Firuzə Əfəndiyevanın şeirləri
DAĞLAR
Yaz olanda alalanar
Bizim dağlar, bizim dağlar.
Gün düşəndə xal-xallanar
Bizim dağlar, bizim dağlar.
.
Yaz olanda ellər gələr,
Gün düşəndə nur səpələr
Yerə, göyə şiş təpələr,
Bizim dağlar, bizim dağlar.
.
Cantəpəylə durur qosa,
Burda vuraq ömrü başa.
Cavanları gəlir cuşa,
Bizim dağlar, bizim dağlar.
.
Ağ döşünə yol düşəndə,
Sürüləri yal aşanda,
Gözəl olur çay daşanda
Bizim dağlar, bizim dağlar.
.
Var xımısı, bol yemliyi,
Şişə çəkilər əmliyi,
Göl ördəyi, dağ kəkliyi
Bizim dağlarda, dağlarda.
.
Yazda yemlik bitirər,
Yayda moruq yetirər,
Payız bolluq gətirər
Bizim dağlar, bizim dağlar.
.
Noylu bulaq bu yanında,
Sement bulaq o yanında,
Şəkər qayası altında
Bizim dağlar, bizim dağlar.
.
Tazüçəndi onun adı,
Yaşayan ordan doymadı.
Heç kimdə nisgil qoymadı
Bizim dağlar, bizim dağlar.
.
Hünbət idi çobanımız,
O olardı həyanımız,
Çiçəklidir dörd yanımız
Bizim dağlarda, dağlarda.
.
Göy bulağa enib haman,
Sərinləndik üstdə yaman,
Nə qəşəngdi bir vaxt dövran
Bizim dağlarda, dağlarda.
.
Göy gurlar, yağış yağanda
Gözəl olur gün doğanda,
Gəlinlər inək sağanda
Bizim dağlarda, dağlarda.
.
Ferma müdiri Xankişi,
Oynayıb-gülməkdi işi,
Əlindədi kabab şişi
Bizim dağlarda, dağlarda.
.
Dəli könlüm, nə coşursan,
Dağlar-daşları aşırsan.
Gündə yüz yol dolaşırsan
Bizim dağlarda, dağlarda.
.
Göyçə gölünə enərdik,
Hey oynayıb gülərdik,
Çoxlu yemlik yeyərdik
Bizim dağlarda, dağlarda.
.
Torba ilə yığıb daşı,
Oynayardıq biz beşdaşı,
Nə gözəldir Dağın başı
Bizim dağlarda, dağlarda.
.
Zirvəsi bir tamaşadır,
Uçan kəklik, dolaşadır,
Göyçə gölünnən qoşadır
Bizim dağlar, bizim dağlar.
.
Namaz kişinin bəm səsi,
Boş olmazdı su kuzəsi,
Ləzzətliydi mənzərəsi
Bizim dağlarda, dağlarda.
.
Cantəpəylə üzbəüzdü,
Göy çəməni tərtəmizdi,
Mən bir deyim, sən de yüzdü
Bizim dağlar, bizim dağlar.
.
Səməd Vurğun gələr qonaq,
Kəsilərdi əmlik bayaq,
Nəsib olar ona dayaq
Bizim dağlarda, dağlarda.
.
Cincilimi ətək-ətək dərərdik,
Kəkotunu dəyə üstə sərərdik,
Əvəliyi halqa-halqa hörərdik
Bizim dağlarda, dağlarda.
.
Yellənçəyi asılardı yerbəyer,
Cavanları yellənərdi birbəbir,
“Nişanlın kim?” yelləncəkdə söylənir
Bizim dağlarda, dağlarda.
.
Arabir də möhkəm dolu yağırdı,
Pəri mamam inəymizi sağırdı,
O yallarda Teymurunu çağırdı
Bizim dağlarda, dağlarda.
.
Otları İsmayıl əmim biçirdi,
Bulaqlardan sərin suyu içirdi,
Payızında el arana köçürdü
Bizim dağlarda, dağlarda.
.
Şirincə İbrahim dayı danışar,
Söhbətinə yığışardı tanışlar,
Taptap döyər dəyələri yağışlar
Bizim dağlarda, dağlarda.
.
Tazuçanın çox gözəldir yaylağı,
Şənlənərdi yay olanda oymağı,
Sevərdilər körəməzi, qaymağı,
Bizim dağlarda, dağlarda.
.
Səməd Vurğun gözlərindən gülərdi,
Nəsib müəllim hər dərdini bilərdi,
Gəlinlər şairdən tərif dilərdi,
Bizim dağlarda, dağlarda.
.
Naxırmızı otarardı Qaraca,
Otlayardı, yayılardı yamaca,
Axşamlar da yığılardı arxaca,
Bizim dağlarda, dağlarda.
.
Mişqa buğa haygırardı, durardı,
Kimi görsə çığnayardı, vurardı.
Namaz baba qarşısına çıxardı,
Bizim dağlarda, dağlarda.
.
Nehrələri çatmalardan asılar,
Altına da balta, çarıq atılar.
Qarnına qoyunun yağlar basılar
Bizim dağlarda, dağlarda.
.
Guppuş vurar nehrələri tez olar,
Vedrələr, ləyənlər yağ ilə dolar,
Gəlib Simzər xala quymaq da çalar
Bizim dağlarda, dağlarda.
.
Çümrüyümüz çürüm-çürüm çürüyər,
Qoxuları dəyələri bürüyər,
Hərdən canavar bir qoyun sürüyər
Bizim dağlarda, dağlarda.
.
Oxucu, sən hədər qınama məni,
Nə şair deyiləm, nə yazıçı mən.
Köhnə xatirələr düşəndə yada
Qələm götürürəm əlimə hərdən.
1955-ci il.
****
BULAQLAR
Elədimi Şinkara,
Yol gedirdi Şinkara,
Vurğun qonaq gələrdi
Yaz olanda Şinkara.
Eləmi Gülsənəmə,
Gül verim Gülsənəmə,
On iki ildi həsrət
Qalmışıq Gülsənəmə.
Gedəydim Dərə Yurda,
Quraydım dəyə Yurdda.
Asaydım bir yellənçək,
Qalaydım Dərə Yurdda.
Gözəldir Qurddu bulaq,
Sərindir Qurddu bulaq,
Didərgin düşdük səndən,
Hamısı dərddi, bulaq.
Gedəydim Üçbulağa,
Düşərdi köç bulağa,
O növrağın dağıldı,
Gələn yox heç bulağa.
Eləmi Domba Daşa,
Çıxaydım Domba Daşa,
Orda ömür sürənlər
Çatardı yüz il yaşa.
Əzizim, Gur bulağa,
Deməyin dur, bulağa,
Cavanlar su içəndə
Yağardı nur bulağa.
Əzizim, Pir bulağı,
İncidir,dürr bulağı,
Natəmiz şey yuyanda
Quruyur Pir bulağı.
Bir də Xası bulağı,
Könlün xası, bulağı,
Suyu ilə yuyunsan
Silər pası bulağı.
Bulaq, adın Şarvanı,
Gəzmişəm dörd bir yanı,
Bircə qurtum içəndə
Sağaldır hər yaranı.
Bizim o Kor bulağa,
Baxmayın xor bulağa.
İçəndə şəfa tapar,
Gələndə kor bulağa.
Biri də Cəm bulaqdı,
Suyu məlhəm bulaqdı.
Quzu kabab bişəndə
Kef olur Cəm bulaqda.
Deyim bu Hilal bulaq,
Suyu axır lal bulaq.
Haramı qəbul etmir,
Qonağı halal bulaq.
Bizim o Güney Pəyə,
Gələm səni görməyə.
Yaz yenicə girəndə
Qurarlar səndə dəyə.
Bizim Kartoflu bulaq,
Meşəsi xoflu bulaq,
Səndə dincələnlərin
Gedir ah-ofu, bulaq.
Hopura bax, Hopura
Daşı çopur-çopura.
Ağstafa cumurdu
Çay daşanda Hopura.
O tayda gözəl Taxta,
Meyvə olur hər vaxtda.
Bir balaca səs salsan
Uçur alabaxta da.
Bir də ki, Tərsə çayı,
Çoxdur bizdə haqq-sayı.
Sayəsində yetişir
Hamının şirin payı.
Bizim bu Xurdalara,
Enəsən Xurdalara.
Elə çiçək bitirir
Nə dərd qoyur, nə yara.
Gözəl İsti Dərə də
Meyvəsi bol dərədi.
El-obası qovuldu.
Yoxdu tüstü Dərədə.
Bizim o Sulu dərə,
Çöllərdən ulu dərə,
Zoğal, əzgil, dağdağan,
Fındıq, qoz dolu Dərə.
Bir bax Alnax bulağa,
Düşür yarpaq bulağa.
Dilim-dodağım yanır,
Bir tez çataq bulağa.
Çıx sən Sarı bulağa,
Gəz həm sola, həm sağa.
Yığ yolotu, cıncılım,
Düz on il düş qabağa.
Rustamlının yalında,
Qüvvət tapır qolunda.
Cavanların gözləri
Qalır vətən yolunda.
Çıxam vətən yoluna,
Doyam sərin suyuna.
Dolduram ermənini
Dibsiz Zın-zın quyuna.
Keçəl Uçan dağından
Qar gəlir, dolu gəlir.
Sular, sellər coşaraq
Kəsməyə yolu gəlir.
Əsdikcə əsir külək,
Belə buyurur fələk.
İldırım şaqqıldayır
Yer olur ələk-vələk.
Sonra da günəş doğur,
Dumanı, çəni boğur.
Gülümsəyir çəmən, düz,
Qırmızı qurşaq doğur.
Ay qaya, Qızıl Qaya,
Tarixə yazıl Qaya.
Erməni yurd salanda
Dibindən üzül, Qaya.
Ay qaya, Laçın Qaya,
Sənə sirr açım, Qaya.
Naxələflər gələndə
Yol ver tez qaçım, Qaya.
Xuduma bax, Xuduma,
Yaman düşür yadıma.
Xəstələr həsrət qalıb
Suyundan bir uduma.
Eləmi, ay Yal Yurda,
Toy vurulardı orda.
Bəy cıdıra çıxanda
Tökülərdi nal Yurda.
Bizim Böyük Biçənək
Hər yeri yonca, çiçək,
Birdən dolu vuranda
Olardı ələk- vələk.