24 oktyabrda Qubada, 44 günlük II Qarabağ Savaşının 3-cü il dönümü ərəfəsində Daxili Qoşunların xüsusi təyinatlısı, “Əfsanəvi taborun” döyüşçüsü baş çavuş şəhid Surxay Mehdiyevin xatirəsinə yaradılmış “Şəhid Surxay” parkının açılışı olub.
Şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən, Azərbaycan himni səsləndirildikdən sonra tədbir açıq elan edildi.
Parkın açılışında YAP Quba Rayon Təşkilatının sədri Fidan Hüseynova, Quba Rayon İcra Hakimiyyətinin şöbə müdiri Asəf Şirinov, 44 günlük Savaşın şəhidi əsgər Tamerlan Əliyevin anası Zümrüd Əliyeva, döyüş və xidmət yoldaşı Orxan Abdullayev, I Qarabağ savaşı veteranı Əbülfəz Rəşidov çıxış etdi.
Asəf Şirinov çıxışında xüsusi olaraq vurğuladı ki, bu park Qubada Vətən Müharibəsi şəhidlərinin xatirəsinə qurulan sayca 39-cu abidədir.
44 günlük Savaşda tibb bacısı kimi iştirak edən şəhid anası Zümrüd Əliyeva döyüşçülərimizin düşmən qarşısındakı şücaətlərindən danışdı. O, çıxışında şəhidlərin adını yaşatmaq üçün bu kimi tədbirlərin vacibliyini şəhid anaları adından dilə gətirdi.
“Şəhid Surxay” parkını öz maddi imkanları hesabına ərsəyə gətirən şəhidin anası Rəsmiyyə Mehdiyeva tədbir iştirakçılarına dərin minnətdarlığını bildirdi.
Şəhid Surxay Mehdiyevin təhsil aldığı Quba rayonu H.Əliyev adına 1 nömrəli məktəbin şagirdləri vətənpərvərlik şeirləri səsləndirdilər.
Surxay Mehdiyevin döyüş və iş yoldaşı Orxan Abdullayev, birgə xidmət etdikləri hərbi hissə adından Surxay Mehdiyev və onun keçdiyi döyüş yolu haqqında maraqlı çıxış etdi.
Tədbirin sonunda l Qarabağ savaşı veteranı Əbülfəz Rəşidov şəhidlərə həsr etdiyi şeirini səsləndirdi.
Yeni açılan şəhid parkına Şəhid Surxay Mehdiyevin doğulub böyüdüyü və qaçqın düşdüyü Qarabağ torpağı səpilib.
Şəhidlərimizi daim qəlbimizdə yaşayacağıq.
Nuray Rəşid
.
.