02 Temmuz 2024

1992-ci il idi, Azərbaycanda qarışıqlıq hökm sürürdü. Bir yandan ölkədə kreslo davası, bir yandan da bədxah qonşuların  havadarlarına arxalanaraq Qarabağa təcavüzkar hücumları artırdı. Yenicə müstəqilliyini elan etmiş bir dövlətin hələ ordusu, güc strukturları tam təşəkkül tapmamış, formalaşmamış bir vaxtda Qarabağda və sərhədlərdə döyüşməli olurdu. Sərhəd bölgələrində və Qarabağda əliyalın əhaliyə erməni hücumları davam edirdi. Xocalıda silahsız insanları, körpə uşaqları, qocaları, qadınları kütləvi qətlə yetirən azğınlaşmış ermənilər törətdikləri bu vəhşiliyi böyük fəxrlə qəhrəmanlıq kimi təqdim edirdilər. Xocalı genosidindən həmən sonra Milli Müdafiə Şurası yaradıldı və Şura Qarabağda döyüşməyə könüllülər dəvət etdi.

 1992-ci ilin mart ayında MMŞ-nın çağırışına qatılan Vətənin qeyrətli oğulları Bakı şəhərində Azadlıq prospektinin axırı M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən qərargaha toplaşdılar. Təkcə Bakıdan deyil, Azərbaycanın hər yerindən, hətta Gürcüstanın Borçalı mahalında, Rusiyanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız Vətənin çağırışına səs verərək könüllülərin sırasına qatıldılar. 3-4 gündən sonra müraciət edənlərin çoxluğundan artıq Qərargah  müraciətləri qəbul edə bilmirdi. Könüllülərdən ibarət iki motoatıcı batalyon təşkil olundu və müraciətini qəbul edə bilmədiklərinə isə aid olduqları Hərbi Komissarlıqlara müraciət etmələri tövsiyə olundu.

 Axşamdan xeyli keçməsinə baxmayaraq heç kim evə getmək istəməyərək Qərargahın həyətində gözləyirdi. Hərbi geyim veriləcəyi haqda məlumat gəlməsinə baxmayaraq hələ də geyim gəlib çıxmamışdı. Könullulərin bir qrupu ocaq qalayaraq tonqal ətrafına toplaşaraq isinirdilər. İlk doğmalıq bu tonqal ətrafı isnişmədən başladı. Bir- birinin adını belə bilməyən bu adamları Vətən, Yurd sevgisi birləşdirirdi. İlk tanışlıq başladı. Abdulxan, Arif, Şahlar, Üzeyir, Şükür, Sahib, Xəqani, Elxan, Vəli, Bəhruz, İslam, Elman və s. Bunlar daxilən ölümü öldürən fədailər idilər. Hamı böyük həvəslə özünün hərbi hazırlığından, əlahiddə bacarığından söhbət edirdi. Beləliklə, ilk doğmalıq ocaq başından başladı.

 Minlərlə könüllü kimi döyüşə atılan bu gənclərin bir-birinə münasibətləri, insani keyfiyyətləri, ruhu, mənəviyyatı, iradəsi döyüşlərdə, çətin günlərdə bərkiyərək bir-birinə daha sıx bağlandı.  Əziz oxucu, məqsədim onların qəhrəmanlıq yolunu vəsf etmək deyil. O, çətin günləri yaşamış insanların 30 ildən sonra bir yerə toparlanması, bir araya gəlib görüşməsini təqdir etməkdir.

Bəli, bu könüllülər 1992-ci ildə Göranboy Ağdərə əməliyyatının, Gülüstan və Ağcakəndin azad olunması uğrunda gedən döyüşlərin qəhrəmanları olmuşdular. Burada adı keçən  döyüşlərdə və digər hərbi əməliyyatlarda həlak olmuş döyüş yoldaşlarımızı, qardaşlarımızı da minnətlə və hörmətlə  anırıq. Onların ruhu qarşısında baş əyirik.

 Bu gün həyatda olan Birinci Qarabağ savaşının döyüşçü qardaşlarını bir araya toplamaqda Abdulxan qardaşımızın böyük xidməti var. Abdulxan xaraktercə çox qorxmaz, cəsur, vətənpərvər olmaqla bərabər, həm də dost yolunda özündən keçməyi bacaran, fədakar, insanpərvər, dostluğu, yoldaşlığı yaşadan bir insandır. Məhz onun şəxsi təşəbbüsü və əməyi nəticəsində 30 ildən sonra köhnə döyüşçülər yenidən görüşdürlər.  Bunlar, Vətəni müqəddəs Torpaq səviyyəsinə ucaldıb, öz canlarından, özlərindən keçərək Vətənin, yurdun müdafiəsinə könüllü qalxmış silahdaşlardır. Onlar 26 iyun Milli Ordumuzun, Silahlı Qüvvələrimizin yaradıldığı gün toplanıb görüşdülər. Çünki bu köhnə kişilər 1918-ci ildə yaradılmış və tezcə də dağılmış Orduya yenidən can verib yaradan, ona sahib çıxan və bu Ordunun ilk əsgərlərindən olan ürəkli döyüşçülərdir. Mübariz, Elxan, Ramiz, Üzeyir, Abdulxan, Şükür, Rəcəb, Sahib, Vəli, Şahlar, Zahid, Eldar, Səyavuş, İslam, Qabil, Bəhruz, Hüseyin, Rəhim yenə də bir aradadırlar. Amma bəzi döyüş yoldaşları toplantıda iştirak edə bilməsələr də, onların da ürəkləri bu qardaşlarının yanındadır və növbəti toplantılarılara mütləq gələcəklər.

Bu gün ordumuzla fəxr edirik. Son hadisələr, 44 günlük İkinci Vətən Müharibəsi Ordumuzun, əsgərlərimizin gücünü, nəyə qadir olduğunu göstərdi. Ordunun güclü olmasının əsası onun bazasına dayanır. Bu baza, əsasən milli, xəlqi, genetik faktorlardan keçir. Dövlət qurmaq hər millətə müəssər olmur. Dövlətin təhlükəsizliyi isə Orduya bağlıdır. Torpağı Vətən edən torpağın müqəddəsləşməsidir. Torpağı müqəddəs edən onun sevilməsi və qorunmasıdır. Bunu da əsgərlərimizə, Oğrdumuza borcluyuq. Ordumuz varsa,YURDUMUZ var.

ELLİ ATAYURD

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir