Yel əsir…..
Biz külək demirdik, yel deyirdik.
Uşaqlığımdan ilıq bir yel əsir, özü ilə bir ovuc qovut gətirir, anam qovuta şərbət qatır, biz onunla birgə şirin-şirin yeyirik. Anam, Xıdır Nəbi baba gəlib, bu yel onun atının yelidir, deyir. Kiçik çillənin ocağa təpən sazağında, odun sobasının həzin istisində pəncərədən çölə baxıram. Hanı Xıdır Nəbi baba, görəsən keçdimi qapımızdan, mən niyə görmədim, deyə düşünürəm uşaq ağlımla.
İndi kiçik Çillədir, qışın ən sərt vaxtı. Fevralın (bəzi yerlərdə 9-12) 12-15-də Xıdır Nəbi yel atını minib türk ellərini gəzir. Bu üç gün güclü yel əsir, qışın ortası olsa da, artıq yazın gəlişini arzulayıb soyuğu qovmağa çalışır. Atını elə çapır ki, gözlə görünmür, onu övliyalar görür, pirlər bilir.
Bu gəliş yazın yaxınlaşdığının xəbərçisidir, təbiətin oyanmağa hazırlaşdığını deyir. İki gündür ağacın pəncərəyə uzanan budağına qonub çikkildəyən sığırçının ümid saçan səsi kimi. Tezmi gəldi bu il sığırçınlar? Yaz tələsirmi gəlməyə? Könüllərimizin sevincə tələsdiyi kimi təbiət də işığa tələsir, istiliyə, gülə-çiçəyə, bərəkətə tələsir.
Təqvim dəyişsə də insan min il əvvəlki ilə eynidir, eyni sevinir, kədərlənir, soyuqda üşüyür, yazda ruhlanır. Dünyanın bu qarışıq vaxtında sığırçının sübhün alatoranına yayılan səsindəki ümid qədər doğmadır bizə Xıdır Nəbi.
Tarixin islamdan öncəki dövründə də, adının mənası yaşıl olan Xıdır Nəbi yel atıyla elləri gəzirdi, həyat, dirilik, oyanış rəmzi idi. Türk mifologiyasında yazın gəlişi Boz ayladır, Boz atla gəlir. Boz qaradan yaşıla keçidin orta rəngidir. Qara qışdan yaşıl yaza keçərkən ortada Boz ay kosmik yenilənmənin sırasını qoruyur.
İndi bu yazını yazarkən eşikdə vıyıldayan küləyin səsini bir həyat əlaməti kimi eşitdikcə, Xıdır Nəbinin buralarda olduğu hissi ilə ümidlərimə dilək yükləyirəm.
Yel atının ayaq səsləri gecənin qaranlığını yarırkən, bu bayramda qadınlar daha fəaldırlar, gecə yarı olmadan qapıda hündür bir yerə un, əsas da qovut qoyarlar ki, diləyim hasıl olacaqsa Xıdır Nəbi bu qovuta barmaq basacaq, çəliyini vuracaq…
Bacaya yumurta, yanına da kömür və qırmızı rəng, yaxud balaca bir əşya, onun da yanına bir ağ, bir qara ip qoyular. Əşyaya ağ ip bağlansa, yumurtaya qırmızı cizgi çəkilsə, demək o niyyət yaxşı olacaq, qara ip bağlansa, kömürlə qara cizgi çəkilsə demək il bəd gələcək, niyyət tutanın taleyi xoş olmayacaq. Bunu çox sınayıb bizim ellər.
Bizim ellər onu da bilir ki, Xıdır Nəbi göylə yer arasında bir vasitəçidir. Yurda qayıdan köçəri quşların səsi, Günəşin səxavəti, torpağa düşən hənirlə gəlməkdə olan yaz yeniliyin, bolluğun rəmzi kimi gəlir.
Xıdır Nəbi təkcə təbiət oyanışının rəmzi deyil, o həm də insanın daxili aləminin oyanışını göstərir. Müxtəlif adlarla bilinən Xıdır Nəbi həm də Xızır idi və hz. Musa ilə məşhur hekayəsində zahir ilə batin qarşı-qarşıya gəlir.
Musa gözlə görünən, ağlın anladığını görür, Xızır isə görünməyəni görür, səbəbi bilinməyənləri edir. Bu qədim şaman düşüncəsinə də uyğunluqdur. Şaman da görünməyən, bilinməyən qatlara enir, ya da yüksəlir, ruhu görür, idarə, ya da ona təsir edir.
Xıdır mifoloji arxetip olsa da, sonradan dini obraz kimi qəbul edilmişdir. O, dərində, alt qatda kosmik vasitəçidir, Allahın peyğəmbərdir. Ona zamanüstü yaşam, ölümsüzlük, sonsuz bilik verilib, hər an hər yerdə insanın köməyinə çatar, hər yerdə təcəlli edər, Allaha yaxın insanlara görünən, üstünlüyü ruhani varlıqdır.
Burda anamın danışdığı kimi Xıdır Nəbinin qovudun üstünə iz qoyması, yumurtaya cizgi çəkməsi, əslində insanın ilahiyə olan həsrəti, onun varlığının izini görmək istəyi, varlığının əyani sübutudur. İnsan inandığını, sevdiyini görmək istəyir, varlığına maddi dəlil axtarır.
Xıdır Nəbi obrazı da qoyduğu izlə insana bu dəlili verir. İnsan inandığının təsdiqinə əmin olub mənunluq hiss edir.
Burda başqa bir məqam da var: gözləmə məqamı. İnsan onun gəlişini, qoyacağı izi gözləyir, ilahi olana, iç dünyasındakı munis bir duyğuya, gələcəyə ümidinin doğrulanacağına inamla gözləyir.
Bu gözləmə insanı bir növ diri tutur, ayıq saxlayır. Qəflətdə qoymur. Bu da bir ibadət kimidir, ruhunu oyaq, qəlbini açıq tutub Xıdırın gəlişini, sənə verəcəyi xəbəri gözləyirsən. Bu sabahın açılışı, dan üzünün tərliyidir, insanı yeniləyir, ucalıqla böyüdür.
Uzun sözün qısası, Xıdır Nəbi iki dünya arasında insanın kamiliyinə yönələn, şüurun dərin qatlarında duran sərhəd arxetipidir.
Qara qışdan hənirli yaza yönəlmə məqamında təbiətin soyuqdan istiliyə, sərtlikdən yumşaqlığa keçişi, təbətin yenilənməsidir. İnsanın iç dünyasında da donmuş haldakı, hərəkətsiz, bəsit düşüncələrə dalıb zaman qanadlarında irəliyə uçmayan, ayaqlarının dirəndiyi yerdə ilişib qalan insanın ruhunun tərpənişidir…
Xıdır sirr məqamının biri də odur ki, o könül gözü açıq insanların gözünə görünür, onların üstünlüyünü təsdiq edir. Xıdır Nəbinin digər simvolları da onun dərin mahiyyətini açır.
Qovut üyüdülmüş dəndir, dən torpağın bağrından çıxır, arıtlanır, qovrulur, üyüdülərək dəyişir, bu bir transformasiyadır və daxili dəyişimin simvoludur. “Xamdım bişdim yandım” düsturuna düşür. Yel də hərəkətin, hərəkətlə gələn dəyişimin simvoludur. Nəfəsin mahiyyətidir. Yellə-hərəkətlə içindəki daxili qışdan, donmuşluqdan yel-hərəkətlə dən kimi sovrulub arınıb, bişib qovrularaq, qabığından soyulmaqla qovud olursan. Qovut qidadır, ruhuna fayda-ucalıq bəxş edir.
Xıdır Nəbi bir başa nəfs və ruh təlimçisidir, daxili işığın açarıdır.
Çox maraqlıdır bizim bildiyimiz bu ənənəni daha ətraflı hətta fəlsəfi cəhətdən işıqlandırmısınız.Elə hadisələr hətta faktlar varki onu bilirsən və fikirləşirsən amma sözıərlə ifadə edə bilmirsən.Bizim düşünvələrimizi belə bir məlumatlandırıcı tərzdə öz məqalənlə insanlara çatdırdığın üçün çox sağ ol davamı gəlsin
Start earning every time someone clicks—join now!
Turn your traffic into cash—join our affiliate program!
Turn your audience into earnings—become an affiliate partner today!
Share your link and rake in rewards—join our affiliate team!
Join our affiliate program and watch your earnings skyrocket—sign up now!
Start earning passive income—become our affiliate partner!
Promote, refer, earn—join our affiliate program now!