Alpaslan Dəmirin hekayəsi: Cəmşirin ilk gəzintisi
Ədəbiyyatımızın dostu ALPARSLAN DƏMİR
Yazarımız 1973-cü ildə Osmaniyədə doğulub, ilk və orta təhsilini orada almışdır. 1998-ci ildə Erciyəs Universitetinin İlahiyyət fakultəsini bitirmişdir. 2001-ci ildən bu günə qədər müəllim işləyir, eyni zamanda tərcüməçiliklə məşğuldur. İki uşaq atası olan Alpaslan Dəmir oxumağı, yazmağı və səyahəti sevir.
Yazarın “Sevimli dostum”, “Yenidən Bismillah”, “Göyə yüksələn çinar” adlı kitabları çap olunmuşdur.
Alparslan Dəmir Faiq Ələkbərlinin “Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq”, üç cildlik “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX–XX əsrlər)”, Eluca Atalının “Çiçəkləyən şarf” və “İran Hizbullah zindanında” kitablarını türkcəyə çevirmişdir.
Bu kiçik hekayə sevimli uşaq yazıçısı Alpaslan Dəmirin uşşaqlar üçün yazdığı “Sevimli dostum” kitabındandır. Kənddə böyümüş hər bir kəs bu hekayəni oxuduqda istər-istəməz özü-özünə, “Bu mənim həyatımdır!” deyə pıçıldayacaq. Bizim yaşadıqlarımızı yazıb bizə xatırladan yazara təşəkkür hissi ilə hekayəni dilimizə uyğunlaşdırdım.
CƏMŞİRİN İLK GƏZİNTİSİ
Tətilin ilk günü idi. Bir gün əvvəl məktəbimiz tətil etmişdi, buraxılış sənədlərimizi almışdıq. Axşam yeməyində günün mövzusu bizim məktəb sənədimiz və Cəmşir oldu. Atam yemək zamanı bizimlə söhbət edərkən o balaca cücənin yaşamayacağını və tezliklə öləcəyini, çünki kiçik canlıların anaları olmadan yaşamalarının çox çətin olduğunu söylədi. Böyük qardaşım Yusuf da atama dönərək:
– Elə demə, ata, baxarsan, böyük bir xoruz olar, biz də kəsər, anamıza ətli bir börək kökəsi bişirtdirərik. Sonra da oturub iştahla aşırarıq. Yetər ki, bizim balaca ona yaxşı baxsın.
Böyük qardaşımdan bunu eşidincə ona çox acığım tutdu. Süfrədə atam oturduğu üçün bir şey də söyləyə bilmədim. O mənə dönərək:
-Alpər, sən cücənə yaxşı bax, yemi məndən. Sabah sənə hökmən cücələr üçün xüsusi üyüdülmüş yemlərdən alacam! – dedi.
Az öncə Cəmşiri kəsmə həvəsi üzərinə mənim acıqlı baxışımı görmüş olduğundan özünü yığışdırmağa çalışmış və sözünü belə davam etdirmişdi:
– Sən də yaman tez acıqlanırsan ha! Zarafat elədim də. Mən heç qardaşımın cücəsini kəsərəmmi? Kəsmərəm, əlbəttə! Sən üzülmə. Cəmşirin yemləri məndən. Sabah axşam gələrkən alıb gətirərəm. Onu cücə yemi ilə bəslərik, daha tez böyüyər.
Evimiz şəhərin kənar məhəlləsində yerləşdiyi üçün çevrəmizdə olduqca bol yaşıl sahə vardı. Evlərin arasındakı boş torpaq sahəsi bizim oyun və əyləncə məkanımız idi. Demək olar ki, günümüzün hamısını orda keçirirdik. Cücəmi əlimə alaraq evin önündəki boş sahəyə çıxdım. Ayla ilə Zeynəb də mənimlə birlikdə gəldilər. Üçümüz kiçik bir dairə yaradıb cücəmizi aramıza aldıq. Qaçıb yox olacağından çox qorxurdum. Bacılarıma dairəni pozmamalarını dönə-dönə tapşırdım. Çünki Cəmşir ilk dəfə bayıra çıxdığından, əgər evdən uzaqlaşarsa, gedib itə bilərdi. Onu tapıb geri gətirmək də bizim üçün çox çətin olardı. Balaca cücə üçümüzün arasında öz-özünə hoppanıb tullanmağa başladı. Ayaqları ilə torpağı eşələyir, dimdiyi ilə yerdən nəsə axtarırdı. Uzaqdan bunu görən anam bizə yaxınlaşdı. Marağımı gizlətmədən anama dedim:
– İlk dəfə eşiyə çıxıb torpaq görür, ona nə etməsini göstərəcək bir anası və ya başqa bir toyuq olmasa da, bu, sanki bir toyuqmuş kimi ayaqları ilə torpağı eşələyir. Yeyə biləcəyi nəsə bir şeyi dimdiyi ilə yerdən tapır. Bu necə olur, ana? Torpağı bu şəkildə eşələyib yemək tapa biləcəyini hardan bilir bu ətcəbala cücə? – deyə, anamdan sordum.
Anam gülümsəyərək başımı oxşadı.
– Paşam, Allah canlıları yaratdıqda bütün bu bilgiləri, sanki onlara öyrədərək yaradır. Hətta sağ qalmaları üçün nə isə yeməyin gərəkliliyini və yeməkləri necə axtarıb tapacaqlarını fitrətən onlara öyrətmiş olur. Ona görə də onları kimsənin öyrətməsinə, nəyisə göstərməsinə gərək qalmadan öz həyatlarını davam etdirə bilirlər. Bəs insan da elədirmi? Təbii ki, yox. Həyatının ilk günündən insan ana qorumasına möhtacdır. Əgər bir toyuq balası təbiətdə təkbaşına qalırsa, bir şəkildə həyatını davam etdirə bilir. Amma insan övladının, yeni doğulmuş bir uşağın bunu gerçəkləşdirməsi hardasa imkansızdır. – dedi. Sonra davam etdi:
– Bu dəqiqə o dairəni pozun baxaq. Görəcəksiniz, sizin yanınızdan heç ayrılmayacaq. Heyvanlar da sevgini və sevilməyi anlayırlar. Sizin sevdiyinizi bildiyi üçün o sizin yanınızdan heç uzaqlaşmaz. Görəcəksiniz, haraya gedirsinizsə sizinlə birlikdə gedəcək, durmadan sizin dalınızca gələcək. – deyərək, anam evə getdi.
Biz də anamızın sözünü dinləyəndən sonra cızdığımız dairəni pozduq. Gerçəkdən də, balaca cücə bizdən heç uzaqlaşmırdı, ətrafımızda gəzişirdi.
Mən yerimdən qalxıb yaşıllıqlar arasında gəzişməyə başladığımda o da durmadan arxamca düşür, məni izləyirdi.
O gün axşam yeməyinə qədər Cəmşirlə oynadıq, əyləndik. Bacılarım yanımızda evciklər qurdular. Ətrafdan topladıqları daşlarla iki gözlü kiçik bir ev düzətdilər, ev öz ürəkləri qədər kiçik, ancaq o qədər də ürəyəyatımlı bir ev idi. Zeynəb evi qurmaqla məşğul olarkən, Ayla cəld evə qaçıb tez oyuncaq bəbəkləri ilə oyuncaq ev əşyaları olan səbəti gətirdi. Aylanın pilləkanlardan sürətlə düşdüyünü görən anam səsləndi:
– Uşaqlar, gün sizi yandırmasın, evciyinizi tut ağacının kölgəsində qurun.
Zeynəb açıqda olan kiçik evciyini cəld tut ağacının kölgəsinə daşıdı. Bu zaman mən də kiçik cücəmlə gizlanpaç oynayırdım. Zeynəbin səsini eşidincə nə söylədiyini anlamaq üçün dayanıb o tərəfə döndüm.
– Qardaş, üç dəfə çağırdım səni. Eşitmirsənmi? Durma, Cəmşiri də götür, gəl. Evimizin yanında ona kiçik bir yuva düzəltdik. Gətir, onu balaca yuvasına qoyaq.
Cücəmi götürüb onların yanlarına gəldiyimdə iki göz evin yanına, ətrafını bir az yüksək daşlarla çəpərlədikləri kiçik bir otağın hazırlandığını gördüm. Bu balaca yuva onların hazırladığı qəfəs idi. Cəmşiri o kiçik qəfəsin içərisinə qoydum. Ac və susuz idi deyə, yem və su qablarını götürüb evə getdim. Evdən çıxarkən anam mətbəxdən səsləndi:
-Alpər, quzum! Bacıların da acdılar. Al bunları, götür apar, bacılarınla bərabər yeyərsən. Səlma xalanın bişirdiyi fətirdən hərənizə bir dənə fətir dürməyi düzəltdim. Bu şüşəyə də ayran tökdüm. Alın, yeyin, paşam. Axşam yeməyinə daha çox var. Axşam yeməyini gözləyənə qədər ac qalmayın.
Qonşumuz Səlma xala bu gün çörək bişirirdi. Anam bişmiş yuxa çörəyin arasından aldığı fətirdən dürmək büküb bir dənə də bizə verdi. Çörək bişirilən gün hazırlanan təzə fətir dürməyini mən də, bacılarım da çox sevirdik.
Anam səhər bizim qəhvəaltı süfrəmizi hazırladıqdan sonra qonşumuz Səlma xala ilə çörək bişirməyə getmişdir. O zamanlar bizim məhəllədə bir evdə çörək bişiriləndə qonşu qadınlar da gəlir, axşama qədər bir ləyən xəmirdən çörək bişirib sellofanın içinə dağ kimi yığarlardı. Çörək bişirdikdən sonra da nazik fətirlər yayılar və içərisinə qovrulmuş soğanla şor qatılaraq yumurlayıb hazırlardılar. Bəzən də isti fətirə təzə kərə yağı çəkib üzərinə şəkər tozu səpərək yağlı-ballı hazırlardılar. Mən yağlı-ballını çox sevərdim. Təbiətdəki tərələrin bal kimi dadı olur, şəkərləri də ki, ay kimi parlardı. Bizim evdə çörək bişirildiyi gün anam mütləq fətir bükməsi və hazırladığı yağlı-ballını iştahla mədəmə ötürərdim.
Anam qoltuğumun birinə fətir bağlamasının büküldüyü süfrəni, digərinə də içinə ayran doldurduğu, ağzı qapalı şüşəni qoydu.
Qabaqlar şüşə qab tapmaq xəzinə tapmaq qədər qiymətli idi. Əlimin birində kiçik cücəmin yemi, digərində də suyu axan kiçik boşqablar vardı. Pilləkanlardan enib baxçadakı ağaca doğru yönələrək bacılarıma səsləndim.
– Zeynəb, Ayla! Biriniz buraya gəlib qoltuğumdakıları alsanız yaxşı olardı. Ayran şüşəsi az qalır düşsün. Əgər düşərsə şüşə qırılar bütün ayran yerə tökülər.
Zeynəb bir an içində qaçaraq yanıma gəldi. Mən qoltuğumun altındakılar düşməsin deyə, olduğum yerdəcə qaldım, qollarımı tam vücuduma yapışdırdım.
Zeynəb fətirlərin olduğu süfrəni və ayran şüşəsini aldı. Bacılarımın evciyi olduğu yerə çatınca ilk olaraq balaca cücəmizin yemini və suyunu verdim. Biz də bir müddət onu izlədik. Sonra bacılarım evciklərinin içərisində fətir və ayranları ilə mükəmməl bir süfrə hazırladılar. Evin salonu adlandırdıqları daş çəpərli yer böyük qurulmuşdu. Üçümüz də yemək yeyərkən ora rahat-rahat sığırdıq. Yan tərəfdə yemi və suyu ilə başını qatmış Cəmşiri izləyərək fətirimizi yedik.
O saf, məsum uşaqlığımı heç vaxt unutmaram, bir də uşaqlığımda gizlənmiş o qara cücəmi, böyük ürəkli fədakar anamı. Birlikdə oynayıb, birlikdə əyləndiyimiz bacılarımı.
Yazını hazırladı ELUCA ATALI
