02 Temmuz 2024

Sabah soyuğuna baxmadan çoxdan saxladığım, hər dəfə bu gün mütləq səpəcəm dediyim toxumları axır ki, səpdim. Açan-açmayan güllərimi də gözdən keçirib, qayıdıb telefona baxanda gördüm “gül bayramın mübarək “ deyə təbrik mesajı   gəlib. Gül bayramı olduğu heç yadıma düşmürdü. Əsas məsələ odu ki, gül toxumunu gül bayramında səpdim və beynimdəki sualların cavabını axtararaq səhərin saflığında alaq basmış bostanda bir az gəzdim, ala-dəmgil bitən bostana baxıb bir az heyfsiləndim, anamı xatırladım, sən sağ olsaydın indi bu bostan güllük gülüstanlıq, bolluq olardı, deyə bir ismarış da göndərdim o dünyaya.

Bu qara torpaqdan ağ gülləri, qırmızı, sarı gülləri, bu yaşıl otları, bu cürbəcür dadlı göyərtiləri bitirən hikmətə bir heyrtəliyimi də bildirdim və fəlsəfədə ilişib qalmamaq üçün sualı fikrimdən yayındırdım.

Bəlkə biz heç biz deyilik, bəlkə bu dünya böyük bir illüziyadır, bəlkə kimsə bizi işıq effekti ilə canlandırır, biz elə marionetik, ya da nə bilim, dünya bir cizgi film səhnəsidir. Bilirəm, köhnə mənasız suallardır, ciddi məsələlərdən yayınmaq üçün beyninə oyuncaq verirsən. Bu qədər qanlar-qadalar, savaşlar-döyüşlər, çəkişmələr-didişmələr, kin qərəz nəyə lazım, nə mənası var? Nə qazanırsınız? Adi xırda insanların belə qırılan qəlbindən kainata yüksələn naləsi ilə göylərə bir minus gedir, bir soyuqluq yayılırsa… Sonra o orada nələrə çevrilir, daha sonra nə şəklində kimin başına necə yağır, sonra nələr olur, başlanğıc harda bitir? Gedimli- gəlimli bu prosesin trayektoriyasını izləyə bilirsinizmi? Yaxşı ki, bilmirsiniz. Hz.Məhəmməd (sav) demiş,” Bilsəydiniz az gülüb çox ağlayardınız.” Niyə? Çünki…

Yox, çünkisini deməyəcəm, çün ki hərənin bir doğrusu, bir çünkisi var. Bu çünkidə bir yanılqısı var, bəhanəsi və özünü aldatma arqumenti var.

Hər kəs dünyanı bir metoda uyaraq izah edir, bir ideologiyanın kölgəsində mənalandırır. Nə qədər haqlı olur, heç özü də bilmir. Sadəcə, haqlı olma duyğusu bir məmnunluqdur, insan buna vurğundur. Bu da insana yetir.

Dekartın əksinə olaraq, mən inanmıram ki, beyin özü özünə, kənardan təkan almadan nəsə törətsin, elə olsaydı bisavadlardan dahi fikilər çıxardı. Hələ ki çıxmır, hələ ki, elmlə-kitabla baş yoranlar bir qərara gələ bilmirlər, bu dünya hara gedir, bu insan nə idi, nə olacaq. İçində olduğumuz anın belə sahibi deyilik, bir ana sahib ola bilmiriksə, bu nə dünya, kainat al – veridir. Mən alver deyirəm, üzümə baxıb “ticarət?” deyə ə- ni uzadaraq sual verir. Al və ver. Bu qədər, sözün kəsəsi. Sözün qısası olmur, sözün kəsəsi olur. Bunu da deyim bilin. Niyə dilini əyib büküb ticarət deyirsən ki? Alver.

Nə alverimiz var kainatla? Sözün kəsəsi: heç nə. Bütün davamız özümüzlədir. Özümüzə yer tapa bilməyəndə deyirik “dardı bu dünya dardı” .Yox, axı. Dar olan düşüncəndir, dar olan qəlbindir, dünya deyil.

Dünən də 9 may idi, çox istədim mən də alman faşizminə qurban gedən, ya da hardasa sağ olduğundan xəbərsiz olduğumuz əmimdən yazım.Yazmadım, şəkli, məktubu belə qalmayıb, bir “Plutonium” kitabı (onu da itməsin deyə necə gizləmişəmsə, indi özüm də tapa bilmirəm), bir mühazirə dəftəri, bir dənə də qırmızı cizgili düz boşqabı qalıb. Xatirəsini yaşadanlar da dünyadan köçüb.

Qayıdıb yenə fəlsəfəyə baxsam deyəcəm, bəs bu heçlik deyil nədir? Səni unudurlar və sən artıq yoxsan. Sən yox olursan, amma yerin boş qalmır, yerinə torpaq çoxalır. Vətən sağ olsun deyirlər.

  Kim demişdi ki, “Cəhalət xoşbəxtlikdir”, kim deyibsə yaxşı deyib, mən də yaxşı ki, deyəni unutmuşam, yoxsa qınayacaqdım. Amma mən bu yerdə necə də cahil olmaq istəyirəm.

Bu yerdə çıxıb günəşə naz edən güllərimə baxıram. Son iki günün soyuğu yaman üşüdüb onları, onlar da soyuğa fəlsəfə qatmaq istəyiblər, amma alınmayıb, yarpaqları küləklə yolunub, ləçəkləri küsüb. Heçliyə meydan oxumaq istəyiblər, alnıbmı? Gül dünyasındakı cavabı bilmirəm, amma bizim dünyada alınmır. Bir iki günə quruyacaqlar. Bu onların heçliyimi? Bəs quruyub torpağa qarışmışlığı nə adlanır? Ya da torpağa düşən toxumların sonradan cücərməsi? Kainat bumu? Ya da həyat bumu?

Neçə gündür köhnə yazılarımın içində qurdalanıram, nəsə üzə çıxarmaq istəyirəm, hər yazıda bir qəmbərqulu tapıram və qatlayıb, ya da bağlayıb qoyuram köhnə e-sandığa. Məndən sonra külliyyatımı kim tapa, kim oxuya. Boş verin, bir delete, bir format, olacaq gül kimi tərtəmiz sıfır yaddaş kompüter. Yazılarımı gələcəkdə – efir sivilizasiyasında, hələlik adını bilmədiyimiz lövhələrdən oxuyarsınız. Alpərə izah etdim, o da bəlkə ola bilər dedi, amma ağlı bir şey kəsmədi, deyəsən. Yazacaqlarımı fikir, duyğu olaraq göndərirəm efirə. Onsuz da enerjinin itməməsi qanuna inanıram deyə, fikrimin çevriləcəyi nəsnəni gələcəkdə kimsə tanıyacaq. Siz buna hələ fantastika deyin. Əgər qılı qırx yaran bir göz varsa, onun texnikası da gələcək. Bir balaca fləş karta cild-cild kitab yerləşirsə, siz Lövhi Məhfuza şübhəmi edirsiniz?

  Bu günəşə gülüməsəyən gül eşqinə, dünyanı öz qəlbinizə, ruhunuza daşıyın, özünüzlə əlləşin, özünüzlə danışın, özünüzlə uzlaşın, dünya o zaman gözəlləşəcək. Mənim güllərim kimi.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir