HEKAYƏ
Betonun sümüklərinə işləyən soyuğundan bütün bədəni gizildədi. Topladığı son güclə başını yuxarı qaldırdı. Dəmir barmaqlıqlar arasından iynə incəliyində bir şüa bıçaq kimi olduğu yeri tən yarıya bölmüşdü. Anlamaq istəyirdi ki, gündüzdür, yoxsa gecə. Canavarların ulaşması, çəyirtkələrin səsi eşidilirdi.
Başını daha yuxarıda saxlamağa gücü tükəndiyi üçün yenidən o sərin betona qoydu. Nə olub-bitdiyini bilmək üçün bütün diqqətini çöldəki səslərə yönəltdi. Budur, ayaq səsləri yavaş-yavaş yaxınlaşırdı. Səslər qapıya doğru yaxınlaşdıqca onun da ürəyinin döyüntüsü sürətlənirdi. Qeyri-müəyyənliyin verdiyi qorxu bəs deyilmiş kimi, artıq növbəti qeyri-müəyyənliyi çözməyə çalışırdı. Gələn kim idi? O, harada idi?
Qapının cəftəsi o qədər pas tutmuşdu ki, cırıltısı adamın beyninə işləyirdi. O, özünü tez yuxuluğa vurdu. Gələn adamın ayaqqabıları düz onun gözünün qarşısında idi. Həmin adamın divardakı kölgəsi o qədər aydın görünürdü ki, baxan kimi səliqəsiz saqqallarının olduğunu təxmin edə bilirdin.
Artıq içində səbirsizlənirdi. İstəyirdi kölgəsi belə narahatedici olan səliqəsiz saqqallı adam danışsın; bəlkə onda bilərdi ki, haradadır, nə səbəbə bu soyuq betonun üstünə atılıb. Ayaq səslərinin uzaqlaşdığını eşidib qapıya tərəf boylandı ki, bəlkə çöldə nəyisə görüb anlaya bilər.
Həmin səliqəsiz saqqallı adam kimisə çağırdı. Danışıqlarını eşitsə də, anlamırdı. Birdən ikisi onun qolundan tutub çölə doğru sürüməyə başladı. Havaya çıxan kimi qəribə bir qoxu onun burnuna doldu. Sanki əsən küləklə o qoxu daha da şiddətlənir və ətrafa yayılırdı. Öyüməmək üçün özünü sıxırdı. Hər iki qolundan tutub onu harasa aparırdılar. Barmaq ucları palçıqlı yollarda xətt cıza-cıza xeyli uzağa getdi. O, qışqırıq, ağlaşma səsləri eşidirdi:
• — Eləməyin, nə olar, Allahınız yoxdurmu?!
• — Ona toxunma!
• — Kişisənsə, əl-ayağımı aç, göstərim gününü!
• — Ana, ana!
Bu səslərin hər biri öz doğma dilində idi. Amma tam olaraq anlaya bilmirdi: sakit həyat tərzi necə oldu ki, belə qeyri-müəyyənliyin içinə düşdü… Qışqırıqları, uğultuları eşitdikcə az qalırdı ürəyi dayansın. O, tanımadığı nəfəslərin, səslərin yanından keçirdi. Son ana qədər ümid etdi ki, bəlkə buraxalar, bəlkə öldü zənn edələr. Amma yox, faydası olmayacağını anlayırdı.
Qoluna girən iki nəfər anidən dayandı. Biri əlini qapının qoluna uzatdı, digəri isə hələ də onun qolunu bərk-bərk sıxırdı. Qapı açıldı və üzünə isti hənirti toxundu. Səslər qapı örtülən kimi xeyli zəifləmişdi. Birdən onu döşəməyə tulladılar, qapını isə örtüb getdilər.
Kimsə saçını sığallamağa başladı. Amma ona toxunan əllər o qədər kobud, narahatedici idi ki, axırı dözməyib gözünü açdı. Çabalamağa başladı. Bayaqdan başına narahatedici sığallar çəkən adam bir şillə ilə onu yerə sərdi. Qarşısında qarnıyekə, gözləri qıpqırmızı biri dayanmışdı. Ağ-qara saçları saqqalları ilə qarışmışdı. Danışdıqca ağzı köpüklənirdi; qəzəbləndiyini anlasa da, nə dediyini anlaya bilmirdi.
İki çiynindən tutub döşəmədən qaldıraraq divara çırpdı. Əlindəki qədəhi başına çəkdikdən sonra onu yenidən özünə çəkmək istəyəndə, o, yenə quş tək çırpınmağa, müqavimət göstərməyə başladı. Sanki bir canavarın ağzından qurtulmaq istəyirmişcəsinə bütün gücüylə onun sarı dişlərinin arasından çıxmaq istəyirdi. Qəzəblə çatılmış qaşları, qanla dolu gözləri olan bu qarnıyekə qışqırdıqca daha da qorxunclaşırdı.
O cəsarətsiz qız cəsarətlənmiş, qanla dolu olan o gözlərə dik baxıb etiraz edə bilirdi. Amma o qarnıyekə bu cəsarətin qarşısında sadəcə hiddətlənib hövsələdən çıxırdı. O, kobud əlləri ilə qızın saçlarından yapışıb qapıya tərəf sürüdü. Qapını açıb buz kimi betonun üstünə atdı, onun gözlərinin içinə baxaraq dişlərini qıcayıb tüpürdü və qapını yenidən çırpdı.
Ağrıdan bədəni sızıldayırdı. Harada idi, bu nə bəla idi? Gördüyü insanlar bir-birinə bənzəyirdi: qorxunc, iyrənc, güvən verməyən. Hər səhər gözünü ümidlə açan, günəşi sevinclə qarşılayan bu qız bir gecədə yox olub getməyi arzu edirdi. Səmaya baxıb qaranlıqda parlayan ulduza dönmək, səmanın döşünə sancılmaq istəyirdi. Göydəki ulduzların, buludların həsədini çəkirdi.
O, göyə baxa-baxa gözlərini yumdu. Bədəni buza dönmüşdü. Barmaqlarını bükməyə çalışdı, lakin heç bir hissiyatın olmadığını gördü. Zorla gözünü açdı. Tərpənə bilmirdi. Qışın o çağında buz kimi bir vannaya atılmışdı. İnsan ölmədiyinə üzülərmi heç? O, üzülmüşdü. Ölüm onun üçün ən şirin nemət idi. Ölə bilmədiyi üçün elə hönkürtü ilə ağladı ki, sanki bədənindəki bütün buzlar çartaçartla çatladı.
Yenə kimsə gəlirdi, yenə o iyrənc, tərifolunmaz, dilə gətirilməyəcək zülüm ona doğru gəlirdi. Ona çirkin əməllər üçün uzanan əli itələmək istəyirdi ki, səksəndi. Günəş öz zəif şüaları ilə otağa boylanırdı. Saata baxdı, 7 idi.
Xocalıda deyil, yuxuda olduğunu anladı.

Share our products, earn up to 40% per sale—apply today!
Sign up now and access top-converting affiliate offers!
Join our affiliate program and start earning today—sign up now!
Refer friends and colleagues—get paid for every signup!