04 Temmuz 2024

Niyə Allahı özümüzdən uzaqda, bilmədiyimiz məchul bir yerdə
axtarırıq? Düşünürük ki, nə qədər uzaqda olsa o qədər bilinməyən, sirli
sehirli olar, nə qədər sirli sehirli hesab etsək o qədər cazibədar, o qədər
maraqlı görünər? Allahı özümüzdən sonsuz məsafədə uzaqlaşdırır və
özümüzü anlaşılmazlıq möhürü ilə qaranlıqlara məhkum edirik.

Allah-Təalanı (cc) dolğun və sadə şəkildə izah edən ən uyğun cümlə
budur: “Allah zahirində batindir”.

O, o qədər aydın və sadə şəkildə özünü büruzə verir ki, bu ağlımıza
sığışmır, onun necə bu qədər sadə və göz önündə olmasını qəbul edə
bilmirik. Çünki, bizə Allah-Təalanı (cc) çox qeyri adi, heybətli, qorxunc,
təsəvvür edə bilməyəcəyimiz şəkildə təqdim edib və üstəgəl aramıza
qalın bir divar da qoyublar ki, Allah dərk olunmazdır, Allahı araşdırmaq
günahdır. Hər yerdə olduğu kimi burada da günah səddi qarşımızı elə
kəsir ki, biz cəhhənəmə getmək qorxusundan nə fikrimizi deyirik, nə
də fərqli bir şey düşünə bilirik. Çox vaxt heç düşünmürük, çünki həm
arada “günah” divarı var, həm də artıq bizdən qabaq hər şeyi düşünüb və
deyiblər, -deyirik, -hazır qəliblərdən istifadə edərək ağlımız məhduddur,
bundan o tərəfə insan idrakı üçün əlçatmazdır,- deyirik. Ancaq Allah
dostlarının “Allah zahirində batindir” deyimi bizə çox şey deyir. Bir
şeyin varlığını sübut etmək üçün mütləq onun bir formaya, şəklə malik
olmasını, gözlə görülə, ən azından hiss edilə bilən olmasını istəyirik.

Bir qrupun fikrinə görə kainat Allahdır, var olan hər şey Allahın
parçalarıdır. Allah nəhəng bir vücud, son dərəcə möhtəşəm, bütün varlığı

tutan, içinə alan bir bədən kimidir. Bir qrup deyir, Allah sonsuzluqdur.
Biri deyir Allah gizli bir qüvvədir, hər şeyə nüfuz edən, hər şeyi idarə
edən gizli bir qüvvə. Olduqca fərqli və maraqlı fikirlər var ki, əslində heç
biri Allah-Təalanı (cc) tam olaraq ifadə etmir. Allah-Təalanı (cc) ifadə
etmək deyəndə burada yenə də mövhumat çıxır səhnəyə: yəni Allahı
ifadə etmək, təsvir etmək, izah etmək günahdır, çünki bu zaman biz
Allahın qüdrətini və böyüklüyünü azaltmış oluruq. Bəlkə də mövhumat
olmasa insan həqiqətin çılpaqlığı qarşısında Həzrət Musanın (ə) Tur
dağında bir zərrə təcəllidən dözməyib huşunu itirdiyi kimi ağlını, huşunu
itirər. Mövhumat, bir növ insanların Allahın heybəti qarşısında iradəsini
və ağlını itirməmək üçün bəsit bir vasitədir. Mövhumatla aldana aldana,
yavaş yavaş yaxınlaşır insan Allahın dərkinə. Amma təəssüf ki, biz
mövhumatın verdiyi rahatlıq və arxayınlıqdan qurtulub bir addım o
tərəfə gedə bilmir, eləcə bu mövhumatın ovcunda qalıb özümüzü “biz
bilirik” aldatması ilə ovuduruq.

Haqlı olaraq deyilə bilər ki, Allahı, uzaqda deyilsə, bəs harada
axtaraq? Bütün kitablar onun gözlə görülməyən, ağılların dərk edə
bilmədiyi, “kövnü məkanə sığmayan”, bir zərrəsindən dağın həllac
pambığı kimi çırpılıb atıq atıq olduğu, mələklərin heybətindən qanad
saldığı O varlığı axtarıb tapmağa “zəif yaradılmış insanın” qüdrəti çatarmı?

Öz yerini Allah açıq aydın göstərir bizə: “Mən sizə şah damarınızdan
daha yaxınam”. “Mən yerə göyə sığmadım, mömin bəndəmin qəlbinə
sığdım”, deyir.

Allah-Təala (cc) özünü insandan ayırıb kənar uzaq bir yerə qoymur.
Əksinə, hər kəlmədə özünün bizim yanımızda, varlığımızda, içimizdə
olduğunu xatırladır. O, əlində işgəncə aləti ilə başımızın üstündə durub

hər an cəza verməyə hazır bir varlıq deyil. “Dua edin qəbul edim, istəyin
verim” deyən bir mərhəmət sahibidir, əlamətləri və təcəlliləri ilə hər an
gözümüzün qarşısındadır.

“Gecə və gündüz, günəş və ay Onun əlamətlərindəndir” (Fussilət,
37) onun ayələridir.

“Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin
müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda
bilənlər üçün nişanələr vardır!” (“Rum” 190)

“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün
bir-birini əvəz etməsində ağıl sahibləri üçün (Allahın varlığını,
qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır”
(Ali İmran, 22). Allah Qurani-Kərimdə öz ayələrini, dəlillərini çox yerdə
açıq göstərir və hətta, “Əgər bilmirsinizsə zikr əhlindən soruşun”
(“ən-Nəhl”, 43) deyir. Əgər bütün bu göz önündəkilər, ətrafındakı bu ayətlər-dəlillər
də yetmirsə, o zaman “Aləmi başdan başa özündə gör” (Gülşəni-Raz).

Hər gün bir arpa boyu yol gedirsən–başından ayağına, ayağından
başına, özünü kəşf edirsən, özünü dərk edir, tanıyırsan. Özünü dərk etdikcə, beyninin, qəlbinin qatları yarpaq yarpaq açıldıqca, O zaman Allahı da
dərk edirsən. Sən bilinməzliklər içində vurnuxurkən öz varlığında canının yerini tapdığın, bəlli edib bildiyin, nəfəsini anladığın, nəfəsini idarə etdiyin zaman
Allahı da anlayacaqsan. O zaman zahirində batin olmağını görəcəksən.

Bəzi idraklara, insanlara inanmaq, tanımaq üçün bu təcəllilər, bu dəlillər lazımdır, vasitədir,
bəziləri üçün isə Y. İmrə demiş: “Təcəllidən nəsib aldı kimisi. Kiminin məqsədi
bundan içəri” demiş.

Məqsədimiz “Məndən içərini” bilmək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir