02 Temmuz 2024

Allahkərim kişinin beli bir gecənin içində əyildi. Hiss olunurdu özünü zorla toxtaq tutub ona dövlət məmuru tərəfindən verilən göstərişə kor-koranə  əməl edirdi. Öz  istəyi olmadan bura gəlib çıxmış ata, kənarda durub onun hərəkətlərinə göz qoyan pastarlara öz əli ilə qızının evlilik şirnisini paylamalı idi. Bu yerdə onun qürur üsyanı oğlu Cavad üçün  narahatlıq törədə bilərdi. Bu an dövlət adamına ən xırda etiraz belə İranda min doqquz yüz səksən səkkizin yayı üçün dövlətə qarşı çıxmaq anlamında yozulub, bağışlanmaz günah kimi qan bahasına ödənilirdi. İslam inqilab keşikçisi rəisinin iş masasının üzərinə beş min tümənlik şirnini qoyan atanın əlləri əsirdi. O, istəsəydi belə, çox güman, bu yerdə rəzil duruma düşməyi istəməzdi, amma qarşısı alınmaz idi. Beş min tümən gündəlik ailə məsrəfi üçün işləyən kasıb adamdan ötrü böyük məbləğ olsa da, lakin zindan qanunlarına görə zindanda edam olunmuş qız uşaqları üçün paylanacaq şirninin məbləği göstərilən bu qiymətdən aşağı olmamalıydı. Ən kasıb adam beş minlik şirni alıb hakimiyyət və kütlə arasında müxtəlif adlarla çağrılan bu məkanda paylamalıydı. İmkanı olanlarsa on beş, bəzən iyirmi min tümənlik şirni ilə zindana təşrif gətirirdilər. O, baxırdı adamın cibinin imkanına və səxavətinə. Adamın pulunun çox olmasında dərkedilməz bir şey yoxdur, anlaşılmaz hal qızı edam olunmuş valideynin səxavətidir. Hansı ürək sahibi bunu könül açıqlığı ilə edə bilərdi? Kim öz səxavətini tapdanmış şərəf və namusunun qarşısında nümayiş etdirərdi? Gələcəyə inamlı qızına təcavüz edilib, edam olunmasını hansı ata ləyaqət məsələsi kimi qiymətləndirib sevinərdi? İmam Xomeyninin aləmində isə bunun yalnız bir adı vardı: günahını yuma! Xomeyni ağanın fanatikləri olan ailələr içində SƏXAVƏTLİLƏR tapılırdı… Pastarlar isə az şirni gətirənlə çox gətirən arasında heç bir fərq qoymurdular. Sadəcə, qız atası evlilik şirnisini paylarkən hər kəs öz payını əlinə aldıqca öz növbəsində “mübarəkdir!” – deyərdi.

          Qapının gözlənilməz açıldığını demək düz olmazdı, sadəcə, etikadan uzaq döyülmədən açıldı. Lakin içəri girənin qapı arxasından öskürəyi eşidiləndən onun kimliyi rəisə məlum idi, əks halda:

– Tapıldı… – mızıldanmazdı. O daim içəri girməzdən əvvəl bağlı qapı arxasında bir neçə dəqiqə pusquda durub içəridəki söhbətə qulaq dinşəyib mətləbi anladıqdan sonra öskürüb özünü içəri atardı. Içəridəki proseslərin səssizliyindən bu dəfə daimi ritual bir qədər uzun sürdü. Onun çalmalı başı göründüyü an hamı ayağa qalxdı, ayaq üstə olan rəis isə boş oturacağı tutacaq adamı bir rəqib gözüylə süzdü.

– Əssəlamu Əleykum, ağeyi Allahkərim! Yuxuma belə girməzdi sənlə burda rastlaşaq. Allahkərim salamlaşmağa can atmırdı, onun gəlişi isə kişinin xəcalətini bir qədər də artırdı.

– Bir kafirin ölümü nə böyük işmiş, gor qonşusunun salamını da almır.

“Ata, Qara balıq sağ qalardı?” səkkiz il əvvəl qızının müəllimi Əlirza Şükrü Əfşar edam olunan gün Allahkərim Fatmadan bu sualı eşidəndə imtahan qarşısında cavab tapmalı olmuşdu. Yox cavabıyla sarsılmış qızını həyatdan küsdürə biləcəyi qorxusu atanı ağır durumda qoyduğundan, “qala bilərdi” – deməklə nikbin olmağa çalışmışdı.

“Necə?” qızının növbəti sualına necə cavab verməliydi, bununla onun özünü də mübarizədən – qorxulu nağıllarla dolu həyatdan çəkindirə bilərdi. Uğurlu cavab yalnız bu ola bilərdi: “Anasını dinləsəydi”.  Qızı razılaşmadı: “O zaman, o Qara balıq olmayacaqdı, arzusunu içində boğmuş arxın sıravi çömçə quyruqlularından biri olacaqdı”. Atanın qızına verəcəyi öyüdü qalmamışdı, qorxu ilə tərbiyədən savayı metod bilməyən ata, ona hansı yolu göstərə bilərdi? Qızı bu kiçik yaşı ilə lilli, lehməli arxda yaşayanlara zavallı kimi baxırdısa, o zaman böyük dərya onu tezliklə cəlb edəcəkdi. “Sakta balıqlarının üzdüyü dərya qorxuludur, qızım!” Yalvarışlı səslə qızının gələcəyinin qarşısına balaca balıqları udan nəhəng balığı qoydu. Qızı isə “Ata, narahat olma, biz artıq Sakta balığı ilə yaşamağa alışırıq”. Bu, gecə-gündüz qonşuları güdüb ETTELAAT-a donosluq edən kor mollaya işarə idi. Mahiyyətini və iş rejimini şərh edib, anbaan içində baş verən hadisələri bol-bol hekayət etdiyimiz bu sevilməz məkan ölkə daxilində müxtəlif adlarla çağrılıb, lakin bir mənaya xidmət edirdi. Dövlət sənədlərində zindan adlanırdı, bu sadəcə rəsmi adı idi. Burdakı heyvani rəftara, asmalar, kəsmələr və edamlar kimi hadisələrdən alınmış nəticələrə əsaslanaraq kütlə içində sallaqxana ismi ilə hallanırdı. Əslində, nifrətin tüğyanı sallaqxanadan savayı ad püskürə bilməzdi İran kimi emosional bir ölkədə, lakin bu ad heç bir rəsmi sənəddə, ədəbiyyatda yer almırdı, yalnız kütlənin öz arasında pıçhapıçla danışıq dilində hallanırdı. Kütlədən sallaqxanaya giriş qapısı vardı, çıxış yox.

Şəfaxana adını da eşitməmiş deyilsiniz, xomeynizmin mahiyyətində duran xüsusi idarəçiliyindəki üç nəzəriyyəsindən biri olduğu barədə yuxarıda qədərincə şərh verdim. “Xəstə” məhbuslar burda işgəncə vasitəsi ilə müalicə olunurdular, məhbus yoldaşını satıb “sağaldığını” nişan verənlərdən savayı kimsə şəfaxananın sağaltma imkanı olduğunu görə bilməmişdi.

Axşam namazını bitirib qızının əfv alıb bağışlanmasından ötrü əlləri açıq başı üzərində dua edən Allahkərimi mistik aləmdən ev telefonunun qəfil zəngi ayırdı. Əvvəl dəstəyi götürmək istəmədi, yox, qətiyyən istəmirdi. Elə ona görə də, gözlədi arvadı gəlib dəstəyi qaldırsın, zəngi eşitməyən arvadının otağa girməməsi onu duasını yarımçıq kəsməyə məcbur etdi. Durmadan çalınan zəng cavab vermənin vacibliyini anlatdığı halda, o necə əfv fərmanı üçün yalvarışlarını davam etdirə bilərdi? Zəng edənin özünü təqdimi kişinin dizlərinin taqətini maqnit kimi özünə çəkdi. O, yıxılmamaq üçün divardan söykənəcək kimi faydalanmağa cəhd etdi. Cəhdi baş tutmadı, dizləri qatlanıb döşəməyə çökdü. Nə soruşdularsa “bəli”- dedi, nə sual verdilərsə, cavabında “hə” – dedi:

– Ağeyi Allahkərimlə danışıram?

– Hə…

İlk öncə Urmiyədəki Nasvin zindanının rəisi sizlə danışır deməsi yetərli idi, onun dediklərini bir kəlmə ilə etiraz etmədən təsdiqləsin. Adın hökmü sualın cavabını təyin edirdi.​​ İndi də ilk olaraq sözə başlayan gözlərini Allahkərimə dikmiş  rəis oldu:

– Gözün aydın, ağeyi Allahkərim, qızın günahını yudu! –

Qımışa-qımışa qız atasına gözaydınlığı verdi.

Bu yerdə daxili iztirabını, bala dağını heç cürə dilinə gətirə bilməyən nəfəsi kəsilmiş ata, dodağını gəmirib, ağır-ağır nəfəs alaraq pastar rəisinin üzünə yazıq-yazıq  baxdı. Rəis isə irişən baxışları ilə qarşısındakının əzabından  ləzzət alaraq sözünə davam etdi:

– Daha sən də üzü ağ gəzə bilərsən. Payla şirnini!

Qız atası hərəkətə gəldi, lakin bu an gözlənilmədən yenə rəis ona dayanmaq əmri verdi.

– Dur bir! – O duruxa-duruxa tək əl hərəkətini yox, bütün varlığı ilə səsin amiranə sədası altında donub qaldı. – Al, bunu! – deyib, Allahkərimin ona yaxınlaşıb əlində saxladığı pulu almasını israr etdi.

Zindan rəisinin bu hərəkətinin mənasını heç cürə yoza bilməyən ata, sual etməli oldu:

– Ağeyi rəis, bu nədir?

– Düpbədüz min üç yüz tümən!

O, azca qəddini düzəldib rəisin əlindəki bir topa tümənə baxıb çaşqınlıqdan nə edəcəyini bilmədi.

– Al, al, çəkinmə!

– Bu nədir, ağa?

– Bu sənin qızının mehriyyəsidir.

Allahkərim kişi pulu almağa cəhd etməyib, rəisin əlində baxışlarını bənd etmişdi.

Rəis davam etdi:

– A kişi, elə bil başqa planetdən gəlmisən, sən bu ölkədəki qanunlardan xəbərsizsənmi? Bilmirsənmi zindanın öz qanunları var?

– Şükürlər olsun, mən heç vaxt zindana düşmədim ki, burdakı qanunlardan xəbərdar olum.

– Doğru sözə nə deyəsən, zindana düşməyib… Ha, ha… –

Kresloda yayxanıb oturmuş tək göz molla gülüşünü kəsmədən qonşusuna şahidlik etdi.

“Sakta balığı!”- bu, Fatmanın kor mollaya verdiyi ləqəb idi, amma evlərindən kənarda kimsənin yanında onu bu adla çağırmazdı. Allahkərim ilk dəfə yaddaşını təzələyib qızının səsini qulaqlarında hiss etdi: “Sən Saktanı yeyəcək akula bir gün bizim dəryaya düşər.” Fatmanın gözlədiyi akula gəlib çıxmadığından mollanın şərləməsi ilə qızı bir Qara balıq kimi Saktanın yemliyinə düşmüşdü.

– Zindanda olmayanlara qanunları anlatmaq borcumuz olduğundan deyirəm, buranın qanununa görə, məhbus qızlar edam olunmamışdan qabaq qanuni olaraq onlara nikah kəsilir.

Bakirə qızın öldürülməsi günah sayıldığından onun nikahı kəsilib, sonra edam olunur.

– Möhtərəm imam məhbusların cənnətə düşüb mömünlərlə çiyin-çiyinə orda əbədi kef sürməsinin qarşısını almağın tərəfdarı olduğundan onların qız yox, arvad kimi edam olunmasına fitva vermişdi. Bilməmiş deyilsən, müqəddəs kitabımız buyurur ki, qızlar cənnətdə mələk kimi xoşhal yaşamağa məhkumdular…

Tək göz molla asma boğulması tutmadan bir nəfəsə şərhini başa vurdu.

– Müsəlman olan gərək allah dərgahına üzüağ gedə. – Özünə işarə ilə, – Allah bizi günaha batırmaz inşallah!.. Elə deyilmi, Hatəm ağa? – Rəis yenidən sözü akulasız dəryada özünü padşah kimi hiss edən Sakta balığına verdi.

– Elədir, biz nə karəyik ki, cənab Allahın cızdığı yoldan ayağımızı kənara qoyaq. – Tək göz molla baş hizbullahçının dediklərini Allah əmri kimi Allahkərimin diqqətinə yetirəndə əyani olaraq əl ağacı ilə döşəmədə cız çəkdi.Məhbuslarla bağlı köhnə və təzə dövlət qanununu izah edib qurtaran rəis bir qədər səsinə mülayimlik qatıb:

– Kişi, al! – Əlindəki mehriyyə haqqını bir az da qabağa, Allahkərimə sarı uzatdı. – Əlimi uzanılı qoyma! Bu sənin külfətinin halal xərcləyə biləcəyi puldur. Dili-dodağı qurumuş qız atası zorla udqunub, heç nə deyə bilmədi. Yalnız razılıq əlaməti olaraq bir neçə dəfə astaca başını silkələdi.

Əlini kağız torbaya uzadan Allahkərimin elə bil bədənindən güclü elektrik cərəyanı keçdi, bütün vücudunun titrədiyini hiss etdi. Buna rəğmən hər vəchlə özünü ələ alıb taleyi özündən asılı olmadan həll olunmuş qızının ilk yas ayinini şərəflə yola verməyə çalışdı! Binəva ata, bədənindəki əsməyə məhəl qoymamağı özünə hökm etsə də, lakin bütünlüklə özünə hakim ola bilmədiyindən titrəməsi davam edirdi. Torbadan sağ ovcu ilə çıxartdığı şirni kişnişli noğul idi. Bunu dədə-baba adəti ilə qız nişanlayanda toy xonçasına qoyar və gəlin ata evindən çıxarılıb ər evinə köçürülən zaman həyət qapısından yola salınarkən başından tökərdilər. Bu həm təzə qohumlar arasında şirinlik, həm də xeyir-bərəkət arzusu ilə edilən gəlin köçürmə ayininin ta qədimdən bu günə qədər qorunub ötürülmüş balaca bir səhnəsi idi. O, sıra ilə oturmuş pastarlardan birincisinə yaxınlaşdı. Başını köksünə endirmişdi, bu dəqiqə heç kimsəylə göz-gözə gəlmək istəmirdi, o cümlədən şirni üçün ovcunu açmış pastarla da.

Musiqi sədası qulağa dolmadan xoşbəxtlik noğulu paylamağın bədbəxtlik olduğunu bu an qız atasının yerində olmayan kimsə dərk etməzdi. Nədənsə, bir anlıq ona elə gəldi ki, qızı qonşu otaqdadır və indicə onu səsləyəcək: “Ata, inanırdım, gələcəksən. Bilirdim, məni yalnız buraxmazsan!” O, burnunu çəkdi, qızının nəfəsi hopmuş bu zindan divarlarını qoxulamaq, onun iyini, hənirini daş divarlardan qoparıb ciyərlərinə çəkmək istəyirdi. Ar etməsydi, bağırardı: “Qızım yanındayam, tək deyilsən! Gəlmişəm, məni görürsən?” Qulağında guppuldayan yeni səs onunla qızı arasındakı dialoqun üzərinə uğultu qatıb imkan vermədi Fatmalı dünyasındakı səfərini başa vursun.

– Payla, payla!

Bununla da sanki təkgöz mollanın böyük pəncələri qoca atanın boğazına keçdi.

– Qonşu…

Allahkərim danışana sarı dönmədən:

– Buyur, ağa.., – mızıldandı.

– Sən sevinməlisən!

– Niyə? – Hardansa cürət tapıb tək göz molladan sual etdi.

– Qızın günahını yudu, bundan belə günaha batmayacaq.

Məgər sevinmirsən, bu gözəl məmləkətimizdən kafirin biri azaldı? Onun fikrini Allahkərimin təsdiqləyəcəyini gözləyə-gözləyə əsasını ayağı altındakı xalçaya döyəclədi. Lakin onun fikrinə

Allahkərimdən təsdiq və ya inkar əlaməti olaraq nəinki səs, inilti belə çıxmadığını görüb bu dəfə üzünü rəisə tutdu:

– And olsun getdiyim Məkkə yoluna, Kərbəlaya, Məşhədə! –

Sanki getdiyi ziyarətgahları göstərirmiş kimi əlindəki təsbehi qabağa uzatdı: – Bir dəli şeytan deyir, imama məktub yaz, de ki, kafirlərin valideynləri də özlərini günaha batırıblar. Buna bir əlac etsin! Tövbə, düz sözümdü…

Allahkərimin boğazı quruyub təngidi. Güclə udqunub ayaq üstə ətalətini tarazlamaqla özünü yıxılmaqdan saxladı. Şırnini yaxınında oturmuş pastarın ovcuna qoymaq istərkən zavallı kişi ya tələsdiyindən, ya da həyəcandan azca ehtiyatsızlıq edib adam əlini açmamış, əlindəkilərinin hamısını boşaltdı. Onun əlindəki şirni bütünlüklə döşəməyə tökülüb yumru noğullar diyirlənib adamların ayaqları altına səpildilər.

İyrənc qaqqıltı səsi otağı başına götürdü. Gözlənilmədən Allahkərim qorxa-qorxa, utanıb qızardığından, ya nədənsə başını yuxarı qaldırıb danışdığı adamın üzünə baxmadan dilləndi:

– Ağa, qızımı evə apara bilərəm?

Harınlamış rəisin üzündən alçaldıcı gülüş ifadəsi birdən- birə qeyb olaraq piyli gövdəsini bütövlüklə oturduğu yerdəncə qabağa verib səsini başına ataraq bağırdı:

– Ağlın çaşıb?

– Əstəğfürullah, ağeyi rəis, mən nə karəyəm ki…

– Bəs, – Rəis tapança kimi necə açılmışdısa, atılan güllənin qarşısı alınmaz idi. – Bəs, bilmirsən, kafirlər adam kimi yox, heyvan kimi quyulanırlar?

Əli torbada bəndlənmiş dərdli ata rəisi başa salmaq istədi ki, qoysunlar barı qızını bircə dəfə görsun, ürəyi sakit olsun:

– Ağeyi rəis, axı…

Qəzəblənmiş rəis onun sözünü yarıda kəsib, nə deyəcəyinin fərqinə varmadan var gücü ilə çığırdı:

– Müharibi aparıb dəm-dəsgahla dəfn etmək istəyirsənmi?

Allahkərim günah işlətmiş adam kimi qorxusundan əlacsızcasına başını aşağı salıb, rəisin qəzəbli, buz kimi soyuq baxışları altında tam sındığı an gücü bircə buna çatdı:

– Ağa, qurbanın olum, o mənim b-a-l-a-mdır…

– Balandır-nəyindir bilmirəm, ağlını başına yığ! Bəlkə harda olduğunu unutmusan? Yoxsa kiminlə danışdığını unutmusan?

Zindana düşən daha səninki deyil. Səninki olmasını istəyirdinsə gərək ona ədəblə oturub-durmağı öyrədəydin. Mərifət verəydin, ağzını allah yolunda qoymazdı, ağzından çıxanı biləydi…

– O zaman ağa izin versin, mən güllənin pulunu ödəyib qızımın meyitini aparım.

– Bəh-bəh! Bu millət zindan qanunlarını nə yaxşı mənimsəyib.

– Kişi, sənin ağlın çaşıb, nədir? Nə meyit, nə zad…

– Ağa lütf etsin, mən sözümü deyim. – Allahkərim susub zindan rəisinin razılığını gözləyərkən, rəis əli ilə onun danışmasına işarə verdi: – İki gün əvvəl qonşumuz ağeyi Müslümün oğlunu da edam etdilər, molla ağa, – tək göz mollanı göstərib, – yaxşı tanıyır, atası güllənin pulunu ödəyib oğlunun cəsədini evinə apardı.

– Sənin qızına güllə atılmayıb! – Rəis güllə haqqı söhbətinə yekun vurmaq istərkən Allahkərim sual etdi.

– Bəs?..

– Asılıb!

– O zaman kəndirin haqqını ödərəm…

– Hə, qonşu, sən işi işə qatma! – Təkgöz molla təsbehini çevirə-çevirə zindan cəngəlliyində azıb qalmış qonşusuna yol anlatmaqdan ötrü söhbətə qarışdı. – Ağeyi Müslümün oğlu Allaha asi deyildi, gözümün qabağında, – o, əli ilə edam olunanın balacalığını təsvir etdi, – böyümüş məhəllə uşağı idi.

Əsl müsəlman – oruc tutub, namaz qılan uşaq idi, amma ki, şeytan azdırmışdı onu… Bu ağalar, – otaqdakı pastarları başı ilə göstərib, – sağ olsunlar, ona düz yolu göstərdilər. Tez edam etdilər ki, daha bundan artıq günaha batmasın. Bir adam əgər, erkək, dişiliyin bura dəxli yoxdur, gəl ki, o kafirlərin yolu ilə gedə,

şurəvilərə satılıb kommunist ola, o başqa məsələ… Gərəkdi, onun meyiti qurda-quşa yem ola…

İnanmaq olmazdı kor molla qolu ilə göz yaşlarını silən Allahkərimə ürəyi yandığından edamdan sonrakı məhbusun həyatının incəliyini danışmaqdan çəkindi. Sadəcə, bəlağətli nitqini davam etdirmək üçün lazımi münasib kəlmələri tapa bilməyib hıqqanırdı.

– Ağa…

– Nədi?

– Ağa,..

– Eşidirəm, indi hansı əhdini xahiş edəcəksən? – Rəis ürək oxuyan adam kimi sanki edam olunmuş məhbus atasının hansısa bir xahiş edəcəyini nağd etmişdi.

– Olar onu görüm?

Sol əlinin arxası ilə nəmlənmiş gözlərini silən ata qızım demədi, yalnız üçüncü şəxsin təkində olan kimsəni görmək arzusunu bildirdi. Rəis onu ilk dəfə görürmüş kimi başdan ayağa süzüb, susdu.

– Ağa!

Bu möcüzə olardı, əgər rəis “olar”- desəydi. Gözlədiyimiz kimi, heç bir gözlənilməzlik və möcüzə reallaşıb kimsəni çaşdırmadı.

Allahkərim bir də ağa deyib, rəisi narahat edəndə:

– Nə gözləyirsən? – Sualını eşitməli oldu. Qız atasının xahişini sualla qarşılaşdıran zindan rəisi onu zəhmli baxışları altında əzməkdə davam etdi.

– Yalnız bir dəfə… – Yalvarışlı səslə Allahkərim şəhadət barmağını havaya qaldırdı.

– Mən sən düşündüyün qədər də qəddar adam deyiləm! -deyən rəisin cavabı Allahkərimə üz verdi.  -Ağeyi Allahkərim, kimsə bilməsə də, mən şahidəm ki, sən pis adam deyilsən. İmama sadiqsən, mömünsən! Lənət olsun, sənin papağını yerə soxan övlada, üzünü qara edib. Haqqına qalsa, mən də bilirəm, sən buna layiq deyilsən…

Təkgöz molla əli ilə qonşusunun halını onun özünə nişan verəndə kövrəlmiş Allahkərim sol əlinin dalıyla gözlərindən axan yaşı növbə ilə sildi. Ona qəhmər çıxanın tapıldığından idimi, ya nədəndirsə, o ürəklənib yalvarışını davam etdirdi.

– Bircə dəfə onu görüm.

– Kişi, sən nə düşünürsən? Sən tək imanlı bir adam kafirləmi görüşəcəksən?

Qız atasının hardan cürət tapdığı məlum olmadı:

– Vidalaşım, vəssalam…

– Hııı… vida edəcək…   

      Sözünü qurtarar-qurtarmaz birdən kəsib Allahkərimə ani göz  atdıqdan sonra irişən pastarlara tərəf çönərək quru səslə göstəriş verdi: 

       – Bu binəvaya yolu göstərin çıxıb getsin!  

  Asta tərpənən Allahkərimin arxasınca baxıb başını yelləyən rəis: – Bədbəxt  oğlunun lap əlhəmi çaşıb e… – öz-özünə donquldandı.     

      Əlini havaya qaldırıb bağlı qapını göstərəndə son dəfə zindan həyətində Fatmaya işgəncə verən gənc pastar qabağa düşüb qapını açdı.   

        Ayətullah Xomeyninin şəxsi lüğətinə əsaslananda, o indi  Allahkərimin təzə qohumu, daha dəqiq desək, bir babasının seyidliyinin verdiyi limitsiz imkanla qanuni halalca kürəkəni  hesab olunacaqdı. Əla fürsət əlinə düşmüşdü, molla gecikirdi, fürsəti əldən verməmək üçün inqilabda imamın qələbəsindən  ötrü özünü şəhid etmiş babasını qiyabi olaraq seyid elan etdi. 

Zindan rəisinin inanıb-inanmamasının mətləbə dəxli olmayaraq  imkanı əldən buraxmaq istəyi yox idi. Nə heyif ki, gözlənilmədən  inqilabın geniş üfüqü rəisə ondan artıq imkan verdi, çəkinmədən  iki babasının qureyşi tayfasından olduğunu bildirməklə özü öz siğəsini Fatmaya oxudu. Əslinə qalsa, qanunsuz bir iş  görməmişdi. Məqsədinə çatmaqdan ötrü bütün vasitələrdən çəkinmədən bəhrələnmək labüddür düşüncəsini onların iş və  məişət həyatına yeritmiş imama təşəkkür hissi ilə tez-tələsik, əlbəttə, mollanın qəfil peyda olacağı qorxusunun təsirindən  siğəsini oxudu. Bununla da, sığə və təcavüz əməliyyatını 

ard-ardından reallaşdırdı. 

    Rəisin işarəsinə ilk reaksiya verib canfəşanlıq edən son dəfə  zindan meydançasında Fatmaya əlli şallaq vuran pastar idi. Digər bir pastar isə onun ardınca dərhal ayağa qalxıb başını aşağı salmış qız atasını zindandan öturmək üçün addım atdı. Kişi əlindəki torbayla durduğu yerdən tərpənib qapıya üz tutanda  rəis yarı istehza, yarı qəzəblə dodaqlarını büzüb:     

      – Torba qoy qalsın! – dedi.     

    Zindan rəisinin otağına girəndə başından çıxarıb və şirni  paylayarkən qoltuğunun altına dürtmələdiyi papağını unudub, qızının gözaydınlığı şirnisini qaytarıb rəisin masasının üstünə  qoyarkən onun qoltuğunun altından necə sürüşüb düşdüyünün fərqinə varmadı. Allahkərimi arxasınca izləyən pastar isə  qabağa, qapıya doğru düz getdiyindən bu an tapdayıb üstündən keçdiyinin papaq olduğunu çox güman ki, hiss etmədi. Bir gecədə beli əyilmiş qız atası özündən sonra zindanda xatirə kimi iki nişanə qoyub getdi. Lakin bu nişanələrin heç biri zindan üçün uzun xatırlanacaq əlamət deyildi. Şirnini bir dəfəyə yeyən pastarlar papaq yiyəsinin bir daha onun ardınca gəlməyəcəyini yəqin etdiklərindən, bu nimdaş əşyanı qapı arxasındakı zibil qabına tulladılar…    

     İtən əşyalara cavabdeh olmayan zindan işçilərinin cavabdehliyi yalnız inqilab üçün qorxulu olan məhbusların zindandan qaçmamalarına idi. Papaqları başsız qoyub, papaq sahiblərini ailələrinə qaytarmayan pastarlar papaqlarını öz əli ilə atmışların məsuliyyətini daşımağa borclu deyildilər! “Ölkə o

zaman inkişaf tapar ki, hər kəs öhdəsinə düşən məsuliyyəti hiss etsin! kimi inqilabın ana şüarını unutmuşların ucbatından qabağa getmirik!”- deyən inqilab keşikçi əsgərləri bunu xalqa dönə-dönə təkrarlayırdılar. Lakin doğmanı itirmək həyəcanının yüksək olması nəinki insanın məsuliyyətini, bəzən hətta inqilab kimi böyük anlayışın özünü də unutdura bilirdi.  

      ​ Saatlı Məsciddən Urmiyə üzərinə yayılan azan səsinin bitməsinə məhəl qoymayan Allahkərim zindandan qayıdandan bəri artıq bir saat olardı ki, lal-dinməz bayır qapısının kandarında oturub gözlərini naməlum bir nöqtəyə zilləmişdi.

Qəfildən yadına düşdü səhər evdən tez-tələsik çıxdığından balıqları yemləməməsi. Əlini yerə dirəyib taqətsiz ayağa qalxanda zindandan əlinə verdikləri qızının düyünçəsi açılıb yerə töküldü.

Ata əlləri titrəyə-titrəyə əşyaları yığıb sinəsinə basanda qızının göz yaşları ilə islatdığı şalını acgözlüklə qoxulayıb ciyərlərinə çəkdi. O, dəhlizdən akvariumu alıb küçəyə çıxan an ilk göz-gözə gəldiyi tək göz molla oldu. Təbii ki, molla bağlı qapı arxasında durub, çoxdan axtarılmasına baxmayaraq, ələ keçməyən İsgəndərin Fatmanın başsağlığına gələcəyini güman etdiyi üçün qonşusunun evini güdürdü.

     – Xeyir ola, qonşu, nə tələsik işdir? – Balıqlara dörd gözlə baxan mollanın sualı cavabsız qaldı.

      Allahkərim küçə ilə üzü aşağı kimsəyə məhəl qoymadan yavaşaddımlarla irəliləyirdi. Yolda-rizdə qarşısına çıxan hər kəs ayaq saxlayıb onun anlaşılmaz hərəkətlərini gözdən qoymurdu. Qara Balığın qadağan olunduğu bir ölkədə bu balıqlarla günün günorta çağı uzun yola çıxmış adam həm də cəsur ürək sahibi kimi  izləyicilər tərəfindən gizlincə alqışlanırdı. O, keçmiş zoomağazanın qapısına çatanda ani ayaq saxlayıb, diqqətlə içəri baxdı. “Ata, bunu, bax, bunu deyirəm!” Fatmanın akvariumda ən cəld üzən Qara balığı gözdən qoymamasını bir film lenti kimi xəyalında canlandıdrdı. “Bəs, ikinci?” Rza Səbri ağa balığın cüt olmasının vacibliyini uzun-uzadı qıza nağıl etmişdi, o üzdən Fatma ikincini axtarırdı, amma tapmaqda çətinlik çəkirdi. Birinci balığa tay olacaq qıvraq üzən balıq gözə dəymirdi. Balıqların tənbəl görkəminə Rza Səbri ağa haqq qazandırdı: “Təzəcə yemləmişəm, ağırlaşıblar, üzə bilmirlər. Bir də isti havada bunlar

üzməyi sevməz.” “O zaman ikincini balıqlar ac olanda gəlib alarıq!” – Fatmanın zaman təyini atasını necə güldürmüşdüsə, indi də o anı xatırlayanda kişinin qanı anidən duruldu. Köks ötürdü. Onu dükanın vitrin pəncərəsindən müşahidə edən satıcı əlindəki akvariumdan balıqları tutmaq üçün istifadə etdiyi kəpənək toru ilə özünü bayıra atanda Allahkərim dal-dala çəkildi. Addımlarını yeyinlədib ordan uzaqlaşdı. O, Urmu gölünün sahilinə qədər beləcə heç kimsəyə məhəl qoymadan, nəfəs dərmədən Qara Balıqlarla baş-başa qaldı. Akvariumu əyib suyu ilə birgə balıqları suya atdı. Bəlkə də istidən idi onlar böyük dəryaya düşdükləri an üzüb uzaqlaşmağa cəhd etmədilər.

Allahkərim onlarla vidalaşırmış kimi əlini suya salıb şappıldatdı, balıqlar hərəkətə gəldilər. Balıqlar dərya kənarından ümmanlığa üz tutana qədər o bir xeyli onların arxasınca səssiz-səmirsiz baxdı. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir