03 Aralık 2024

Osmanlı  xanədanlığının üçüncü hökmdarı Sultan Murad Xudavəndigardır (1326-1389). I Murad, Murad Xudavəndigar və Qazi Murad Xudavəndiyar adları ilə tanınan Sultan Murad 1326-cı ildə Bursada dünyaya gəlmişdir. Atası, Osmanlının II sultanı Orxan Qazi, anası Bizans təkvurunun qızı, müsləman olduqdan sonra adı dəyişdirilən Nilufər xatundur. Murad kiçik yaşlarından yaxşı təhsil görərək, dövrünün ən görkəmli elm adamlarından dərs almışdır. Sonra Yala Şahin Paşanın yanında idarəetmə və hərbi biliklərə yiyələnmişdir. Rumeli Fatehi Süleyman Paşanın vəfat etdikdən sonra Rumelidəki Osmanlı ordusunun komandanı təyin edilmişdir.

1360-cı ildə (və ya 1359-cu ildə) atasının ölümündən sonra Bursaya gəlir və taxt-taca sahib çıxır. Ankaranı yenidən fəth etməklə hərbi yürüşlərinə başlayan Sultan Murad 1362-ci ilin iyul ayında Ədirnəni tutdu və  xanədanın mərkəzi şəhərinə çevirdi. Türkmən tayfalarını zəbt etdiyi Anadolu torpaqlarına yerləşdirərək, burada türklərin sayca üstünlüyünə nail oldu.

Ədirnənin fəthi Balkanlara türklərin yolunu açdı. Yala Şahin Paşa Bolqarıstana girərək Filibeyi və Screzi aldı (1363). Bu torpaqlara da türklər yerləşdirildi.

Türklər İslam bayrağı altında Avropanın içərilərinə doğru irəliləməyə başladı. Bu da xristianları təşvişə saldı və bundan qorxan Papa V Urbaniz Osmanlı dövlətinə qarşı ilk xaç yürüşünə təkan verdi.

1363-cü ildə xristian xaçlı ordusunun 600 minlik qoşunu Hacı İlbəyin komandanlıq etdiyi 10 minlik Osmanlı ordusu qarşılaşdı, bu döyüşdə xristianlar ilk həmlədə məğlub oldular. Bu olay Sıpsındığı qələbəsi kimi Osmanlı tarixinə düşdü. Bu qələbənin ardınca Bolqarıstan və Serbiyanın bir hissəsi Osmanlı imperiyasının tərkibinə qatıldı. 1365-ci ildə Dubrovnikdə millətlərarası saziş imzalandı.

1375-ci ildə Hamidoğulları simvolik bir əvəzlə ərazilərinin yarısını Osmanlıya Verdi və Osmanlı dövləti ədavətli olduğu Karamanoğullarının ərazisinə yaxınlaşdı. Bundan, təşvişə düşən karamanoğulları ilə aradakı ixtilaf daha da gücləndi. 1326-cı ildə Sultan Muradın oğlu Şahzadə Bəyazid Karamanoğullarını darmadağın edib İldırım ləqəbi qazandı. Osmanlıların başının qarışdığını düşünən serb kralı Balkanlarda Osmanlı üzərinə hücuma keçdi, 1387-ci ildə Timurtaş Paşanın komandanlığı altında olan ordunu məğlubiyyətə uğratdı. Bundan ruhlanan xristianlar ittifaq bağladılar və 1389-cu il iyunun 20-də Kosovada Osmanlı ordusu ilə üz-üzə gəldilər. Qəhrəman Osmanlı ordusu bu savaşda qələbə çalaraq öz qələbəsini I Kosova zəfəri kimi tarixə saldı. Bosniya, Serbiya və Bolqar kralları Osmanlıları Balkanlardan qovmaq üçün ittifaq qurdular. Döyüşdən əvvəl abdəst alıb, iki rükət namaz qılan Sultan göz yaşları içində əllərini açıb Tanrıya üz tutdu: “Ya Rəbb! Bu möminləri kafir əlində məğlub edib həlak eyləmə. Bunları qalib eylə. Ya İlahi! Mülk və qul sənindir. Sən kimə istəsən ona verirsən. Mən də sənin aciz bir qulunam. Mülk və mal mənim məqsədim deyildir. Məni bu müsəlmanlara qurban eylə. Əvvəl qazi eylədin, indi isə mənə şəhidlik nəsib et. Amin.” I Murad ilk və tək  savaş şəhidi Sultandır.

I Murad Osmanlı dövlət idarəsini kiçik bir bəylik idarəsindən sultanlıq idarəsinə yüksəltmiş,ən peşəkar şəkildə Yeniçəri ocağı adlanan hərbi hissəni qurmuşdur.

Hazırladı: İKLİM.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir