07 Mart 2026
41 45

Aradan illər keçib, çox uzun illər, amma hələ də “41-45 müharibəsi” deyimi unudulmur və bu deyimin gətirdiyi hüzün azalmır. Sovet dövründə təhsil alanlar 41-45 davasının tarixini, olaylarını, statistikasını, səbəb və nəticəsini əzbər bilirdi. Onu da bilirdi ki, bu davada biz haqq tərəfik, çünki qarı düşmən bizim ölkəmizə hücum etmişdi, bizim igidlər də vətənini qorumuş, vətən uğrunda canında keçmişdi.

İllər ötüb quruluş dəyişəndə, sosializmdən doyub puç olan xəyalları kapitalizm xülyası ilə təsəlli edəndə insanlar bir çalxantı keçirdi: biz nə yaşadıq? Vətən uğrunda, Stalin uğrunda hayqırtılarla döyüşə girən igidlər səmimi idilər, doğrudan da cani-dildən Vətəni sevir, hakim ideologiyaya səmimi inanır və can qoyurdular. Sovet sistemi və imperiyası çökəndə Kommunist partiyasının külli sayda üzvinin bəlkə də elə hamısı çaşqınlıq içində qaldı, biz nəyə inanmışıq, kimə inanmışıq, ömrümüzü nəyə həsr etmişik və bütün bir ömür boyu xidmət etdiyimiz amal bu gün yalan və boş çıxdı (Kommunizmin ideyası yaxşı idi, amma nəzəriyyəsi ilə əməliyyəsi tutmadı). Bu çox acı bir hissdir. İndiki gənclər olsa kütləvi depressiya yaşanardı, intiharlar olardı. Ancaq “Polad necə bərkidi”  ilə yetişən bir nəsil sarsılmadı, yeni bir azad, müstəqil Vətən anlayışına sarıldı, bu anlayışı, bu amalı sevdi, mənimsədi və dimdik durdu, aldandım demədi, yanıldım dedi və yeni Vətən anlayışına, kiçik, amma anlamı böyük azad Vətən anlayışına xidmət etdi.

Biz 9 may qələbə gününü bundan sonra da daha neçə illər bayram edəcəyik, bilmirəm, acıların  yaşandığına şahid olan nəsil qurtarana qədər yəqin. Biz Böyük Vətən müharibəsini görmədik, ata-anamız da görmədi, onlar onda uşaq idilər, amma bu savaşın əzabını çəkdilər, ailədə, qohumda, qonşuda həlak olan, qara kağızı gələn, itkin düşdü xəbəri alınan insanların ailələrində yaşananların ağırlığını görüb biz övladlarına danışıblar. Davanın atəşi hər kəndə, hər evə düşdü, düşdüyü yerdə qaralmış ocaqlar qoydu. Bizim 430 nəfər əhalisi olan balaca kəndimizdən 56 nəfər savaşda həlak olub, qayıdanlardan neçəsi kantuziyalı, neçəsi əlil qayıdıb. Uzağa getmirəm, elə mənim əmimdən danışım.

 Mahmud Nəbiyev. 21 yaşında İrəvan Müəllimlər məktəbindən məzun olub və davaya gedib. Axırıncı məktubu Belorusiyadan gəlib və ondan sonra bir daha xəbər alınmayıb, nə qara kağız, nə itkin xəbəri, nə xəstə, nə sağ xəbəri  gəlməyib. Nənəm ömrünün axırına qədər oğlum sağdır, qayıdacaq deyib. Dövlətin təklif etdiyi qan pulunu almayıb ki, oğlum sağdır, acından ölsəm də oğlumun qan pulunu yeyə bilmərəm deyib. Üzüntüdən ömrü boyu xəstə olub. Mahmud əmimdən gözəl xətlə dərs yazılmış bir “obşi” dəftər, bir Pluton kitabı və iki dənə qırmızı cızıqlı düz boşqab qalıb. Məktubları da yox olub. Gümüş kəməri mən uşaq olanda Bakıya muzeyə göndərildi, çatdımı bilən yoxdu. Şeir yazar, rəsm çəkərmiş, şeir dəftəri də qalmayıb. Bizim insanlar niyə belə laqeyd olublar görəsən, heç bir tarixi qoruyub saxlamayıblar.

Biz indi 9 may qələbə günü deyə sevinəkmi, üzüləkmi? Kim kimə qələbə çalıb, niyə çalıb, biz bundan nə qazandıq, nə itirdik? On beş qardaş respublika deyə əsl qardaşlığımıza tam qəlbi ilə inanan insanlar idik.Vətənimiz böyük Sovet İttifaqıdır deyə qürurlanırdıq ki, ölkəmiz dünyada ən böyük ölkədir, ən güclü dövlətdir. Heç ağlımıza da gətirmirdik ki, biz azad deyilik, biz müstəmləkəyik.

İndi geriyə baxıb böyükləri suçlamaq çox asandır, ittiham etmək, hesab soruşmaq asandır. Onlar bizə cavab verməyəcək, biz sanki fərqliyik umacağı ilə özümüzə bəraət axtarırıq. Amma bu gün eyni vəziyyət olsa səsimizi çıxara bilərikmi. Bəlkə heç fərqində də olmarıq. Çox şeyin fərqində olmadığımız, olsaq da olmamış kimi göründüyümüz bir zamanda.

Özüm özümə çox sual verdim, sevincmi, yoxsa kədərmi hiss etdiyimə baxdım. Heç biri. Böyük bir təəssüf hissi keçirdim. Həlak olan minlərlə insan yaşasaydı, əmim də, məsələn. Ən azından o minlərlə insanımız bu gün  sayımızı artırardı. (Asi ordan bəri baxıb, sayımız artsa nə olacaq, dünya düzələcəkmi deyir. Azlıq çoxluq deyil məsələ, məsələ adam olmaqdadır).

Biz hər il TV qarşısında Qızıl Meydandakı hərbi parada baxa-baxa böyüdük və fəxrimiz özümüzdən böyük idi, “Alın a, yana yana qalın a, mən Sovet vətəndaşıyam” .

Bütün inqilabların, səsli və səssiz  üsyanların axırı peşmançılığa gətirir. Yol bu deyilsə, bəs nədir? Kamil insan yetişdirmək? Kommunizm ona görə qurulmadı? İnsanın beynindən mənfəət duyğusunu çıxarsaq? Olarmı?

Dünya qan-qadadan uzaq olarmı? Məsələn, Orta Şərqdə qan dayanarmı?

Nə sevinc, nə kədər, bütün faşistlərin, hər cür faşistliyin yox olacağına ümid.Faşizm öz əzəli “bir dəstə gül” anlamına qayıtsın, tökülən qanlar geri qayıtmasa da .

Maraqlıdır, 9 mayda almanlar nə düşünür, nə hissi keçirirlər?

AYİŞƏ NƏBİ

116 thoughts on “41-45: nə düşünürük

  1. Geri bildirim: buy online gabapentin
  2. Geri bildirim: nákup kamagra austrálie
  3. FG777biz, I appreciate the clean and easy-to-navigate interface. Makes finding my favorite games a breeze. Withdrawals are generally quick too! Check it out at fg777biz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir