02 Temmuz 2024

            ŞƏHİD KAMRAN FƏRƏCOVU EHTİRAMLA YAD EDİRİK

Varlıq nə deməkdir? Nəfəsmi almaqdır, ya ölənə qədər yaşadığımız müddətdir? Yoxsa, biz öləndən sonra da yaradacağımız səbəblərdirmi? Biz dünyaya ilk göz açdığımız anda bizi var edəcək səbəblər də bizdən xəbərsiz bizimlə doğulur. Böyük əllərdə kiçik bədənlərimiz əldən-ələ keçərkən heç kimin ağlına belə gəlmir ki, indi əlimizdə, ovuclarımızda tutduğumuz bu körpə bədənin köksündə necə bir ürək döyünəcək…

Hamı üçün simvolik mənası olan 14 fevral, 1996-cı ilin bu günü Fərəcovlar ailəsi üçün sonsuz, ucsuz-bucaqsız dünyaya sığmayacaqları tarix oldu. Bu gün, eyni səma altında eyni nəfəsi aldığımız, eyni soyuğu və eyni istini hiss etdiyimiz, hətta bəlkə də bir-birimizi tanımadan çoxumuzun yanından ötüb-keçdiyimiz Kamran Fərəcov dünyaya göz açdı…

 O gözlər ki, 24 ildən sonra əbədi olaraq yumulacaq.

O ürək ki, özünü biləndən Vətən üçün döyünüb, Vətən üçün dayanacaq.

O can ki, işğal tarixi yaşından böyük olan, amma heç vaxt görmədiyi, böyümədiyi torpaqlar üçün qurban veriləcək.

 Kim bilə bilərdi? Sənmi? Mənmi? İlqar atamı? Reyhan anamı? Üç bacısımı? Yoxsa, sevimli yarı Fidan xanımmı? Heç birimiz…

Vətənə ana deməyin bədəli onun qoynuna girə bilməyi də hünər bilmək idi təbii…

Deyirlər, valideyni ölənə yetim, yoldaşı ölənə dul deyilir, bəs  övladı ölənə nə deyərlər, bilinməzmiş..

 II Qarabağ müharibəsində neçə belə hekayələr yazıldı. O hekayələrin qəhrəmanlarından biri Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin üzvü, snayper, baş əsgər, şəhid Fərəcov Kamran İlqar oğludur.  Müharibəyə getdiyini ailəsinə bildirmədi. Amma iştirak etdiyini başqa bir formada ailəsinin qarşısına çıxaraq bildirdi. Ayaqda yox, al bayraqda…

 Tabutundakı al bayraq üstünə kəfən olana qədər o, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut və Şuşada şanlı Azərbaycan bayrağının dalğalanması üçün bütün varlığı ilə döyüşdü. Snayper olduğu üçün sərrastlıqla neçə ermənini  Vətən torpaqlarından birdəfəlik sildi.

Əzmlə, qətiyyətlə və dəqiqliklə!

Bir tərəfdən ermənini məhv edən Kamran, digər tərəfdən “birdən Kamrana nəsə olar” qorxusunu sevdiklərinin canına yeritdi. Bacılarını arxasız, valideynlərini qol-qanadsız, yoldaşı Fidan xanımı isə daim qanayacaq yarayla baş-başa qoydu. Fidan xanım ailə həyatı qurandan sonra itirdiyi atasını, ailəsini Kamranda tapmışdı. İndi isə Kamran gedişi ilə Fidan xanıma bir ailə, Fidan xanımı isə ailəsinə nişanə qoyub getdi bu dünyadan.

 Bu dünyadan ailəsinə, bacılarına dayaq olan, yoldaşı Fidan xanıma dünya olan bir Kamran gəldi keçdi… keçdi Vətən oldu…

24 yaşında, oktyabrın 24-də, Xocalıda, qəhrəmancasına…

                                                                                        

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir