YAZARLA İLK MÜSAHİBƏ
Azərbaycan ədəbiyyatında imzaları geniş oxucu tərəfindən tanınmayan, hətta unudulumuş yazıçılarımız var. Bunlardan biri də 70-lər nəslinin nümayəndəsi Əli Həsənlidir.
Əli Həsənli 1942-ci ilin fevral ayının 19-da Azərbaycanın Bərdə şəhərində anadan olmuşdur. Burada 3 saylı şəhər orta məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb, buranı bitirdikdən sonra təyinatla göndərildiyi İsmayıllı rayonunun Hacatamlı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi olub.
1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Uzun müddət “Ədəbiyyat və incəsənət” (indiki “Ədəbiyyat qəzeti”) qəzeti redaksiyasında məktublar şöbəsində fəaliyyət göstərib. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin “Oğuz eli” qəzetinin xüsusi buraxılışı olan “Yazıçı”da məsul katibi kimi çalışıb.
Ednews yazıçı Əli Həsənliylə müsahibəni təqdim edir.
– Səhv etmirəmsə ilk müsahibəniz olacaq. Çünki heç yerdə Sizin müsahibənizi tapmadım.
– Hə, sağ olun, bu işdə ilk müjdəçi siz oldunuz.
– Belinski deyir, öz həyatından yazmayanlar istedadsızdılar. Kitablar, filmlər, yoxsa xatirələriniz sizi yazmağa məcbur etdi?
– Mən öz həyatımdan, başıma gələn əhvalatlardan, içərisində dolaşdığım, daha yaxından bələd olduğum mühit, onun insanlarından (yaxın, qohum-qardaş, dost, düşməndən tutmuş) ən çox uşaqlıqdan bu yaşıma qədər yaddaşımda dərin izlər buraxan, ayıqlığımdan çox heç vədə yuxumdan çıxmayan, indi də səhərə qədər ayıqlığımla, mürgülərimin arasında məni təqib edən xatirələrimdən yazanda daha çox uğur qazanıram, daha çox özümü tapıram. Özü də təəccüblüdü, erkən uşaqlıq, ilk gənclik xatirələrim dünən, bu gün baş vermiş kimi daha dolğun, aydın, təzə-tər, bu yaşımda, ya yaxın keçmişdə baş verən əhvalatlar isə daha uzaq keçmişdə, uzaq keçmişin dumanına, sisinə bürünmüş şəkildə, silinməkdə olan, silinən xatirələr tək solğun, tutqun, az qala yaşanmamış kimi görünür. Bu uşaqlıq dövrünün səmimiliyindənmi, yenicə doğulan, hələ işlənib, yorulub, əldən düşməyən, diri, təzə-tər, təravətli, parlaq səhərə bənzər, yaddaş saflığından, aydınlığından, dolub-yüklənməmədiyindən, hələ gələcəyinin qabaqda olmağındanmı irəli gəlir, ya insan yaşa dolanda, qocalanda, doğrudan da, öz uşaqlıq dövrünə qayıdır. Yaşlı insan öz ömrünün 3 dövrünü elə bil həyatda əyani şəkildə görür; nəvəsi onun uşaqlığı (ona görə nəvə ata-anasından çox, onu kimi uşaqlaşmış, onunla yaşdaş olmuş, ağsaqqal babasına daha çox meyl edir, onu daha çox sevir. Əkiz uşaqlar kimi söhbəti, zarafatı daha çox tutur onunla. Əkiz uşaqlar kimi çılğın, höcətləri, oyun cığallıqları, tez küsüb, tez barışmaları bir olur. Azacıq da olsa, bir-birindən seçilmirlər), oğlu gəncliyi, özü isə qocalığıdır.
– Danışdıqlarınızdan aydın olur ki, uşaqlığınız, gəncliyiniz həyatınızda dərin izlər qoyub…
– Mən inanmıram hər hansı yazar, ya adi insan öz uşaqlığına nankor çıxsın. Onun adı gələndə qarşısında diz çökməsin. Çünki uşaqlıq saflığı, təmizliyi ilə insan cildində doğulmuş haqdan gələn mələkdi. Bütün insanlar haqdan enmiş mələklər kimi doğulur, dünya üzünə gəlir. O, sitayiş ediləsi müqqəs mələk, göy məxluqudur. İnsan böyüyüb yaşlandıqca o ruh mələk yer üzünə uyuşammadığından uçur ondan. İnsan adi, qanadsız, yerdə çabalayan bədbəxt yer məxluquna çevrilir.
Uşaqlıq insanın görmədiyi, bilmədiyi bu yad dünyaya bir qonaq kimi ilk gəlişi idi. İnsanın bu dünyadan gedəndə ağ bələyə bürünüb getməsi də, onun uşaqlığına sədaqəti, ondan qalan mirasla yanıqlı-yanıqlı vidalaşıb, bu dünyadan köçməyi, onunla vidalaşmağıdı. Bu həm də getdiyi dünyaya bir məktub, qapalı, möhürlü bağlama, ismarıçdı. Yəni mən bu dünyaya uşaq ikən gəldim. Ancaq, bir göz qırpımından az da yaşadım bu dünyada. Böyümədim, heç nə götürüb, heç nə öyrənmədim, heç nə aparmadım. Necə var tanımadım onu. Bu qısa, göz qırpımı anında da, yəni uşaq yaşımda da çıxıb gedirəm, ancaq ümidim var Tanrının mərhəməti ilə bir də gəlim, ən çox qanad gətirməyim üçün gəlim. Bəlkə bir misqal da olsa, nəsə qamarlayım götürüm ondan. Bu baxımdan uşaqlıq xatirəsi bütün yazıçıların əsl yaralı yeri (qanadsız qaldıqları üçün) ən sevimli, müqəddəs mövzusudur.
– İmzanız Azərbaycan oxucusu arasında demək olar ki, tanınmır. Bunun səbəbi nədir? Tanınmaq istəmirsiniz?
– Bunun səbəbi məncə taledən, qismətdən, ünsiyyətcil olmamağımdan, adamlarla necə var dil tapıb, onlara yovuşammamağımdan, yazılarımın mətbuat dərgilərində çap olunmamağından, ümumiyyətlə, bu yaşımda da çapın mənim üçün ən böyük problem olduğundan, daha nələr, nələrdən irəli gəlir. Qaldı tanınmaq istəyimə, məncə elə yazıçı yoxdu, tanınmaq istəməsin. Hamı üçün yad olmaq; bu çox dözülməz, usandırıcı həyat olardı, bu yadlıq tezliklə onun özündən özünə də adlayıb keçə bilərdi: daim, bir də ona rast gəlsəm, o dünyalıq edəcəm onu düşünərdi. Ancaq xoşbəxtlikdən heç vaxt özünü öldürəmməzdi. Çünki heç vaxt özünə rast gəlməzdi.
Tanınmaq hissi ilk çılğın gənclik çağlarında daha üstün olur. Xoşbəxtlikdən yazıçı yaşa dolub, təcrübə qazandıqca, püxtələşdikcə bu bir növ vərdişə, adi insanlar kimi, iş, vəzifə öhdəliyinə, sonralarsa, qaçılmaz, qısqanc mənəvi ehtiyaca çevrildiyindən şöhrətpərəstlik hissi tezliklə geridə qalıb, unudulur. Yazar bilsə də, bu vərdiş, mənəvi ehtiyac, ən ağır məşqqətli günlər, yuxusuz gecələr, can çəkişmələri, az qala o dünyaya gedib-gəlmək hesabına başa gəlir, heç vaxt ondan xilas olmağa can atmır. O ki, var özünü söyüb, danlasa da, üzə düşdüyündənmi, ya özünün canında da az olmadığındanmı yenə çiynini bu ağır, sonu görünməyən məşəqqətli, nəhəng timsah kimi ağzını açıb, onu özünə çəkən bu ağır işin altına verir, üstəlik bu dözülməz, neçə mənəm-mənəm deyən igidi atdan salıb, onu yarı yolda qoyan iş haradasa, ona ləzzət də verir. Çünki dünyada bundan ağır, əzabkeş iş yoxdur. Onun da çiynini məmnuniyyətlə bu yükün altına verən budu, çünki o ancaq amansızlıqla qurban tələb edən bu cür iş üçün doğulub. Bütün gücü-qüvvəsi tükənib, ruhən içi boşalıb, rahatlaşdıqca, yəni bu tükənmənin, boşalmanın hesabına yeni əsər dünyaya gəldikdə, o hər şeyi unudub, özünü dünyanın ən xoşbəxt, bəxtəvər adamı sayır. Ancaq bu uzun müddət davam eləmir, bu tükənmənin, boşalmanın ac mədə kimi ağzı açılır, yeni güc-qüvvənin özünə, axarına səbəb olur. Çox çəkmir yazar yeni boyluluğun ona tanış dözülməz, ağır, əzab, işgəncələrin məngənəsində sıxılıb, suyu çıxa-çıxa bir dəri, bir sümükdə yenə bunun ağrısını çəkir. Ona görə dünya ədəbiyyatında yazarları ən çox analara bənzədirlər. Çünki ana da dünyaya yeni övlad gətirəndə, eynilə yazarların çəkdiyi həmin dözülməz, müqəddəs can çəkişməsiylə baş-başa qalır. Bu can çəkişməsinin şirin, müjdəli ağrısını yaşayır. Bu zaman ananın dözülməz can çəkişməsinin izi qalan zərif vücudunda, solğun, avazımış arıq bənizində qəfil qüdrət, əzəmət, xoşbəxtlik bir çıraq yandırıb öz zərif şöləsilə bütün otağa, otaqdakıların çöhrəsinə işıq saçır. Bu qüdrət, əzəmət, xoşbəxtlik, işıq ana kimi boylu, o dözülməz can çəkişmələrinin övladıdır. Təki ananın da, yazarın da övladları fərli, ağıllı, kamallı olsunlar. Daim el-oba yanında hamının istəklisinə çevrilsinlər, onların başını uca eləsinlər. Axı ana da, yazar da onlara ən qiymətli müqəddəs hədiyyəsini, canlarından can ayırıb veriblər.
– Ədəbiyyatda nəsl anlayışına necə baxırsınız?
– Müsbət yanaşıram. İnsan hər şeydən əvvəl öz dövrünün məhsuludur. Onun tələbinə, ab-havasına, həyat tərzinə, qanunlarına uyğun, hələ ana bətnindəykən kiçik beyin kompüterindəki gizli qatda Tanrının qüdrətiylə öz dövrünə tam planlaşdırılmış, hazırlıqlı şəkildə dünyaya gəlir, bu onu qəbul edir, o bunu. İndiki uşaqların virtual aləmə, kompüterə, internetə, mobil telefona meyli hələ körpəykən, bir-iki söz bilmədən belə, var-qüvvəsi ilə ona can atması, onu mənimsəməsi, sanki nə vaxtsa onu bilirmiş kimi kompüter, internet yüzilliyi üçün doğulduğu bundan irəli gəlir. Bunu yaradıcılıq aləminə aid etmək olar. Məsələn, keçmişin ən öndə gedən yazıçısı bu günün ən zəif yazıçısının, ya əksinə, bu günün ən öndə gedən yazıçısı keçmişin ən zəif yazıçısının yazdığını yaza bilməz. Çünki onun öz dövrünə xas baxışı (lap yanaşı yaşasalar da, təsadüfən bir dövrə düşmüş kimi) dünyagörüşü, udduğu ab-hava, bu havanın yaratdığı fərqli duyum, görüm, fəhm tərzi, ölçü-biçi vahidi var. Hər biri ayrı-ayrı zaman kəsiyində doğulduğundan öz zaman qəlbinə uyğun cazibə qüvvəsiylə yüklənərək, yerin ayrı-ayrı zaman dönərgəsində yaradanın əliylə ayrı-ayrı məqsəd, yönümlər üçün hesablandığından (çünki ayrı-ayrı zaman kəsiyində aldığımız nəfəs, udduğumuz havada ayrı-ayrı fikir tumları, rüşeymləri gəzib-dolaşaraq, dalğa-dalğa sanki döl tutmaq üçün münbit zəmin, mühit arayaraq, inadkarlıqla beynimizə yol tapıb, bu münbit zəmində süfrələr qoyur, bitib, boy atıb, ayrı-ayrı duyumlar, fikir toplusu, saysız görüntülər, zehni duyum, qavrama qabiliyyəti şəklində yetişib ərsəyə çatır, formalaşıb, təkmilləşib, şaxələnib, min budaq olur) bir-birinin məramını, dilini anlamayan, buna qüdrəti, zəkası çatmayan ayrı-ayrı planetlərin, sivilizasiyaların sakinləri kimi təsadüfən üz-üz gəlməyin xofunu-vahiməsini yaşayır. Bu xofu, vahiməni onlarda yaradan, biri o biri üçün dərkedilməz ayrı bir dünya, heç bir açarı düşəmmədiyi, ümumiyyətlə belə bir aşarın mövcud olmadığı neçə qat bağlı qıfıl, başdan-başa sirr, möcüzə pərdə – bələyinə bələnməsindən yana bir-birinə müdaxilə edə bilməməsi üçün özləri də bilmədən sanki əks şüalanma qatı, müəmma dumanıyla özlərini qoruma qabiliyyətidir.
Bu baxımdan keçmişin, yəni yaşlı nəslin yazarıyla bu günün yazarının bir-birini anlamaması, dərk etməməsi, ya bunu heç istəməməsi, fərqinə varamması, ayrı-ayrı aləmlərin yad sakinləri kimi bir-birinə xof, şübhə ilə baxması, bu şübhə qaralamanın getdikcə artıb, hərdən açıq düşmənçiliyə, bir-birini inkara, qarşıdurmaya, iki əks qütb kimi üz-üzə gətirib çıxarması nə qədər təbii olsa da, bir o qədər də gözlənilməzdir (hərəsi özlüyündə özünü nə qədər haqlı saysa da).
– Azərbaycan dilində üslub yaratmaq mümkündürmü? Bəzən tənqidçilər deyir ki, bizim dildə üslub yaratmaq çox çətindir. Azərbaycan dili Fransız, ispan dili kimi uzun cümlələr qurulmadığı üçün üslub yaratmaq mümkün olmur. Bizim dilin qəlbləri var.
– Bütün dillərin qəlibləri mövcuddur. Ancaq tanınmış qırğız yazıçısı Çingiz Aytmatov, Nobel mükafatçısı ərəb yazıçısı Nəcib Məhfuz, Nobel mükafatçısı Türk yazarı Orxan Pamukda istənilən qədər uzun cümlələrə rast gəlmək olar. Xüsusilə, onların böyük həcmli əsərlərində. Çingiz Aytmatovun da son iki məşhur əsəri başdan-başa uzun cümlələrdən ibarətdir. O, rus dilli olsa da, doğma ana dilində düşünüb. Balaca ölkəsinin balaca dilinin nəhəng rus dilində olmayan qanunlarıyla rus dilinin zənginləşməsində az-çox rolu olub.
– Sizin yaradıcılığınızda daha çox uzun cümlələr, hisslərin geniş təsviri var. Ancaq müasir dövr ədəbiyyatında qısa lakonik təsvirlər yazılır. İndi özünüzü harda görürsünüz?
– Uzun cümlələr məncə yazıçının xarakteri, fikir, düşüncə tərzi, onun özünəxas ifadə formasının məhsuludur. Axı heç kimdən tələb etmək olmaz ki, hamınız eyni cür düşünün, eyni üslubda yazın. Bu mümkün olmadığı kimi, ədəbiyyatın sənətin də cılızlığına, yeknəsəkliyinə gətirib çıxarar. Nəinki ədəbiyyat, bütün insanlıq, ya yazarlar eyni cür düşünsələr, eyni şəkildə yazsalar, fikirlərini eyni formada ifadə etsələr, onda dünyaya bir adam bəs eləməzdimi? Yaradan bütün insanları, nəinki insanları, bütöv canlı təbiəti, təbiətdəki ən kiçik gözlə belə görünməyən məxluqları, canlıları ayrı-ayrı məcralardan baş götürüb axan, bir məcrada qovuşub, dəniz, göl, okean yaradan çayları, su cığırlarını, ağacı, bitkini, səhranı, düzü tam fərqli, ayrı-ayrı görkəmdə, ölçü-biçimdə yaradır. Hətta oxşar şeylərin özündə belə fərqli oxşarlıqlar var. Həyatdakı bütün canlılar həyatın özü kimi təbiətən daim ölçü-biçi, forma dəyişikliyinə can atır. Bu canatma tükənsə, nələr baş verər. Dünyanın sonu vaxtından öncə gəlib yetişməzmi?!
Bir də mən forma, üslub, uzun, qısa cümlələrdən çox mənaya, məzmuna üstünlük verirəm. Forma, üslub buqəlamun kimi hər zaman donunu dəyişəndi, əvəzlənəndi, məna isə əbədi qalır. Heç kəs Tolstoyu, Çexovu, S.Moyeni, A.Platonu, İsa Hüseynovu forma, uzun, qısa cümlələrə görə yox, dərin, məntiqli dühalarına, yüksək istedadlarına, dünya görüşlərinə, dəyərli fikirlərinə görə sevir.
Söhbətləşdi: Oğuz Ayvaz