Soyqırımlar:31 mart
Azərbaycan xalqının tarixində ən ağrılı və faciəli günlərdən biri də 31 martdır. 1918-ci ilin mart-aprel aylarında erməni daşnak və bolşevik birləşmələri Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişdirlər.
S.Şaumyanın rəhbərlik etdiyi bu hadisələr zamanı qadınlar, uşaqlar, yaşlılar da daxil olmaqla mart və növbəti beş ay ərzində təxminən 50 min azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Həmin dövrdə törədilən qırğınlar yalnız insanlara deyil, həm də xalqımızın maddi və mənəvi irsinə qarşı yönəldilmişdir. Evlər, müəssisələr, məscidlər və tarixi abidələr dağıdımış, kəndlər yandırılmış ve viran qoyulmuşdu. Quba şəhəri yaxınlığında aşkarlanmış kütləvi məzarlıq bu faciələrin miqyasını açık şəkildə göstərir.
1918-ci il azərbaycanlılara qarşı edilən soyqırım hadisələrinin tərkib hissəsi və davamı olan faciələrdən biri də Danarğan faciəsidir. Bu hadisə zamanı dinc azərbaycanlı əhali xüsusi qəddarlıqla öldürülmüş, yaşayış məntəqəsi dağıdılmış, əhali böyük itkilərə məruz qalmışdır. Danarğan faciəsi həmin dövrdə soyqırımlar yelpazəsinin nə qədər geniş olduğunu bir daha təsdiq edir.
Danarğan, Qərbi Azərbaycan, Karvansara rayonu Haqqıxlı kənd ərazisində yerləşən bir yerdir.1919-cu ilin yazında edilən hücumdan qorunmaq üçün kənddən qaçan əhalinin bir qismini dost kimi etibar etdikləri bir erməni öz dəstəsi ilə qorumaq adı ilə Danarğan ərazisinə aparıb, 76 nəfər azərbaycanlını qışlaq fermasına doldurub üstünə bomba atıblar. Həmin insanlar arasından məqsədli olaraq 7 (və ya 9) gəlini seçib əsir aparıblar, bir nəfər qaçarkən vurulub.Bir nəfər yaralı qurtulub və gizlənərək baş verənlərin şahidi olub.
Bu hadisəni üç- beş cümlə ilə asanca dilə gətirdik, ancaq bu hadisənin ağırlığını yaşayanlar bir ömür dərddən bellərini dikəldə bilmədilər. Bir nəsil tamamilə məhv oldu. O zaman kənddə olmayan gənc İsaxanov Əsgər Mirzə oğlu 40 nəfər yaxın qohumunu, ailə üzvlərini itirdi və bütün ömrü boyu onun ağrısını yaşadı.
Bir soyqırım, sadəcə, bir dövrdə insanları qətl etmir, soyqırım daha sonrakı nəsillərə də böyük bir ağrı və əzabı miras qoyur.
Ona görə də bu gün tarixi yaddaşın qorunması, baş vermiş hadisələrin unudulmaması və tarixi gerçəklərin gələcək nəsillərə çatdırılması insanlıq borcumuzdur.
AYİŞƏ NƏBİ

