07 Mart 2026
WhatsApp Image 2025-12-30 at 23.29.33

GÖRKƏMLİ RİYAZİYYAT MÜƏLLİMİ LƏTİF MÜƏLLİMİN XATİRƏSİNƏ DƏRİN EHTİRAMLA

Bu yaxınlarda mediada qarşıma çıxdı ki, Lətif müəllim rəhmətə gedib. Ardınca onun 2017-ci ilə aid bir fotosu paylaşılmışdı: Arazın İrana aid olan tərəfindən, o vaxtlar işğal altında olan Qubadlıya doğru baxdığı bir an. Bu görüntü içimdə illərin altına çəkilmiş bir xatirəni oyatdı. Birdən-birə qırx il əvvələ, uşaqlıq illərimə qayıtdım.
1985-ci ilin qışı idi. Kənddə səkkizinci sinifdə oxuyurdum. Riyaziyyat mənim üçün adi bir fənn deyildi maraq, həvəs, hətta bir növ hobbi idi. Qarşıma çıxan məsələlər məni qorxutmur, əksinə cəlb edirdi. Həll etdikcə sevinir, bacarmadıqda isə haradasa diqqətdən qaçırdığım bir məqam olduğunu düşünür, mövzuya aid materialları yenidən gözdən keçirirdim. Riyaziyyatda hər şey bir-biri ilə bağlıdır.
Bir gün məktəbdən kənar bir jurnalda çətin riyaziyyat məsələləri ilə rastlaşdım. Günlərlə üzərində çalışdım, amma alınmadı. İlk dəfə idi ki, riyaziyyat məni aciz qoymuşdu. Atam bunu hiss etdi və təklif etdi ki, rayonun riyaziyyat müəllimlərindən kömək istəyək.
Beləcə bir neçə müəllimin qapısını döydük. Hörmətli, savadlı insanlar idi, amma həmin məsələlər sanki heç kimə boyun əymirdi. Nə qədər cəhd etsək də nəticə olmadı.
Bir səhər atam dedi ki, Dondarlı məktəbində Lətif müəllim var, onun yanına gedək. Qışın şaxtasında, səhər tezdən, kəndimizdən 6–7 kilometr aralıda yerləşən məktəbə yollandıq. Müəllimlər otağına daxil olanda sadə, sakit, təmkinli bir insanla qarşılaşdıq.
Atam gəlişimizin səbəbini izah etdi. Məsələlərin yazıldığı kağızı açdım. Lətif müəllim diqqətlə oxumağa başladı. Mən də bildiklərimi utana-utana deməyə çalışırdım. O isə tələsmirdi, sual vermirdi-sadəcə düşünürdü. Dərin, səssiz bir düşüncə… sonra qələmi götürüb yazmağa başladı.
Saatlar keçirdi. Kömür sobasının istisi otağı bürümüşdü. Mən yorulmuşdum, gözlərim ağırlaşırdı. Məsələlərin həll olunmasını çox istəsəm də, bir an ürəyimdən keçdi ki, kaş desin: “Bu suallar qalsın.” Amma Lətif müəllim məsələlərdən ayrılmırdı. Sanki zaman onun üçün dayanmışdı.
Məktəbdə artıq heç kim qalmamışdı. Nəhayət başını qaldırıb dedi ki, bu tip məsələlər adi dərs proqramından kənardır, daha çox olimpiada səviyyəsində hazırlanır. Amma yenə də onları yarımçıq buraxmadı üzərində işləyəcəyini söylədi.
Biz ayrıldıq. Atam ona təşəkkür etdi. Dondarlı körpüsündən keçib rayon mərkəzinin Dəfdüzü deyilən yerinə qayıtdıq ki, kəndə gedən maşınlara çataq.
Həyat belə gətirdi ki, mən o zamandan sonra onu bir daha görmədim.
İllər sonra anladım ki, Lətif müəllimin böyüklüyü məsələləri həll edib-etməməsində deyildi. Onun böyüklüyü şagirdin marağını ciddiyə almasında, vaxtını əsirgəməməsində, bir uşağın qarşısında daşıdığı məsuliyyət hissində idi. O gün mən riyaziyyatdan daha çox bir dərs aldım elmə sədaqət və müəllim vicdanı dərsi.
Bu gün Lətif müəllim artıq bu dünyada yoxdur. Amma onun sükutla keçən o saatları, sobanın yanında düşünən halı, məsuliyyətli baxışı yaddaşımdan silinmir. Bəzi müəllimlər dərs öyrədir, bəziləri isə ömür boyu insanın içində qalır.
Lətif müəllim də onlardan biri idi.
Allah rəhmət eləsin.

Dr.Rauf Şahbazov
Transplant Cərrahı.
Albani Tibb Mərkəzi, NY, ABŞ

20 thoughts on “Rauf Şahbazov: Onu bir daha görmədim

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir