Dekabrın 8-də Qərbi Azərbaycan İcması (QAİ) Sumqayıt Nümayəndəliyində Karvansaray (İcevan) rayon Haqqıxlı kənd İcması növbəti toplantısını keçirdi.
Toplantıda ilk olaraq şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Haqqıxlı kənd sakini, Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov bu qurumda yaradılan şərait və Qayıdış Konsepsiyasına uyğun olaraq görülən işlər barədə həmkəndlilərinə məlumat verdi.
Haqqıxlı kənd icmasının sədri İbad Mehdiyev Haqqıxlı xatirələrindən danışaraq gənclərin bir-birini tanımasının vacibliyini vurğuladı və çıxışının sonunda Ayişə Nəbinin Haqqıxlı kənd İcması Qadınlar Şurasının sədri seçildiyini elan etdi. Sədr təyin olunan Ayişə Nəbi göstərilən etimada görə haqqıxlılara təşəkkürünü bildirərək bu işin öhtəsindən layiqincə gəlməyə çalışacağını dilə gətirdi.
Haqqıxlı Ağsaqqallar Şurasının sədr müavini Əlifxan Məmmədov yaranan İcmanın və onun fəaliyyətində gənclərin rolunun önəmindən danışdı. Filolofiya elmləri namizədi, əməkdar müəllim Saməddin İbrahimov Qərbi Azərbaycan İcmasının beynəlxalq arenada da böyük irəlləyişlər əldə etdiyini, 2000-ci ildən bu günə qədər AR prezidentinin sərəncamı ilə Haqqıxlı kəndindən 30-a yaxın insanın orden və medallarla təltif edildiyini söylədi.
İcmanın üzvü dosent, Odlar Yurdu Universitetinin rejim üzrə prorektoru Füzuli Həsənov İcmanın prinsiplərindən, keçirdiyi ikinci Beynəlxalq Konfransdan və bütün bu işlərin bizim ata-baba yurdumuza qayıtmaq həvəsimizi artırdığından bəhs etdi. Texnika elmləri üzrə fəlsəfə doktoru Camal İsmayılov da İcmanın təsirli addımlar atması üçün əlaqələrin qurulmasını və maarifləndirici xarakterli təbliğatın aparılmalı olduğunu xüsusi vurğuladı. İcmanın sədri İ.Mehdiyev QAİ tərəfindən hazırlanan “Qərbi Azərbaycan Şəhdiləri” adlı kitabı Haqqıxlı kəndindən olan şəhidlərin ailə üzvlərinə verərək, yeni üzvlərə QAİ-nin vəsiqə və döş nişanlarını təqdim etdi.
İklim.az