“GÜRŞAD ” romanından bir parçanı oxuculara təqdim edirik. Daxili və xarici düşmənlərin hiylələri ilə dağılan dövlət, mədəniyyəti məhv etmək istəyən toplum, xalqını əsarətdən xilas etməyə çalışan qəhrəman…
O axşam ay erkən doğmuşdu. Atının olmamasına və gedəcəyi yerə çox gecikməyinə heyfsilənirdi. Lakin ondan asılı olmayan səbəblər qarşısında əli-qolu bağlıydı.Hədəfinə tez çatmaq istəyən bir yolçu kimi nə lazımdırsa artıqlamasıyla etmişdi. Göy üzündə bir bulud belə yox idi. Bədrlənmiş ayın narın işığında dağ yamaclarından və kimsəsiz vadilərdən keçərkən, vəhşi heyvanlardan qorunmaq üçün qılıncı əlində tuturdu. Bəbirlərin, çaqqal və qurdların gecə ova çıxdıqlarını bilirdi. Bir adamın bu yad yerdə, üstəlik də günün bu vaxtında tək başına gəzməyi doğru deyildi. Amma artıq yola çıxmışdı. Ona, Ötügendəki təlimgahda ən çətin şəraitdə belə özünü qorumağın yolları öyrədilmişdi. Möhkəm özünə inamı və cəsarəti bir az da buradan gəlirdi. Görəsən, nə qədər getmişəm deyə düşünürdü ki, birdən yaman acdığını və yorulduğunu hiss etdi. Ətrafına baxaraq dincəlmək üçün uyğun yer axtardı. Dağın ətəyini yalayaraq axan cılız bir arxın suyunda əlini -üzünü yuyub bir az dincəldikdən sonra qalxıb yeyilən ot kökləri və çöl meyvələrindən toplayıb qarnını doyurdu. Bir müddət arxası üstə uzanıb dincələrkən gözləri ona baxıb göz vuran ulduzlara ilişib qaldı. Yadına böyük şaman Biçən Bilgənin söylədikləri düşdü. Ulduzlar haqqında çox şey bilən şaman, hərənin göy üzündə bir ulduzunun olduğunu, xaqanların, şadların və tiginlərin ulduzlarının isə digərlərindən parlaq olduğunu söylərdi. Bu uldızlardan bəzilərinin hərdən göyün maviliklərində itib yox olduqları görülürdü. Bax, o zaman bilirdilər ki, düşən ulduzun sahibi uçmağa-cənnətə gedərək Tanrıya qovuşmuşdu. Nənəsi İl Bilgə Xatun, buna sarının maviləşməsi deyərdi. “Sarı ikən mavi olaq, amma bir az gec olaq” deyərkən sarı dünyanın və həyatın, mavi də ölümdən sonrasının və uçmağın-cənnətin rəmzi idi. Sarı və mavilərin dünyasında dəqiqələrlə öz ulduzunu axtarırdı ki, burdən bir xışıltı səsinə daldığı xəyallardan oyandı.Tez qılıncını çəkib ətrafa boylandı. Səs sağ tərəfdən gəlmişti. Belə kimsəsiz yerdə bu saatda quldurların ola biləcəyinə inanmırdı. Onlar, adətən, oba və yolqırağı boylara yaxın yerlərdə olardılar. Buralar , ancaq gündüzlər ov ovlamaq üçün münasib idi. Bəlkə də pələng və ya çaqqaldır fikri ilə səsin gəldiyi tərəfə doğru asta-asta getməyə başladı. Beş -altı addım getmişdi ki, eyni səsi bir də eşitdi. Tez xəncərini çəkib yerə sancdıqdan sonra qulağını söykəyərək dinləməyə başladı. Bəli, kimsə ona tərəf gəlirdi, amma bu qətiyyən insan deyildi. Çıxardığı səslərdən dörq ayaqlı olduğunu sezmişdi. Bəbir, ya da pələng ola bilər fikri ilə yaxınlıqdakı ağaclardan birinə çıxıb ətrafı diqqətlə gözdən keçirdi. Qırılan quru odun çatıltılarına oxşar bir səslə birlikdə at kişnəməsini də eşidəndə təəccüb etdi. İkinci kişnəməylə bərabər səsin öz atından gəldiyini gördü. O heç nəyə bu qədər sevinməmişdi. Axırda vəfalı atı gəlip onu tapmışdı. Tez yanına gedib onun alnını və yalmanını oxşadı. Atın da hərəkətlərindən və çıxardığı səslərdən sahibinə qovuşduğu üçün sevindiyini görürdü. Gürşad, birdən dayandı.Atının Baltarın əlinə keçdiyini bilirdi. Bozqırda yerinə görə at bəzən insandan dəyərli olurdu. Üstəlik də, yəhəri gümüş olan belə cins bir qısrağın başıboş buraxılması ağla batan deyildi. Birdən ağlına gəldi ki, gedib sahibini tapsın deyə Baltar atı buraxıb və özü də yəqin atı izləyir, ona görə də toprağa sancdığı xəncərini yenidən dinləməyə başladı. Qulaqları çox həssas idi, ən az bir fərsəx məsafədəki hərəkəti hiss edə bilirdi. Lakin yer tam mənasında ölü kimi idi. Heç bir səs eşidilmirdi. Əgər Baltar atı izləsəydi, bu qədər uzaqda olmazdı. Təqib məsafəsi üçün dörddə bir fərsəx bəs edirdi. Onda, ola bilsin, necə olmuşsa, at özü qaçıb qurtulmuşdu . Kim bilir bəlkə tale, bəlkə də heç cür görə bilmədiyi parlaq ulduzu ona yardım etmişdi. Hər nə olmuşdursa, artıq olmuşdur. Belə hallarda o qədər də incə əyirib sıx toxumağa ehtiyac yoxdur. Elə o saat ağ köhləninə atlayıb yola düşdü. Saatlarla durub dincəlmədən at çapdıqdan sonra, gecə yarısına yaxın Hanqay dağlarına çatdı. Qaraqurum bu dağların arxasındakı ovada idi. Himalayın qərb uzantısı olan Hanqay dağlarına getmək çox çətindi. Bölgəni Çinə bağlayan ən kəsə yol Huncerap keçidiydi. Keçidin hər iki tərəfində iynə yarpaqlı ağaclarla dolu dağ silsiləsi yüksəlirdi. İstirahət etmədən təxminən üç fərsəx uzunluğundakı keçidi aşıb Qaraquruma çatanda gecə yarısından xeyli keçmişdi. Şərqdəki yeddinci qapıdan şəhərə girdi. Hər qapıda ikisi içəridə, ikisi də çöldə olmaqla dörd dənə növbətçi vardı. Qapıda ona heç bir maneçilik edən olmadı. Rahat bir şəkildə yavaş-yavaş keçib getməyə başladı. Bura Böyük Hun dövlətinin hakimiyyəti illərində kiçik bir yaşayış yeri olsa da, qüdrətli Göytürk hökmdarı Muğanın dövründə şenlənərək yeddi qapılı böyük bir şəhərə çevrilmişdi. Şəhərin bütün var-dövləti ticarətdən alınırdı. Türk, Rum, Tibet, Hind, Soğd, Çin və digər başqa tacirlərin bu şəhərdə anbarları və əlaqə mərkəzləri vardı. Şəhər, uyğurlu memarlar tərəfindən manqal şəklinə oxşaq planlaşdırılmışdı. Bir-birini şaquli kəsən səkkiz prospekt və iyirmi küçə vardı. Binaların əksəriyyəti iki-üç mərtəbəli, kəsmə daşlardan tikilmişdi. Şəhərin şimalındakı qayalıqlarda Qartal yuvasına bənzəyən Borsuq Qalası yerləşirdi. Buranı məşhur uyğur usta-memar Borsuq tikmişdi deyə, elə o gündən bəri onun adı ilə adlanırdı. Qala ilə şəhər mərkəzi arasında hardasa bir fərsəxə yaxın məsafə vardı. Gecə olduğundan küçələr bomboş idi. Qala bürçlərində görünən cılız şam işıqları da olmasa, şəhər tamamilə qaranlığa bürünmüşdü. Özünü çox yorğun hiss edirdi. Atı da ondan betər yorulmuşdu. Nəhəng şəhərin bu səssizliyi, sanki yuxu olub çökmüşdü üzərinə. Qapı növbətçiləri Firuzun işlətdiyi karvansarayın şimal qapısından hardasa yarım fərsəx şərqdə olduğunu demişdilər. Atını o tərəfə sürüb xeyli getdikdən sonra karvansarayın qabağında dayandı. Karvansaray, hərəsi üç mərtəbə olan beş binadan ibarət idi. Binalardan hər birinin uzunluğu ən az əlli qulac idi. Olduqca geniş bir baxçası, anbarı və iyirmidən çox tövləyə oxşayan bir mərtəbəli binası vardı. Firuzun yeri bu baxımdan karvansaraydan daha çok kiçik bir məhəlləyə bənzəyirdi. Burada onu qarşılayan olmadı. Karvansaray sahibinin də, xidmətçilərin də yatdığını fikirləşərək atından düşüb onu eşikdə bir yerə bağlayaraq içəri girdi. Bura yemək yeyilən böyük bir salon idi. Düz qənşərində odu sönmüş bir buxarı ilə orta tavanda böyük bir çilçıraq vardı. Çilçıraq əlli şamlıq olsa da, üstündə heç on dənə də yanan şam olmazdı. Ağ rənglənmiş divarların rəngi his və kirdən bozarmışdı. Görəsən, kim var deyə ətrafına boylanırdı ki, birdən çöl qapısı açılaraq zəif, beli bir az qozbel olan, yorğun üzlü otuz -otuz beş yaşlarında bir gənç içəri girdi:
-Otaqmı istəyirsiniz?
-Bəli.Firuz, sənsənmi?
-Xeyr. Mən köməkçisiyəm,-deyərək müştərisinə maraqlı gözlərlə bir xeyli baxdıqdan sonra:
-Yemək də istəyirsənmi?- deyə soruşdu.
-Hələlik yox. Elə bu vaxt karvansarayçı Firuz üçüncü mərtəbədə pilləkanın başında göründü:
-Xoş gəlmisiniz,- deyərək pilləkandan düşməyə başladı. Gürşad istər -istəməz dönüb ona baxdı. Boyu orta boydan bir az hündür idi . Qısa, qıvrım saçları vardı. Ətrafında tünd halqalar olan kiçik, mavi gözlərindən min bir hiylə oxunurdu. Səsi kinayəliydi və əsla səmimi deyildi. Otuz iki dişini birdən göstərən gülüşü, sanki üzündə saxta bir maska kimi asılmışdı. Qulan Alp onun haqqında “etibarlı adam deyil”, deyəndə hələ az demişdi. Amma o yenə də duyğularına hakim olmalı idi. Burada bir müddət qalacağına görə bu qeyri-səmimi adamla yola getməliydi. Pilləkanlardan düşüb ona yaxınlaşanda xidmətçiyə çəmkirərək:
-Sən atı apar, mən baxaram, -dedi. Sonra da qonağından, -Çoxmu qalacaqsınız?- deyə soruşdu.
-Bir həftəyə qədər,-deyə cavab verdi.
-Tacirsənmi?- Gürşad qərarlı bir səslə:
-Bunları sabah danışarıq. İndi çox yorgunam, yatmaq istəyirəm,-dedikdə, karvansaray sahibinin üzündə saxta bir təbəssüm göründü:
-Baş üstə, bəyzadəm, buyurun otağınızı göstərim,-deyərək qonağını ikinci mərtəbədəki bir otağa apardı: -Bəyim, otağınız buradır. Əgər bəyənməsəniz sabah dəyişdirərəm. Hələlik isə gecəniz xeyrə qalsın,- deyib otaqdan çıxdı. Gürşad çox yoğrun idi. Sadağını, yayını və qılıncını çıxarıb yaxınlıqdakı asqıdan asdıqdan sonra paltarını soyunmadan eləcə divana uzandı. Bir az dincəldikdən sonra qalxıb yuyunaraq rahat bir yuxu yatmaq istəyirdi. Günlərlə at çapdıqdan sonra, yumşaq bir yataqda uzananda nə qədər yorğun olduğunu hiss etdi. Kabus kimi yuxular, əlbəyaxa döyüşlər, nəfəs kəsən təqiblər və at belində keçən o qədər zamandan sonra əvvəlcə bir xumarlandı, sonra isə bu hiss yuxuya çevrilərək onu öz ağuşuna aldı. Rahat bir yuxu yatan Gürşad, oyandığında günəş çoxdan doğmuş, Hanqay dağlarının üstündə bir mizraq boyu ucalmışdı. Yatağından qalxıb oturarkən əvvəlcə bir gərnəşdi. “Nə çox yatmışam” deyə öz-özünə söyləndi. Sonra qalxıb pəncərədən çölə baxdı. Göy üzü parlaqdı. Şimaldan əsən dağ mehi insanın içini üşüdürdü. Çöldə çəpər çəkilməsində işləyən kədərli görkəmləri olan işçilərdən başqa heç kim görünmürdü. Ətraf çox sakit idi. Arada bir it ulamaları, dəvə nəriltiləri və at kişnəmələri eşidilirdi. Əvvəlcə yemək yeyib sonra da On yeddinci tüməni axtaracaqdı.Silahlarını götürmək üçün əlini uzatdığında çaşıb qaldı. Heç biri qoyduğu yerdə yox idi. Sağa-sola baxdı. Silahlarını heç bir yerdə görə bilmədi. Əlini kəmərinə atdı. Heyrət etdi! Kəmərindəki pul və qızılları da yox idi. Əməlli-başlı soyulmuşdu! Cəld geyinib düz tövləyə getdi. Bunları kim və ya kimlər etmişsə, mütləq onun atını da aparmış olardılar. Bütün tövlələri axtardı. Səhv etmirdi. Ağ köhləni də yox idi. Ətrafına baxdı ki, görsün kimsə varmı. Baxçadakı çəpərlər sökülərək yerinə müdafiə divarları çəkilirdi. Qızğın bir tikinti işi gedirdi. İşçilərin hamısı da çinli əsirlər idi. Ayaqlarından bir-birlərinə zincirlərlə bağlanmışdılar. Heç biri ona yad adam təsiri bağışlamırdı. Onlara lap yaxınlaşıb daha diqqətlə baxanda o saat birini tanıdı. Bu, Loyanqlı komandir Minqlaonun adamlarından Yüzbaşı Kaoçe idi. Qalın bir səslə, “Yüzbaşı Kaoçe!” deyə çağırdı. Səsin gəldiyi tərəfə baxan yüzbaşı Gürşadı görən kimi tanıdı. Əsir bir xalqdan olduğu halda onu çox bəyənirdi. Çində mötəbər bir mövqeyə qədər yüksəlməsi bəzilərini narahat etsə də, amma o Gürşadın buna haqqı olduğuna inanırdı. Buraya bir orduyla gəldiyini zənn edib yorğun üzündə bir ümid işartısı göründü. Məcburi bir gülümsəmə ilə cavab verdi:
-Xoş gəlmisiniz, komandanım.
-Xoş gəldik, amma heç də xoş görmədik. Bu nə gündür belə?
-Gördüyünüz kimi budur, biz əsirik.
-On yeddinci tümənin hamısı əsir düşüb?
-Xeyr. Beş-altı min adam dağlara qaçdı, bir qismimiz də əsir düşdük.
-Sayınız nə qədərdir?
-İki min olar.
-Kimin əsirisiniz?
-Məbədin.
-Məbədinmi?
-Bəli.
-Hansı məbədin?
-Kobra məbədinin.
Gürşad dayanıb fikirləşməyə başladı. Bu adı eşitmişdi. Gokarma adlı Tibetli bir sehirbaz tərəfindən Çin -Tibet sərhəddindəki Assamda qurulan, qəsb, soyğun və cinayəti özlərinə peşə edən bir təriqət idi bu. Qurduqları kobra fermasında becərdikləri müxtəlif dərəcəli zəhərləri dünyanın hər tərəfinə satırlar. Məbədin kobra adlanması da bununla bağlıdır.Onları Çinin tanınmış xanədanlarından Suilər dəstəkləyirdi. Ço və Tanq xanədanlarının yüksək təbəqəsindən çoxunu öldürmüşdülər. Hamı bu cinayətlərin arxasında Suilər olduğunu bilir, lakin heç kim heç nə etmirdi. Axırda Tanq xanədanı güclənib Çin birliyini yaradanda bunları ordu gücünə bölgədən çıxardı. İmperator istəsəydi hamısını öldürdə bilərdi, amma sehirbaz öldürməyin uğursuzluq gətirəcəyinə inandığından yalnızca sürgünlə kifayətlənmişdi. Sehirbazlar, o gündən bəri Himalayın qərbindəki dağlıq bölgəni özlərinə məkan ediblər. Bu dəfə ən böyük dəstəyi Bizansdan almağa başlamışdılar. Bizans, İpək Yoluna nəzarət edə bilmək üçün Sasanilərə və bölgədəki müxtəlif boylara qarşı onlardan istifadə edirdi. Məbəd öz gücünü sehirdən , yaşadıqları ərazinin mövqeyindən, dövlətlər, boylar və millətlər arası güc tarazlığından alırdı. Onlar dövlətlər arasındakı məsələlərdən istifadə və onları idarə etməkdə, eləcə də yeni məsələlər yaratmaqda əslində çox bacarıqlı idilər. Çin, Tibet, İran və Bizans kimi güclər ən xırda məsələlərdə birləşə bilsələr, bu cinayət yuvasını çoxdan yox edə bilərdilər. Amma hamısı da İpək Yoluna özü təkbaşına nəzarət etmək istədiyindən heç cür razılığa gələ bilimirdilər ki, bu da məbədin xeyrinə olurdu. Sözün qısası, məbəd, dövlətlər və boylar arası gərginlik və düşmənçiliklərlə bəslənirdi. Kobra məbədi haqqındakı bilgilərini yenidən xatırlayan Gürşad, çinli yüzbaşıdan:
-Bu karvansaranı da məbədmi işlədir?- deyə soruşdu.
-Xeyr, biz burada muzdla işləyirik.Bunu eşidən Gürşad heyrət etdi:
-Məbəd sizi muzdlamı işlədir, yəni?
-Bəli.
-Təbii ki, həm sizin alacağınız muzdu da karvansaray sahibi məbədə ödəyir.
-Elədir ki, var.
-Heyrət etdim, doğrusu, əsirləri kənarda pulla işlətmək həmişə gördüyümüz bir şey deyil.
-Haqlısınız, amma təəssüf ki, vəziyyət belədir.
-Yaxşı, bəs, fidyə ödəmək istəyənlər nə edir?
-Məbəd elə bir haqq tanımır. Yüzbaşı Kaoçe ümidlə,
-Çoxsunuzmu, komandanım?-deyə soruşdu. Gürşad, ona ümidlə, komandanım deyən yüzbaşıya:
-Xeyr, mən tək gəlmişəm,- deyəndə yüzbaşının üzündəki sevinc dalğası yarımçıq qırılaraq yox oldu. Dərin bir qəmə qərq oldu. Çarəsiz bir səslə, “Komandanım, Çinə qayıdıb imperator həzrətlərinə deyin ki, buraya bir ordu göndərsin.
-Elə mən də onun əmriylə gəldim. Vəzifəm on yeddinci tüməni Çinə aparmaqdır.
-On yeddinci tümən deyə bir şey qalmadı, komandanım.
Gürşad bir az qabağa baxıb düşündü:
-Yaxşı bəs, onlara nə oldu?
-Onlar dediyiniz, cəmi beş -altı min nəfər idi, ac- susuz və pərişan bir halda dağ yolu ilə Çinə getməyə çalışırdılar. Yorğunluqdan yolda yıxılıb qalanları da məbədin gözətçiləri toplayıb geri gətirir.
-Məbədin hərbi gücü təxminən nə qədərdir?
-Yaxşı təlim görmüş beş min nəfərlik atlı birlikləri var.
-Bunu dəqiq bilirsən?
-Əlbəttə. Onlar çox yaxşı müdafiə olunurlar, iyirmi min adam ilə gəlsəniz belə onları o qaladan çıxarda bilməzsiniz. Üstəlik də, isitifadə etdikləri hücum alətlərinin hamısı zəhərlidir.
-Qalanı kim idarə edir?
-Başlarında Alanqoya adlı bir qadın var. Qurdun, quşun, otların və ağacların dilini bilir, hansılarda zəhər və panzəhər olduğunu ondan yaxşı bilən yoxdur.
-Orduları Alanqoyamı idarə edir?
-Xeyr, ordularını Aparan adlı avar əsilli bir sərkərdə idarə edir.
-Avarların Qaradənizin şimalından o tərəflərə getdiklərini eşitmişdim.
-Hələ hamısı bu deyil, bəzi boyları Şimali Çinə və Koreyaya yerləşdilər.
-Məbəd istəsə adamlarını göndərib qaçanları tutdura bilər, niyə tutdurmadığı haqqında bir fikrin varmı?
-Onların, qaçmaq istəyərək səhv yola düşdüklərini və tezliklə geri qayıdacaqlarını bilirlər. Həm də Asma qayalıqlarla gedib Baldıran düzünə enəcəklərini də bildiklərindən, pusqu qurub orada gözləyirlər.
-Bir əsir olaraq bu qədər dolğun məlumatı necə əldə edə bilmisən?
-Komandanım, mən imperatorun kəşfiyyat zabiti idim, unutdunuzmu?
-Qətiyyən unutmamışam . Bu cəhənnəmdən qurtulub Çinə qayıdanda imperatora bu xidmətinizi deyəcəm.
Yüzbaşı, Gürşadın saraydakı hörmətini bildiyindən ona mehribanlıq göstərməyə çalışdı:
-Sağ olun, komandanım, mən sizin igid bir döyüşçü olduğunuzu bilirəm. Amma yalnız olduğunuz üçün bu işdə çətinlik çəkəcəyinizi də bilirəm.
-Haqlısın yüzbaşı, təəssüf ki, təkəm. Başqa yardım da gəlməyəcək. Əgər soyuqqanlı olub mənə yardım etsəniz hamımız buradan sağ -salamat çıxıb gedə bilərik.
– Bunu necə edəcəksiniz?
-İndi dediklərimə yaxşı qulaq ver. Zəncirlərinizin açarı kimdədir?
– Dorjedə.
-Dorje də kimdir?
-Dorje, bizim üstümüzdə durandır. İndi içəridə yemək yeyir. Qabaq başlı, sarı geyməlidir.
-Karvansaray sahibi Firuzu axtarıram, onu buralarda gördünmü?
-O içəridədir, komandanım. Nəsə bir şeymi var?
-Eləmi, mən görə bilmədim. Diqqətli baxmamışam demək. Yüzbaşı narahat olmuşdu:
-Bir narahatlıqmı var, komandanım?
-Elə bir şey deyil, indi həll edərəm. Bir azdan gəlib zəncirlərinizi açacağam. Digər yoldaşlarına da de, hazır olsunlar.
Yüzbaşının ürəyinə bir rahatlıq gəldi. Üzündəki ümidsizlik dalğası yox olmuşdu, ancaq yenə də içində bir həyəcan vardı. Gürşada baxıb:
-Komandanım, bir şey soruşmaq istəyirəm ?
-Nə soruşacaqsan?
-Buradan sağ -salamat çıxa biləcəyimizə, doğrudan da, inanırsınızmı?
-Qəti olaraq inanıram, indi mən karvansaraya gedirəm, amma yenə gələcəm. Yüzbaşı, yanından gedən Gürşadın özünə inamına və cəsarətinə heyran qalıb onun arxasınca uzun-uzadı baxaraq, özünü saxlaya bilməyib “cəsarət dəlisidir” dedi.
Gürşad yeyin addımlarla karvansaraya doğru gedərkən Firuzun nə deyəcəyini fikirləşirdi. İçəri girib ətrafa baxdı. Nə Firuzu, nə də dünən gecə atını verdiyi qozbel xidmətçini gördü. Mətbəxdə iri cüssəli, sağlam vücudlu üç adam vardı. İkisi saçsız, biri uzun saçlı idi. Başları öz işlərinə qarışmışdı. Yerdən təxminən altı qarış yuxarıdakı şərq süfrələrində isə on nəfərdən çox tacir geyimli adam yemək yeyirdi. Qapının düz qabağında, mətbəx masasına yaxındakı süfrədə beş nəfər otururdu. Bellərində qılıncları, qurşaqlarında qəmələri olduğundan bunların tacir olmadıqları dəqiq idi. Həm yemək yeyir, həm də mətbəxdəkilərlə söyüş söyərək zarafatlaşırdılar. Adamlardan heç birinin üzündə xoş ifadə yox idi. Etibarlı adam olmadıqları üz gözlərindən oxunurdu.Aralarında ən boşboğazı da sarı jiletli olan dəstə başcısı idi.
Gürşad olduqca soyuqqanlı görünürdü.Heç nə olmamış kimi dəzgaha yaxınlaşdı.Burada üç adam var idi.Nəyisə torbalara doldurmağa çalışırdılar.Ən başdakı qaşqabaqlı adam sakit bir dillə yırtıcı baxışları və uzun saçları olana “İşin avand olsun” dedi.Heç kim ona fikir vermədi.Dəzgahın üstündə böyük mis bir cürdək vardı. Onun qulpundan tutub dəzgaha elə sərt çırpdı ki, əşyalarla torbalar bir-birinə qarışdı.Karvansarayda olanlar hamısı diksinərək dönüb bir-birinə baxanda, dəzgahın arxasında olanlardan uzun saçlı “Nə olub əə!” deyərək qəzəbləndi.Tacirlər, deyəsən uzunsaçlını tanıyırdılar, çünki biz cavan adama yazığımız gələrək baxanda, o özünü heç nə olmamış kimi aparırdı.Ona,-İşiniz avand olsun,- dedik.Uzunsaçlının, sanki qan beyninə sıçramışdı.Hirsindən əllərini yumruqlayıb çənəsinə dirəmişdi.Xırıltılı bir səslə,-Xətanı məndən uzaq elə, a gədə!-deyə bağırdı.Tacirlər də bu bəlaya susayan gəncə mat qalmışdılar.Gənc soyuqqanlı bir şəkildə,-Yox, Firuzu axtarıram,-dedi. Artıq uzun saçlının səbri tükənmişdi.Yumruğunu lap sıxdı, yavaşca sola tərəf çəkiləndə, Gürşad o saat həmləni başa düşdü.Bu adam solaxaydı və sol yumruğu ilə hücum etməyə hazırlaşırdı.O cəld sola əyilib adamın sol qolundan yapışdı, qolu yarımdairəvi şəkildə sağa çevirəndə qırılan sümük səslərini hamı eşitdi.Elə bu vaxt sol əli ilə düşməninin saçından yapışaraq onu bir yun çuvalı kimi dəzgahın arxasından çəkdi. Var qüvvəsi ilə onu sol tərəfdəki iki metr aralıdakı daş divara çırpdı. Burnu ilə dişləri qırılan adam elə olduğu yerdəcə qaldı.Bunlar tez, bir göz qırpımı qədər qısa müddətdə baş verdi.Dəzgahın arxasından bunu görən digər iki adam qılınclarını sıyıraraq cəld irəli atıldılar.Gürşad birinci yaxınlaşan adamın qlınc tutan əlindən yapışdı.Sərt bir hərəkətlə onun biləyini qıraraq, qılıncını alıb özünü də çiynindən aşırıb ikinci adamın üstünə tulladı.Onu atanda iki ağır gövdəli adam dəzgahın yanındakı süfrədə oturan beş kişiyə dəyəndə birdən-birə aləm bir-birinə qarışdı.Tacirlər yerlərindən qalxıb qaçaraq qarşıdakı küçəyə girərək bundan sonra nə baş verəcəyini maraq və qorxu dolu gözlərlə seyr etməyə başladılar.Dəzgahdan kənarda oturan beş adamdan ikisinin də qolu zərbədən qırılmışdı.Gürşad, yerdəki qılıncları alıp özünü qorumağa çalışan üç adamın qabağına keçdi. Rəqiblərinin ayaq və bədən hərəkətlərinə, qılınc tutmaqlarına baxaraq onların döyüş qabiliyyətinin olmadığını anladı. Bunlar hərbi təlim və intizam görməmiş,qol gücünə hər istədiklərini edəcəklərini zənn edən quldurlar idilər.Sol əlindəki qılıncını yerə paralel, sağ əlindəki qılıncı isə tavana şaquli tutaraq solaxay vuruşu edəcəkdi.Təkcə yaxşı təlim keçmiş solaxayların vura bildikləri bu zərbəni solaxay olmayanlar lazımi qədər təlim keçməyiblərsə vura bilməzlər.Bu zərbəni öyrənmək Ötügen təlimgahında onun düz iki ilini almışdı.Rəqibləri ona hücum etmək üçün fürsət axtaranda onların, əslində, qorxduqları da açıq- aşkar görünürdü.Qəfildən üçü də birdən hücuma keçdi.Dizlərini dörddə bir dairə şəklində qıraraq olduğu yerdə tam dairə çəkib fırlananda hər üçünün də qılıncları əllərini ağır yaralayaraq tavana saplanmışdı.Gürşad dönüb tacirlərə baxdı.Hiss etdirməmyə çalışsalar da hamısının üzündən məmnunluq oxunurdu.Deyəsən, onlar bu quldurlardan məmnun deyildilər.Amma yəqin ki, canlarını və mallarını qorumaq üçün susurdular.Gürşad istəmirdi ki, onların bu səssiz sevincləri yox olsun.Buna görə də onlardan Firuzu soruşmadı.Onlar həmişə bu yollarda gəzirdilər.Verəcəkləri cavablar da bəzilərinin xoşuna gəlməyə bilərdi.Həm bu, onlar üçün təhlükəli də ola bilərdi.Dəzgahın yanına gəlib qılıncları ayağı ilə sola itələyib əmr edici bir tərzdə yaralılara ,-gəlin bu divara yaxınlaşın,- dedikdən sonra tacirlərə ,-üzr istəyirəm, sizi narahat etdim, siz yeməyinizi yeyin,- dedi.Yaralılar dəhşət içində idilər. Belə şey görməmişdilər. Eşitsələr belə, bu, inanılası deyildi. Bir tüksüz silahsız gənc səkkiz nəfəri xud-xəşil eləmişdi. Halbuki, bu bölgədə onlardan qorxmayan yox idi. İpək Yolunun xəracını da onlar alırdılar. Lazım olanda bəylər və xanlar onların ziyarətinə gəlirdilər. Ancaq bu adam onlarla pişiyin siçanla oynadığı kimi oynamışdı. Əmri alan kimi kürəklərini divara söykədilər. Bəzilərinin əlləri, qolları, bəzilərinin qabırğaları qırılmışdı. Ona görə də uzun müddət heç kimi narahat edə bilməyəcəkdilər. Deyəsən, ən ağır yaralı olan da ilk hücuma keçən uzun saçlı idi. Gürşad dəzgahın arxasında qorxudan büzüşüb qalan çinliyə sərt bir səslə, -Buraya gəl!- dedi. Çinlinin gözləri qızarmış, rəngi ağappaq olmuşdu. Yerindən qalxaraq hörmətlə əllərini qabağında çarpazlayıb,-Buyur , bəyzadəm- dedi. Gürşad ona diqqətlə baxdıqdan sonra, -Məni tanıyırsanmı?- deyə soruşdu. –Xeyr, bəyzadəm.
-Sən On yeddinci tümənin əsgərlərindənsənmi?
-Bəli.
-Mən sizin yeni sərkərdənizəm. Sizi götürüb Çinə aparmağa gəlmişəm. Nəzarətçidən açarları al, əsirləri aç və Yüzbaşı Kaoçeni də yanıma göndər. Əmri alan əsgər, tezcə açarları götürüb çıxanda Gürşad da dəzgahın arxasına keçib tapdığı bir vedrə suyu uzun saçlının üzünə tökdü. Adam ofuldana-ofuldana ayılıb divara söykəndi. Çənə sümüyü, burnu və qolu qırılmışdı. Çox çətin danışırdı. Ətrafına boylandı. Bura sallaqxanaya dönmüşdü. Uzun boylu qarabuğdayı gənç, bir əlində qılınc bir əlində qəmə olduğu halda ovunu parçalamağa hazır bir pələng kimi pişiklərinə baxırdı:
-İstəsəydim hamınızı öldürə bilərdim, gördüyünüz ki, öldürmədim. Amma bu öldürməyəcəm demək deyil. Suallarıma doğru cavab verib, itirdiklərimin tapılmasına kömək etsəniz, sizə bir xətər toxundurmaram və çıxıb gedərəm,- dedikdən sonra, -İndi deyin görüm, Firuz hardadır?- deyə soruşdu. Nəzarətçi:
-O qədər qalmaqalın səbəbi buydumu?-dedikdən sonra xurd-xəşil olmuş uzun saçlını göstərdi:
-Budur, bax, Firuz! Gürşad mat qaldı.Əgər bu Firuz idisə, onda dünənkü Firuz kim idi? Bir müddət düşündükdən sonra uzun saçlıya tərəf döndü:
-Bu karvansaranın sahibi Firuz sənsənmi? Uzun saçlı inildədi:
-Bəli.
-Mən sizin karvansaraya dünən gecə yarısı gəldim. Özünü Firuz deyə tanıdan yekə dişli bir kişi, yatmaq üçün məni üçüncü mərtəbədəki bir otağa aparanda, onun yardımcısıyam deyən bir qozbel də atımı tövləyə apardı. Sabah oyananda atımın, silahımın və pulumun oğurlandığını gördüm. Gürşad, Firuza bir müddət diqqətlə baxdıqdan sonra davam etdi:
-Səni, hələlik, yaraladım. Əgər mənə fırıldaq gəlməyə çalışsan, onda heç yazığım gəlməz başını kəsərəm, bilmiş ol. Onların oğru olduqlarını, tanımadığını qətiyyən demə. Çünki bunu ağlıma və biliyimə qüsur sayıram. Onlarla ortaq olduğunu bilirəm,- Firuz çətinliklə dikəldi. Masaya dirsəklənərək bir az irəlilədi. Divarda, əslində qapı olan bədənnüma güzgünü yana və içəri itələyərək açılan qapıdan sol əlini uzadıb əvvəlcə silahları, sonra da pulları çıxarıb yiyəsinə verdi:
-Atınız da yanıq dəyirmanın samanlığındadır. Çinli yerini bilir. Ona de, gətirsin. Elə bu vaxt Yüzbaşı Kaoçe içəri girdi. Gürşad ona, -Yüzbaşı, vaxtımız azdır. Karvansarada nə qədər silah, at,yemək-içmək varsa, hamısını götürün gedək.Hə,bir də bir –iki adam göndər, yanıq dəyirmandakı ağ köhləni də gətirsin,- dedikdən sonra, Firuza yaxınlaşdı:
-Bax, Firuz, döyüş döyüşdür, onun böyüyü -kiçiyi olmaz. Sizinlə döyüşdük və mən qalib gəldim. Buna görə də qənimət olaraq mallarını mənimsədim. Siz də mənim əsirimsiniz. Amma mən sizi fidyəsiz olaraq sərbəst buraxıram. Bir etirazınız varmı?
-Yox, igid. Ancaq sənin kim olduğunu bilmək istəyirəm.
-Bunda haqlısan, başımız elə qarışdı ki, özümü sizə tanıtmağı unutdum. Mən Göytürk bəylərindən Gürşadam. Karvansaraydakılar mat-mat bir-birinin üzünə baxaraq, “Gürşad imiş!” deyə pıçıldaşdılar. Nəzarətçi, -İgid, yaman bir bahadır olduğunu eşitmişdim, amma bu qədərini gözləmirdim,-dedikdə, Firuz qırılan çənəsini tutaraq, -İgid, mallarımızı savaş qəniməti olaraq ələ keçirməyinə bir sözüm yoxdur, amma bu malların üçdə ikisi məbədindir,- deyə əlavə etdi. Gürşad ona,-Bir qadına bac vermək sizə yarışırmı?- deyə hirsləndi.O da,-“İgidim, bu adi bir qadın deyil, axı. O, bir sehirbazdır. Silah sehirə nə edə bilər?-deyə cavab verdi. Gürşad öz-özünə , “Görəcəyik” dedikdən sonra eşiyə çıxıb, “Yüzbaşı !”deyərək, Kaoçeni çağırdı.Yüzbaşı səsi eşidərək tez gəldi:
-Buyurun, komandanım!
-Bir neçə dənə həkim göndər, müayinə olunmalı yaralılar var. Əsirlərin arasında həkimlikdən başı çıxan beş nəfər gələrək yaralılara ilk tibbi yardım göstərdi. Gürşad,
-Yüzbaşı, sayımız nə qədərdir?-dedi.
-Dört çavuş, bir yüzbaşı olmaqla cəmi altımış beş nəfərik, komandanım.
-Neçə atımız var?
-Yüz at, iyirmi qatır.
-Qatırlara lazımi qədər su və ərzaq yükləyərək, atları da yəhərləyib hərəkətə hazır halda gözləyin. Yüzbaşı:
-Baş üstə, komandanım,- deyərək çıxdı. Yüzbaşı işini bilirdi. Yol hazırlıqlarını qısa müddətdə tamamladıqdan sonra daha vaxt itirmədən sərkərdənin əmri ilə atlarına minib şimala doğru yollarına davam etdilər. Altımış beş nəfərlik kiçik birlik bozqırda şimala doğru sürətlə gedirdi. Heç gözləmədikləri halda bir anda əsarətdən qurtulmuşdular . Sevinclərinin həddi-hüdudu yox idi. Günortaya qədər şən əhvali- ruhiyyədə yol getdikdən sonra sulu və ağaclıq bir əraziyə çatanda dayandılar. Gürşad, həm istirahət etmək, həm də vəziyyəti müzakirə etmək istəyirdi. Əsgərlər, on-on olaraq altı dəstəyə bölündülər. Dəstə komandirlərinin nəzarətində kiçik bir gölün başında oturub dincəlirdilər. Bir ağacın altında oturan Gürşad hündür səslə, -Yüzbaşı! Taqım çavuşları ilə birlikdə yanıma gəlin,- dedi. Yüzbaşı, əmri alan kimi çavuşlarla birlikdə gəlib komandanını ehtiramla salamladıqdan sonra onun qarşısında bardaş qurub oturdu. Gürşad, tabeçiliyində olanlara yuxarıdan aşağı baxan bir sərkərdə deyildi. Tabeçiliyində olanlar onun yanında mənəvi təzyiqdən daha çox özlərinə olunan etimadı hiss edirdi. Tabeçiliyindəkilərlə dost kimi danışardı, amma bu zaman aradakı məsafəni qorumağı da yaddan çıxarmırdı. Bunu intizam və hərb sənətinin qanunu kimi edirdi. İnsanların hamısının eyni düşüncədə olmadığını və məsafəsizliyin intizamsızlığa yol açacağını bilirdi. Ətrafında toplananlara müraciətlə, “Dostlar, mənə yaxşı qulaq asın!- deyərək aram-aram danışmağa başladı:
-Azad və məğrur bir əsgər üçün əsarətin nə qədər ağır olduğunu yaşayaraq gördünüz. Ümidvaram ki, eyni əzabları bir daha yaşamazsınız. Lakin yoldaşlarınızdan iki min nəfəri hələ də sehirbazın əlində əsirdir. Digərləri isə yolundan azaraq Cəhənnəm Yarğanında sürətlə ölümə doğru gedirlər. Məsələni bilənlər bilir, amma bilməyənlər üçün qısaca açıqlamaq istəyirəm. Onlar yarğanı keçib Çinə gedəcəklərini zənn edirlər, amma onları gözləyən təhlükənin fərqində deyillər. Yarğanın axırına çatanda qabaqlarına iki yol çıxacaq. O yolun biri bataqlıqdır. Hələ oraya girənin çıxdığı görünməyib. İyirmi il bundan əvvəl qərbə köçən avarlardan beş min nəfərlik bir dəstə, xanlarına hirslənib birlikdən ayrılaraq geri qayıtmışdılar. Bu açıq-aşkar xanın hakimiyyətinə qarşı üsyan idi. Xanın onları izləyən ordularından xilas olmaq üçün Cəhənnəm Yarğanına girdilər, lakin oradan heç kim sağ çıxmadı. Bu hadisənin şahidlərindən hələ də sağ olanlar var. İndi də gələk ikinci yola, ora isə bir damcı belə suyun olmadığı dərin uçurumlardan və yüksək dağlardan ibarətdir. Lakin deyək ki, keçid verməyən bu uçurumları və dağları cürət edib aşdınız, onda gedib Çinə çatmağınız tam iki ay çəkər. Bu da susuzluqdan ölmək deməkdir. Bu dediklərimlə bağlı bir sualı və ya sözü olan varmı? Çavuşlardan biri, söz aldı:
-Komandanım, təxminən beş min nəfərlik bir ordunun sizin bu bildiklərinizi bilməməyi məni heyrətə gətirir. Bunlar axmaqdırmı? Gürşad diqqətlə çavuşa baxdı:
-Sən mənim bu dediklərimi bilirdinmi?
-Xeyr.
-Yaxşı, sənin bilməməyin də axmaqlığındadırmı?
-Bir söz deyə bilmərəm, komandanım.
-Doğrudur, deyə bilməyəcəyini bilirəm. Elə isə qulaq as, sənin əvəzinə mən cavab verim. Gürşad diqqətlə çavuşun üz ifadəsinə baxdı. Səmimi idi və söylədiklərinə inandığı üzündən görünürdü. Davam etdi:
-Siz çinlilər, oturaq həyat tərzinə vərdiş etmisiniz. Kənd təsərrüfatında və memarlıqda bizdən irəlidəsiniz. Niyə deyə soruşsanız, onu deyim ki, sizin həyat tərzinizin tələbatı budur.Biz Göytürklər isə, yaylaq və qışlaq arasında köçərək yaşayan bir toplumuq, həyat tərzimizin tələbatına uyğun olaraq da heyvandarlıqda, ovçulıqda, çöldə yol, yön və su tapmaqda sizdən irəlidəyik. Çin dənizindən Qara dənizə qədər olan ərazinin coğrafiyasını və yollarını yaxşı bilirik. Sonra yanındakılara tərəf dönüb, -Siz Tuna adında bir çay olduğunu eşitdinizmi heç? – deyə soruşanda çavuş cavab vermyə məcbur oldu: “Xeyr.”
-Biz onun Qara dənizə töküldüyünü bilirik. Yaxşı, Nil çayını bilirsinizmi?
-Xeyr.

-Biz onu da bilirik. Ağdənizə tökülür. İndi də sizə daha heyrətamiz bir şey deyəcəm. Təxmin edin görüm, hər iki çay Çindən piyada yolla nə qədər məsafədədir? Çavuş çəkinə-çəkinə təxminini söylədi:
-Bir ay ola bilərmi?
-Bir il. Hamı təəccüb edəndə Gürşad:
-İndi də gələk axtardığımız yoldaşlarınıza,mən onları “yağışdan çıxıb yağmura düşənlərə” oxşadıram. Onlara axmaq demək doğru olmaz, onlar, sadəcə, getdikləri yolu və çölü yaxşı tanımırlar. Bu dəfə də yüzbaşı söz aldı:
-Komandanım, maraqlanmağımı üzürlü hesab edin. Avarların həyatı da sizinki kimi hərəkətli olduğu halda onlar da Cəhənnəm Yarğanına girdilər. Bu halda onların bu yerləri yaxşı tanımadıqlarını deyə bilərikmi?
-Xeyr. Onlar bu yerləri tanıyırdılar. Ancaq qarşılarında təkcə iki seçimləri olduğunu da bilirdilər. Ya qalıb döyüşəcəklər, ya da bəxtlərini sınayacaqdılar. Onlar da ikincisini seçdilər. Bəzən hər ordu belə çarəsiz hala düşə bilər. Avarlar çarəsizlikdən öldülər. On yeddinci tümən isə, əgər biz vaxtında çatmasaydıq biliksizlikdən öləcəkdilər. Başqa sualınız yoxdursa, indi də nə edəcəyimizə qərar verək. Heç kim dinməyəndə Gürşad, gedəcəkləri yolu izah etməyə başladı: “Sizi çox yaxşı bildiyim kəsə bir yolla gətirdim. İndi olduğumuz yerin adı Adsız Təpədir. Vaxtı ilə Bayındırlardan hələ ad ala bilməmiş bir gənci, pələnglər burada parçalayaraq öldürdüyünə görə, həmin gündən buraya onun xətrinə Adsız Təpə deyiblər.Üzünüzü günəşin doğduğu yönə tutduğunuz zaman sağa doğru bir gün bir günorta getsək yarğanın girişinə çatmasaq da, girişə ən az üç fərsəx yaxınlaşmış oluruq.Həm də dörd nəfərlik bir önçü qrupu əvvəlcədən göndərəcəyik. Onlar çapa-çapa gedəndə biz yeyin addımlarla onların dalınca gedəcəyik. Önçülərimiz onları görərsə, şərqə tərəf iki yanar ox atacaqlar. Yüzbaşı sözə qarışraq:
-Komandanım, mən və iyirmiyə yaxın kəşfiyyat əsgərim məbəddə olduğumuz müddətdə öz gücümüzə bir az məlumat toplamışdıq. Bunların bir qismini sizə demişdim. İki gün əvvəl komandir Aparanın, Alanqoya ilə olan söhbətini bir çoxları kimi mən də eşitdim. Onun dediyinə görə On yeddinci tüməndən qalanlar beş günə qədər yarğanın çıxışında olacaqlar. Elə bu saat yola çıxsaq asanlıqla onlara çata bilərik,-dedi. Bu zaman çavuş, “Komandanım, onlara çatandan sonra nə edəcəyik?-deyə soruşdu.O:
-Oraya çatıb onların vəziyyətini görmədən hərəkət planı qurmaq doğru olmaz.
-Ən çox qorxduğunuz şey nədir, komandanım?
-Əsgərin, ordu intizamını itirib itaətsiz quldurlara çevrilmələridir.
-Buna nə qədər ehtimal var ?
-Hardasa yarı -yarıya.
– Ehtimal bu qədər yüksəkdirmi?
-Niyə təəccübləndin? Bir ilə yaxındır ki, bunların başlarında yüksək rütbəli komandir yoxdur. Tümənin birliyi tamamilə pozulmuşdur. Əgər kiçik dəstə komandirləri uzaqgörən olub komanda sistemini qoruya bilibsə, onda tüməni yenidən nizama sala bilərik. Yox, əgər adamların bir-birini saymadığı, hər ağızdan bir avaz çıxdığı kiçik dəstələrə bölünüblərsə, ya da sıravi əsgərlər özlərini müstəqil bir bəy kimi görməyə başlayıblarsa, o zaman işimiz bir az çətindir. Gürşad izahatından sonra:
-Başqa sualı olan varmı?-deyə soruşdu. Heç kimdən səs çıxmayanda yüzbaşına tərəf döndü:
-Əsgərlər arasında Göytürklərin işarə dilini bilən varmı?
-Xeyr, komandanım.
-İndi də vaxt itirmədən dörd nəfərlik bir önçü təyin edərək mənim yanıma göndər.
-Baş üstə,- deyib oradan uzaqlaşan yüzbaşı, çox keçmədən dörd əsgərlə birlikdə komandirin qarşısına gəldi. Komandir yəhərindəki çantadan üç qarış boyunda qırmızı və mavi rəngdə lentlər çıxardı:
-Bu lentlərə diqqətlə fikir ver. Qırmızı lent təhlükə, mavi lent isə təhlükəsizlik deməkdir. Yolda bizim bilməyimizə ehtiyac olan vacib bir şey görsəniz qırmızı və mavi lenti bir-birinə bağlayıb bizim görə biləcəyimiz şəkildə yüksək bir ağacın budağına, ya da qayalıqlara bağlayın. On yeddinci Tümənə rast gəlsəniz şərq tərəfdə göy üzünə bir yanar ox atıb içinizdən yüzə qədər saydıqdan sonra ikinci oxu atın. Söylədiklərimi başa düşdünüzmü?
-Başa düşdük, komandanım.
-Yaxşı, elə isə di durmayın, tez yola çıxın. Dörd önçü dördnala çaparaq yola
düşərkən komandan dönüb yüzbaşına:
-Aramızda sənin kəşfiyyatçılarından neçə adam var?
-On nəfər, komandanım.
-İşlərini yaxşı bilirlərmi?
-Çox da yaxşı deyillər, amma elə pis də sayılmazlar. Komandan öz-özünə, nə edək, bunlarla kifayətlənək, deyə söylənirdi ki, sonra yenə yüzbaşına baxdı:
-Bunlardan bir qisminə göy üzünü, bir qisminə da ağac və qayalıqları müşahidə etmə tapşırığı ver ki, rəngli lentləri və yanar oxları gördüklərində bizə bildirsinlər. Hər şey aydın oldumu?
-Bəli, komandanım.
-Soruşmaq istədiyin bir şey varmı?
-Xeyr. Komandan bu dəfə də taqım çavuşlarına tərəf döndü:
-Sizin demək istədiyiniz bir şey varmı?
-Xeyr.
-Biz də heyvanları suladıqdan sonra yola düşərük. İndi gedib birliklərinizi yola hazırlayın. Komandanlar birliklərinin başlarına gedərkən yüzbaşının əmriylə önçülər vaxt itirmədən yola çıxdılar. Heyvanları sulayıb, atları yəhərlədikdən sonra digərləri də yola çıxanda artıq günorta olurdu. Hər biri on nəfərdən ibarət olan altı atlı qrup iti addımlarla yollarına davam edirdi, yüzbaşı Kaoçe isə bir xeyli düşüncəli idi. Əslində, buna düşüncədən çox bir növ nəfs mühasibəsi demək daha düzgün olardı. O, Şansidə doğulmuşdu. Bir Budist rahibi olan atası oğlunun onun yolu ilə getməyini istəyirdi. Buna görə də atasının istəyi ilə o, iki il məbəddə müxtəlif Uzaq Şərq təlimlərini öyrənməyə çalışdı. Konfyuçinin aforizmlərindən bəzilərini əzbər bilirdi. Ancaq onun nə demək istədiyini hələ də doğru düzgün dərk etməmişdi.Axırda atasının qəzəblənməsinə baxmayaraq, bu işdən bezərək məbəddən çıxıb tacirlik etməyə başladı. Burada da işi alınmayanda , imperatorun ordusuna əsgərliyə yazıldı. Bütün çətinliklərə rəğmən əsgərliyi sevmiş, qısa müddətdə göstərdiyi bacarıq və yaxşı xidmətlərinə görə yüzbaşılığa qədər yüksəlmişdi. Ona və onun kimi əsgərlərə türklərin ən böyük təhlükə olduğu öyrədilmişdi. Yaxşı bir çinli komandan öz dövləti və imperatoru naminə türklərə əsla mərhəmət etməməli idi. Çünki onlar sözlərinin üstündə durmayan və insanları arxadan oxlayan canilər idi. Lakin Gürşadı tanıyandan sonra ona öyrədilənlərə ilk dəfə şübhə etməyə başlamışdı. Bir tərəfdən onlarda türklərə qarşı nifrət yaratmalarını, digər tərəfdən də bir türkü gətirib başlarının üstündə komandan təyin etmələrini başa düşməkdə çətinlik çəkirdi. Çinli komandanların ən yaxşısının belə lovğalıqdan yanından keçmək olmurdu. Vəzifə və izin almaq hallarında asılı olduqları adamlara böyük miqdarda rüşvət verirdilər. Düzdür,rüşvət qadağan idi, amma alan da, verən də razı olduqdan sonra heç kim heç nə deyə bilmirdi. Hələ inzibati cinayətlər ilə əlaqəli məhkəmələrdə ödənilən haqq bir neçə dəfə artırdı.Elə bu da nəhəng Çin ordusunu içəridən çürüdən bir əxlaqsızlıq əxlaqı idi. Amma bu gün komandanlıq edən Gürşad isə çox fərqli bir adam idi. Ona qarşı nə qədər qəzəbli olsa da, bir az yaxınlaşanda bütün xoşagəlməz duyğuları yox olurdu. Onun dediyi hər bir şey ağıl və məntiqə uyğun idi. O qürurlu idi, amma lovğa deyildi. Tabeçiliyində olanlarla maraqlanar və onları qoruyardı. Üstəlik də, bütün bunları təmənnasız, bir borc kimi edərdi. Onun yanında insanın qəlbinə dəhşətli bir inam hissi dolurdu. Bu duyğunu digər komandanlardan heç birisinin yanında hiss etməmişdi. Bölük komandiri minbaşı Çenin, Alanqoyanın fədailərinin atdığı oxdan qorxaraq tabeçiliyində olan bir əsgərin arxasında gizlənərək hamının gözünün qabağında onu özünə qalxan etməsi heç cür qəbul edilən bir şey deyildi. Belə bir çinlidənsə Gürşad min dəfə yaxşı idi. O əsir edilmiş bir xalqın içindın çıxmışdı. İmperatorun əmrində işləyirdi. Bunu anlamaq mümkün idi. Bir gün öz xalqını azadlığa qovuşdurmaq üçün, Aşina soyunun digər tigin və şadları kimi onun da üsyan etmə ehtimalı vardı. Bir əsirin azadlıq uğrunda ayağa qalxmasına çox təbii baxılmalıdır. Bunun üçün onları günahlandırmırdı. Gürşad xilas edənə qədər onun özü də bir əsir idi. Məbəddə olanda min dəfə qaçma planları qururdu. Hələ bəs o çinli komandirlərın davranışları… Bax, bu onları heç cür anlamırdı. Konfyuçinin mərdlik, doğruluq və təmənnasız kömək kimi ideyalarını çinli komandirlərdən çox, Gürşadda görürdü. Gürşad isə, Konfyuçiyə deyil, göy dininə inanır və Konfyuçini də bəlkə heç tanımırdı. O digər komandirlər kimi Gürşada nifrət etmirdi. Əksinə, ona hörmətlə yanaşırdı. Bir gün azadlıq və müstəqillik uğrunda ayağa qalxma xəyalı ilə yaşayırdısa, bu onun əsla pis adam olması demək deyildi. Çünki bu, onun haqqı idi. Lakin imperatoru və dövlətini qorumaq da yaxşı bir çinli kimi onun vəzifəsi idi. Lazım gələndə onun qarşısına keçib döyüşərdü, amma yenə də ona olan ehtiramını itirməzdi. Çünki onun kimi düşmənlər hörmətə layiq düşmənlər idi. General Zaoza kimi bir dostu olmaqdansa Gürşad kimi min düşməni olsa yaxşıdır.İnsanın, bəzi hadisələr qarşısında qərarsız qalması və onlara bir məna verə bilməməsi çox qan qaraldıcı bir şeydir. Gürşadı tanıyandan sonra düşüncələri durulmuş kimi idi. Ruhən özünü daha rahat hiss edirdi.O artıq, Gürşadı, digər komandirləri, əsarəti və yolunu azıb Cəhənnəm Yarğanına girənləri, imperatoru və dövlətini, beynində hər birini öz yerində oturda bilirdi; uzun zamandan bəri onu narahat edən qarmaqarışıq düşüncələrdən xilas olmuşdu. Beləcə dərin düşüncələrə dalmışdı ki, Gürşadın, “Əsgər, aram addımla irəli!” əmrini eşidib özünə gəldi. Birliklər yeyin addımdan aram addıma keçərkən axşam düşmək üzrə idi. Üfiqdə burum -burum buludlar qızılı sarıya boyanaraq axıb gedirdi. Bir azdan günəş qırmızı bir top kimi üfiqdə yox olmuş və axşam düşməyə başlamışdı.
Gürşadın, “Əsgər, dayan!” əmri ilə birliklər dayandılar. Gürşad yüzbaşını yanına çağırdı: -Yüzbaşı, bütün gecə yol gedəcəyik, ona görə də bir az dincələk. Vəziyyəti taqım çavuşlarına bildir. Sonra da əli ilə işarə edərək, -bu təpələrə dörd növbətçi göndər. Birliklər bir-birlərinə yaxın binə salsınlar- dedi. Dincələn birliklər, atların tərini qurudub onları dincəldib yemək də yedilər. At belində saatlarla yol gedə-gedə lap yorulmuşdular. Atları da, özləri də dincəldikdən sonra komandirin “Qalx və hazır ol!” əmri ilə atlarını yəhərləyib hərəkətə hazır durdular. Komandirin ”Ata min və aram addımla irəli!” əmri ilə yola düşüb gecə yarısına qədər bu şəkildə getdikdən sonra iti addıma keçib, sabaha az qalanda günəşin doğuşunu at belində çaparaq salamladılar. Bir müddət belecə yol getdikdən sonra Üç Gölə çatanda komandirin əmri ilə dincəlmək üçün yenə dayandılar. Bura suyu və otu bol olan bir meşəlik idi. Həmişə olduğu kimi birliklər bir-birinə yaxın düşərgə salıb, əhəmyyətli yerlərə də növbətçilər qoydular. Sağ tərəflərində məşhur İpek Yolu iki dağ silsiləsinin arasında fərsəxlərlə uzanıb gedirdi. Günəş, yolun sonunda, bəlkə də sonsuzluğunda sanki qızıl bir sini kimi yerə düşmüşdü. İnsan əlini uzadıb tutmaq istəyirdi.Lakin ona yaxınlaşmaq mümkündürmü! Siz ona doğru getdikcə, o sizdən uzaqlaşırdı. Buna görə də buraların insanları günəşi nazlı bir qıza bənzədirdilər. O belə əlçatmazlığı ilə neçə-neçə şirin dilli ozana və fırçasıyla təbiəti dəyişdirməyə çalışan çılğın rəssamlara ilham qaynağı olmuşdu. İpək Yolu tacirlərindən bəziləri Üç Göldə saatlarla dayanıb günəşin doğuşunu seyr etmək üçün gözləyərdilər.

We completely agree with your point of view. It strikes with me as well. Thank you for clarifying it so well.
I love how you blend narration with informative content; it keeps me engaged.