04 Temmuz 2024

    İnsan amili… yaradılmışların ən üstünü insan.

Özümüzü ən üstün sayırıq, amma bir yandan da mənliyimizi heç edib Tanrının qarşısında əyilirik, səcdəyə varıb özümüzün nə qədər aciz, çarəsiz və gücsüz olduğumuzu deyir, sadəcə Allahı, bir tək onu üstün və güclü bilirik. Bu təzad, əkslik insanı düşündürür. Uca Allah  bizə iradə verərək, əşyanın adını öyrədərək bizi məxluqlardan fərqləndirdi, üstün etdi. Digər yandan da səcdəyə qapanıb aciz və güzsüz olduğumuzu hər an xatırlamamızı, hər an, nəfəsimiz gedib gəldyi müddətcə onu unutmamağı, ondan bir an da olsa yayınmamamızı tələb edir. Həm sərbəst iradə verir, həm də iradəmizi sərbəst istifadə etməyə qoymur, daima nəzarətdə saxlayır, günümüz iyirmi dörd saatın hər dəqiqəsinə bir vəzifə verir.

        İnsan allahın bir ayəsidir, simvoludur. Allahın yer üzündəki xəlifəsi, tanıdıcısı, tanıyanıdır.  İnsanı tanımaqla Allahı tanıyır və dərk edirik. Ancaq insanın içindən gələn qarışıq səslər simvolların birbaşa və dolayı mənalarını qarışdırır və bu qarışıqlıqda əsl həqiqət dolaşığa düşür, itir, gözdən qaçır və yerinə bizə ən asan görünən, ən asan, dilə sadə gələn və başa düşülən  mənaları qabardaraq önə çıxarırıq. İnsanpərvərlik-humanizm göstərərək insanı hər şeydən artıq sevir və qorumağa çalışırıq. Müasir həyatda ən çox qorunan təbiətlə insandır. Ən çox zərər görən də elə təbiətlə insandır. İnsanla təbiət qarşılıqlı olaraq bir- birini həm öldürür, həm də dirildir. Qoruma instinkti ilə insanı həm də Allahdan qoruyuruq guya. Niyə öz mənliyini tapdayır,  məchul bir varlıq qarşısında alçaldırsan, niyə öz varlığını bir kənara qoyub mücərrəd, əlçatmaz Allaha yalvarır və aciz bir şəkildə ona əl açırsan. İnsanın qüruru olmazmı, deyə sual verirlər.

    Qürur.

Qürur dedikləri bu hissiyyat tarixin nə qədər möhtəşəm şəxsiyyətlərini ayaqlar altına sərmişdir. Qürur və mənlikdən danışırıqsa, gəlin mənliyimizi və qürurumuzu işığın spektrə ayrılması kimi spetktrlərə ayıraq. Öz mənliyimiz və Tanrının “mənliyini”. Spektr bizə nə göstərəcək. İnsanın mənliyi Tanrının ətəyində əriyir, qürur şeytana çevrilir.Tanrının mənliyi olmadan insanın mənliyi mövcud ola bilərsə, o zaman biz qürurumuzu və mənliyimizi isbat etmiş oluruq. Allahdan aldığımız ruhun qüruru olmur, qürur torpaqdan olan nəfsimizin xüsusiyyətidir. Torpaq olduğu üçün, torpağın otla, ağacla, çiçəklə üstə çıxmağa çalışdığı kimi daima üstə çıxmağa çalışır, amma öz ağırlığı onu yenə də yerə sürükləyir. Saxta qürurumuzun cazibəli yalanına qapılaraq kosmosun soyuq kimsəsizliyində çarəsiz , yalnız bir toz dənəsi kimi qonmağa yer tapmayanda qürurumuz və nəfsimizin mənliyi bizə qanad olub qoruyacaqmı?

     Mənliyimizi Allaha qarşı qoyaraq böyüklük iddiasında ola bilirik, amma topluma və ətraf mühitə qarşı qoya bilmirik. Cəmiyyət, toplum nə deyər sözü qarşısında “qılıncımız qınına girir”, öz fikrimizi və mənliyimizi kənara qoyub” palaza bürünüb el ilə sürünməyi” ən asan şəkildə qəbul edirik. Mücərrəd bir varlığa qarşı bu qədər inad və cəsarətlə dura bildiyimiz halda, sevmədiyimiz və fikirlərimizə uyğun gəlməyən toplum örnəklərinə qarşı iradə və cəsarət göstərə bilmirik.Toplumun  ilk şilləsindən fikirlərimiz və dünyagörüşümüz “dəyişməyə” başlayır. Bu gün iman dəbdədir deyə kütləvi olaraq inanırıq, inananlara kütlə kor-koranə hörmət və etimad edir deyə kütləvi möminlik yaranır ki, bu özü axırda cahilliyə gətirib çıxara bilər. Nəyə, necə inandığını bilmədən möminlik etmək qəlbə girməmiş, qəlbinin bir qırağında duran imandır, ya da indi dəb olduğu üçün örtünmək, əslində örtünməmək kimi bir şeydir. Ən gözəl örtü insanın   şüurlu şəkildə hislərini qorumasıdır.

  Mənlik böhranına düşdüyümüz zaman Allahın ətəyindən yapışmasaq hansı ideologiya, hansı toplum, hansı qürur çıxarar bizi bu böhrandan.Törpülənmiş və didilmiş yasaqlar çərçivəsində formalaşmış mənlik üz tutmağa səmt axtarar qorxa-qorxa. Öz mənliyinə dayanan qorxar, Allahın mənliyinə dayanan arxalı olar, ürəkli olar, yalquzaq olmaz.

“Ərəb olmaq istəmirəm” kitabından

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir