
Biz bir- birimizi görəndə necəsən, vəziyyətin dolanışığın necədir deyə hal-əhval edir, xətir
soruşuruq. Allah dostları böyük insanlar isə bir-birini görəndə “qəlbin necədir” deyə soruşurlar. Nə qədər
fərq var. Biz gördüyümüz, gözümüzü boyayan görüntülərlə maraqlanırıq, ancaq o görüntünün altında
gizlənən hallar, o görüntünün alt qatındakı təlatümlər, burulğanlar bizi narahat eləmir sanki. İnsanın canı- başı yaxşı olub, dolanması da yerində olunca, hər şey qaydasındadır deməksə, bəs niyə o zaman insan bunlarla yanaşı özünü rahat hiss etmir. Demək rahat və yaxşı hiss etmək üçün qəlbin necəliyi
önəmlidir.
Bəzən bir yerimiz ağrısa da özümüzü dərdli hesab etmirik, amma bəzən heç bir yerimiz ağrımır,
hər işimiz qaydasında olur, amma varlığımıza hakim kəsilmiş xəstəlik kimi bir hiss olur, hər nədirsə bir
şeyin yerində olmadığını, nəyinsə əksik olduğunu hiss edirik. Hiss edirik ki, bizi içdən-içə narahat edən,
rahatlığımızı əlimizdən alan, sahib olduğumuz heç bir nemətdən zövq almağa imkan verməyən bir hal
var, amma bu halın nə olduğunu başa düşə bilmirik. Çünki qəlbimizin necə olduğunu bilmirik.
Bəzən insanı heç bir səbəb olmadan bir hüzün bürüyür, bir süstlük basır, dilini tərpədib
danışmağa taqəti, əlini tərpədib iş görməyə gücü olmur. Amma sağlığı yerində, vəziyyəti normal, fəlakətdən, qada- bəladan uzaqdır.
Səbəb axtarır, günahkar gəzirik, ancaq qəlbimizi axtarmırıq ki, bəlkə keyfimizi
pozan elə bizim öz qəlbimizdir. Qəlbimiz hansı mənəvi xəstəliklərdən təmizlənmiş, sağalmışdır?
Ürəyimiz ağrıyan kimi ürək həkiminə gedir, təcili lazım olan müalicəni alırıq. Bəs mənəvi
xəstəliklərə qarşı ürəyimizi yoxlayırıqmı?
Qəlbimizdə hansı qəlb-mənəvi xəstəlik var deyə təftiş edirikmi?
Əksəriyyət, mənim qəlbim təmizdir, mənəviyyatım sağlamdır deyə özünü aldadır. Ancaq qəlbin dərinliklərinə enib araşdıranda, səmimi olaraq etiraf edəndə, orada o qədər xəstəlik tapılır ki. İnsan özü də heyrət edir.
Doğrudan da, bu mənim qəlbimdirmi, deyir?
İnanmaq olmur. Mən bu qədər ilan çayanı, qurdu-quşu öz içimdə necə və niyə daşıyıram, deyə düşünür. O da əgər nəfsini yenib bunları görə bilirsə.Çox vaxt nəfs insanın hər qüsurunu xoş görüb gözəl göstərir.
Qəlbimizə çökən hər xəstəlik bir əfi ilandır, damarlarına sarılmış, qanına hopmuş.
Canlı ilan görəndə ürpərir, qorxuruq, içimizdəki ilanın soyuqluğu bizi niyə üşütmür, zəhəri niyə
qorxutmur. Bu qədər cəsuruqdur bu, yoxsa qafillik? Qorxmadığı üçün heç kim özünə qafil deməz, hamı cəsuram deyər.
İşin ən çətini özündə olanları özünə etiraf etmək və həqiqəti qəbul etməkdir. Elə ki, özün özünə
qəlbimdə, məsələn, xainlik xəstəliyi var desəm, o anda içimdən bir eqo başını qaldırıb, yox, yanılırısan,
sən ən gözəl qəlbə sahib olan, ən səxavətli qəlb sahibisən deyər. Bu sözü eşitmək yetir ki, insanın içinə bir rahatlıq dolsun və qəlbini araşdırmaqdan əl çəksin. İçimizdəki eqo-mənlik inanır qəlbinin saflığına və bu inanma ilə onun qəlbi qorxmayan qəlb olur.
“Qorxmayan qəlbdən isə qorxmaq lazımdır.”
Qorxmayan qəlbin həyat tərzi “qaç atım basdı” həyat tərzidir, mən hər zaman haqlıyam
iddiasıdır. Qorxmayan qəlbin sahibi qəlbini tanımır. “Qəlbini tanımayan insan özünü-nəfsini tanımaz,
nəfsini tanımayan Rəbbini tanımaz” (İmam Qəzali).
“Qəlb padşahdır. Qəlbin əsgərləri var. Qəlbin zahiri ordusu gözlə görünən göz, qulaq, dil, əl, ayaq və
başqa batini və zahiri orqanlardır“. ”Hər orqan qəlbin xidmətçisidir”, “Qəlbin mərkəzi bədən, azığı isə
elmdir”.
Qəlbin azuqəsi – elmi olmayınca onun ordusu da yanlış xidmət edir və “şəhvət və hirsə itaət
etməklə, şeytana ibadət edərək qəlbdə kin, hiylə, yalan, aravurmaq, qorxaqlıq, dikbaşlıq kimi
xüsusiyyətlər əmələ gəlir” (İmam Qəzali). Beləliklə də Qəlb kor olur.
“…Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar. “Kafirlər keçmiş
ümmətlərin başına gələn müsibətləri zahiri gözləri ilə görsələr də, qəlb gözü ilə görüb onlardan heç bir
ibrət almazlar” (Həcc, 46).
Demək, gündə beş dəfə əl-ayağımızı, üzümüzü yuyarkən, heç olmasa bir dəfə də qəlbimizin kirini arındıraq. Gözəl paltar geyərkən qəlbimizin də haqqını verib ona da gözəl bir duyğu yükləyək. Gözəlliklər eşqinə.
Your wit of humor shines through, I laughed out loud.
The article provides some great insights and useful tips on the topic. Thanks for sharing your knowledge with us.
This blog post has opened my eyes to a whole new angle; thank you.