Divarın dibi uzunu qarışqalar sanki yuvalarını çölə daşıyıb orada qaynaşırlar. Süleymanı yıxan bir qarışqa bu boyda divarı da yıxacaq deyəsən, elə hey divarın içini oyurlar. Zarafat gəlməsin, qarışqanın gücünü görürük, o divarı da yıxar, dünyanı da.
Hə, hər gün biz onları qorxutsaq da onlar yenə də öz divaruçurma işlərinə davam edirlər. Bəlkə çörək dalınca çıxırlar, bəlkə bizim kimi istidən təntiyib nəfəs almaq istəyirlər, kim bilir. Ancaq biz istəyirik ki, bu yazıq heyvan, bu balaca canlı heç yuvasından çıxmasın, bizim sərhədlərimizi pozmasın. Yaxşı, bəs onlar bu yayın istisində yerin altında necə nəfəs alsınlar, ya da qış azıxlarını hardan necə toplasınlar. Biz necə də qəddarıq, bu dünya elə bir tək bizim üçündürmü?
Qarışqada da insaf yoxdur, yemək demir, geymək demir, hər yerə gedib çatır, hətta adamın üstünə də çıxır, o balaca boyu ilə adamı elə dişləyir ki, elə biləsən eşşək arısıdır. Nə qədər güc varmış onda, onun o görünməyən dişində, ya da nə bilim bəlkə xortumu var, bəlkə buynuzu var, biz görmürük ki. Dünən böyrümdən birdən elə bildim eşşək arısı sancdı, qışqırdım hətta, açıb baxanda nə görsəm yaxşıdır, cıqqılı bir qarışqa. Sən, ay qarşıqa, axı bizim sərhədlərimizi niyə pozursan ki, axırda da belə qətliam olunursan. Amma mən heç bilərək qarışqa öldürmədim. Öz özümə həmişə deyirəm, Allahın, adını ucaltdığı bu heyvan təmizdir, ayağında mikrob gəzdirmir, xəstəlik, kir yaymır, ziyansızdır, niyə öldürüm, amma yeməyin içindən qarışqa çıxması da, əlbəttə, xoş deyil, həm dirisi də yox, ölüsü. Kimi də deyir ki, yeməyinə qarışqa düşəndə diksinmə, eləcə də ye, bəs bilmirsənmi, qarışqa turşusu can dərmanıdır. Qarışqanın dirisində, yoxsa ölüsündəmi olur qarışqa turşusu bilmirəm, ancaq turşu xətrinə də olsa ayı kimi qarışqa yeməyəcəm, vəssəlam.
Gələk qarışqanın sərhəd məsələsinə. Qarışqalar istənilən yerdən daş, qum, torpaq, divardan özlərinə yol açır, amma bu yolda kimin çəpərini aşır, kimə dəyib dolaşır, buna heç fikir vermir. Sərhəd keçmək deyəndə ağlıma gəlir ki, elə heç insanlar da qarışqadan fərqli deyillər. İnsanlar daha çox sərhəd keçir, daha çox kiminsə haqqını pozur, çalını-çəpərini talan edir. İnsan görünən, xətləri çəkilmiş sərhədləri pozur və buna görə bəzən bağışlanmaq istəyir, bəzən hökm edərək haqlı sayılır, ancaq bəlli bir şəkildə görünən sərhədlərin pozulmasının əks-sədası eşidilir. Molla Nəsrəddin demiş, səsi sabah da olsa ancaq mütləq çıxır.
Bəs görünməyən sərhədlərin pozulması zamanı kim sorğu-sual edib hesab soruşacaq. Bizim hər gün neçə sərhəddimiz pozulur, çox vaxt heç fərqində də olmuruq, elə başımız gündəlik işlərə elə qarışır ki, özümüzün başımıza gələnləri fərq edə bilmirik. Ən kobud sərhəd pozma ayaqla və əllə olur. Bunu hər kəs görür deyə üstündən keçirəm. Hətta əllə salamlaşdıqda əllərimizin istiliyi sərbəstcə yayıla bilmir və onun istisi qarşı ələ də keçə bilməsə özündə qalaraq boğulur, boğulan hər şey kimi o da insana ağırlıq edir. Görüşdüyümüz zaman öpüşdükdə nəfəsimizin səyahət sahəsi daralır, digər üz alacağımız nəfəsi bir an gecikdirdiyi kimi çıxan nəfəsimizi də bir an saxlayır.Ya da çıxan nəfəsimiz qarşıdakı insanın üzünə qonaraq orada həbs olunur və öz normal həyatını-səyahətini başa vura bilmir. Uzaqlara getməli olan nəfəsimizin qolu-qanadı qırılır. Bu da bir yük. Fəzada bir nəfəsimizin yeri boş qalır, boş yerə isə hər şey dola bilər, bizim istəmədiyimiz, nəfəsimizə yad olanlar belə.
Sonra, gözlə sərhəddi pozmaq. İnsanın içindəkilərin çölə ən aktiv daşıyıcısı, bilirik ki, gözdür. Eyni zamanda da çöldəkini eyni şəkildə içəri daşıyır.
İndi keçək insanın astral sərhədləri keçməsinə. Astral sərhədləri ən asan pozan və uzağa ötürülən iki şey var, biri dua, biri də qarğış. ”Qarğış ikibaşlı olur” sözü də boş deyil, yəni qarğış iki tərəfli-mənbəyi, mənsəbi olduğu üçün onun getdiyi trayektoriya bir az dalğalı olur. Qarğış edən adam bir az tərəddüd keçirdiyindən onun dedikləri yerinə tam çatmır, yarısı elə onun özündə qalır. Çünki qarğışın içində bir qorxu var, qorxu da sürətə manedir, qorxu ünvanı sapdırır. Ancaq elə qarğışlar var ki, tuşlandığı yeri elə gözündən nişan alır, elə yapışır ki, heç əsrlər də onu oradan qopara bilmir, qarğış o insanın üstündə durduqca sanki lillənib lənətə çevrilir və onun qanı, geni ilə nəsildən nəsilə keçir. Adam həyatda ən aşağı, ən bədbəxt, faciəvi bir ömür yaşayırsa, bunun səbəbini ha axtarır tapmır, ancaq ağlına da gəlmir ki, uzun zaman əvvəl hansısa babasının, nənəsinin aldığı qarğışın cəzasını indi o çəkir.
Alxış da elə təxminən belədir, amma əks tərəfə. Dua edərkən yenə də astral olaraq sərhədləri pozuruq. Bu dəfə birisinə dua edəndə onun sərhəddini yaxşı şəkildə pozursan.Yəni vurub dağıtmırsan, sığallayıb tumarlayırsan və xoş enerjidən qəlbin genişlədiyi kimi sərhədlər də nəfəs alıb genişlənir, rahatlayır.
O ki, qaldı niyə müsəlmanların daha çox kütləvi qırılmasına. Burada məsələ belədir ki, ən çox dua edən, allaha üz tutanlar müsəlmanlardır, yəni belə çıxır ki, astral sərhədləri ən çox pozanlar da müsəlmanlardır. Onlar istəməsə də, fərqində olmasa da təbiət güclərinə təsir edirlər və hətta zəlzələlərdə də insan beyninin təsiri vardır. Necə ki, kütləvi dua ilə yağış yağdırılır, eləcə də dünyada, Molla Nəsrəddin demiş, hamı bir tərəfə gedəndə dünya yıxılır axı, yəni birdən duanın ağzı bu tərəfə dönəndə zəlzələ olur. (hindin Om mantrasını xatırla və ya müsəlmanın Hu deyə uçmasını). Fikir vermisinizmi ki, müharibələr zamanı təbii fəlakətlər daha çox olur, hava şəraiti daha pis olur, yağışlar, tufanlar daha çox baş verir. Sual olunur ki, təbiətmi insana təsir edir, yoxsa insanın beynimi təbiətə təsir edir. Təsirlər qarşılıqlıdır, ancaq insanın təbiətə təsirini hiss etmirik, yaxud da, etiraf etrmirik. Eləcə,” insan zəif yaradılmışdır”, sözünü bayraq edib öz potensialımızı dincə qoymuşuq, əslində isə, Allah insana elə bir yaradılış gücü verib ki, o təbiətə təsir edə bilər. Mənəviyyat tariximizdə belə faktlar var. Ancaq biz bunları görməzdən gələrək Koroğlunun bir oturuma bir qoyunu yeməsi ilə fəxr edirik. Ona görə də bu hala gəlib “büründüyümüz ətə-sümüyə” alüdə olur və mənəviyyatı yuxuya veririk.
Qarışqalar bizim sərhəddimizi pozanda onları kütləvi qırdığımız kimi, biz də bizdən üstün olanın sərhəddini pozanda onlar da bizi kütləvi qırır. Yaxud da, sərhəd pozuntusu ölçüsündə cəzalandırır…