(esse)
Üstündən nə qədər keçsə də o gün yaşadığım həyəcanı, hiss etdiyim duyğunu unuda bilmirəm.
İllər öncə baş verən, şahid olduğum bu hadisəni, o andakı yaşantımı yadımdan çıxara bilmirəm.
Həmin yaşantı, o an uzun illərdir yaddaşımdan silinmir.
İndiki kimi yadımdadır. Yenicə işə düzəldiyim təşkilatın qonşuluğunda olan, çox zaman birlikdə çalışdığımız xanımlarla birgə namaz qılırdıq. Namaz başa çatdıqdan sonra hamımızın sevimlisi “Aydınlığa doğru” İB-nin sədri Solmaz xanım həmişəki kimi öz gözəl, məlahətli səsi ilə dualar edirdi.
Həmişə də bizə tövsiyyə edirdi ki, dua edəndə bir-birinizi, millətimizi unutmayın. Xalqımız üçün, ölkəmiz üçün dua edin. Dualarınızı ictimailəşdirin ki, daha güclü olsun.
Hər duada olduğu kimi Solmaz xanım bu dəfə də sonda əllərini açaraq belə dedi:
-Allahım, Şuşamız azadolsun. Sən bizə azad Şuşamızdan əzan səsi eşitməyi nəsib et!
Qarabağın azad olunmasını görməyi bizə nəsib et!
Edilən bu dua sanki qəlbimi titrətdi. Bir an ağlımdan belə bir fikir keçdi, gör, Solmaz xanım Allahdan necə əlçatmaz bir duanın qəbul olunmasını istəyir.
Aradan illər keçdi, onu duaları davam etdi. Ancaq o ilk eşitdiyim dua mənim yaddaşıma həkk olunmuşdu.Buna baxmayaraq, onu heç dilimə gətirmirdim, o dua əlçatmaz bir dilək kimi qəlbimin bir yerində gizlənib qalmışdı.
Sonra bir gün bir nidanı eşitdiyim vaxta qədər o dua orada gizli qaldı.
Mən, 44 günlük Vətən müharibəsinin bitməsi və “Əziz Şuşa, sən azadsan!”-deyən ali baş komandanımız İlham Əliyevin ürəkləri titrədən o çıxışını eşidərkən həmin duanı xatırladım.
Bir yandan bu xəbərin sevinci, bir yandan göz yaşları ilə “Ata vəsiyyətini yerinə yetirdim” sözləri mənı içdən çox titrətdi, gözümün önünə həmin gün gəldi: Solmaz xanımın yanıqlı səsi ilə israrla Allaha dua etdiyi gün, o an yadıma düşdü. Tez telefonu götürüb Solmaz xanıma zəng vurdum.
-Solmaz xanım, sizi təbrik edirəm, dualarınız qəbul oldu. Şuşamız azad oldu. Elə indi prezidentin çıxışını dinlədim. Duanız qəbul oldu. Siz o vaxt dua edərkən ağlımızın ucundan belə keçməzdi ki, bu dua nə vaxtsa qəbul olunar.
Qarşı tərəfdə Solmaz xanımın qəhərləndiyini hiss etdim, eyni zamanda da sevinclə dedi:
-Çox sağ ol, qızım. Mənə ilk zəng vurub təbrik edən siz oldunuz.
Mən inanırdım, qızım.
Bilirdim ki, bu arzumuz, duamız həyata keçəcək. Ona görə hər gün inamla, imanla dua edirdim.-Bir an sözünə ara verib davam etdi:
-Qızım, bil ki, duanı imanla inanaraq etmək, Allahdan israrla istəmək lazımdır. Həm də dualarımızda tək özümüzü deyil, hamını düşünməliyik. Allah xeyirli niyyətlə etdiyin duanı, ona uzanan əlləri geri çevirməz.Yetər ki, inanaraq dua edək. Etdiyin duaya inan və bunun üçün mübarizə apar, ona çatmaq üçün çalış.
Solmaz xanım dərin bir nəfəs alıb telefon danışığımızı bu dua ilə bitirdi.
-Allah bizə bütöv, müstəqil, vahid Azərbaycanımızı qurmağı nəsib etsin. Allahım yetişən gənclərimizə şəhidlərimizin canı, qanı, qazilərimizin sağlamlığı bahasına aldığımız bu torpaqların hər bir qarışını qoruması üçün güc-qüvvət, əzm versin, Vətənimizə layiqli, dəyərlərimizə sadiq övladlar yetişdirməyi bizə nəsib etsin.
Amin!
Beləcə, Solmaz xanımla sağollaşıb bu müjdəli telefon söhbətimizi dua ilə bitirdik…
44 günlük müharibə vaxtı hər birimizin gecə-gündüz bilmədən cəbhədə döyüşən əsgərlərimiz üçün göz yaşları axıdaraq etdiyimiz duaları xatırladım. Bunu o qanlı-qadalı döyüşlərdən sağ-salamat geri qayıdan əsgərlərimiz də sonralar etiraf edirdi. Şuşa uğrunda döyüşlərdə vuruşan əsgərlərdən biri öz müsahibəsində belə demişdi:
“Bizi elə bil, həmişə hansısa gözəgörünməz qüvvə hər tərəfdən qoruyurdu. Bunun nə olduğunu biz də sonralar başa düşdük. Şuşanın həmin günlərdə bir neçə gün dumana bürünməsi də təsadüfi deyildi. Hətta o duman da, Şuşa qalasının möhtəşəm divarları da, bizi düşmənin həmləsindən qoruyurdu. Analarımızın etdiyi dualar bizə əzmlə döyüşməyimiz üçün güc-qüvvət verirdi. Biz bunu ən çətin anlarımızda belə hiss edirdik”.
Bu yerdə “El bir olsa, dağ oynayar yerindən” atalar sözü yadıma düşdü. Xalqımızın, gözü yaşlı analarımızın, əzmkar atalarımızın səmimi qəlbdən etdiyi dualar gücümüzə güc qatdı. Bizi məğlubedilməz etdi. Bizim milli kimliyimizi, şərəfimizi, qürurumuzu yenidən özümüzə qaytardı. Bizi dünyaya öz torpağına sahib çıxmağı bacaran əzmkar bir millət, ölkə olaraq tanıtdı.
İnanıram ki, Solmaz xanımın səmimi qəlbdən etdiyi bu dualar da bir gün mütləq qəbul olunacaq.