21 Kasım 2024

HEKAYƏ

       

      Molla soyunmağa başlayanda Fatma utanıb üzünü ikiəlli möhkəm qapadı, o, ömründə ilk dəfə gördüyü çılpaq kişi vücudundan üşənib utanırdı. Bəlkə də, o hələ uzun müddət gözlərini açmayacaqdı, əgər suyun şappıltısı qulaqlarına dəyməsəydi. Gözlərini açanda mollanı qarşısında görmədi, amma evin döşəməsində su göllənib dururdu və qız dizə qədər suyun içindəydi. O, cəld çevrilib səs gələn səmtə baxanda akvariumda üzən molla onun sevimli qara balıqlarını tutmağa cəhd edirdi. Balıq qoca həpəndi ustalıqla aldadıb ona yaxın gəlir, amma gözlənilmədən çevik burulmaqla sivişib onun yan-yörəsindən qaçırdı. Molla inadından dönənə bənzəmirdi, iki əlini yan-yana tutub suyun altında tor kimi süzürdü, balıqsa gah o torun yuxarısından, gah da aşağısından üzüb aradan çıxırdı. Mollanın əsəblərinin gərildiyi uzun bığlarını dişləri arasına alıb sıxmasından bəlli idi. O çeynədiyi bığlarını qəfildən buraxıb balığa hədə-qorxu gəlməyə başladı:    

      – Tutacam! Dərya deyil ki, üzüb dibsiz dərinliyə gedəsən.    

     O iki əlini bir-birindən ayırmadan barmaqlarını bir-birindən aralayıb torun həcmini böyütdü.   

       – Hara qaçacaqsan? Məgər görmürsən, indi dəryanın külli-ixtiyarı mənim əlimdədir?!   

     Balıq sakit üzürdü, sanki bu sakitliyi ilə mollanın gərilmiş əsəblərini tarıma çəkməyə cəhd edirdi. Baxmayaraq mollanın bütün bədəni akvariuma zorla sığırdı, hələ üstəlik əbasının ətəkləri şüşə qabın kənarlarından sallanırdı, lakin o böyük bir şövqlə balığın arxasınca sürünürdü. Balıq onun ayağının altındakı boşluqda duranda Fatmanın ürəyi hövl edib ağzından çıxacaqdı. Qız elə zənn etdi, molla ağır ayağını suyun dibinə basıb bir anda balığın ödünü partladıb onu öz zəhəri ilə öldürəcək. Balıq gözlənilməz manevr ilə qızı sevindirdi, o mollanın qılçalarının arasındakı boşluqdan məharətlə irəli şığıdı.   

      – Tutsam, buraxmayacam!   

     – Bilirəm…    

     Suyun əsl sahibi qəfildən danışmağa başlayanda molla diksinib yeganə silahı olan torunu öz əlləri ilə söküb atdı, əlbəttə, çaşqınlıqdan…   

      – Sənin dilin də varmış… – Molla heyrətini gizlətmədi. – Onda bir an yerində dur söhbət edək!   

      – Söhbət?    

      – Hə də, sənə sözüm var!   

      – Gəl, elə üzə-üzə danışaq!    

      – İnsafın olsun, mən qoca adam, üzməyi bacarmıram… – Xırda varlığı yola gətirməkdən ötrü molla yalvarışlı səslə pıçıldadı.    

      – Dayana bilmərəm!    

      – Niyə?    

     – Mən dayanıb duranda ölürəm.    

     – Mən də suda çox qalsam, ölərəm.   

      – Onda suya niyə girdin?   

      – Səni yaxından görməyə!   

      – Aldadırsan, tutub yeməyə!   

      – Səhvin var, səhvin var, ey allahın yaratdığı cırtdan varlıq!   

     Suyun ekologiyasını molla tor süzəndə korlamışdı. Balıq canını danılmaz yırtıcının əlindən qurtarmaqdan ötrü gahdan suyun dibinə baş vuranda molla da onun ardınca tor süzüb akvariumun yerinə çökmüş canlıların ifrazatını yuxarı qaldıraraq antihəyat tədarük etmişdi. Çünki, o, suyu bulandırmaqla lilli suda xırda varlığı əldə edəcəyinə əmin idi. Balıq təngnəfəs olub suyun üzərinə qalxdı, nəfəs alıb-verdikcə ağzından çıxan hava şarları suyun üzərində sıralanıb düzülürdü. Axırıncı su şarı yumurlanıb böyüyəndə əvvəlkilərdən biri astaca partlayıb, dağılıb, yox olub suda itirdi.    

      – Əgər yeməyəcəksənsə, bəs niyə tutmaq istəyirsən? – Zavallı canlı mollanın niyyətini anlamayıb sadəlövhcəsinə sual etdi.   

 Molla saqqalına və dodağına yapışmış yosunu tüpürməklə kənar edə bilmədiyindən əlini qaldırıb dartıb onu özündən ayırdı. Əlbəttə, dişlərinin arasında sıxıb, dadı xoşuna gəlmədiyi üçün qarnına ötürməyə yaramadığından onları təkrar suya atmalı olmuşdu. Mollanın qəfil onu tutacağından ehtiyat edən balıq qabağa sıçradı. Çünki molla yosunu dartıb atanda əli balığın arxasında göründü.    

     – Edam edəcəm! – O, əsl niyyətini etiraf etməkdən çəkinməyib içini dağıdan hikkəsini bomba kimi partlatdı.   

 Balıq qəh-qəhə çəkib güldü. Molla onu axmaq yerinə qoyan su varlığına necə qəzəbləndisə ikiyə bölünmüş torunun hər iki tərəfini yumurlayıb suya var gücü ilə iki yumruq çırpdı.   

      -Yemədiyin bir şeyi öldürmək nəyinə lazımdır?   

      Molla əbasını götürüb dəli bir çılğınlıqla akvariumu süzməyə başladı. Fatma üşəndi… Balıq indi heç yerdə gözə dəymirdi, lakin molla əvvəlki inadından nə dönürdü, nə də canlını ovlamaq ehtirasından əl çəkirdi. Səbr kasası daşmış molla qəfildən sudan dik qalxıb bayıra hoppandı. O, akvariumdan dik qalxarkən onun piyli, həndi-hamar vücüdü suda tufan qoparıb suyun bir hissəsini də özü ilə bərabər döşəməyə tökdü və bu zaman onunla birlikdə qara balıq da sıçrayıb yerə düşdü. O suya girərkən akvariumun yanına tolazladığı əmmaməsini götürüb başına qoydu. Kişinin anadangəlmə çılpaq olduğunun fərqinə varan Fatma dəlicəsinə çığırdı. Qız öz səsinə yuxudan oyanıb çarpayıdan döşəməyə atıldı. Ayağının birini qaldırıb, o birini yerə qoydu. Döşəmənin qupquru olmasına inana bilmədiyindən bir əli ilə gecə donunun ətəyini qaldırdı. Ola bilməz, bu o molla idi, keçən gün müəllimi Əlirza Şükrü Əfşarın məktəbdən aparılması xəbəri yayılandan sonra qara müşəmbəyə bürünmüş Quranı qoltuğuna vurub məktəbə gələn… Və bundan sonra uşaqlar arasında pıçhapıç danışıqlar başladı ki, məktəbə yeni gələn müəllim şəriət dərsi keçəcək. Amma bu müəllimin yalnız oğlanlar üçün göndərildiyi pıçhapıçdan az keçməmiş hər kəsə bəlli oldu.   

      Baxmayaraq ayaqları suda islanmırdı, amma qızcığaz yenə suda gəzirmiş kimi gecə köynəyinin ətəklərini əlinə yığaraq qapıdan çıxıb düppədüz dəhlizdəki akvariumun yanına getdi. Gecə yuxusuna girmiş balıqlar akvariumun dibinə yaxın bir yerdə yan-yana durub “uyuyurdular”. O ayın pəncərədən dəhlizə süzülən işığı altında balıqları saydı. Qara balığın erkəyinə Doqquz adı vermişdi, onun dişi tayını Altı adlandırmışdı. Akvariumunsa adı Buta idi, Altı ilə Doqquz birləşəndə vahid dairəni tamamlayırdılar. Doqquz gecə idi, Altı gündüz! Doqquz qaranlığın nişanəsi idi, Altı işığın! Bir-birlərinə yaxın düşəndə gün bitirdi. Səsə ayılan atası alt tuman-köynəkdə dəhlizə çıxanda Fatma yenidən çığırmağa başladı.    

      – Qorxma, qızım, qorxma, mənəm!   

      Fatma akvariumu yerindən qaldırıb sinəsinə basaraq dal-dala çəkilib divara qısıldı.   

      – Ehtiyatlı ol, sındırarsan! – Allahkərim kişi qızını sakitləşdirməkdən ötrü ona dil tökdü. O yaxşı bilirdi ki, qızının itriməkdən qorxduğu yeganə varlıq bu balıqlardır.   

      – Yaxın gəlmə!    

     Allahkərim addımını saxlayıb yazıq-yazıq qızını süzdü.    

-Balıqlarımı oğurlaya bilməzsən!    

-Gözəl qızım, bu evimizin balıqlarıdır, onları niyə də oğurlayım?   

        -Sən bu evə aid deyilsən!   

       – Qızım, mən sənin atanam…   

       Fatma duruxdu, qarabasma çəkildi, bayaqdan onun gözünə görünən Allahkərimin əynindəki əba öz-özündən döşəməyə düşdü, qızsa müvazinətini saxlaya bilməyib akvarium da əlində divar dibiylə sürüşüb yerə oturdu.Molla simasında gördüyü adamın öz doğma atası olduğunun fərqinə yalnız indi vardı. Kişi yaxına gəlib onun yanında oturub qızının başını dizinin üstünə qoydu:   

       – Allah, özün dadıma çat, qızımın içinə cin girib! – Qızının sakitləşməsindən ötrü dua oxumağa başladı.    

      – Yox.., – Fatma başını atasının dizi üzərindən götürüb ona anlaşılmaz bir tərzdə nəzər saldı.    

      – Yuxuma molla girib…   

      Bu hansı molla idi? Onlar zoo mağazadan balıq alarkən rastlaşdıqları molla, yoxsa gerçəkdən məktəbə gəlib Əlirza Şükrü Əfşarı əvəz edən? Bəlkə də çəpərin o üzündəki? Qonşuları kor mollanın bu gecə akvariumda tor süzdüyünü dəqiqləşdirə bilmədiyini atasına nağıl edəndə:    

       – Yuxu gerçək olmaz, qızım, sakit ol! – Allahkərim hər vəclə qızını sakitləşdirməyə cəhd edirdi.   

      Fatma yenidən başını atasının dizinin üstünə qoyub:   

       – Amma molla var… – məyuscasına pıçıldadı.    

      O, yenidən başını qaldırıb atasının üzünə mənalı-mənalı nəzər saldı.   

       – Əmin ol, qızım, mən yuxuna girən deyiləm!   

      Hər ikisi gülümsədi, qız atasını qucaqlayıb:   

      – Onlar üçü də eyni adamlardır…, – dedi.   

      – Nədən belə düşünürsən, özün də bilirsən ki, indi mollanın sayı göydəki ulduzun sayından qat-qat çoxdur. Niyə ancaq  üç adamı qaralayırsan?   

       Qız bir müddət susanda güman etmək olardı, atasını haqlı sayıb cavab vermək istəmirdi. Lakin bu susqunluq çox çəkmədi, o udquna-udquna danışmağa başlarkən yenidən atası dilləndi:   

      – Dur! Dincəl, mən sənə su gətirim.   

      Allahkərim kişi ayağa qalxıb su dalıyca gedəndə Fatma hələ də balıqların sağ qalmasına inanmırmış kimi akvarium şüşəsinin üzərindən balıqların olduğu istiqamətdə barmaqlarını gəzdirirdi.    

      – Al, iç!   

      Allahkərim camda gətirdiyi suyu qızına uzatdı. O, bir qurtum içib camı atasının əlinə verib rahat oturdu.   

     – Məktəbdəki şəriət müəllimi məktəbə qədəm qoyduğu ilk gündən “Qara balığın nağılı”nı qadağan etdi…   

      – Hə, amma bu onun  zoo mağazadakı adam olduğu anlamına gəlmir.   

     – Ata… – Qız səsini qaldırdı:  – Necə yəni gəlmir? Necə yəni gəlmir?   

     – Sakit ol, ağıllı qızım!   

      – Unutdun mollanın satıcıya dediklərini? Bundan sonra qara balıq satılmayacaq! Satıcı: “Bizə belə bir göstəriş verən olmadı.” – dedi. O zaman molla qəzəblə çığırdı: “Bunu mən deyirəm! Camaatın qarnını doydurmaq savabdır…”   

      Onun dediklərini təsdiqlərkən Allahkərim bir neçə dəfə başını yırğaladı.    

      – Haqlısan, qızım, onlar hamısı eyni cür düşünürlər.   

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir