02 Temmuz 2024

NƏQQAŞ NURANƏ MİRSƏDİZADƏ İLƏ SÖHBƏT

Sizə nəqqaş Nuranə Mirsədizadəni tanıtmaq istəyirəm, imanlı bir ailənin qızı, Mir Sədi ağa ailəsinin nəzakətli gəlini, qədim və çətin bir sənəti yaşadan gənc xanımı. O, müasir dünyanın parıltıları və rahatlığına meyl etmədən əbədi həyata sevdalanaraq təzhib sənətini seçdi və gözəl əsərlər işlədi. Elə bu əsərlərin fonunda Nuranə xanımla nəqqaşlıq haqqında söhbət edirik.

A.Nəbi: Xoş gördük, Nuranə xanım. Əsərlərinizə baxıram, hamısı bir-birindən gözəl, dolğun və insanı təsiri altında saxlayan əsərlərdir. İncəlik, xırdalıqlar, naxışlar və rənglərə baxıb çözməyə çalışırsan, amma bunların bir–biri ilə olan ahənginə qoşulub gedirsən. Bu əsərlər, bu tablolar rəsm əsəri sayılır, yoxsa bunları necə adlandırmaq olar?

Nuranə Mirsədizadə: Bu bir klassik ənənəvi sənətdir. Bu sənətin başlanğıcı Orta Asiyada, Çində yaranıb. Ancaq  Əmir Teymurun, sonra da oğlunun vaxtında müsəlmanlar arasında daha da geniş yayılıb. Əmir Teymurun oğlu, hətta rəssamlar, rəsmlər, tablolar göndərib Çin krallığına, onlar da çinilər, vazalar göndəriblər, boşqablara çini deyilməsi də oradan qalıb. O da daha çox marağa səbəb olub. Rəssamlar gedib görüb öyrənib araşdırıblar, sonra bu sənət yavaş-yavaş islamla bütünləşib. Sonra da hz.ƏLi (ə) dövründə Quranı yazdırıblar və onun zahiriyyə səhifələri deyilən ilk 4 səhifəsini ( sərlövhə də deyirlər) bəzəyiblər. Yəni, o vaxtdan sonra bu bir ənənə şəklini alıb və belə də davam edib. Deyim var, deyirlər:  Quran Məkkədə-Mədinədə nazil olub, Misirdə oxunub, Istanbulda yazılıb. Çünki İstanbulda  xəttatlıq, nəqqaşlıq daha çox inkişaf edib. Azərbaycanda da olub bu sənət. Xətayi dövründə, o zaman Azərbaycandan-əsasən, Təbrizdən 3 minə yaxın usta aparıblar Osmanlıya. Onlar Osmanlıda nəqqaşlıq sənəti ilə bir çox məscidi bəzəyiblər. Əvvəllər bu sənət əsasən əlyazmaların, kitabların kənarlarında və məscid bəzəmələrində istifadə olunurmuş. Çünki əvvəllər kitab bəzəmək bir adət olub. Bizim klassik ədəbiyyat nümunələrinin də çoxunda belə miniatür bəzəmələrə rast gəlirik. Keçmişdə saraylarda kitabları bəzəmək üçün xüsusi nəqqaşxanalar var imiş.

A.Nəbi: Bu sənəti, əslində, necə adlandırmalıyıq, nəqqaşlıq, yoxsa təzhib?

Nuranə Mirsədizadə: Bizdə nəqqaşlıq adlanır. Təzhib  sözünün mənası qızıllama, qızıla boyama, bəzəmə deməkdir. Nəqqaşlıq da nəqş etmək, bəzəməkdir, bir növ eyni mənadadır.

A.Nəbi: Bilirik ki, bu qədim sənətdir, bəs sizdə bu müasir zamanda bu sənətə maraq necə yarandı?

Nuranə Mirsədizadə: Mən kitablarda, qarşıma çıxan tablolarda belə bəzəmə işlərini çox görürdüm və xoşum gəlirdi, maraqlanırdım, düşünürdüm, bunun necə yaranmasını fikirləşirdim. Məndə əvvəllər xəttatlığa maraq vardı, xəttatlığı öyrənmək üçün araşdıranda, xəttat yerinə müzəhhib-nəqqaş çıxdı qarşıma, maraqlandım, araşdırdım, öyrəndim. Düzdür, çox çətin sənətdir, incəlikləri çoxdur, öyrənməklə qurtarmır, öyrəndikcə hər yeni pillədə yeni bir səhifə açılır, yeni bir mətləb çıxır ortaya. Bu, öyrənməklə qurtarmayan çox dərin və klassik bir sənətdir.

A.Nəbi: Bu naxışların yəqin ki, hər birinin öz mənası var, bunlar, sadəcə, bəzək, naxış deyildir?

Nuranə Mirsədizadə: Naxışların hamısı təbiətdən götürülmüş motivlərdir, çiçəklərdir, hamısının rəmzi mənaları var. Məsələn, lalə Allahı təmsil edir, qızılgül hz.Peyğəmbəri (sav), qərənfil hz.Əlini (ə).Təzhib sənətində xırda bir hissəni hazırlayır, sonra onu köçürərək çoxaldırsan, bu da dönməkdə olan kainatı, dövr edən gecə gündüzü, zamanı təmsil edir. Mavi rəng göy üzüdür, qızılı rəng nurun, işığın rəmzi, rumilər quş motivləridir. Güllərin də müxtəlif yöndən görünüşü müxtəlif mənalar verir. Üstdən görünüşünə pənc deyilir, yandan görünüşünə qönçə, xətayi və s. adlar qoyulub. Kənardakı haşiyədə zəncir halqaları kimi bir- birinə keçən naxışlara zəngərək deyirlər.

A.Nəbi: Maraqlıdır, buradakı hər bir naxış təkbaşına bir məna ifadə edir, yoxsa bunlar bütünlükdə,  tam şəklində olanda hansısa mənanı daşıyırlar?

Nuranə Mirsədizadə: Əslində, bütün olanda, onlar hamısı bir yerdə bir-biri ilə ahəng içindədir və tam olanda məna daşıyır. Deyək ki, yarpaq çəkmişik, çiçək yoxdur, onun nə mənası ola  bilər? Burada ardıcıllıq və bir birini tamamlama var.

A.Nəbi: Bizim qədim xalça sənəti də var. Xalça bəzən bir kitab əvəzi “yazılıb”, bəzən məktub kimi bir ismarış göndərilib, müxtəlif mənalar ifadə edib. Bu sənətdə də elə bir mahiyyət varmı, bu da bir göndəriş, bir ismarış, ya da hər hansı bir mahiyyət yüklənirmi, yoxsa sadəcə, sənət naminəmi yaradılıb?

Nuranə Mirsədizadə: İnsan öz əsərinə özü ad qoyur, hər əsərin bir adı var, Osmanlı dövründə Lalə kitabı vardı, orada hər əsərin öz adı vardı.Yəqin ki, hər sənətkar öz əsərinə ad qoyaraq ona bir məna yükləyir, bu adlar onun mənasını əks etdirir.

A.Nəbi: Əsərdəki ornamentlər  bir-biri ilə uyum içindədir deyirsiniz. Bu uyum bir ilahi harmoniyanı əks etdirir. Siz bu ilahi harmoniyanı sənət əsərində ifadə edərkən nə hislər keçirirsiniz, o duyğunu bir ilham çəkib gətirir, ya oturub düşünürsünüz, bu proses necə baş verir?

Nuranə Mirsədizadə: Əlbəttə, ilhamla olur. Ancaq bir əsəri işlərkən, ideya üzərində yola çıxıb işə başlayarkən düşündüyünlə nəticə eyni olmur. Olub ki, bir əsəri işlərkən naxışları qoymuşam, hamısını hazırlamışam, ancaq başlayanda olan duyğuların fərqli yönə gedir, heç vaxt “artıq tapdım, budur” demirsən. İçinə sinmir insanın, hər yazının özünəxas bir aurası var, işlədikcə dönüb  təzədən baxır deyirsən ki, məsələn, bu naxış buna uymadı, bunda tamamlanmadı, bütünləşmədi. Hər hardasa ürəyincə olmayan bir şey olanda onu məcbur olub dəyişdirirsən. Olur ki, məsələn, bir Əlif götürüb bəzəyirəm, qurtarıb köçürmək məqamında görürəm ki, yox bu deyil, içimdəkini ifadə etməyib, göstərməyib bu əsər, onu qırağa qoyub yenidən başlayıram işləməyə. Bir də insanın özü iləl işlədiyi işi arasında bir bağ, br doğmalıq yaranır.

A.Nəbi: Əsər insanın içindən süzülüb gəlir, ilahi harmoniya deyəndə elə bunu nəzərdə tuturdum, ilhamla alıb içində yetişdirib qəlbindən barmaqlarına süzülən o duyğunu bir az açasınız istəyirəm.

Nuranə Mirsədizadə: Məsələn, nəzərdə tutursan ki, bunu bu rənglə işləyəcəm, ancaq bəzən olur ki, fikrimdə tutduğum rənglə yox, fərqli rənglə işləmişəm, sonra baxanda peşman olmuşam ki, gərək o rəngi etməzdim, baxanda bilirsən ki, orada  nəsə çatmır, nəsə yerində deyil, tam ifadə edilməyib.

A.Nəbi: Rəng və forma. Onların bir-biri ilə əlaqəsi, bir-birini  tamamlaması var. Yaxşı, bəs hansı daha öndədir-rəng, yoxsa forma? Rəngmi insanı daha aydın ifadə edir, formamı?

Nuranə Mirsədizadə: Mən deyərdim ki, hər ikisi öndədir, hər ikisi bir-biri ilə uyğunluq içində olmalıdır. Bir-birini tamamalamalı, bir-birinə yardım etməlidirlər. Məncə, forma da önəmlidir, rəng də önəmlidir.

A.Nəbi: Rəng insanın xarakterinə, əhval-ruhiyyəsinə görə seçilir?

Nuranə Mirsədizadə: Əlbəttə, birdən görürsən, şən açıq, müsbət rəng istifadə etmək istəyirsən, ancaq deyirsən, yox, qaydadan kənara çıxmaq olmaz. Həm də sərt qanunları var bu sənətin. Klassikliyi qoruyub saxlamaq üçün çox şeyə, çox qaydalara əməl etməlisən. Amma bəzən adamın içindən keçir ki, bunu bu rəng yox, başqa rəng edim, çərçivəni qırım, onda da uyğunluq pozular deyirsən, uyğunluq məsələsi var, uyğunluq olmalıdır. Çox vaxt öz fikrinə görə rəng verə bilmirsən.

A.Nəbi: Bəzədiyiniz əsərin mahiyyətinə uyğun bəzək vurursunuz, yoxsa burada sərbəstsiniz, tablodakı yazıdan asılı olmayaraq rəng və naxış seçə bilirsinizmi?

Nuranə Mirsədizadə: Klassik sənətin özünün çərçivəsi var, ondan çıxmaq olmaz. Konkret motivləri verir, bunlardan istifadə etməlisən. Sadəcə, onun formasını bir az dəyişdirmək sənin öz ixtiyarındadır. Kompozisiyanı özün qurursan, o sənin beyninin məhsuludur.

A.Nəbi: İnsanı əbədiliyə ən çox yönəldən, ən yoğun duyğu yaradan Əlifdir. Əlif mənanın qabarıq forması, göz qabağında olan mahiyyətdir, onu  işlərkən yaşadığınız hislər bizə maraqlıdır?

Nuranə Mirsədizadə: Y.Əmrə deyir: “Dörd kitabın mənası bəllidir bir əlifdə, sən əlifi bilməzsən, ya necə oxumaqdır.” Bütün işlərdə insan çətinlik çəkir, amma əlifdə fərqlidir. Əlif həm sadəliyi sevir, həm də qabarıqlığı. İstəyirsən elə bir şey edəsən ki, o, əlifə daha çox yaraşsın. Əlif özü bəzəksiz də bir məna kəsb eləyir, əlifin özünün yoğun bir aurası var, o auraya düşürsən. Onu bəzəyəndə də gərək çox şeyə diqqət edəsən ki, onun ağırlığına, çəkisinə uyğun olsun. Əlifi üzə çıxarsın.

A.Nəbi: Bilirik ki, sözlə iç- içəsiz, şeir də yazırsız. Özünüzü sözlə daha yaxşı ifadə edirsiz, yoxsa rəsmlə?

Nuranə Mirsədizadə: Rəsmi mən bir növ terapiya kimi qəbul edirəm, əslində. Ruhum yorulanda, fikirlər mürəkkəbləşəndə hər şeyi bir kənara atıb bununla məşğul olanda, elə bil yenidən bərpa olunuram. Bir anda insanın beynindən min dənə fikir keçir, bunun hamısını sözlə ifadə etmək olmur. Düzdür, sözün gücü, qüdrəti var, sadəcə, insan o qədər olqunlaşmalıdır, o səviyyəyə çatmalıdır  ki,  bir cümləylə hər şeyi deyə bilsin. Bir cümləylə hər şeyi deyə bilmirsə, insan məncə, susmalıdır. Nizaminin, Füzulinin, Nəsiminin, dahilərin bir misrasında nə qədər məna yatır. Bizdə o qüdrət olmadığı üçün, sözün qüdrətinin yetəcəyi şeyləri izah edə bilmədiyi üçün biz əlimizə qüvvət veririk.

A.Nəbi: “Söz fikri gizlətmək üçündür” deyiminə gəlib çıxılır burada bir az da. Bir də islamda canlının rəsmi, şəklinin çəkikməsi yasağı var. Bəs güllər çiçəklər də canlıdır, nə yaxşı onları çəkirsiz?

Nuranə Mirsədizadə: Bu canlı rəsmi deyil. Böyüklər belə bir şey deməyiblər, ona görə də rahatca işləyirəm. Miniatürlər islamın ən parlaq dövrlərində də istifadə olunub. Burada insan sifəti yoxdur, bunlar bir növ fiqurlardır.

A.Nəbi: Rəsmlərə baxırıq- kənar bəzəmələri uzaqdan həm bir-birinə oxşayır, həm də fərqlidir, sani qarışıqdır.

Nuranə Mirsədizadə: Bunlar təzhibdir, bu sulandırmadır, onun ayrı stili var, buna darama deyirlər, bu şükufədir, bunun içində həm neqativ var, həm də dışında pozitiv. Bu böyük güllərə darama deyirlər, bir çiçəyi boyamaq üçün fırçanı neçə yüz dəfə vurursan ki, istədiyin çaları alasan. Kİtabın girişindəki sərlövhələr bir növ ona oxşayır.

A.Nəbi: Tablolarda sözlərin kənarı haşiyələnib bəzənir, bir növ söz ana bətni kimi örtülüb gizlədilir. Əgər dil sözü, söz fikri gizləyir, mənanı vermirsə, sanki tablolar da mənanı qorumaq üçün haşiyələnir. Yəni ilahiliyin sirri açılmır, insanın içindəki o nöqtə həmişəki kimi qapalı qalır.

Nuranə Mirsədizadə: Yəni insan ilahi kəlamların müqəddəsliyinin o qədər vurğunu-aşiqi olur ki, istəyir onu ən gözəl şəkildə insanlara təqdim etsin, çatdırsın və qorusun.

A.Nəbi: Nəqqaşlıq əvvəllər məscid divarlarında, kitablarda idi, indi sərbəst bir sənət sahəsi kimi işlənir?

Nuranə Mirsədizadə: Bu, artıq bir sərbəst bir sənət, rəsm əsərləri kimi işlənir, tablo kimi sərgilənir.

A.Nəbi: Rəngləriniz sakit rənglərdir.

Nuranə Mirsədizadə: Bəli, rənglər  huzur verməlidir.

A.Nəbi: Yazıları necə seçirsiz?

Nuarnə Mirsədizadə: Baxın, burada maşallah yazılıb, bu nəzər ayətidir, Əlif, Muhamməd yazılıb, aypara, gül peyğəmbər rəmzi, üz-üzə iki vav–insan doğularkən v, yaşarkən əlif, sonra yenə v şəklində olur-2 vav. Mir Həmzə Seyid Nigari əfəndinin qəzəlidir ”Sənə Əhmədmi deyim, Mühəmmədmi deyim, yoxsa məhbubi xuda”,  Mövlanənin “Fi ma Fih” əsərindən: “Ah, minəl eşq və halatihi, Axlukal qəlbi hərarətihi-eşqin əlindən və onun hallarından qəlbim yandı kül oldu”…Kəlimələr qüdrətli olanda insan çox şey ifadə edir.

A.Nəbi: Tarixdə bu sənətlə, adətən, kişilər məşğul olublar, sizə çətin olmurmu? Səbr, göz, bilik tələb edən sənətdir, qadın üçün çətindirmi?

Nuranə Mirsədizadə: Bəli, kişilər məşğul olublar tarixdə. Bu həm səbr, göz, həm maddiyyat tələb edən sənətdir, amma həm də mənəviyyatı olmalıdır insanın, həvəs olmalıdır ki, axıra qədər gedə biləsən.  Lazım olan vəsait də çox, vaxt da çox gedir. Ona görə də məşğul olan çox deyil bu sənətlə. Motivlər də əvvəlki tarixdən dəyişib indi. Çox fərqlidir. İndi buna, sadəcə, sənət olaraq baxırlar.

Bu, zamanı dəyərləndirməyin daha qalıcı bir variantıdır. Əbədiliyi düşünürsən, özünü əbədiyə çevirməyindir bu. Elə olur sabaha qədər  6-7 saat oturub işləyirəm. Onda daha rahat oluram ki, zamanım boşa getmədi. Hz.A.Geylani deyir: Bir sənət öyrənin ki, siz susanda onlar danışsın.Ölüb gedəcəyik, sənətimiz, geridə qoyduğumuz işlər qalacaq. Mən də çalışıram ki, məndən sonra mənə aid bir şeylər qalsın. Bu həm də mənim insanları Allaha çağırışımdır. Bəlkə kimsə bu naxışları görüb orada nəsə bir məna tapar, Allaha xoş gedər. Onun üçün nəsə edirəm. Çünki “Allahın rızası bəhanələrdədir”.

A.Nəbi:Söhbətimiz maraqlı oldu, çox təşəkkür edirəm.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir