Orxan Qazi (1281-1362)
Osmanlı dövlətinin ikinci sultanı Osman Qazinin oğlu Orxan Qazi 1281-ci ildə (1288) Söyüddə doğulmuşdur, anası Mal Xatun Qayı boyunun görkəmli bəylərindən Ömər Əbdüləziz bəyin qızıdır. Osmanlı padşahlarından Sultan, Xan, Seyfəddin, Sücaəddin kimi titullara ilk dəfə o layiq görülmüşdür. 1324-cü ildə 36, yaxud 43 yaşında atasının yerinə Osmanlı bəyliyinin bəyi oldu. Orxan bəy dövründə Osmanlı dövləti qurulmuşdur. O, 1326-cı ildə mühasirədə olan Bursanı fəth edərək bəylik sancağını oğlu Murada vermiş və dövlətin mərkəzini Yenişəhərdən Bursaya köçürmüşdür. 1327-ci ildə Bursa qazısı Cendereli Qara Xəlillə vəzir Ələddinin məsləhəti ilə Osmanlı axcasını basdırmışdır….
Osmanlı dövlətinin sərhədlərini Qara dəniz və İstanbul boğazına doğru sürətlə genişlətmişdi, bunu görən bizanslılar Darıca ilə Əskihisar arasında Osmanlı ordusuyla savaşdı və bu döyüşdə Bizans imperatoru yaralandı. 1331-ci ildə osmanlılar İzmiri fəth etdilər. Orxan bəy buradakı Aya- sofya kilsəsini məscidə çevirərək Osmanlı dövlətinin ilk universitetini yaratdı, dövrün böyük alimi kayserili Mola Davudu başqan təyin etdi.
Bizanslılar üçün İzmir müqəddəs olduğundan bu şəhəri işğaldan azad etməyə çalışırdılar. Ancaq Bizans imperatoru VI Yohan Kantakuzinos qaçmağa məcbur oldu, Orxan bəy isə 1335-ci ildən İslam dünyasında və Avropada Sultan titulu ilə çağrıldı. Sonra Bizans imperatoru ilə sülh sazişi imzaladı və onun qızı Teadora ilə evləndi.
Bundan sonra Sultan Orxan Anadoluya üz tutub, Anadolu bəyliyini, mərkəzi Balıkesir olan Kars bəyliyini Osmanlı dövlətinə qataraq 1354-cü ildə Ankaraya yürüdü, Mərmərə dənizinin şərqindəki torpaqları da Bizansın əlindən aldı, Üsküdar və Uluğ bəyoğulları da Osmanlı dövlətinin tərkibinə qatıldı.
Bizans imperatoru xarici işğalçılara qohumu Orxan bəydən yardım istədi və Osmanlı ordusu ilə ilk dəfə 1347-ci il fevralın 3-də İstanbula girdi. 1349-cu ildə Osmanlı ordusu Süleyman Paşanın komandanlığı altında Rumeliyə keçdi, Selanikə qədər irəliləyib şəhəri slavyanlardan təmizləyərək geri döndü. 1353-cü ildə bu yardım üçün minnətdarlıq edən Bizans imperatoru Gelibolu yarımadasında Çanaqqala boğazının Avropa hissəsindəki kiçik Çimpe qalasını Süleyman Paşaya hədiyyə etdi. Bu da, Osmanlıların Avropaya keçməsini asanlaşdırdı. Osmanlı bəyliyi artıq Rumelinə hüquqi və əməli cəhətdən sahib idi. Süleyman Paşa 1357-ci ildə vəfat etdikdə onun yürüşlərini Şahzadə Murad davam etdirdi, 1362-ci ilin aprel ayında 81 yaşlı Orxan bəy dünyasını dəyişdi.
Orxan Qazi atası Osman Qazidən aldığı 16.000 kv. Km-lik Osmanlı dövləti ərazisini ordusuna özünün rəhbərlik etdiyi savaşlarla 95.000 kv.km-ə çatdırmışdır. O, dövlətin idarə sisteminin təşkilati işlərini Ələddin Paşa ilə Şeyx Edebalinin bacanağı Candarlı Qara Xəlil Paşaya həvalə etmişdi. Orxan Qazi dövlət işində pul, ordu və geyim olmaqla üç əsas nöqtəyə diqqət yetirirdi. İlk Osmanlı pulu da 1326-cı ildə Orxan Qazi tərəfindən basılmışdır. O, fəth etdiyi yerlǝrǝ mülki və hərbi idarəçilər təyin edirdi.
Sarıyanız, uzunboylu, mavi gözlü Orxan Qazi qəhrəmanlıqla yanaşı mərhəmətliydi, ədalətliydi, kasıbları sevər, alimlərə, dindarlara hörmət edərdi. Xalq arasına çıxmaqdan, onları ziyarət etməkdən məmnun olardı.
İklim.az