SON İLLƏR YENİ İL ƏTRAFINDA MÜBAHİSƏLƏR GEDİR. BİZ, ƏSLİNDƏ NƏYİ BİLMİRİK?
QƏDİM TÜRKLƏRDƏ YENİ İL..
DƏYİŞƏN DÖVR VƏ DƏYİŞƏN BAYRAM ANLAYIŞI
Dövr dəyişdikcə, ideologiyalar yeniləndikcə fikirlərimiz, dünyagörüşümüz və adətlərə münasibətimiz də dəyişdi. Əvvəllər Sovet ideologiyasının təsiri ilə bayramları, təqvim günlərini və rəsmi tarixləri xüsusi qeyd edirdik. Sovet dövrü başa çatdıqdan sonra ürək ağrısı ilə illərlə aldandığımızı, əslində bizə aid olmayanları gerçək kimi qəbul edib fərqli sevinclərlə yaşadığımızı dərk etdik.
Bu mənada bayramlarımız da dəyişdi. Bir dövr Novruzla yanaşı Yeni ili ən böyük bayram kimi qeyd etdik. Sonra Ramazan və Qurban bayramlarını önə çəkdik, Yeni il isə bir qədər arxa plana keçdi. “Bu bizim bayramımız deyil”, “rusların, xristianların bayramıdır”, “sovetdən qalıb”, “dinə əksdir” kimi fikirlər yayılmağa başladı. Bir müddət bu istiqamətdə ciddi təbliğat aparıldı.
Hətta bir neçə il yolka bəzəmək günah sayıldı. Bəziləri yalnız uşağının istəyi ilə yolka bəzədiyini deyərək sanki günahdan qaçmağa çalışdı, bəziləri Yeni ili həyatından birdəfəlik çıxardı, bəziləri isə nə köhnə adətindən vaz keçə bildi, nə də yenini qəbul etdi – nala-mıxa vurdu.
Yeni müzakirə dalğası
Son illər Yeni il və yolka qorxusu bir qədər azaldı. Yolka bəzəyənlərin sayı artdı, “Yeni il bizim deyil” anlayışı səngidi. Bu dəfə isə başqa bir fikir ortaya çıxdı: “Bu, türklərin qədim adətidir.”
Bəs doğrudanmı belədir? Yeni ilin, yolka bəzəməyin bizimlə, bizim keçmişimizlə, qədim türklərlə nə əlaqəsi var? Gəlin bir az araşdıraq.
Novruz və ya Yeni il sualı
Əvvəlcə onu deyək ki, biz Yeni il deyəndə, əsasən Novruzu nəzərdə tuturuq. Çünki türklər uzaq keçmişdən bəri Novruzu yeni gün, yeni il olaraq qəbul edib bayram kimi qeyd ediblər.
Elə isə sual yaranır: biz iki dəfə yeni il qarşılayırıq? Necə olur ki, həm yanvara, həm də Novruza Yeni il deyirik? Bunun izahı varmı? Əsl Yeni il hansıdır? Qısaca onu deyim ki, 1 yanvarda qeyd edilən yeni il e.ə.46-cı ildə Yuli Sezarın təqvim islahatına görə təyin edilib. Novruz isə təbiətlə uyğunluğa əsaslanır.
Qədim Türklərdə Yeni İl – Nardoğan (Nar duqan, Nurdoğan)
Qədim türklərdə Yeni il Nardoğan (Narduqan) və ya Nurdoğan bayramı adı ilə qeyd olunurdu. Qədim türk dünyagörüşündə təbiət hadisələri və kosmik dövrlər xüsusi önəm daşıyırdı.
22 dekabr – qış gündönümü həm astronomik hadisə, həm də Günəşin yenidən doğması kimi qəbul edilirdi. Dekabrın 21-dən 22-nə keçən gecə Şəb-i Yelda – ilin ən uzun gecəsidir. Bu gecədən sonra günlər uzanır, gecələr qısalır ki, bu da yenilənmə və yeni başlanğıc rəmzidir.
Bu dövrdə 40 günlük Böyük Çillə başlayır. Böyük Çilləyə “içəri təpən çillə” – soyuq günlər deyilir. Onun ardınca gələn 20 günlük Kiçik Çillə isə “ocağa təpən”, yəni ən sərt, şaxtalı dövr hesab olunur. Daha sonra Boz ay gəlir, üzü yaza, ümidə və həyata doğru gedilir.
Nardoğan və Nar duqan, Nurdoğan adları
22 dekabr Yeni il kimi qeyd edilir və Nardoğan (Nurdoğan) adlanırdı.
“Nar” sözü farscada meyvə adıdırsa, qədim türklərdə qızartı, istilik, od, atəş mənasını verir. Günəş istilik mənbəyi olduğu üçün oda bənzədilirdi. Günəşin doğuş və batış zamanı nar kimi qırmızı görünməsi də bu anlayışı gücləndirirdi. “Çörək nar kimi qızarıb” ifadəsi bu gün də dilimizdə yaşayır.
Digər ehtimala görə isə bayram Nurdoğan adlanırdı. Çünki Günəş təkcə istilik deyil, həm də işıq, nur mənbəyidir. Bu bayram işığın qaranlıq üzərində qələbəsini, ümid, yenilənmə və bolluğu rəmzləşdirirdi.
Tanınmış şumeroloq və türkoloq Muazzez İlmiyə Çığ bu inancları belə izah edirdi:
“22 dekabr qış gündönümü qədim türklər üçün Günəşin yenidən doğulduğu gündür. Bu tarix yeni ilin, işığın qaranlıq üzərində qələbəsinin bayramı idi.”
Həyat Ağacı və Ayaz Ata
Nardoğan bayramının əsas rəmzlərindən biri Həyat Ağacı idi. Qədim türklər bu ağacı kainatın mərkəzi, yer, göy və yeraltı aləmi göylə birləşdirən müqəddəs varlıq sayırdılar. Bayram zamanı ağac bəzədilir, altına hədiyyələr qoyulur, insanlar arasında hədiyyələşmə baş verirdi.
Bu gün Şaxta baba kimi tanınan obraz qədim türklərdə Ayaz Ata idi. Ayaz Ata qışın soyuğunu, sazağını təmsil etsə də, eyni zamanda təmizlənmə, bərəkət və yeni dövrün başlanğıcı rəmzi idi. İnsanlar onun sevinc, bolluq və ruzi gətirəcəyinə inanırdılar.
Nardoğan bayramı təkcə mərasim deyil, həm də toplumun birliyini ifadə edən sosial hadisə idi. Köhnə ilin çətinlikləri geridə qoyulur, gələn ilin işıqlı və uğurlu olacağına inanılırdı.
Ağac bəzəmək adətinin kökləri

Nardoğan bu gün unudulmuş qədim türk mədəni irsinin dəyərli nümunələrindən biridir. Bu bayrama aid olan ağac bəzəmək adəti Avropaya Hun türkləri vasitəsilə keçmişdir.
Həyat Ağacı anlayışı şumer türklərində də mövcud idi. Onlar Ağşam (küknar) ağacı gətirir, budaqlarına gələn il üçün Tanrıdan dilədikləri arzulara uyğun lentlər bağlayır, ağacın altında dualar edirdilər.
Ağac bəzəmək adəti xristianlıqdan və İslamdan çox əvvəl mövcud olmuşdur. Bunun xristianlıqla birbaşa əlaqəsi yoxdur. Xristianlığın yarandığı Fələstin və İsrail ərazilərində bu ağac tanınmır və bitmir. Bu adət əsrlər sonra türklərin Avropaya köçü və xristianlığı qəbul etməsi ilə Avropaya keçmiş, XVI əsrdən etibarən dünyaya yayılmışdır. Ayaz Atadan götürülmüş Şaxta baba obrazı da bu prosesin nəticəsidir.
Türk xalqlarında Nurdoğan
Bu adət bu gün də bir çox türk xalqlarında da qorunur və belə adlanır:
Tatarlar – Koyaş Tuğa (Günəş Doğan),
Başqurdlar, udmurdlar – Narduqan / Marduqan,
Mişar tatarları – Raştua,
Çuvaşlar – Nartavan / Nartuken,
Erzya və mokşalar – Nardava / Nardvan.
Həyat Ağacı motivi Hitit, Urartu, Səlcuqlu və Osmanlı dövrlərinə aid xalçalarda da geniş yayılmış, bu günə qədər Həyat Ağacı xalça naxışı kimi yaşayaraq gəlib çatmışdır.
Uzun sözün qısası: Yeni ili “yad bayramdır” deyə qorxa-qorxa yox, özümüzün qədim türk bayramı kimi alnıaçıq qarşılayın.
Ayaz Atadan pay umun.
Yeni ilimiz uğurlu gəlsin.

“Nardoğan”
Rəsmin müəllifi Elza İbrahimova
Ready to start your BHT Club adventure? This link might be the key! Good luck and have fun! bhtclubstart
https://shorturl.fm/txNL1
https://shorturl.fm/GGRbT
https://shorturl.fm/l925s
Partner with us for high-paying affiliate deals—join now!
Monetize your audience with our high-converting offers—apply today!
Join our affiliate community and earn more—register now!
Refer friends and colleagues—get paid for every signup!