02 Temmuz 2024

Bu həyatda ana-bala sevgisi, insan sevgisi adi sayılır, dastanlar, romanlar ancaq kişi-qadın sevgisindən yazılır. “Əsli və Kərəm”, “Leyli və Məcnun”, “Fərhad və Şirin” kimi…

Əsl dastan olası isə bizə zəfər qazandıran şəhid analarının oğul sevgiləridir.

Nədənsə ana-bala sevgisinə nümunə göstərilən, kitablarda yazılan, dastanlara çevrilən sevgi yoxdur. Bəlkə də bu fikri səsləndirəndə düşünən ola bilər, axı ana sevgisi yeganə sevgidir ki, qarşılığı yoxdur. Heç bir sevgi ondan üstün deyil. Yar sevgisi başqa, ana sevgisi başqadır. Yox, elə deyil. Övladından üz döndərən, çətinliyə düşəndə ilk qurbana övladını çevirən o qədər “ana”var ki…

Gündəmi zəbt edən əsas mövzulardan biri məhz belə problemlərdir.

Sevgi elə bir şeydir ki, onun nə kateqoriyası var, nə də rəngi. Sevgi, adı üstündə elə sevgidir. Onun ucalığını dərk edərək, o nemətdən nəsibini ala bilən insanların sevgisi həmişə nümunə olub.

 Ona görə də hər insan ana sevgisinin, yar sevgisinin, övlad sevgisinin müqəddəsliyinə, aliliyinə çatıb o nemətdən nəsibini ala bilmir.

Elə sevgilərdən birinə müharibədən sonra evinə gedib bir şəhid ailəsini yaxından tanıyanda şahid oldum.

 Söhbət, məhz kitablarda yazılmayan, dastanlara çevrilməyən , dillərə düşməyən Rəsmiyyə ananın oğlu Surxaya olan sevgisindən gedir.

Birinci dəfə o ananın dilindən şəhid oğlu haqqında deyilənləri eşidəndə, o kəlmələrdən qəm, kədər, sonsuz həsrət və dərin özləm sezilirdi…

Gözündən tökülən yaşlar yanaqlarından damcı-damcı süzüldüyü qədər, deyə bilmədikləri də dərd olub qara saçlarını dən-dən ağartmışdı.

Oğlu haqqında demək istədiyi çox söz olsa da, dilə gətirmək istədiyi an o sözlər boğazında düyünlənərək  çənəsini titrədib, gözünü dolduraraq ananı susdururdu.

Rəsmiyyə ana Qarabağ işğal olunanda oğlu Surxay və iki övladı ilə birlikdə Ağdamdan qaçqın düşdü.

Ayaqları irəli getsə də, gözləri həmişə arxada qaldı. O rayonda , o evdə, o küçədə…

Ümidini kəsdiyi an, ömürlük olacağını düşündüyü torpaq həsrəti 30 ildə son tapacağını  Rəsmiyyə anaya kim deyə bilərdi ki.

Bəlkə də torpaq həsrətinin bitəcəyi deyilirdi. Amma necə bitəcəyindən xəbəri yox idi.

Hardan bilə bilərdi ki, torpaq həsrəti övlad həsrəti ilə əvəz olunacaq.

Amma doğulduğu və ayrı düşdüyü torpaq uğrunda canından keçməyi  də Rəsmiyyə ana aşılamışdı oğluna. Bu qədər böyük ürəkli ana olub oğlu Surxaya…

Surxayı yaşadığı işğallar, gördüyü mənzərələr cəbhəyə apardı. Mülki həyatda dilə gətirə bilmədiyi sözlər, silahının ucundan atəş ilə dilləndi.

Təbiətcə sakit, danışmağı çox sevməsə də, ürəyindən keçənləri müharibə meydanında düşmənə savaş dilində, düşmənin anlaya bildiyi şəkildə çatdırdı.

Artıq Qarabağ azaddır. Məcbur köçkün düşdüyü torpaqlar indi Rəsmiyyə ananı gözləyir.

O torpaqları neçə şəhidin qanı, neçə ananın,  neçə balanın, neçə  gözəl yarın göz yaşı suladı.

O torpaqlar minlərlə ananın bağrından əziz oğullarını qoparıb, o igid oğulları öz qara bağrına basdı.

Bir ananın oğlu bir Vətənin oğlu oldu. Çünki Vətən anadır. Analarımızın anası,  bizlərin anası, amma heç kimin balası olmayan Vətən…

Onda oğlu hələ şəhid olmamışdı, ana oğlunun evə gəlişinə həmişə qonaq qarşılayan kimi hazırlanırdı. Bir evdə yaşasalar da oğlunu hər gəlişini səbirsizliklə gözləyir, gözləri qapıda qalırdı.

Bəlkə də olacağı hiss edirdi. O səbrsizliyin səbəbi çox başqa idi. Surxay ailəsinə, yoldaşına, qızına, oğluna, anasına bağlı əsl ailə başçısı idi. Hər şeyin bu qədər qüsursuz, problemsiz getməyi Rəsmiyyə ananın ürəyini açsa da, təklikdə düşünəndə ürəyinin başını qara buludlar alırdı. Qüsursuzluğun, xoşbəxt ailə həyatının, bütün gözəlliklərin bir anda əllərindən sürüşüb getməsindən qorxurdu. Bu qədər gözəlliyin bir bədəli olduğunu ana ürəyi hiss etmişdi. Əllərindən uçaraq gedən ana-oğul səadəti Rəsmiyyə ananın saçının qaralığını da apardı.

 Rəsmiyyə ana oğlunun sağlığında qapıdan girişini səbrsizliklə gözlədiyi kimi, indi də gözlərini yumub, yuxuya getməyi gözləyir. Gözləyir ki, ana və oğlu  yuxularda qovuşsunlar.

Gözlərinə yuxu getməyən ananı, ancaq bir şey  gözünü yummağa vadar edər. O da yuxuda  oğlunu görmək ümidi..

Bəlkə də  Rəsmiyyə ana oğlu şəhid olan ərəfədə çox yuxu görüb. Bu vaxta qədər gördüyü heç bir yuxunu dilə gətirməyib. Bircə yuxusundan başqa…

Rəsmiyyə ananın yenə oğlunu görmək ümidi ilə gözünü yumduğu gecə idi. Yuxuda bu dəfə Surxay  anasına elə bir şey dedi ki,  anası bu yuxunu reallığa çevirməyə qərar verdi.

Yuxuda gördüyünü elə yuxudakı kimi yaratmağa çalışdı. “Surxay” parkını yaratdı. Oğlunun sağlığında dediyini hər zaman edən ana bu dəfə də  oğluna biganə qalmadı. Oğlunun anasının yuxusunda “bura mənim parkımdır” deməsi kifayət etdi ki, işarə verilən o yeri əbədi guşəyə çevirsin.

Bu park tək şəhid xatirəsini əbədiləşdirmək deyildi. Bu həqiqi bir  ana və oğul sevgisinin təcəssümü idi. Kitablara düşəsi, dillərə düşə biləcək bir ana oğul -sevgisinin əbədiləşdirilməsi idi…

Bu müharibədə dillərə düşən bir çox sevgi dastanı kimi müharibə tarixinə “Rəsmiyyə ana və oğlu Surxay sevgisi” də yazıldı.

Bu sevgi, bu “ana və oğul” sevgisi hər kəsə, hər anaya və hər oğula nümunə göstəriləcək əbədiləşən saf sevgi örnəyidir.

NURAY RƏŞİD ABDULLA

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir