07 Mart 2026
iki çocuk

Yayın ən isti günləri başlamışdı. Uşaqlar tətildə idilər, tətil günlərini daha maraqlı və şən keçirməyə çalışırdılar. Ataları işlə bağlı başqa şəhərə getmişdi. Ona görə də ailənin bütün yükü mənim çiynimdə idi. İki qardaş bütün gün gah birlikdə televizora baxır, gah həyətə düşüb yoldaşları ilə futbol oynayır, bəzən də hətta kiminləsə  dalaşırdılar. Dalaşanda da həmişə bir-birilərini müdafiə edir, söz-söhbətin gəlib mənə çatmamısına çalışırdılar. Ancaq uşaqdılar, uşaqlar arasında hər cür dava-dalaş olur. Bir dəfə qonşunun böyük oğlu, ondan yaşca çox kiçik olan balaca oğlum Elyarı döymüşdü. Oğlum Azər qardaşını qorumaq istəsə də, bu dəfə  gücü  çatmamışdı. Onda mən ömrümdə birinci dəfə idi ki, qonşunun üstünə getdim,  hirslə dedim, oğlun niyə mənim uşağımı döyüb? Qonşumuz Təhminə xanım məni elə “mərifətlə” yola saldı ki, bu mənim uşaq üstə birinci və axırıncısı  mübahisəm oldu.

Uşaqlar bir də bilirdilər ki, mənim onlara verdiyim vaxtdan artıq həyətdə qala bilməzlər. Həyət demişkən, biz binada 2 otaqlı mənzildə yaşadığımız üçün həyətə çıxmaq  uşaqlar üçün elə gəzinti idi. Günortanın qızmar saatlarında isə mənim tapşırığıma əməl edərək, işlədiyim məktəbin kitabxanasından götürdüyüm kitabları  oxuyurdular.

  Uşaqlar üçün bir də ən maraqlı əyləncə dənizə getmək, çimərlikdə gəzmək, suya girmək idi. Çimərlik Raya bibinin evinin lap yaxınlığında yerləşirdi. Ona görə oğlanlarım hər gün dənizə getmək üçün dil tökür, az qala yalvarırdılar. Mənim də   gündəlik ev qayğılarım, yemək bişirmək, təmizlik, yır-yığış etmək kimi işlərim bitib- tükənmirdi.  

   O gün də yenə həmişəki kimi günorta saatlarında nahardan sonra uşaqlara özlərini sakit aparmağı, uzanıb istirahət etməyi tapşırdım. Azər dedi:

-Ana, bizi dənizə apararsan? Bibigilə gedərik?

Raya bibinin evinə ya taksi ilə (pulumuz olarsa), ya da yarıya “Şəhidlər xiyabanı”na qədər avtobusla, qalan yolu da piyada getməli olurduq. Bu da bizə çox çətinlik yaradırdı.  Amma yenə də uşaqların arzusunu yerinə yetirməyə çalışırdım.

-Bilmirəm, baxaram. Özünüzü yaxşı aparsanız, bəlkə gedərik.

  Beləcə, özüm də yataq otağına keçib uzandım. Həmişəki kimi günün bütün yorğunluğunu bir-iki saat uzanıb dincəlmək və ya kitab oxumaqla çıxarırdım.

Elə yenicə uzanmışdım ki, gördüm qapı açıldı. Elyar yanıma gəlib dedi:

-Ana, ay ana, dənizə gedərik. Özümüzü bu gün yaxşı aparmışıq da, elə deyil?

-Bilmirəm, Elyar, baxaram. Qoy, bir az dincəlim görüm, nə olacaq.

-Ana, ay ana, baxanda olur da, düzdü?

Uşağın bu sözü, sanki məni silkələdi. Səhv etdiyimi başa düşdüm. Axı, bu uşaqların günahı nədir ki, biz bu cür yaşayırıq. Həmişə yaxşı dolanışığımız olmasa belə, uşaqlara bunu hiss etdirməməyə çalışırdım. Kasıb olsaq da, həmişə deyirdim ki, siz yaxşı oxusanız, çalışsanız gözəl və xoşbəxt həyatınız olacaq. Özünüzü mən`ən kasıb hiss etməyin . Əsas odur həyatda güclü, gərəkli, güvənli insan olasınız.

Bir tərəfdən də bilirdim ki, Elyarı öyrədib yanıma göndərən də böyük oğlum Azərdir.

Həmin gün uşaqları götürüb yenə həmişəki kimi piyada Raya bibigilə, ordan da çimərliyə getdik. O günlərdən yadımızda qalan “baxanda olur da, hə, ana”sözü qaldı. Arabir həmin sözü deyib, keçən günləri xatırlayardıq.

   İllər ötdü. Uşaqlar böyüdü. Ali məktəbə daxil oldular. Hər biri öz sevib -seçdiyi sahədə işləyirdi. Hər ikisi min bir əziyyətə qatlaşaraq karyera qurmağa çalışırdılar. Uşaqlar institutu bitirdikdən sonra yoldaşım uzun sürən  xəstəlikdən dünyasını dəyişdi. Artıq mən rayonda tək yaşayırdım. Məktəbə gedir, dərsdən sonra uşaqlarla məşğul olurdum. Günlər beləcə keçirdi. Oğlanlarım qərar verdilər ki, şəhərə onların yanına köçüm.

 Payızın sərin, yağışlı günlərindən biri idi. O gün nəsə yaman darıxdım.

Şəhəri yaxşı tanımırdım, dost-tanışlarımın da hamısı rayonda idi, əvvəlki yaşayışım, bir doğmalıq üçün yaman qəribsədim. Oğluma  telefonda “Ana sənə heyran, yaman darıxıram, axşam çağı harasa çıxaq gəzməyə?” sözlərini yazdım.

Oğlum da vəzifədə idi. Böyük bir şirkətin direktoru vəzifəsində çalışırdı.

“Bilmirəm, ana, işim çoxdu, baxaram.”

Bir an həmin günlər gözümün önündə canlandı. Dənizə aparmağım üçün  uşaqların israrları, bunu çox istəmələri və mənim onlara verdiyim həmin cavab.

“Baxanda olur da, düzdü, ana sənə heyran” sözlərini yazdım və gülücük qoydum. Qəhərdən boğazım tutuldu. İllər sonra mənim uşaq vaxtı oğluma dediyim sözü indi oğlum mənə geri qaytırmışdı. Bir an həmin illər gözümün önündən kino lenti kimi keçdi. Görəsən, daha hansı səhvləri etmişdim? Bunları düşünə-düşünə  özümü mühakimə edirdim. Üstündən heç yarım saat keçməmiş oğlum yazdı ki, “Ana, hazırlaş, işdən sonra gəlib səni maşınla götürərəm. Bulvarda gəzərik, haradasa oturub həm şam edər, həm də söhbətləşərik.”

Belə də oldu. Birlikdə axşam üstü bulvarda gəzdik, kafelərin birində oturub keçmiş günləri xatırlayıb gələcək ümidlərdən danışdıq. Lap ötən vaxtlarda uşaqlarla birlikdə xəyal qurduğumuz  kimi.

Üstündən bu qədər vaxt ötsə də uşaqların mənə dediyi “Ana, baxanda olur da” sözlərini heç vaxt unuda bilmirəm…

   Görəsən, həyatımız boyu  ətrafımızda nə qədər insanın istəmədən qəlbinə toxunmuşuq, bilmədən kimlərinsə xətrinə dəymişik.

 Kaş, səhvlərimizi gec olmadan görə bilək…

119 thoughts on “Xuraman Əskərova: Baxanda olur

  1. Geri bildirim: order avodart price usa

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir