21 Kasım 2024

Hər şeyin bir qarşılığı var, salam verirlər, aleyküm – sənə də salam deyə cavab veririk; necəsən, yaxşıyam,-deyirik, yəni, hər şey öz qarşılığı, əksi ilə vardır:gecə -gündüz, yaxşı-pis, almaq-vermək. Söz ki, gəldi almaq-vermək məsələsinə, ilk onu deyim, biz almağı yaxşı bacarırıq. Niyə? Çünki bir şeyi alarkən də qarşılığını verməliyik, veririk.

Yaxşı, klassik, əbədi suallardan birini verim sizə, bəs biz Allahdan aldıqlarımızın əvəzini, qarşılığını veririkmi, bunu düşünürükmü? Ağlımıza gəlir ki, bizdə olanları-bədənimizi, ruhumuzu, bir bütün olaraq Məni Allah yaratdı və yer üzünə göndərdi. Məqsədi nə idi, bunu sənin üçün etdi, yoxsa bəlkə özü üçün? Əgər özü üçün edibsə, yenə də nə gözəl, dünyaya gəlmişik, işıqlı maddi həyatı dadırıq, sevinirik, ləzzət alırıq, bu dünyaya nə qədər fanidir, yaşanılası deyil, yalançıdır desək də, heç bir şəkildə buradan qopub getmək istəmirik. Əlimizdə əlac olsa, Əzrayılı dəyənəklə qovarıq, dünyadan beşəlli tutub qalarıq. Amma təəssüf ki, həyat biz istədiyimizlə deyil, öz nizamı ilə davam edir, vaxtı gələndə əcəl bizdən soruşmur.

  Allahın bizə bəxş etdiklərini biz sakitcə, sanki verməyə borclu imiş kimi qəbul edib, öz aləmimizdə yaşayırıq. Əgər hər şeyin bir qarşılığı varsa, Allahın verdiklərinin də bir qarşılığı olmalıdır. Bizə bu qədər nemət veribsə, demək bunun bir mənası, səbəbi, qarşılığı var. Bəs Allahın verdiklərinin qarşılığı nə ola bilər, biz bu qarşılığı necə ödəyə bilərik? Yaxud ödəyə bilərikmi?

Əvvəlcə onu deyim ki, biz və Allah müqayisə oluna bilməz, biz Onun zərrəsiyik, onun verdiklərinin qarşılığını ödəyəcək gücümüz ola yoxdur. Dağla çınqıl bir olarmı? Dağla çınqıl eyni maddədən yaransa da eyni deyil. Belə ki, biz Allahdan aldıqlarımızın qarşılığını öz gücümüzlə ödəyə bilmərik.

O bizə can verdi, biz can ala bilirik (qatil), amma can verə bilmirik. Biz taxtadan masa düzəldə bilirik, amma taxta üçün ağacı yarada bilmirik, biz suyu qaynağından çəkib evimizə gətirir, sudan fərqli içkilər düzəldirik, amma suyun özünü düzəldə bilmirik. Biz insan olaraq özümüzü, başqalarını yetişdirə bilirik, amma insan deyil, heç bir cücünü, böcəyi belə yarada bilmirik.

Bəs özümüzü idarə edə bilirik? Xeyr. İstədiyimiz zaman nəfəsimizi tutub, qoy ciyərim dincəlsin, bir-iki saat nəfəs almayıb deyə bilirik? Xeyr. Bir neçə saniyə nəfəs almasaq bu sonumuz olur. Nəfəs içimizdə olan bir ünsürdür. Amma biz istədiyimiz qədər onu içimizdə tuta bilmirik. Öz orqanlarımızı daşıyırıq, istifadə edirik, amma onlara hökm edə bilmirik, nəfəsimiz içimizdədir, amma onu idarə və nəfəsimizə hökm edə bilmirik. Biz bu qədərik. Danışarkən, düşünərkən bunları  düşünməliyik, özümüzü ölümsüz güclü qüdrətli görməklə daha da aciz duruma düşürük.

 Yaradanın zərrəsi olacaq qədər aciz olsaq da, bizə verilən nemətlərin şükürlə, onu yerində işlətməklə, təyinatı və qədərini itirməməklə, paylaşmaqla, qorumaqla haqqını ödəyə bilərik. Maddi olanın haqqı ödənir, mənəvi, ruhani olanın haqqı ödənməz, o, sadəcə bir qarşılıqla ödənir: Sevgi ilə. Yaradana sevgi, Yaradanın yaratdıqlarına sevgi, özünə sevgi, dünyaya, dünyadakılara, sənə verilən bütün nemətlərə sevgi duymaqla. Bu sevgini əməli fəaliyyətə keçirməklə. Sevgi imana, inanca, mərhəmətə, səxavətə, fədakarlığa, digər insani özəlliklərə çevrilir. Sevgi insanı fərqli “rəngə” boyayır, nurlandırır. İnsanın hərəkətləri sevgiylə yoğrulmuş duyğularla bəslənirsə, haqlı olur, Sevgi insanı ucalığa, kamilliyə, Yaradanına doğru aparır. Sevgi Yaradana varan incə bir bağdır.

Yaradan bizim vücudumuza öz nəfəsindən üfürdü, bizə can verdi, çünki o sevilmək və bilinmək istədi. Bunun qarşılığında bizdən istədiyi tək şey budur: sevilmək. Bəlkə sevgimizi ülviləşdirər və Allahın istədiyi incəliyə, böyüklüyə, qüdrətə çatdırarsaq, Yaradanın bizə verdiyi nemətlərin haqqını ödəyərik, ödəməyə çalışmış olarıq. Bu da Allahın mənzilinə bir yol qət etməkdir. Yolumuz yomrulmasın.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir