04 Temmuz 2024

“Allahın hər insana açıq qoyduğu bir yol var: Allaha çatmağın yolu…”(N.F.Qısakürək)

Budur, qarşımızda minlərlə yol açılır. Bu yollar arasında hansı Allaha gedən yoldur, bunu seçmək,

bu yolu tutub irəliləmək o qədər çətindir ki. Ayağını əzən daşın-kəsəyin, üzünə çırpılan tufanın-

fırtınanın, başına yağan şər-böhtan yağmurunun, imtahanlar və fəlakətlər cəngəlliyində

azmamaq, bir işıq kimi bir yol tutmaq qərarlılığı gərəkdir.

Bir işıq yanar uzaqlardan, əlimizin çatmadığı, ünümüzün yetmədiyi uzaq üfiqlərdən parlayar. O işığa

gedərik, o işığın doğmalığı, istisi çağırar bizi uca dərgaha, içimizdən qəlbimizin ortasından şəffaf bir ip

çəkər bizi göylərin dərinliklərinə, o qopub gəldiyimiz varlığımız, mahiyyətimiz olan, nəfəsimizi

ciyərimizə üfürənin ucalığına, mərhəmətinə.

“Ayaqları altında çalxalanan zülmət dənizi qorxunc ağzı”nı açaraq udmaq istər ruhumuzu,

nəfsimiz, iradəmiz, mənliyimiz hər biri bir zülmət kimi kəsər qarşımızı, durar yolumuzun

üstündə, çəkib qoparmaq istər əlimizi “Allahın ipindən”. Bu çalxalanan qorxunc zülmət dənizinin

vahiməsi bizi sarmış, amma bir tərəfdən də rəhmət əsintiləri yollamış Uca Dərgahından, məna

aləminə vara bilməmiz üçün yolumuza daş- kəsək yerinə pillələr qoymuş, Ramazan da o

pillənin biridir, oruc bir pillədir ruhumuzun arınma yolunda. Oruc, əlimizi Allahın ipinə daha

möhkəm tuta bilməmiz üçün bizə verilən daha bir fürsətdir.

Ramazan ayı yaxınlaşdıqca əsintilər öz xəbərlərini gətirir, rəhmani bir nəfəs dolur, diri bir

zaman gəlir, yolumuz özü ayaqlarımızdan qopmur, məna yağışı, təcəlli seli başlayır. Baxışımız

dəyişir, ilahi iştahamız artır, təbii bir asanlıq olur, yüngüllük olur hər işdə, yaşayışda,

ibadətdə. Başqa zaman çətin görünən, bacarmarıq dediyimiz işlər indi özü- özünə baş verir.

“Hər şey Onunla və hər şey Ondan…” Fikrin, düşüncən, əməlin…Bu ay başqa bir şey

düşünmək istəsən də fikrin, düşüncən hərlənib fırlanıb yenə Ona dönəcək, yetər ki, sən qəlbini

qapama, ayaqlarına izin ver yola çıxsın, gözlərinə izin ver işığa baxa bilsin. ”Əşyanın

həqiqətini” öyrətdiyi, mələkləri səcdəsinə qapatdığı üstün varlığa yenidən bir işıq tutur uzaq

üfiqlərdən, çağırır, yetər cisminə xidmət etdiyin, bir az da canına xidmət et, ruhuna xidmət et

deyir. Yetər ruhunu cisminin ağırlığı ilə yorduğun, cismini bir az rahat burax, canına, ruhuna qida

ver, ruhun rəhmandan qidasını aldıqca önündə qaranlıqlar çözüləcək, üfiqlər genişləyəcək,

mənalar qonacaq əşyaların üstünə, sözlər dillərdə qıvrılıb mahiyyəti azaltmayacaq, qəlblər

“Qeybi qurdalayan çilingər” (N.F.Q.) olacaq.

Göylər üzərimizə xəsislik etmədən rəhmət yağdırır, qarşı qarşıya duran işıqla qaranlığın davasında bizim tərəfimizi saxlayır. Allaha gedən yolda da bizim adi yollar kimi yol işarələri var. Bu işarələr bizə yolun səmtini, qarşımızda nələrin olduğunu, təhlükəmi, uçurummu, ya düz maneəsizmi olduğunu göstərir. Bu işarələri bilmədən yola sağ-salamat davam etmək olsa da, mənzilə çatmaq çətindir. Azmaq da var, qəza da var, uçuruma düşmək də var, səni aparan vasitənin sıradan çıxması da var.

Bəli, bütün işarələri bilərək ən incə hesablar bizi yanıltmasa və nəfs arabamız da sağlam olarsa mənzilmizə çatmaq üçün ən uyğun zamandır. Eyni zamanda “qeybi qurdalayan çilingər” olmanın da zamanıdır. Axı, göylər öz qapısını açmış, insanlığı rəhmana yönəlməyə səsləyir, yönələk və qeybdən işarələr alaq, sirlərə aşina olaq, nur payımıza sahib çıxaq.

Hər insanın bir nur payı var İlahini yanında, o nuru hər an bizə verməyə hazırdır, hər an başımıza yağdırmaq istəyir, uyğun anı gözləyir. Bizim hazır olduğumuz, qəlbimizin ac və susuz bir halda nur təşnəsi olduğunu gördüyü zamanı. O zaman bu zamandır. Allahın Rəsulu (s) belə nur ummuş Rəbbindən, nur istəmiş və hər sabah qapıdan çıxarkən belə bir dua etmiş:

”Allahım, qəlbimdə bir nur, dilimdə bir nur, qulağımda bir nur, gözümdə bir nur, arxamda bir nur, qabağımda bir nur, üstümdə bir nur, altımda bir nur yarat və mənə nur ehsan et!”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir