21 Kasım 2024



Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Adil Kərimliyə

Hörmətli Adil müəllim!

Azərbaycan ziyalılarını, ictimaiyyətimizi narahat edən bir məsələ ilə bağlı Sizə müraciət edirik. Söhbət böyük musiqişünas, xəttat, filosof Səfiəddin Urməvidən (Səfiəddin Əbdülmömin ibn Yusif ibn Faxir Urməvi) gedir. Səfiəddin Urməvi orta əsrlər Şərq musiqi mədəniyyətini zinətləndirən bir dahi, dövrünün ən qüdrətli musiqişünası olub.

Tədqiqatçılara görə, Səfiəddinin 1252-ci ildə ərəbcə yazdığı on beş fəsildən ibarət  “Kitab əl-ədvar” adı ilə məşhur olan musiqi risaləsində qaldırılmış musiqi nəzəriyyəsi məsələləri bu gün də aktuallığını itirməyib. İngilis alimi Corc Farmerin dediyinə görə, Səfiəddindən sonra gələn ərəb, fars, türkdilli müəlliflərin hamısı onun nəzəriyyəsinin davamçıları olublar. Bu alimlərdən Məhəmməd Cürcani, Əbdülqadir Marağai, Qütbəddin Şirazi, Mahmud Amuli, Əbdürrəhman Cami, Zeynəlabdin Hüseyni, Kavkabi Buxari, Dərviş Əli, Mirzə bəy, Mir Möhsün Nəvvab və XX əsrdə böyük alim və bəstəkar Üzeyir Hacıbəyovu misal göstərmək olar.

Urməvi “əbcəd notu” ilə musiqinin ən qədim melodiyalarını risalələrində yazıb-yaşada bilib. Ondan sonra gələn alimlər XVI əsrə qədər bu not yazı sistemindən geniş istifadə ediblər.

Yeddi əsr sonra, yəni XX əsrin ortalarında Üzeyir Hacıbəyov özünün “Azərbaycan xalq musiqisinin əsasları” kitabında yazırdı: “Yaxın Şərq xalqları musiqisinin nəzəri və əməli inkişafı tarixində başlıca yeri dünyada məşhur olan iki nəfər Azərbaycan alimi, nəzəriyyəçi, musiqişünas tutur: Səfiəddin Ədbülmömin ibn Yusif əl-Urməvi (XIII) və Əbdülqadir Marağayi (XIV)”.

Ü.Hacıbəyov öz əsəri üzərində işləyərkən məhz “Kitab əl-ədvar”ın xüsusi əhəmiyyət kəsb etdiyini anlayaraq, onun foto-surətini Nurosmaniyyə kitabxanasından gətirdib bu əsəri araşdırıb. Hacıbəyovun yazdığı “Azərbaycan xalq musiqisinin əsasları” əsəri qaldırılan və həll edilən məsələlərə, həm də quruluşuna, üslubuna görə “Kitab əl-ədvar”a çox yaxındır. Xüsusilə də lad sistemi nəzəriyyəsində “Kitab əl-ədvar”ın ona təsirinin böyük olduğu bildirilir.

Səfiəddin Urməvinin əsərləri Nyu-Yorkun, Parisin, Berlinin, Vyananın, Qahirənin, Istanbulun, Sankt-Peterburqun, Tehranın, Bakının və başqa şəhərlərin kitabxanalarında qiymətli əlyazmalar kimi saxlanılır…

Hörmətli Adil müəllim!

Bir neçə il əvvəl iki ölkə – İran və Türkiyə növbəti (səhv etmirəmsə, 2016-cı ilin) Urməvi ili elan edilməsi üçün UNESCO-ya müraciət etmişdi. O vaxt Mədəniyyət Nazirliyinin saytında nəinki yubileylə bağlı heç bir məlumat yer almır, Səfiəddin Urməvinin adı belə çəkilmirdi. Bütün bunlar çox məyusedicidir.

 2023-cü ilin noyabr ayında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Səfiəddin Urməvi, Əbdülqədir Marağayi və Nəvvaba həsr edilmiş birgə konfrans keçirilib. Amma bu yetərli sayıla bilməz. Adı əsrləri və sərhədləri aşan Urməvini Azərbaycanda min adamdan biri tanıyırmı?

Fikrimizcə, gec də olsa, dünya mədəniyyətinə böyük töhfələr vermiş dahi musiqişünasımız Səfiəddin Urməvinin yubileyi Azərbaycanın təşkilatçılığı ilə beynəlxalq səviyyədə qeyd edilməlidir. Ən azı beynəlxalq simpozium keçirilməli, əsərləri dilimizə tərcümə edilməlidir. Adını paytaxtda hansısa küçəyə vermək, musiqi sahəsində Urməvi mükafatı təsis etmək və s. bu qəbildən tədbirlər də mümkündür.

Vəzifə səlahiyyətinizdən istifadə edib bu istiqamətdə addımlar atacağınıza səmimi olaraq inanırıq.

Hörmətlə

İmzalar:
1. Aida Qasımova, professor

2.  Qulu Məhərrəmli, professor

3. İradə Musayeva, filologiya üzrə elmlər doktoru

4. Nurida Novruzova, filologiya üzrə elmlər doktoru

5. Səadət Şıxıyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent
6. Aybəniz Rəhimova, filologiya üzrə fəlsəfə doktoru, dosent
7. Gövhər Həsənzadə, bəstəkar, Əməkdar artist,
8. Vüqar Camalzadə, bəstəkar, Əməkdar artist, dosent
9. Ataəmi Mirzəyev, filologiya üzrə elmlər doktoru

10.  Nəriman Əbdülrəhmanlı, yazıçı

11.  Seyran Səxavət, yazıçı
12. Vaqif Bəhmənli, şair,
13. Yunus Oğuz, yazıçı
14. Elçin Hüseynbəyli, yazıçı

15. Sevinc Nuruqızı, yazıçı

16. İlqar Rəsul, yazıçı
17. Vasif Sadıqlı, Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri
18. Nadir İsrafilov, təhsil mütəxəssisi

19. Kəmalə Umudova, filologiya üzrə fəlsəfə doktoru, dosent

20. Aygün Bağırlı, filologiya üzrə fəlsəfə doktoru

21. Dilarə Adilova, publisist, AYB üzvü

22. Könül Nəhmətova, filologiya üzrə fəlsəfə doktoru

23. Arzu Hacıyeva, filologiya üzrə fəlsəfə doktoru

24. Sevil Qaraşova, filologiya üzrə fəlsəfə doktoru
25. Jalə Şükürova, filologiya üzrə fəlsəfə doktoru 26. Xanım Əsədova, filoloq, pedaqoq
27. Səadət Təhmirazqızı, sənətşünaslıq üzrə  fəlsəfə doktoru, Əməkdar  mədəniyyət işçisi


14 dekabr 2023-cü il



Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir