21 Kasım 2024

      Dünyada ittifaq olmasa, heç bir cəmiyyət işi bina  tutmaz. Bizim sabiq cəmiyyəti-xeyriyyəmiz baş tutmadığından, teatr oynanan otaq boş qaldığından  aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil. Ələlxüsus, bizim yerlərdə ki, qonşularımız elm təhsil edib günü- gündən irəli gedir, bizim əlimizdə olan mülkü mala sahib olurlar və bir az vaxtdan sonra biz onlara rəncbərlik edib, onların malını daşımaqdan ötrü kirəkeşlik edəcəyik. Belədə nə qayırmalı ? Hər kəsi çağırırm, gəlməyir, göstərirəm, görməyir, deyirəm – qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, sözümü deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki. mənim sözümü eşidənlərdən heç bir qanan olmasın! Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mirur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus doğru söz, mirur ilə qanmazın başını deşib onun beyninə əsər edər. Belədə mən onları necə görüm və görmək mümkündürmü ? Hər kəs öz qara sandığının üstə oturub onun içində olana səcdə edir və sandığı doldurmaq fikrindədir. Amma ətrafda müsəlman qardaşlar bir- bir düşmənimiz əjdahanın ağzına düşüb yox olduğunu görməyir və görmək də istəməyir. Belədə  qəzet çıxarmaqdan savay bir qeiri əlac yoxdur ki,kağızın üstə yazılmış doğru sözlər qapı- pəncərədən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki. doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Axırdda o bənd ki, suyun qabağını kəsmişdi və suyu axmağa qoymurdu, rəxnə tapar və su mirur ilə bəndi uçurub aparar. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar.

      Bəs qəzeti necə çıxardım ? Pu yox, çapçı yoldaşı yox, hürufat yox, əmələ ( işçi- G.A.) yox. 1- 2yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izin almaq da ki, bir böyük bəladır.

     Bizim qubernator mütəfəvvi general Staroselski ( 1874-1875-cı illərdə Bakı qubernatoru-G.A.) , doğrudur, xalis rus idi, amma övrəti gürcü qızı idi . Ona görə də Qafqazın yer əhlini ( yerli əhalisini ) dost tuturdu. Mən ona dərdimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını “ Əkinçi “ qoyum ki, guya məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğu qəbul eləsin. Bu tövr ərizə verib izin aldım.

  Çünki o vaxtda yazı-pozu şikəstə xətti ilə olurdu və basma xəttini oxuyan yox idi və tamam Rusiyada işlənən hürufat çox yaman idi, ona görə mənə məsləhət elədilər ki, qəzeti daş basması ( litoqrafiya ) ilə basdırım. Mən buna razı olmadım. Çünki litoqrafiya ilə çıxan qəzet həftədə bir və ya iki dəfə çıxa bilər. Amma mənim ümidim var idi ki, sonra qəzeti hər gündə çıxarım, bir də Osmanlı və İran məmləkətlərində o vaxtda qəzetlər çıxırdı və onlar da hürufat ilə basılırdı və daş üstə çıxanlar da sonra hürufat ilə basılacaqdı. Belədə yaxşı olardı ki, işin binasından oxuyanları basma xəttinə öyrədim ki, sonra dübarə zəhmət çəkib onları təzədən basma xəttinə öyrətmək lazım olmasın.

         O vaxtda Bakəda iki basmaxana var idi. Onların birisində ki, “qubernski pravleniyanın” idi, bircə müsulman hürufatını ala-yarımçıq düzən Minasov adlı erməni var idi. Onu götürdüm, danışdırdım. Söz verdi ki, nə qədər hürufat düzən lazım olsa, öyrədib mənim qəzetimdə işlədər. Sonra fikrə getdim ki, yaxşı hürufatı haradan alım ? Rusiyada, doğrudur, yaxşı hüruaft yox idi, amma qəliblər qayırıb, təzə hürufat tökdürmək mümkün idi. İş burasındadır ki, təzə qəliblər qayırdan kargahçı 5-10 putdan ötrü  onları qayırmağa razı olmazdı.

         O vaxtda İstambulda 10 put hürufat alıb avqust ayında qayıdıb gəldim. Hürufat qışda gəlib çatdı. Əlahiddə basmaxana açmağa pulum olmadı. Ona görə Staroselski mənim hürufatımı qubernski  pravleniyanın basmaxanası üçün  satın aldı. Kağız və  qeyri mayəhtacı hazırlayıb  “ Əkinçi” qəzetini çıxarmağı 1875- ci sənənin iyul ayının 22- də başladım. İyul ayına qəzetin açılmasını salmaqdan muradım o idi ki, zikr olan  Minasovdan başqa, türk hürufatı düzən tapılmadı. O da bircə bacısı oğlunu gətirib yanında şagird saxladı.  Belə labüd qalıb mən özüm də ona gərək  kömək edəydim. Basmaxana hər nömrəni bir kiçik vərəq üstə hər səfər 1000 vərəq basmaqdan ötrü məndən 15 manat istədi. Hesab çəkib gördüm ki, qəzeti hər iki həftədə bir dəfədən artıq çıxara bilmərəm. Qəzet çıxarmaq elannaməsini  novruzda paylamışdım və Qafqazın tamam şəhərlərinə və böyük kəndlərinə də göndərmişdim. İyul ayınacan 100 müştərim var idi ki, hərəsindən 3 manat, cümlətanı 300 manat vüsul olmuşdu. Qubernator naçalniklərə hökm yazdı ki, hər kəndin yüzbaşıısı qəzet alsın. Bu tövr ilə 300 də müştərim artdı ki, cümlətanı 1200 manata qədər qəzet satılmaqdan vüsul oldu. Qəzeti əldə satdırmaq və elamnamə basdırmaq  da ki, o vaxtda yox idi, qəzeti 8-9 yüzə qədər basdırdım.  Onun  400-nü müştəri olanlara və artığını Bakının küçə və bazarlarında paylatmaqdan savayı, qeyri şəhərlərə də müftə göndərirdim ki, qəzeti oxumağa adət eləsinlər.

     Əvvəlinci nömrələri çıxarmağın zəhməti çox artıq oldu. Yayda şagirdlərim  Bakıdan evlərinə getmişdilər. Mən tək qalmışdım və bir də Minasov ömründə qəzet işi görməmişdi və çox ağır işləyirdi. Ona görə özüm yazırdım, hürufatı düzməyinə kömək edirdim, qələtlərini düzəldirdim. Əvvəlinci yarım ili, yəni yanvarın birinəcən 500 manata qədər zərər elədim. Amma müştərilərimin qədəri yüzdən üç yüzə qədər artmışdı.   O ki, yüzbaşılardı, naçalniklər onlara qəzeti vaxtında göndərmədiyinə görə onların qədəri azaldı.

   Yanvarın 1-dən 400-ə qədər müştərim var idi, 3 manatdan. Novruzdan sonra qəzetin vərəqlərini böyükləndirdim və o ilin payızında qəzeti həftədə bir dəfə çıxartdım. Çünki yazıçı yoldaşlarım günü – gündən artırdı və Minasov öz bacısı oğlu ilə işə artıq öyrənmişdi. İl qurtaranda hesabını çəkib gördüm ki,  1000 manata qədər zərərim var. Üçüncü,  1877 -ci  sənədə yüzbaşılardan savay 400- ə qədər müştərim var idi. Mənim əvvəlinci köməkçilərim şagirdlərim idi. Onlar yazmaqdan savay  qəzeti müftə paylamağa, poçta verməyə də kömək edirdilər. Onların hamısı qəzet oxumaq ilə yazıb oxumaq öyrənmişdilər və öz vətən dilində qəzeti görəndə çox şad olurdular. O günü onlar üçün bir böyük bayram olurdu.

     “Əkinçi “nin əvvəlinci bədbəxtliyi qubernator Staroselskinin  Bakıdan getməyi oldu. Ondan sonra vitse -qubernator bir yoğun senzor  oldu.

     İkinci və böyük bədbəxtliyi Osmanlı davası başlamağı oldu.

    Nə qədər osmanlı davası başlanmamış id, bir tövr bu yoğun ilə yola gedirdim. Elə ki dava başlandı, özləri rus olmayan, rus dövlətinə ixlas  göstərmək istəyənlər,  əz cümlə  bu yoğun hər bir cəhətdə artıq diqqət edib qəzet çıxarmağı düşvar elədilər. “ Əkinçi” yə ixtiyar  vermişdilər ki, siyasi xəbərləri qeyri qəzetlərdən çap eləsin. Amma onların birisini də çap etməyə qoymadılar və bir tərəfdən də müştərilərimiz dava xəbərləri istəyirlərdi. Senzordan təvəqqe elədim ki, özü qeyri qəzetlərində siyasi xəbərləri də göstərsin ki, hansıları çap etmək mümkündür.  Ona da razı olmayıb, izin verdi ki, dövlət tərəfindən hər gündə gələn telləri ( teleqramları ) çap edim. Əlbəttə, həftədə bir dəfə çıxan qəzetdə bir həftə müddətində gələn tellərin hamısını çap etmək mümkün deyil idi. Çünki hər gündə 2-3 yüz sətrə qədər tel gəlirdi və onlardan seçib lazım olan qədərini də  basdırmağa qoymadılar. Xülasə, siyasi xəbərləri basmaq mümkün olmadı və müştərilər məndən  çox narazı oldular.

              Müsəlmanların düşmənləri ki, Staroselskinin vaxtında  bi riş görə bilmiirdilər, hər tərəfdən  “ Əkinçi”nin üstünə tökülüb onun bağlanmağına səy etdilər. Jandarma polkovnikinə hər gündə məndən və “ Əkinçi” dən adsız danoslar göndərirdilər. Jandarma tərəfindən mənim üstümə qarovulçular qoyuldu. Onların birisi mənim rus qulluqçumun qaradşı adına gecələr mənzilimin içində yatırdı. Birisi də küçə qapısında durub mən hər tərəfə gedəndə məni aparıb- gətirirdi.  O vaxt mən hər gecə 1-2 saat kluba gedib bilyard oynayırdım və jandarma polkovniki də bəzi vaxtda mənimlə oynayırdı. Onunla belə həftədə bir neçə dəfə o polkovnik məni apardıb məndən cavab istəyirdi ki, doğrudurmu, filan günü axşam filankəslərin yanına gedib, filan sözü demisən.  Mən cavab verirdim ki, filan saatda səninlə nərd oynayırdım. Deyirdi ki, mən özüm də yaxşı bilirəm, amma neyləyim, zakon belədir, gərək xəbər alım. Belə danosları bircə jandarma versəydilər, yenə dərd yarı idi, amma onları vəzirlərə, sərdara və qeyrilərə də göndərirdilər ki, onların cavablarını yazmaqdan biçarə jandarma yorulmuş idi. Amma bununla belə mən qəzeti vaxtlı- vaxtında çıxardırdım.

            Elə ki Dağıstanda şuluqluq başlandı, “Əkinçi”nin  günü dəxi artıq qara oldu : bir gün Nəcəfbəy Vəzirovun məqaləsini ki, Moskvadan göndərmişdi, vermişdim düzməyə. Məqalədə bir dərviş bazarda dükanların qabağında qəsidələr oxuyub onları elm təhsil etməyə çağırırdı. Senzor qol çəkib çap olunmağına icazə vermişdi.  

        Qəzet çap olub paylanandan sonra qubernatorun hökmünə görə o nömrəni bağlayıb məni istədilər. Gedib gördüm ki, mənim Minasovum oradadır. Qubernator buyurdu ki, Minasov deyir ki, dərvişin sözlərinin qeyri mənası var.  Ona görə nömrəni bağlayıb sənə hökm edirəm ki, bir qeyri nömrə çap edəsən. Cavab verdim ki, qeyri nömrə çıxara bilmərəm. Mən gedəndən sonra qubernator özü bir nömrə çıxardıb paylatdı.  Nömrə mənim adımdan çıxmışdı, odur ki,  təvəqqe elədim ki, dəxi mənim adımdan qəzet çıxarmasınlar.

          Bu tövr mən istəyirdim qəzeti vaxtilə bağlayıb dava qurtarandan sonra çıxardım. Amma müsəlmanların düşmənləri əl çəkmirdlər.  Bir gün gimnaziyanın direktoru mənə məlum elədi ki, sərdarın hökmünə görə gərək Yekaterinoqrad şəhərinin gimnaziyasına müəllim gedəm. Ona görə mən ərizə verib qulluqdan çıxdım. Çünki mən Bakıdan çıxıb müsəlman işlərindən kənar olmağı özüm üçün ölüm hesab edirdim. Dava qurtardı, amma mənim Bakıda qalmağım müşkül oldu. Padşahlıq qulluğuna məni götürmədilər və bakılılardan heç kəs məni qulluğa götürmədi. 1-2 yerdə cəmiyyət qulluğuna girmək istədim, amma məni seçkidən qaraladılar və qaralayanlar da Bakı müsılmanları oldu ki, oraya xaricilərdən intixab etdilər.  Belədə mən nə ki , “ Əkinçi”ni  dəxi  çıxarda bilmədim, hətta Bakıda da qala bilməyib öz kəndimizə köçüb getdim.

   “Həyat “ qəzeti, №129, 28 dekabr, 1905-ci il. , №2, 3 yanvar, 1906-cı il.

Təqdim edən: Gültəkin Ağalı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir