21 Kasım 2024

HEKAYƏ

Sina əfqandı. On üç yaşında qarabuğdayı bir oğlandı. Əfqanlara məxsus  iri almacıq sümükləri, ətli dodaqları, yastı burnu, qapqara gözləri var. Ona baxanda Xalid Hüseyninin “Çərpələng Uçuran”ı yadıma düşür.

Bu hələ hamısı deyil, məsələn, onu deyim ki, Sinanın gözlərinin içinə baxmaq olmur, o gözlərini hamıdan qaçırdır, sanki baxışlarından tutub ürəyinin içinə enəcəklərindən qorxur. Üzündə bütün mimikalarını gizlədən daş kimi sərt bir ciddiyyət var. Bu, onun müdafiə mexanizmidi. Sanki dağıntılarla dolu könül evi görünməsin deyə ətrafında hündür hasar hörüb Sina.

Amma  dörd ay əvvəl, o elə bizim sinfə gəldiyi gün mən bu hasarı aşacağıma özümə söz verdim.

Sinfə təzə gələn uşaqlara qarşı qəribə həssaslığım var, bəlkə də uşaqlıqda sinif dəyişməsi bağlı bullinq yaşadığım səbəbdən. Başqa sinifdən, başqa məktəbdən, başqa şəhərdən gələn şagirdlərə çox diqqətlə  yanaşır,hər yanından keçəndə əlimi çiyninə qoyub tək olmadığını hiss elətdirir, uşaqlara onunla mehriban davranmağı tapşırıram. Hamıdan çox dərsə onu çağırır, hamıdan çox onun gündəliyinə qiymət yazıram, ta ki, o hər kəsdən biri olana qədər.

Amma Sinada vəziyyət başqadı, o sinfini, məktəbini, şəhərini yox, ölkəsini dəyişib, dilini, adətini, xasiyyətini bilmədiyi insanların içinə düşüb. On üç yaşlı uşaq üçün bunun nə olduğunu təxmin etmək çətin deyil, hələ orasını demirəm ki, tərk etdiyi ölkəsində kim bilir, nələr yaşayıb.

Bu üzdən mən Sinanı uzaqdan baxışlarımla nəzarətdə saxlayıram. Müəllim vərdişim mənə sinif otağının harasında olsam, gözümün ucuyla Sinanı görməyə imkan yaradır. Hərdən o ətrafa hördüyü hasarı unudaraq içəridəki dağıntılar arasında eşələnir, xəyala dalır, üzü eybəcər şəkil alır, qəribə şəkildə titrəyir və əlləri yüngülcə qıc olur. Mən heç nə demədən gözlərimi onun üzünə dikirəm. Tez özünə gəlir, və yenə həmin sərt maskasını geyinir. Əvvəl belə hallarda mənim baxışlarımdan narahat olurdu Sina. Sonra o bu baxışlardan xilas kəməri kimi tutmağı bacardı. Bu bizim aramızda baş tutan gizli, dilsiz oyun idi və artıq Sina başını yüngülcə yelləyirdi. Təxminən “yaxşıyam, narahat olmayın, keçdi” mənasında. Və həm də  minnətdarlıqla.

Mən hərdən Sinadan gizlin onun haqqında uşaqlarla danışıram. Söyləyirlər ki, Sina heç tənəffüs zamanı da yerindən durmur, heç nə yemir, su belə içmir, ona təklif edilən heç nəyi götürmür və heç kimlə danışmır. Bir də sevinə-sevinə əlavə edirlər ki, Sina Riyaziyyat və İngilis dili fənnindən əla oxuyur. Bu xəbər məni də sevindirir:

-Demək ki, savadlı oğlandı.

-Bəs Azərbaycan dilini niyə oxumur, müəllimə?

-Çünki dili bilmir.

-Bəs necə olacaq?

-Öyrədəcəyik, hamımız bir yerdə, öyrədəcəyik. O cavab verməyə bilər, amma siz onuna hər gün danışın.

Sonra Sinanın parta yoldaşını, sinfin ən alicənab oğlanlarından biri olan Ələkbəri çağırıb ona bəzi təlimatlar verirəm.

Düşünüb yolunu tapmış, artıq onun dilinin kiidini bir az da olsa, açmışdım. Siniflə salamlaşandan sonra Sinayla ayrıca salamlaşırdım və hər gün bizim aramızda kiçik bir diaoq baş tuturdu:

-Salam, Sina.

-Salam, müallimə.

-Necəsən, oğlum?

-Yaxşıyam, müalimə.

…Sonrakı həftə xəstəlik səbəbindən  məktəbə gedə bilmədim. Qayıdanda ilk dərsin necə keçdiyini hiss eləmədim, olmadığım müddətdə nəyi necə mənimsədiklərini öyrənmək üçün sual-cavaba başım elə qarşıdı ki, bir də zəng vurulanda sinif jurnalını belə yazmadığımı xatırladım. Tələsik müəllim masasına keçib jurnalı təzəcə açmışdım ki, kiminsə sakitcə yaxınlaşdığını duydum. Başımı qaldırdım. Sina idi.

-Salam, muallimə.

O ilk dəfə idi ki, tənəffüs zamanı yerindən qalxmış, hətta müəllim masasına yaxınlaşmış və hətta öz istəyiylə danışmışdı. Həm çağqın həm də sevincli cavab verdim:

-Salam, Sina, bağışla, səni unutmuşam.

-Necasiz, müallimə?

-Yaxşıyam, oğlum, sən necəsən?

Sina cavab vermədi, eləcə gözlərini mənə dikib durdu. Onun qalın dodaqları səyriyir, burun pərələri enib qalxırdı. Mənə zillədiyi qara gözlərində sözə çevirə bilmədiyi bir təlaş vardı. O baxışlarının qapısını artıq mənə açmışdı deyə, duyğularını oxuya bilirdim. Üzümə dikilən gözlərdəki ifadə əvvəlki donuq qorxu deyildi, bu təlaşda həyat əlaməti vardı,  ümid və sevgi qarışıq kövrəklik vardı.  Onun mənə ünvanlaya bilmədiyi sualını gözlərindən oxudum və dərhal da cavablandırdım.

-Narahat olma, Sina mən artıq hər gün dərsə gələcəm, xəstələnməyəcəm və heç yerə getməyəcəm.

Cavabında Sina onu tanıdığım vaxtdan bu yana ilk dəfə gülümsədi.

Bizi əhatəyə almış uşaqlar əl çaldılar. Onlara minnətdarlıqla baxdım. Biz bunu birlikdə bacarmışdıq. Bu bizim hamımızın qələbəsi idi.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir