02 Temmuz 2024

   

Bu dünyanın yaşı qədər tarixin var,

Sonu qədər, başı qədər tarixin var.

Dağı qədər, daşı qədər tarixin var,

Ha baş vursam bitməz qatı, ana dilim.

Dədəm-babam amanatı, ana dilim.

(Mahirə Nağıqızı).

Uzun əsrlərin keşməkeşli yollarından keçib gəlmiş, qədim tarixə, sabit yazı və tələffüz qaydalarına malik dilimiz, nədənsə, son illərdə hansısa gözəgörünməz bir əl tərəfindən parça-parça edilir. 21 Fevral Ana Dili Günü ərəfəsində bu barədə danışmaq, gəldiyim qənaətləri, etdiyim qeydləri sizlərlə bölüşmək istəyirəm.

Sözsüz ki, Ana dili hər bir xalqın milli qürur mənbəyidir. Ana dili – əcdadımızın, ata-babalarımızın bizə qoyduğu müqəddəs sərvət, əmanətdir. O, xalqın tarixi keçmişini, ədəbiyyatını içinə alan ən qiymətli tarixi mənbə, zəngin xəzinədir. Bununla yanaşı, dil həm də bizim necə olduğumuzu, xarakterimizi, kimliyimizi əks etdirən güzgüdür.

Böyük yunan filosofu Sokrat  deyirdi: “Danış, sənin kim olduğunu söyləyim”.

Həzrət Əli (ə) isə bu fikri başqa formada ifadə edirdi. Onun fikrincə: “Hər bir insan öz dilinin altında gizlənib, ağzını açanda kim olduğu bəlli olur”.

Bunları niyə söyləyirəm? Çünki son zamanlarda gənclərimizin dilində, danışığında ana dilinin təhrif olunmasına, dilə ehtiyac olmadan, süni surətdə yad kəlmələrin gətirilməsinə tez-tez rast gəlirik. Onların nitqində, türk dilinin təsiri açıq-aydın hiss olunmaqdadır. Bu hal xarakterdə bir natamamlıq kompleksinin olmasından xəbər verir. Özünə güvənən, özünü, dilini sevən adam dilinə başqa dillərdən sözlər qatmaz. Bəs səbəb nədir ki, gənclərin dilində türk kəlmələrinə bu qədər çox rast gəlinir? Əlbəttə, bu işdə digər səbəblərlə yanaşı televiziyanın da çox böyük “əməyi” var.  Səbəblərdən biri bizim televiziya kanallarında gəncləri cəlb edən maraqlı verilişlərin azlığı və onun nəticəsində uşaqların, gənclərin türk telekanallarına daha çox baxmasıdır ki, bu da istər-istəməz onların dilinə, danışığına təsir edir. Digər səbəb öz telekanallarımızda bəzi üzdəniraq aparıcıların danışığıdır. Onların danışığında ədəbi dil qaydaları tez-tez pozulur, varvarizmlərə yer verilir ki, bu da təsirsiz ötüşmür. Belə aparıcıların “səyi” nəticəsində  hibrid danışıq tərzi gənclərin nitqinə sirayət etməkdədir. Bu da dilimiz üçün böyük bir təhdiddir. Bilirəm ki, mütləq  kənardan kimsə çıxacaq və deyəcək ki, nə olsun, bu ki, çox yaxşıdır. Dildə olan ərəb-fars, rus sözlərinə heç nə demirsiniz. Nə yaxşı, türk sözlərinin işlənməsindən narahatsınız, hamımız türkük də. Lakin qeyd etməliyəm ki, dilimizə rus, ərəb-fars sözləri kimi, qardaş və eyni dil ailəsindən olmasına baxmayaraq, türk dili vasitəsilə belə axın-axın sözlərin daxil olması da çox təhlükəlidir. Hətta digər dillərdən keçən sözlərdən daha təhlükəli. Niyə? Əvvəla, ona görə ki, türk dili vasitəsilə dilə keçən, nitqinizdə işlətdiyiniz sözlərin əksəriyyəti türk sözləri yox, elə məhz sizin etiraz etdiyiniz ərəb-fars və Avropa mənşəli sözlərdir. Onları türk sözləri bilib nitqində işlədənlər öz sözlərimizin əvəzinə işlədirlər. İkincisi, illərdir işlətdiyimiz ərəb-fars kəlmələrinin əksəriyyəti dilimizin qayda-qanunlarına uyğunlaşıb, bir növ özümüzünküləşib. Bu sözlər çox zaman öz sözlərimizin sinonimi kimi işlənir, onu əvəz edib öz sözümüzü bizə unutdurmur. Həmçinin digər əcnəbi dillərdən keçmə sözlərin əsl Azərbaycan sözlərini dildən çıxartma ehtimalı çox aşağıdır. Amma türk dili, onun qrammatikası, quruluşu bizim dilə yaxın olduğundan öz sözlərimizi tez sıxışdırıb çıxara bilmə və ya fərqli mənada işlənmə, dilimizin qrammatikasına təsir etmə gücünə malikdir. Elə ki, bu proses başlayıb və bunun acı nəticələri, təəssüf ki,  gənclərin danışığında  artıq özünü göstərməkdədir.

Bir hadisəni danışım.

Bu günlərdə işimlə əlaqəli bir qrup tələbə gənclə bir yerdə oturmalı idim. Onların danışığını eşitdikcə dilimizin gənclərin nitqində necə pis günə düşdüyünün şahidi oldum. Bizimlə eyni masada əyləşmiş tələbələrdən biri yoldaşlarına israrla deyirdi: “Çox acıktım. Gəlin, tez atışıb bir şeylər yeyək”.

Necə yəni “atışaq”,  “atışmaq” nədir? Adam da heç atışıb bir şeylərmi yeyər? Bundan irəli “atışma, atışmaq” müharibədə olardı. Atışmaların ağır nəticəsindən xalqımız hələ də qurtara bilməyib. Bunlar niyə atışıb bir şeylər yeyirlər ki?  Vallah, anlamıram.  Bəs “acdım” yerinə, “acıkdım” işlətməyə nə gərək var? Elə bunu fikirləşib baş sındırırdım ki, qulağımda televiziyada gedən bir reklam bomba kimi partladı:  “Aclıq hiss edirsən? Dayanma sinikerslə”

“Fanta ilə atışdır. Əylən. Təkrar et”.

Budurmu mənim dilim?

Eşitdiyim kəlmələrin mənasını düşünüb bir yana çıxara bilməmişdim ki, tələbələrdən eşitdiyim digər bir cümlə yenə beynimi qurcaladı, mənasını anlamağa çalışdım: “Tamam, siz burda qırışmayın, mən gedib ismarlayaram”.

“Qırışmaq”mı? Bizdə “qırışmaq” feli var? Var, əlbəttə. Paltar əzilib qırışar, üz qocalıb qırışar. Bəs bu “qırışmaq” nədir, hansındandır? “Qırmaq” var, bir-birinizi qırmayın, yəni dava-dalaş salmayın, bir-birinizi dalayıb dalaşmayın. Boşqabları qırmayın. Birinin ürəyini qırmayın. Amma “qır” feili bizdə “-ış” şəkilçisi ilə birləşib qarşılıq-birgəlik növdə işlənmir axı, mən bilən. Bu nə “qırışmayın”dır? “İrişməyin” var bizdə, yəni arsız-arsız gülməyin, diş ağartmayın mənasında. Daha “qırışmayın” yox…”İsmarlamaq” da bir ayrı söz.

Göründüyü kimi, hər bir cümlədə ən azı iki söz öz sözümüzü sıxışdırıb, ya əvəz edib, ya başqa formaya salıb, başqa mənada işlənib. Özü də bunlar eynən bizim sözlərimizə oxşadığı üçün onları işlədənlər başqa məna verdiyinin fərqinə varmırlar.

Başqa bir misal:

“Bunları deyirəm də, “falan-filan”.

  “Falanmı?” Bu da təzəmi çıxdı? 

Bizim dildə əvəzliklər çox azdır. Hər növü barmaqla sayılacaq qədərdir. Məsələn: şəxs əvəzlikləri 6 ədəd: mən, sən, o, biz, siz, onlar. İşarə əvəzlikləri: o, bu, elə, belə, həmin. Təyini əvəzliklər: öz, bütün, hər, filan və s. Bəli, “filan”, daha “falan” yox. Bizdə “palan” var, “falan” yox…

“Bayaqdan səni takib edirəm”.

“Aşkım, nə deyirsən, gedəkmi?”

“Bu sözlərə sinir oldum. Daha onunla uğraşmayaq”.

Bu da bir təhrif. Alınmadır-alınmadır, qoyun elə “eşq” qalsın da. “Təqib” niyə “takib” olsun ki? İllərdir işlədirik, dilimiz də öyrəşib. Daha niyə türk dilləri ailəsi içərisində ahəng qanununa daha çox ciddi əməli ilə seçilən dilimizə zülm edib “təqibi”  “takib”, “eşq”i “aşk” edirsiniz ki? Məgər “aşk” və ya “takib” türk sözüdür ki, onu “eşq”in , “təqib”in  əvəzinə işlədirsiniz?

(Bir haşiyə çıxım).

Bizim kənddə bir “ceyil” oğlan vardı, Rusiyada əsgəri xudmətdən gələndən sonra anasına: “Ordan gün “aşkımı” (oçki) mənə ver, gün gözümü deşdi”, – deyərdi, biz də gülüşərdik.

Hər dəfə məktəbdən uşaqlarını götürməyə gələn anaların dilindən övladına xitabən deyilən “aşkım” sözünü eşidəndə o yadıma düşür və gülmək nədir, tüstüm təpəmdən çıxır…. o “aşkım”  bir dərd, bu “aşkım” bir ayrı dərd.

“Bitanəm, iyi ki varsın”. Bu da birinin deyimi!

“Bitanəm” nədir? Hələ bu ifadə televiziya kanallarından da səslənir. Televiziyada Elnarə Abdullayevanın ifasında oxunan mahnıda da “bir dənəm” ifadəsini “bitanəm” şəklində eşitmək dediklərimin isbatıdır.

Biz “varsan”,  deyirik, “varsın” bizlərdə vaxtilə “getsin, çəkilsin” mənasında işlənib  axı…

Bu düşüncələrdə ikən başqa bir tələbə qızın dediyi cümlə: “Çox acıkmışam, bütün bunları tək yeməyi haqq elədim”, – deməsi məni diksindirdi.

“Haqq eləmişəm”mi? Yəni əcəb eləmişəm? Əlimin içindən gəlib?

Bizdə “haqq eləmişəm” bu  mənada işlənir axı.

Deyəsən, mən “Sehrli xalat” filmindəki Rəşid və Zərifə kimi başqa bir mühitə düşmüşdüm, heç nə anlamırdım…

“Oxuyub uzman doktor olacam”.

Bu da bir tələbə qızımızın nitqi. A canım, gözüm, “peşəkar həkim olacam”,-  desən, xəncərinin qaşımı düşəcək? Bu nə ədadır?

Başqa bir misal:

“Mən az yeyəcəm, son günlər çox  kilo almışam, bir az kilo verməliyəm.Paltarlarım bir bədən böyük olub”.

Vallah-billah, bizim dədə-babamız “kökəlmə”yə “kilo almaq”, “arıqlamağ”a “kilo vermək” deməyib. Onu alış-veriş alətinə çevirməyiblər…  

İndi gördünüz, niyə türk dilinin dilimizə təsiri rus, ərəb-fars dilindən daha təhlükəlidir? Az bir müddət ərzində “kilo almaq” öz sözümüz olan “kökəlməy”i, “kilo vermək” “arıqlamağ”ı , “bədən” “ölçü”  sözlərini dildən çıxarır, unutdurur.

Hələ tənzimləmək yerinə “ayarlamaq” sözlərini demirəm. Ərəb-fars mənşəli “təcili” sözünü əsrlərdir ki, dilimizdə işlədirik də, indi türk dilinin təsiri ilə onu “acil” ilə əvəz etməyə nə gərək var ki? Axı, o da elə ərəb mənşəli “təcil”lə eyni kökdəndir. Yox, əgər elə türk sözü aşiqisinizsə, onların yerinə öz sözümüz olan “tezliklə”ni işlədin də. Xəstələnənə: “Acıl şifalar diləyirəm”, – deyirsiniz a… o ifadədəki “acil” sözü heç üslubi cəhətdən də düz deyil. Təcili surətdə şəfa diləməkmi olar? Təsili yardım etmək olar. Ondansa: “yastığın yüngül olsun, tez sağal”,- demək daha düzgündür. Guya qaş düzəldirsiniz? Gözün də axırına çıxdınız ki.

Yaxud da şəfanı niyə “şifa” edirsiniz ki? Niyə: “Acil şifalar diləyirəm”, –  deyirsiniz ki? “Yastığın yüngül olsun”a nə gəlib? “Allah şəfa versin”, deyəndə siz kompleksmi hiss edirsiniz? Adam öz doğma anasından utanar, a Balaşın (C.Cabbarlı.”Sevil”) davamçıları? Sizinlə, qonaqlarının qarşısına çıxaranda “obrozovonski” görünsün deyə atasına ölü paltarı geyindirən Balaşın nə fərqi?!

Yenə deyirəm. Məni düz başa düşün. Türkiyə bizim qardaş ölkədir, başa düşürəm. Canımız-ciyərimiz, dostumuzdur. Amma dil məsələsini bura qatmaq olmaz. Türk dili başqa, bizim dil başqa. Heç bir türk bura gəldikdə belə öz sözünü bizim sözlə əvəz etmir. Eyni dil ailəsiyik də. Onlar niyə sizin kimi düşünmür? Çünki onlarda özünə, dilinə hörmət var. Buqələmun deyillər.

  Dil məsələsində adam heç vaxt özünü başqasına qurban verməz, verərsə, bu, özündən, tarixindən, soy-kökündən imtina etmiş olar. Adam necə öz anasını başqa anaya dəyişə bilər axı?  Lap bu, anasının bacısı olsa belə. Bacının adı “xala”dır, ana deyil. Ana qədər sənə can yandıra bilər, amma heç vaxt ananı əvəz edə bilməz. Ana dili də belədir! Əbəs yerə ona “ana” kəlməsini artırmayıblar ki.

Dünyanın heç bir ölkəsində, heç bir xalqında belə şey yoxdur. Ölkəmizə gələn xarici vətəndaşları ən çox təəccübləndirən də məhz budur. Onlar bizim haqqımızda danışanda çox böyük təəccüblə qeyd edirlər ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti bir-biri ilə danışanda özgə dildə, əsasən, rus dilində danışırlar. Bu azmış kimi indi də dilimizi türk dili ilə əvəzləməyə başlamısınız?

Türk dili aşiqlərinə elə türk professorunun özünün verdiyi açıqlamanı xatırlatmaq istəyirəm. O bizim füzulişünas alim Sabir Əliyevin Türkiyə səfəri zamanı söylədiyi şeirə münasibət bildirərək auditoriya qarşısında deyirdi (özü də türk tələbələrin, türk dilçilərinin qarşısında), qeyd edirdi  ki, Sabir Əliyev 64 bəndlik bir şeirdə Türkiyəni mədh edir, hər qarışını, hər bölgəsini öyür, türklərlə fəxr edir, amma bir “konuda, malesef, onu söyləyə bilmir. Hansı konuda? Dil konusunda”.

Bunu söyləyən türk professordur.

O, Sabir Əliyevin şeirindən əzbər söyləyərək:

Dağ dilimi qaya-qaya oyublar,

Yerində bir kül təpəsi qoyublar,

Dişlərini çəkib şiri soyublar,

İndi onu ağlamağa gəlmişəm,

Düşmənimi dağlamağa gəlmişəm.

Lal erməni dilman türkə dil açar,

Dilin yansın dil qapayan Dilaçar,

Necə tapsın qıfıllanan dil açar?

Mən bu dilə dərman üçün gəlmişəm,

Bu dərmana fərman üçün gəlmişəm! – deyir və

türk dilçi alim burada izahat verərək Dilaçarın – Akop Dilaçar (Martayan) olduğunu, Anadolu turkcəsinin dəyişdirilməsində və Azərbaycan dilindən uzaqlaşmasında rolu olan, 1930-cu illərdə Türk dil qurumuna rəhbərlik etmiş bir erməni olduğunu təəssüflə söyləyir…

İndi sizə nə düşüb ki, rəhmətlik Sabir Əliyevin sözü olmasın, mənim dağ dilimi qaya- qaya oyur, yerində bir kül təpəsi qoyursunuz?  Niyə bu gözəllikdə, bu şirinlikdə dilin qədrini bilmirsiniz? Hər addımda ona badalaq gəlirsiniz? Niyə bir türk görən kimi o saat danışmaq əvəzinə onunla “konuşmağ”a “başlıyorsunuz?” Qoy, mənim ölkəmə gələn də mənim dilimə hörmət etsin. Biz kimdənsə əskiyik?

Başlıqda da qeyd etdiyim kimi, dil dədə-baba “amanatı”mızdır, əmanətə də xəyanət etmək olmaz.  Onu göz bəbəyi kimi qorumalı və bu müqəddəs “amanatı” gələcək nəsillərə ötürməliyik. Biz təmiz, xalis olan öz dilimizdə – Azərbaycan dilimizdə danışmalıyıq və onu təbliğ etməliyik…

Kim necə istəyir, elə danışa bilməz. Eyni qrupa daxil olan dillərin hər birinin özünəməxsus xüsusiyyətləri var və bunlar  hər dilin dil qanunlarının tələblərinə uyğun şəkildə işlənməlidir.

Bu gün türk dilinin Azərbaycan dilinə müdaxiləsinə şəraiti  özümüz yaradırıq və biz özümüz bunda maraqlıyıq! Belə getsə, az bir müddətdə dilimiz türk dili içərisində əriyib yox olacaq. Günahkar isə kənarda deyil, özümüzük.

Türk dilində də on minlərlə ərəb-fars sözü var. Bəzilərinin dilimizdə türk mənşəli qarşılığı da var, ancaq bu gənclər onu qoyub türk dilindəki ərəbcə və ya farsca sözü işlədir və bunda da heç bir qəbahət görmürlər. Deyəndə də qayıdırlar ki, eyni dildir də, nə fərqi?

Sizcə, türklər dillərindəki ərəb-fars mənşəli sözləri Azərbaycan dilindəki türk mənşəli sözlərlə əvəz edərlərmi? Deyərlərmi ki, eyni dildir, bu ərəbcə, farsca sözü  “azeri kardeşlerimizin” işlətdiyi türk mənşəli sözlə əvəz edək?  Heç vaxt deməzlər. Özünüz də bunu yaxşı bilirsiniz.

Özləri düzüb-qoşub söz yaradarlar, amma “küçük kardeşlerinden” söz götürməzlər. (Baxın, “kiçik” onlarda -“küçük”dür. Di işlədin.)

Bəs yaxşı, nədir bizdəki bu istək, həvəs?

Halbuki araşdırsaq, görərik ki, türk dilləri içərisində öz kökünə bağlı ən təmiz dil elə məhz Azərbaycan dilidir. Bunu türk dilçi alimləri özləri belə etiraf edirlər. Yaxşı, deyək ki, türkük deyə belə edirik.  Elə isə  niyə məhz türk dili? Özbəklər, türkmənlər, qırğızlar, uyğurlar  türk deyil? Niyə biz öz dilimizi qoruyub- saxlamayaq axı?Səbəb nədir? Baxırsan, Cənubdakı azərbaycanlı qardaşlarımıza. Onlar necə fədakarlıqla illərdir,  ağır şərtlər altında öz doğma ana dilini qorumağa çalışırlar. Onlar danışanda adama həm ləzzət edir, həm də həsəd aparırsan.

Bəs biz niyə dövlət dəstəyi olduğu halda, dilimiz, çoxlarının həsrət qaldığı dövlət dili statusuna malik olduğu halda onu qoruyub-saxlamayaq? Səbəb nədir? Nəyə görə bu cür şirin və təmiz dilimiz varkən ona başqa dildən gəlmə sözlər qatırıq?

Axı bu dil bizə dədə- baba əmanətidir. Sənin, mənim, onun əmanətə xəyanət etməyə, onu bu kökə salmağa, nə ixtiyarımız var? Məgər ata-babalarımız tapşırmayıb ki, əmanətə xəyanət olmaz?

Bu gün bizim uşaqdan-böyüyə – hamımızın ən birinci müqəddəs vəzifəmiz professor Mahirə Nağıqızının dediyi kimi:

“Orxonlardan üzü bəri yazısı qalan, Altaylardan Balkanlara izi qalan, çox dillərdə rəddi qalan, izi qalan, dədə-baba amanatı olan ana dilim” izi qoruyub gənc nəslə ötürməkdən ibarət olmalıdır. Yoxsa, sonra gec olar. Sözümü bir atalar sözünə cüzü dəyişiklik edib onunla bitirmək ustəyirəm. Unutmayın ki:

“Dil (Söz) də quş kimidir,  uçub-getdisə, geri qaytara bilməzsən…” Odur ki, dili də ana kimi, bala kimi, sərhəd kimi, torpaq kimi, Vətən kimi ayıq-sayıq qorumalıyıq!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir