02 Temmuz 2024

“Dərd də gələndə batmanla gəlir”.

“Qara (uca) başım yenə qeylü- qaldadır”

Türkiyədə baş verən zəlzələ bütün sözləri aciz qoydu, nə danışmağa söz qaldı, nə deməyə təsəlli. Hamımızın ürəyi yandı, neçə gündür əlimiz işdən soyudu, gözümüz- qulağımız xəbərlərdə, son məlumatlardadır. Görək bir can belə qurtardımı, o uçqunun, dağıntının altından bir nəfəs, bir səs gəldimi, 194 min insandan xəbər yox, deyildi ilk günlər. On vilayətdə şəhərlər, qəsəbələr, kəndlər dağılıb, soyuq şaxta da bir yandan.

Zəlzələ, insanları yuxuda yaxalayıb, səhər yuxusu şirin olur, bəlkə də kimlərsə təzəcə yuxuya gedibmiş, bəziləri də sübh namazı üçün qalxdım, abdəst alırdım zəlzələ oldu, dedi. Böyük çoxluq yuxuda olub, bu da ölüm sayını artırır.

Ölüm gələndə bütün səbəbləri də özü ilə gətirir, bəlkələrə yer qoymur. Onsuz da bəlkələr mənasızdır, bacarıqsız və insafsızca, məsuliyyətsiz tikilən hündür binaların mənasız heçlik divarları kimi. Bu qədər ölümlərin cavabdehi kimdir?

Tale, alın yazısı deyəcəksiniz, ancaq Allah, tədbirini al, sonra təvəkkül et, deyir. Sadə insanlar ev alıram deyə ən parlaq, ən gözəl, ən müasir binaları seçir, içini döşəyib xoşbəxtliyni tapdığını zənn edir, hardan bilsin ki, bu xoşbəxtlik əslində onun sonu olur.

Kimdir günahkar, binaları tikənlərə cəza verilsin, deyirik, bu haqdır. Yeni dayanıqsız binalar tikməsinlər.

 Gedən heç kimsə geri gəlməyəcək, qalanların da ürəyindən bu qara xal silinməyəcək. Ailəsinin çoxunu, əzizlərini itirən, belə bir faciəni yaşayan adamların üzü gülə bilər, amma ürəkləri qan ağlayacaq.Tamamı yox olan ailələr var.

Bəzən deyirlər, onsuz da bir can borcluyuq, gec -tez verməliyik canımızı. Düzdür, can borcluyuq, ancaq bunlar çox fərqli mahiyyətdir. Faciəli ölüm daha ağrılıdır. İnsan hazırlıqsız yaxalanır. Biz bütün ölümlərə vaxtsız, tezdir deyirik, amma qalın betonlar altında qalmaq, saaatlarla, günlərlə nəfəsini tutub kömək gözləmək, gömək gələnə qədər ac-susuz, nəfəssiz qalmaq. Bu neçə gündə faciənin ən müxtəlif üzlərini gördük.Yalan xəbərlərə sevindik bəzən, bəzən uçqunun altından çıxan dilsiz-ağızsız körpələrin sağ qaldığına sevindik, 101, 106 saatdan sonra sağ qalma möcüzəsinə sevindik. Başımızı bu yana döndərəndə isə sayı-hesabı olmayan ölüləri görüb ürəyimiz parçalandı.20 mindən çox can getdi. Hələ yaralılar. Kimsəsiz qalan körpələr. Övladlarını itirən ana-atalar…

İnsan bir anda sanki cənnətdən cəhənnəmə düşdü. Bir axşam, sabah oyanacam deyə planlar qurub xoş bir ovqatla, doğmalarınla birgə yuxuya dal və sabah sənin üçün bir daha açılmasın.Ya da gecənin qaranlığında gözünü dəmir beton yığının altında aç, tərpənə bilmə, çıxa bilmə. Ətrafda kimsə olduğundan xəbərsiz, ya da cansız bədənlərlə birgə. Günlərlə orda qal. Ya da o darlıqdan çıxıb görürsən ki, doğmların yoxdur, evin yoxdur, hər yan dağılıb, şəhər uçub. Bunları düşünmək belə qandondurucudur. Yaşamaq isə dəhşət…kimsə yaşamasın.

Allah niyə günahsız insanları belə fəlakətə düçar etdi? Səssiz suallardan biri. İmanı sarsılan insanlar hanı Allah, niyə bu zülmə izin verdi, deyə suallar hayqırır.

Niyə yıxıldı binalar. Niyə yollar çökdü? Niyə şəhərlər dağıldı?

“Günahkarlar vardı, onlara cəza verildi”.Yox, bu cavabı deməyin, o zaman minlərlə günahsızın, körpələrin günahı nəydi deyə daha bir sual gəlir: Budurmu sizin inandığınız ədalətli Allahınız? Acılı insanların bu sualına cavab vermək çətindir. Mən susuram. Allah bilir, biz bilmirik, kimi qaçış cavabları verilir. İnsanların canı yanarkən məntiq yürütmək yersizdir.

Ancaq o binalar tikilərkən materiallar oğurlananda, savadsız mütəxəssis bilgisiz planlar quranda, ustalığı olmayanlar ustalıq edəndə, sən ucuz deyə bu evi alanda, cavabdeh insanlar işini layiqincə yerinə yetirməyəndə sən, mən, o , biz “neyləyə bilərəm” deyib susanda və ya haqsızlığa gözümüzü yumanda bir gün də o haqsızlıq bəla olub başımıza çökür.

Allah başımıza ağıl qoydu və dedi gedin özünüzü də, dünyanızı da idarə edin.Biz isə idarə edə bilmirik, ancaq mənfəətə qul oluruq, haqlı-haqsız qarışır. Həris insanlar, naqis insanlar çoxalır, sonra da  maddiyyatı baş tacı edib onun qurbanına çevrilirik.

Bu gün zəlzələ qurbanları da həmin o naqislərin, haqsızların güdazına getdi.

Əvvəllər binalar arasında ən az 50 metr məsafə olardı, indi heç bir qanun- qayda gözlənilmir, binalar meşə kimidir bəzi yerlərdə. Adam qorxur aralarından keçəndə.Yerin də bir tutumu var, axı.

Son zəlzələni prof.dok.Güngör dəfələrlə mətbuatda danışdı, yazdı, xəbərdarlıq etdi. Kimsə inanmadı. Nəticə ortadadır. Heç olmasa indi inanın, yeni dalğalar gözlənilir, deyir.

Biz inanmamağımız gərəkən şeylərə inanırıq və əksinə.

Yardımlar isə millətin bir daha təkyumruq ola bildiyini göstərdi, yaraları bir ümid, bir işıq, bir təsəlli ilə sarıdı. Güney Azərbaycandakı zəlzələzədələri də unutmadıq, onlar da ürəyimizin yanğınındadırlar.

Ancaq yenə də olan xalqa, millətə oldu. Zavallı millət, savaşlar bir yandan, dolanışıq bir yandan, təbii fəlakətlər də bir yandan.

Allah səni qorusun, uca millətim, qayım qədim Türk.

Ayişə Nəbi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir