

Düşün altındaki minlərcə kəfənsiz yatanı.

Sən şəhid oğlusan, incitmə, yazıqdır, atanı.

Vermə, dünyaları alsan da, bu cənnət vatanı…

Bəli,  bu cənnət Vətən uğrunda 2020-ci ilin  27 sentyabrından 8 Noyabra kimi 3 minədək Şəhid torpağa qarışaraq torpağı düşməndən azad etdi. Artıq məqam yetişmiş, can qurban etmənin vaxtı çatmışdı. Artıq “Dəmir yumruq” bərkimiş, düşmənin başına enməyə hazır vəziyyətə gətirilmişdi. 

Hər bir xalqın, dövlətin strateji yolunu, siyasi taleyini, perspektivlərini müəyyənləşdirən həlledici anlar, tarixi əhəmiyyətə malik məqamlar var. Bir əsrdə iki dəfə müstəqillik qazanaraq istiqlaliyyət ideyasına və məfkurəsinə sadiqliyini, mübarizə əzmini, siyasi potensialını, zəngin dövlətçilik ənənələrini, eləcə də unikal, bənzərsiz milli dəyərlərini dünyaya nümayiş etdirən, tarixin ictimai-siyasi yaddaşına əbədi həkk etdirən Azərbaycan xalqı da bu baxımdan istisna deyil.  

Azərbaycanın timsalında strateji dönüş nöqtəsi adlandırılan, milli inkişafı, intibahı, tərəqqini və yüksəlişi təmin edən bir çox mühüm amil var, bir çox tarixi an və məqam var. 2020 -ci ilin sentyabrı məhz belə bir an idi. Xalqla dövlətin yekdil birliyi, düşmənə sonsuz nifrət həlledici faktor oldu. Qətiyyətli Lider 30 illik dolanbac,  daşlı-kəsəkli, ölümlü-itimli yollarda Azərbaycan xalqına bələdçilik edərək, nəhayət ki, onu şanlı Zəfər yoluna çıxardı. Artıq dövlətimiz təkcə bölgədə deyil, dünya dövlətləri arasında söz demək, öz mövqeyini diktə etmək qüdrətinə malik güclü dövlətə çevrilməkdə, bu yolda inamla irəliləməkdədir! Təbii ki, bu nailiyyətlər lider-xalq birliyi, xalqın öz qətiyyətli, milli maraqlara, müasir çağırışlara adekvat siyasət həyata keçirən, dövlətin strateji mənafelərini üstün tutan Liderini birmənalı və prinsipial olaraq dəstəkləməsi sayəsində mümkün olmuşdur. Bizə bu şərəfli anları, günləri, milli heysiyyəti, Zəfər Günü qürurunu yaşadan ŞƏHİDLƏRİMİZİ unutmur, onların ruhu qarşısında baş əyirik. Xalqımızı bu gün münasibətlə təbrik edirik.

Gülyaz ƏLİYEVA.

Ağdam rayonu 38 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir