“MƏNİ CANDAN USANDIRDI” QƏZƏLİ İLƏ BAĞLI DÜŞÜNCƏLƏRİM
Azərbaycan ədəbiyyatında elə qəzəllər var ki, onları ayrıca abidə əsər adlandıra bilərəm. Belə əsərlər həm də nümunədir, örnəkdir. Bu cür qəzəllərdən biri Nizami Gəncəvinin “Sənsiz”idir. Bu əsərdə üç zirvə birləşir: Nizami Gəncəvi yazıb, Üzeyir Hacıbəyli bəstələyib, Bülbül oxuyub. Eləcə də “Məni candan usandırdı…” qəzəli: M.Füzuli yazıb, C. Cahangirov bəstələyib, Ş. Ələkbərova ifası ilə möhür vurub.
“Məni candan usandırdı…”
qəzəli anadilli ədəbiyyatımızın incilərindəndir. Bu qəzəlin özəl forma və məzmun gözəlliyi var. Forma gözəlliklərindən biri budur ki, qəzəlin 1-ci beytindən başqa, digər 6 beyti daxili qafiyələr əsasında qurulmuşdur. Qəzəl əruzun dördbölümlü MəfAİlün təfiləsindədir. Deməli, 4 bölümlü təfiləni 2 bölüm şəklinə salıb şeiri “gəraylı” formasına oxşada bilərik. Forma gözəlliyinin bu xüsusiyyəti də bu qəzəldə usandırdı sözünün üç dəfə işlənməsidir. 1-ci beytdə iki dəfə işlənən usandırdı fərqli anlamdadır.
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Yəni birinci usandırdı bezdirdi, təngə gətirdi mənasındadırsa, ikinci usandırdı ağıllanmaz mənasındadır. 7-ci beytin son misrasındakı usanmazmı sözü isə sağalmazmı mənasındadır.
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?
Bu qəzəldə toxunacağım əsas məsələ qəzəlin sufizimlə zənginliyindədir. Bəlli həqiqətdir ki, Füzuli eşq şairidir.
Bir qəzəlində yazır:
Tərk etdi yar, etdi məni biqərar eşq,
Şamü səhər olubdur işim ahü zari-eşq.
Yar eşqi indi etməli rüsva Füzulini,
Rüsvalıq hər zaman olub aləmdə yari-eşq.
Yazsam, yerinə düşər ki, eşq sözünün ərəbcə yazılışında beş nöqtə var. Deyəsən, bu həm də “ali-əba”dır. 10-cu sinfin Ədəbiyyat kitabında yazılıb ki, “Məni candan usandırdı…” qəzəlinin əksər beytlərində ilahi-eşq çaları var. Amma yalnız bir beyt verilmiş, onun izahı isə incələnməmişdir.
Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,
Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı?
Mən istəyirəm ki, yuxarıdakı beytlə bağlı düşüncələrimi açıqlayım. Sufi ədəbiyyatda canan Allahdır, yaradandır. Can isə sevəndir. Yəni can həm də bədəndir. O bizə gərək deyil, can ona görə lazımdır ki, o, canana fəda olsun. Eşq yolunda fədakarlıq ali həddir. Can qəbir evində torpaqlaşır. Demək, şair bu beytdə deyir ki, bütün sevənlərə Allah dəva verdi, sağaltdı.
Bəs niyə məni sağaltmır, məni xəstə hesab etmir?
Bu sualın cavabı 7-ci beytdədir və qəzəlin ən sufi hissələrindəndir.
Füzuli rindi-şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?
Rind sözünün mənalarından biri qorxmayan, çəkinməyən deməkdir. Şeyda isə dəlicəsinə vurğun, eşq məftunu deməkdir. Niyə Füzuli xəlqə rüsvadır? Məgər o, rüşvət alıb, yol kəsib, cib soyub və nalayiq iş görüb? Xeyr! Onun rüsvalığı eşqindəndir. Onun eşqi heç kimin məhəbbətinə bənzəmir. O sevmir ki, vüsala çatsın. O sevir ki, bəla, əziyyət qazansın, dərd əldə etsin. Gəlin, eşq ustadının yazdıqları nümunələrə göz gəzdirək:
Ya Rəbb, bəlayi-eşq ilə qıl aşına məni,
Bir dəm bəlayi-eşqdən etmə cüda məni.
Yaxud:
Var bir dərdim ki, çox dərmandan artıqdır mənə,
Qoy məni dərdimlə, dərman eyləmə, ey həkim.
Demək, Füzuli eşqi ilə Fərhaddan da, Vamiqdən də, Məcnundan da üstündür. Özü demişkən:
Sürdü Məcnun növbətin, indi mənəm rüsvayi-eşq,
Doğru derlər, hər zaman bir aşiqin dövranıdır.
Füzulinin eşqinin ali mənasını başa düşməyənlər, anlamayanlar onu məzəmmətləmiş, ona tənə etmişlər. Qəlb şairi elə “Məni candan usandırdı…” qəzəlində də bu məsələyə toxunmuşdur:
Deyildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil, səni görcək utanmazmı?
Əsərdəki gözəl insan deyil, Allahdır. Onu dərk edən insan ucalır. Mən yazımın əvvəlində “Məni candan usandırdı…” qəzəlini abidə əsər adlandırmışdım. Belə olmasaydı, Bəxtiyar Vahabzadə onun bir beytinə:
“Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryam,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?” poema ithaf etməzdi.
Yeri gəlmişkən, onu da vurğulayım ki, qəzəl obrazlılıq yaradan elementlərlə: bədii təsvir və ifadə vasitələri ilə zəngindir. Yuxarıdakı beytdə inversiya, metafor, bədii sual, təzad, epidet, mübaliğə işlənmişdir. Bu, Füzulinin sənətkarlığına əsl nümunədir.
Böyük ustad, salamını alırıq!
ƏDALƏT ƏSƏDOV
“Tərəqqi” Medallı, əməkdar müəllim.
Ustaddan incilər