07 Mart 2026
WhatsApp Image 2025-12-27 at 21.00.04 (1)

Hazırda ABŞ, Nyu Yorkda yaşayan Rauf Şahbazov Albani Tibb Mərkəzinin Cərrah Transplantoloqudur.

esse


Atam ədəbiyyat müəllimi idi. Uşaqlığımın axşamları onun səsi ilə ölçülürdü. Kitab açılan kimi evin havası dəyişirdi-gündəlik danışıq susur, başqa bir ritm başlayırdı. O səs bizi bir gün Ernest Heminqueylə tanış etdi. Bir axşam “Əlvida, silah” romanını oxudu. Mən o vaxt müharibəni başa düşmürdüm. Elə bilirdim ki, artıq bəşəriyyət elə bir inkişaf mərhələsinə çatıb ki, insanlar bir daha müharibə etməzlər. Ayrılığı da anlamırdım; hər şeyin daimi olacağına inanırdım.
Oxunan hər cümlə sanki beynimdə yer axtarırdı. Hadisələr xəyali bir məkanda baş verir, qəhrəmanlar özlərinə yer tapırdı. Atamın səsində hər şey həqiqət kimi səslənirdi.
İllər sonra mən transplant cərrahı oldum. Atam müəllim idi-sözlə, təlimlə insan yetişdirirdi. Mən isə həyatını itirmiş insanların toxumalarını mümkün qədər canlı saxlayaraq başqalarına köçürür, insanları həyatda saxlayıram. O, bəzən cümlədə sözləri kəsər, bəzən sözləri bir-birinə calayaraq yeni cümlələr qurardı. Mən də toxumaları, damarları ehtiyatla kəsir, sonra bir-birinə birləşdirirəm ki, həyat davam etsin. O, artıq sözü sevməzdi; mən artıq hərəkəti. Hər ikimiz eyni şeyi qorumağa çalışırdıq həyatın davamını. Sadəcə dillərimiz və üsullarımız fərqli idi.
Kiy Vestdə olduğum günlərdə Heminqueyin evinin də burada olduğunu öyrəndim və yolumu onun ev-muzeyinə saldım. Bu ziyarət planlı deyildi. Sadəcə burada olduğum anda içimdən oraya getmək gəldi. Evə daxil olanda ziyarətçilərin çoxluğuna baxmayaraq, hiss etdiyim əsas şey təkcə muzey sükutu deyildi. Divarlardan boylanan portretlər, müxtəlif ölkələrdən çəkilmiş fotolar, qəhrəman baxışları sanki mənə tanış idi. Yazı masasına, pəncərəyə, işığa baxdım. Hər yerdə gözə dəyən altıbarmaqlı pişiklər vardı-bələdçinin dediyinə görə, onlar Heminqueyin zamanından qalmışdı.
Heminqueyin yazı studiyasında yerləşən masasının sadəliyi mənə əməliyyat masasını xatırlatdı: artıq hər şey kənarlaşdırılır, yalnız lazım olan qalır. Atamın dərsdə dediyi kimi: “Yaxşı mətnin artıq sözə ehtiyacı yoxdur.” O, çox danışmağı sevməz, konkretliyi üstün tutardı.
Həyətdə bir az dayandım və birdən anladım ki, “Əlvida, silah” mənim üçün sadəcə bir roman olmayıb. O, atamın səsi olub. Müharibə səhnələri ilə yox, oxunuşun tempi ilə yaddaşıma həkk olunub. Sözlərin harada dayandığı, sükutun harada başladığı anlarla. Atam o sükutu qoruyardı. Mən də əməliyyat otağında eyni sükutu qoruyuram.
Transplantasiya gözləməklə başlayır. Bəzən koordinatorlardan zəng gözləyərkən telefonun səssizliyi ağır olur. Donorun hekayəsi bitəndə resipiyentin hekayəsi başlayır. Mən bu keçidi tibbi terminlərlə izah edirəm, amma içimdə bunun adı vidadır. Heminquey bunu bilirdi. Atam da bilirdi. Vida bəzən başqa bir davamın başlanğıcıdır.
Həyatda heç də həmişə hər şeyi etmək mümkün olmur. Atam bunu dərsdə öyrədirdi, mən isə həyatın içində. Amma hər ikimiz inanırdıq ki, dürüst olmaqla, əlindən gələni etməklə riskləri azaltmaq və məqsədə, heç olmasa qismən, çatmaq mümkündür. Heminqueyin cümlələrindəki sərt sadəliklə, atamın lövhə qarşısındakı səssiz pauzaları eyni dərsi verirdi: insan həqiqəti bəzəməməlidir.
Muzeydən çıxanda yolboyu atamı düşündüm. O, Amerikaya, Kiy Vestə heç gəlməmişdi. Amma mən burada onun səsi ilə gəzirdim. O, uşaqlıqdan bizə saysız kitablarla bu ölkənin təsvirini vermiş, yollarını göstərmişdi. Həmin səs mənə təkcə oxumağı yox, daha çox dinləməyi öyrətmişdi. Bəlkə də buna görə cərrah oldum. Çünki həm insanlar, həm də toxumalar ən çox dinlənilmək və başa düşülmək istəyir.
Kiy Vestdə anladım ki, mən təkcə Heminqueyi ziyarət etməmişəm. Mən atamın səsinə qayıtmışam.
O səs indi əllərimdə yaşayır.
Hər kəsikdə, hər tikişdə və hər susduğum anda.
Və düşündüm ki, bəlkə də mənim üçün ədəbiyyatın ən güclü keçidi budur:
ata səsinin oğul əllərinə köçməsi.

11 thoughts on “Rauf Şahbazov: Ata səsi oğul əlinə köçəndə

  1. Atam ədəbiyyat müəllimi idi…Bu cümlə mənə nələr xatırlatdı bir bilsəniz…nə esselərə, nə də kitablara sığmaz… Yaxşı ki, varsan qardaşım!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir